Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

TEATRA NİYƏ GETMİRİK?

Sorğunun nəticəsi: adamlar tamaşalara getməyə pul tapmır 

Bir ara teatrların az qalmışdı qapılarından qıfıl assınlar, tamaşaçılar azalmışdı. İndi vəziyyət necədir? Öncə statistikaya nəzər yetirək və şəhər sakinlərini eşidək, sonra peşəkarların fikirlərini oxuyaq.

Dövlət Statistika Komitəsinin məlumatına görə, teatra gedənlərin sayında azalma müşahidə olunub. 2000-ci ildə hər 1000 nəfərdən 117-si teatra gedirdisə, 2010-cu ildə bu, 61-ə enib. Apardığım sorğuda adamlar teatra getməməyin səbəbini vaxtın və pulun olmaması ilə əlaqələndirib. Bəzi fikirlərlə tanış olun:
Ceyran Cavadova (53 yaş): “İşdən gec gəldiyim üçün, tamaşaya getməyə vaxtım olmur”.
Xanım Hüseynova (22 yaş): “Dərslər çox olduğundan həmişə getmirəm. Amma vaxt tapan kimi qrup yoldaşlarımla əsasən dram teatrına gedirik”.
Məşədi Kamiloğlu (53 yaş): “Teatra marağım var. Getmək istərdim, amma işdən vaxt tapmıram. Təəssüf ki, yalnız televiziyada tamaşalardan parçalara baxa bilirəm”.
Sevinc Məmmədova ( 36 yaş): “Əvvəllər tez-tez gedərdim. İndi vaxt çatdırmaq olmur, həm də uşaqların problemi qurtarmır. Bilet almağa imkan da yoxdur. Fikirləşirsən ki, o pulu teatra verincə uşaqlarıma xərcləyərəm”.
Günel Səfərova (23 yaş): “Daha çox səhlənkarlıqdan getmirəm. Həm də teatrlarımızın repertuarlarını bəyənmirəm. Aktyor oyunu məni qane etmir. Daha çox qışqırığa önəm verirlər, səs-küy çox olur. Təkcə Pantomim Teatrını bəyənirəm, isdedadlı aktyor heyəti var. Opera və Balet Teatrındasa elə bil, “Karmen”dən başqa opera yoxdur. Məncə, tamaşaları reklam etmək, repertuarı dəyişmək lazımdır. Bizimlə müqayisədə Rusiyada teatr daha çox inkişaf edib”.

Biletlər neçəyədir?

Tamaşalardan və zaldakı yerdən asılı olaraq biletlərin qiyməti Akademik Milli Dram teatrında 5-10, Gənc Tamaşaçılar teatrında 4-5, Opera və Balet teatrında 6-70, Rus Dram teatrında 5-30, Musiqili Komediya teatrında 3-9, Pantomim teatrında 5, “Yuğ” teatrında 5-10, Abdulla Şaiq adına Kukla Teatrında 1-2 manat arasında dəyişir.

Teatrşünas fərqli düşünür

Teatrşünas Məryəm Əlizadə son illər tamaşaçıların sayının artdığını deyir: “Tamaşaçı yenidən teatra qayıdır. İnsan yalnız maddiyətdən ibarət deyil. Hər kəsin pulla yanaşı, mənəvi qidaya da ehtiyacı var. Teatr yeganə sənətdir ki, tamaşaçı yaradıcılıq prosesinin canlı şahidi olur. Burda tamaşaçının zövqü cilalanır. Sovet ittifaqının güclü teatr sistemi vardı, o dağılandan sonra sistemdə hökm sürən qanunlar işləmədi. Ölkə teatrlarında da bir müddət durğunluq yaşandı. Teatr canlı orqanizmdir - insanın ürəyinin ritmi, əhvalı dəyişdiyi kimi burda da müxtəlif vaxtlarda tənəzzül və ya yüksəliş olur. Planları bir gündə gerçəkləşdirmək mümkün deyil, buna baxmayaraq, inkişaf özünü göstərir. Azərbaycan teatrı bugün bir sıra Avropa teatrları ilə müqavilələr bağlayır və həmin ölkələrdə tamaşalar göstərəcək”.


“Gəncləri mədəni mühitə alışdırmaq lazımdır”

Dövlət Akademik Milli Dram Teatrının mətbuat katibi Elçin Cəfərov adamları bilgiləndirməyin vacibliyini önə çəkir: “Bəzən teatra marağın azalmasından, tamaşaçılardan şikayətlənirlər. Sosioloji tədqiqat aparsaq, görərik ki, tamaşaçını yaxşı tanımırıq və onu öyrənməliyik. Tamaşaçı əylənmək, vaxtını mənalı keçirmək istəyirsə, bunlar tamaşada ehtiva olunmalıdır. Yuxarı sinif şagirdləri və tələbələrin estetik dünyagörüşünü formalaşdırmaq məqsədilə layihəmiz var. Gəncləri mədəni mühitə alışdırmaq lazımdır, çünki gələcək tamaşaçımız məhz onlardır. Xüsüsilə, yeniyetmələrin teatra yönəldilməsi onları milli mənəvi dəyərlərə, ədəbiyyata bağlayacaq. Gənclər teatrı sevir. Bu, teatrın sabahı haqqında nikbin düşünməyə imkan verir. Biz onlara keyfiyyətli məhsul verməli, dramaturgiya, rejissor işi, tərtibat və aktyor ifası baxımından yüksək səviyyəli iş təqdim etməliyik”.


“Adamlar kütləvilikdən bezib”

“Yuğ” teatrının direktoru Tərlan Rəsulov tamaşaçılar arasında gənclərin çoxluq təşkil etdiyini bildirir: “Tamaşaçıların gəlişi müəyyən subyektiv səbəblərə görə çətinləşə bilər. Televiziyada tamaşalara baxmağa üstünlük verənlər də var, amma teatrsevərlər yenə də gəlirlər. Əvvəlki illərlə müqayisədə indi tamaşaçılar üçün şərait var. Onların səhnə əsərlərindən həzz aldığını müşahidə edirəm. Teatra daha çox gənclər gəlir. Onlar klassik əsərlərə üstünlük verirlər və bu çox xoşdur. İnsanlar artıq kütləvi mədəniyyətdən, şou-biznesdən, əyləncəli proqramlardan doyub. Əsl sənətə təlabat yaranıb”.

Fikirlər müxtəlifdir, tamaşaçılar bir cür, peşəkarlar başqa cür düşünürlər. Yaxşısı, bütün bəhanələri kənara qoyub, tamaşalara baxmaqdır... Gündəlik qayğılardan bir neçə saat uzaq olmaq üçün...


Arifə Mikayılova - “Simsar” jurnalı







25 İyul, 2011  16:51 Baxılıb: 1331 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner