Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

ŞOK STATİSTİKA

6 ayda 225 intihar

Azərbaycanda insanların özünə qəsd etməsi ilə bağlı açıqlanan faktlar reallığı əks etdirməsə də, məlum olan rəqəmlər problemin getdikcə daha ciddiləşdiyindən xəbər verir. Araşdırma nəticəsində məlum olan isə budur ki, 2011-ci ilin 6 ayı ərzində ölkədə 225 intihar baş verib. 

Həmişəki kimi həyatına ən çox qəsd edənlər Bakının ayrı-ayrı rayonlarının sakinləridir. Kişilər intihar edənlər arasında yenə çoxluq təşkil edir. İnsanların çoxu bu dünya ilə vidalaşmaq üçün özünü asır. Çay üstündəki körpülərdən, binaların müxtəlif mərtəbələindən özlərini atanlar, sirkə turşusu və digər kimyəvi tərkibli məhlullar içməklə həyatına qəsd edənlər də olur. Son zamanlarsa bir çoxu özünü güllələməklə intihar edir.

Oğuz rayonunun Yaqublu kəndində yaşayan, əslən Kəlbəcər rayonundan olan məcburi köçkün Əli Ədirxanov yaşadığı ünvanda odlu silahdan atəş açaraq özünü öldürüb. İki uşaq atası olan mərhumun özünə qəsd etməsinin səbəbləri barədə heç bir məlumat verilməyib.

Göygöl rayonunun Toğana kənd sakini, 79 yaşlı Hüseynqulu Verdiyev də ov tüfəngi ilə ürək nahiyəsindən atəş açaraq özünü öldürüb.

Nərimanov rayonunda 41 yaşlı ali təhsilli İlqar Bayramov, Xaçmaz şəhərində 74 yaşlı Abbasqulu Paşayev özlərini ov tüfəngi ilə vurublar.

6 ayda 15 məktəbli və yeniyetmə intihar edib

Xaçmaz şəhər sakini 14 yaşlı Eldar Heydərov və Qımılqışlaq kənd sakini 12 yaşlı Asvar Mehdiyev özlərini asıblar.

Mingəçevir şəhər 18 saylı orta məktəbinin 11-ci sinif şagirdi, 1993-cü il təvəllüdlü Çinarə Münasib ailəsi ilə birlikdə yaşadığı mənzilin pəncərəsindən özünü atıb.

Tovuz rayonunun Əsrik Cırdaxan kənd sakini 11 yaşlı Əsginaz Məmmədova yaşadığı evin çardağından özünü asıb. Hadisənin qızın öz atasının məzarını ziyarət etmək istəməsi, lakin nənəsinin buna icazə verməməsi zəminində baş verdiyi bildirilib.

Biləsuvar şəhər sakini 15 yaşlı Mirzəbaba Quliyev yaşadığı evin həyətində yardımçı tikilidə özünü asıb.

Zərdab rayonunun Bəyimli qəsəbəsində Ucar rayonunun Qaradağlı kənd sakini, 9-cu sinif şagirdi Nahid Əhmədov özünü valideynlərinin çalışdığı fermada asıb. Rayonun Çallı kəndində isə 10-cu sinif şagirdi 16 yaşlı Kamil Muradlı özünü asıb.

Neftçala rayonunun Bankə qəsəbəsinin sakini 16 yaşlı Rəsul Cəfərovu atası yaşadığı evin həyətində asılmış vəziyyətdə tapıb.

Lənkəran rayonunun Boladi kənd sakini, 17 yaşlı, nişanlı Sədaqət İsmayılova məlum olmayan səbəbdən intihar edib.

Ağsu rayonunun Rəhimli kənd sakini 17 yaşlı Teymur Məmmədov özünü yaşadığı mənzildə öldürüb.

İyunun 6-dan 7-nə keçən gecə Gəncə şəhərində ailəsi ilə birlikdə kirayədə qalan Tərtər rayon sakini 15 yaşlı Bədirli Nadir qızı özünü kəndirlə asıb.

Şabran rayonunun Baş Əmirxanlı kənd sakini 14 yaşlı Güləsər Abışovanı ailə üzvləri iyunun 7-də yaşadığı evin həyətində iplə asılmış vəziyyətdə tapıblar.

Cənublular daha çox intihar edir

Rəsmən açıqlanan məlumatlara görə, ötən yarım il ərzində ən çox özünəqəsd hadisəsi cənub bölgəsində baş verib. Burada 22 nəfər intihar edib. Onlarıdan 15-i kişi, 6-sı qadın, biri yeniyetmədir. Lənkəran intihar faktına görə (12 nəfər) bölgədə yenə öndədir.

Bu faktı isə ailə dramı hesab etmək olar. Lənkəran şəhər sakini 45 yaşlı İlham Bayramov yaşadığı mənzildə özünü asıb. Narkotik aludəçisi olan İ.Bayramovun hansı səbəbdən intihar etməsi məlum deyil. Amma Bayramovun özünü öldürməsi onun ailəsində şok yaradıb. Atasının intiharından xəbər tutan 17 yaşlı oğlu Fariz ülgüclə damarlarını kəsib. Çoxlu qan itirən yeniyetmə təcili olaraq xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilsə də, sonrakı taleyi ilə bağlı məlumat verilməyib.

Astara rayonunda isə arvadının tərk etdiyi kişi özünə qəsd edib. Ərçivan kənd sakini 52 yaşlı Vahid Məmmədov yaşadığı evdə kəndirdən asılmış vəziyyətdə tapılıb. Məlumata görə, ruhi xəstə olan Vahidi 3-4 il bundan əvvəl həyat yoldaşı tərk edərək iki uşağı ilə birlikdə atası evinə gedib.

Şimal bölgəsində də müxtəlif səbəblərdən həyatına qəsd edənlər 6 ayda 22 nəfər olub. Ən çox intihar isə Xaçmaz rayonunda qeydə alınıb. Yarım ildə qərb bölgəsində 18 (Gəncədə 6 nəfər), şimal-qərb bölgəsində isə 14 nəfər (bunlardan 4-ü Qəbələ rayonundandır) intihar edib.

Təcridxana və polisdə intiharlar

İlin əvvəlindən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin müxtəlif təcridxanalarında və rayon polis idarələrində müəmmalı özünəqəsdlər baş verib.

Penitensiar Xidmətin Gəncə şəhərində yerləşən 2 saylı istintaq təcridxanasında Şəmkir sakini 31 yaşlı Çərkəz İbrahimov saxlandığı kamerada özünü öldürüb. O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə təqsirləndirilirdi. İbrahimov 2010-cu il dekabrın 1-də qardaşı 29 yaşlı Elsevəri bıçaqla qətlə yetirib.

Penitensiar Xidmətin Nizami rayonu ərazisində yerləşən 1 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən 49 yaşlı Asim Məmmədov özünü həbsxana binasının pəncərəsindən aşağı atıb. O, Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq etmə) maddəsi ilə 5 il müddətinə azadlıqdan məhrum edilibmiş.

Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Rövşən Mehrəliyev özünü asaraq öldürüb. Mehrəliyev dörd ailə üzvünü qətlə yetirməkdə təqsirli bilinirmiş.

30 yaşlı Elşən Mustafayev Bərdə Rayon Polis Şöbəsində həyatına qəsd edib. Əvvəllər Cinayət Məcəlləsinin 145-ci (qanunsuz azadlıqdan məhrum etmə), 132-ci (adam döymə) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə məhkum olunan Mustafayev bu dəfə oğurluq etdiyinə görə tutulubmuş.

Hərbçilər niyə intihar edir?

Azərbaycan ordusunun əsgərləri, hətta zabitləri də özlərinə qəsd etməkdə davam edirlər. 6 ay müddətində bir neçə belə fakt qeydə alınıb. Müdafiə Nazirliyinin Naftalan şəhərində yerləşən N saylı hərbi hissəsinin taqım komandiri, baş leytenant Anar Malik oğlu Məhərrəmov Şəkidə yaşadığı evdə özünü asıb. Verilən məlumata görə, iki uşaq atası olan 24 yaşlı hərbçi ailəsi ilə birlikdə Şəkiyə gələrkən Yevlaxda Post Patrul Xidmətinin əməkdaşları onu saxlayıblar. Bundan sonra hərbçi ilə polislər arasında mübahisə baş verib və ailəsinin gözü qarşısında A.Məhərrəmov təhqir olunub. Sonra onu Mingəçevir polisinə aparıblar. Orda da hərbçiyə qarşı aşağılayıcı hərəkətlər ediblər. Daha sonra A.Məhərrəmovun qulluq etdiyi hərbi hissənin məsul şəxsləri gəlib onu hərbi hissəyə aparıblar. Təhqir olunmasına dözməyən A.Məhərrəmovun evə gələrək özünü asdığı bildirilir.

Dövlət Sərhəd Xidmətinin Cəlilabad rayonunun Sərxanlı kəndi ərazisindəki sərhəd zastavasında xidmət edən mayor Raqif Qəniyev tabeliyindəki avtomat silahdan atəş açaraq özünü öldürüb.

Bakı hərbi birləşməsinə məxsus hərbi hissələrdən birində 2010-cu ilin yanvarında Oğuz Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış, 1991-ci il təvəllüdlü Orxan Məmmədov özünü asıb. Orxanın ordudan tərxis olunmasına 3 ay qalıbmış.

Dövlət Sərhəd Xidmətinin əsgəri Əhməd Əliyev Lənkəranda xidmət yerində intihara cəhd edib. Avtomatdan özünə atəş açan əsgər 2011-ci ildə Bakının Suraxanı Rayon Hərbi Prokurorluğundan orduya çağırılıb.

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin giziri 27 yaşlı Azər Əsgərov “Makarov” markalı tabel silahı ilə Salyan rayon sakini, 1989-cu il təvəllüdlü Firuzə Əsədovaya bir dəfə atəş açaraq onu qətlə yetirib. Daha sonra A.Əsgərov tapançadan başına atəş açaraq özünə qəsd edib. Gizir ağır vəziyyətdə Sumqayıt şəhər Təcilli Tibbi Yardım Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. F.Əsədova və A.Əsgərov arasında qeyri-rəsmi münasibətlərin olduğu bildirilir.

Naxçıvan Muxtar Respublikasında yerləşən N saylı hərbi hissənin kiçik çavuşu 19 yaşlı Elvin Əliyev əsgər yoldaşı, 19 yaşlı Tofiq Abdullayevi avtomat silahla qətlə yetirib. Daha sonra E.Əliyev özünü öldürüb. Hadisəni törədən E.Əliyev Ordubad, T.Abdullayev isə Şərur rayon hərbi komissarlığından hərbi xidmətə çağırılıblar.

Şəmkir hərbi birləşməsinin zabiti polkovnik-leytenant Azər Hüseynov özünə qəsd etmək məqsədilə ülgüclə boğazını kəsib. Çoxlu qan itirən A.Hüseynov ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hadisə həmin hərbi birləşmədə 7 əsgərin öldürülməsidən sonra baş verib.

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgərlərini Mingəçevirdəki hospitala aparan avtobusda olan əsgər Şəhriyar İmranlı özünü maşından atıb. Nəticədə əsgərin boynu sınıb və bir sıra ağır xəsarətlər alıb.

Müdafiə Nazirliyinin Şəmkir hərbi birləşməsinin Qazax rayonu ərazisində yerləşən hərbi hissəsinin əsgəri Fikrət Hümbətov avtomat silahdan çənəsinin altını nişan alaraq atəş açıb. İntihara cəhd edən əsgərin vəziyyəti ağır olub, sonrakı taleyi ilə bağlı məlumat verilməyib.

Azərbaycanda polisi də intihar həddinə çatdırırlar

İnsanların özlərinə qəsd etməsi müxtəlif səbəblərlə bağlı olur. Təbii ki, sosial problemlər əsas səbəblərdən biridir. Amma bu problemlərin ortaya çıxmasının başlıca səbəbi ölkədə korrupsiya və rüşvətxorluqla bağlıdır. Bunun nəticəsidir ki, hətta polislər də intihara əl atmaq məcburiyyətində qalırlar.

Ağsu rayonunda baş verən intihar hadisəsi buna sübutdur. İyunun 9-da axşam saat 22:30 radələrində Ağsu Rayon Polis Şöbəsinin qarşısında yol polisi bölməsinin əməkdaşı, polis serjantı, 26 yaşlı Asim Baxşıyev xidməti tapançası ilə yol patrul maşınında özünü güllələyib. İntihar edənin qardaşı Rafael Baxşiyev “Azadlıq” radiosuna müsahibəsində deyib ki, qardaşı polis rəisi ilə aralarında gedən bir söhbətin güdazına gedib. Onun dediyinə görə, təxminən 8 ay əvvəl polis rəisi qardaşına təklif edib ki, onlarla çalışan bir polis əməkdaşının üzünə dursun. Rafael Baxşıyev iddia edib ki, rəis qardaşını dəfələrlə bu işə məcbur etsə də o, hər dəfə rəisin göstərişindən imtina edib: “Qardaşım iş yoldaşının üzünə durmayıb. Ondan sonra qardaşımı mütəmadi sıxışdırmağa başlayıblar ki, səni burda işləməyə qoymayacağıq”.

Qardaşına qarşı təzyiqlərin hər gün davam etdiyini deyən R.Baxşıyevin sözlərinə görə, sonuncu dəfə - elə intihar etdiyi gün rəis A.Baxşıyevi öz növbəsi olmadığı halda gecə növbəsinə göndərib: “Qardaşım 2-3 ildir yol polisində işləyir və indiyə qədər heç vaxt silah götürməyib. Elə bil, bu, qurulmuş işdir. Həmin gün nizamnamə ilə məcbur edib ona silah götürdüblər. Ondan sonra bizə də heç bir söz deməyib və polis bölməsinin qarşısında xidməti maşında özünü güllələyib”.

Altı ayda 225 intihar. Bu rəqəm azdır, ya çoxdur, deyə bilmərik. Amma hakimiyyət rəsmiləri əhalimizin sayının gün-gündən artdığını deyib iddia edəcəklər ki, 9 milyonuq, bunun qarşılığında 225 intihar nədir ki? Bu, Azərbaycanda insan taleyinə münasibətin nəticəsidir. Əgər insana münasibət fərqli olsaydı, 225 bəlkə də 25 ola bilərdi...

Azər HÜSEYNBALA (“Demokrat” qəzeti)






7 İyul, 2011  20:54 Baxılıb: 1795 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner