Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HARDASINIZ, SƏS VERİN!

Heç kimi olmayan xocalıları axtarırıq

«1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi (Stepanakert) şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt etdilər. Hücumdan əvvəl, fevralın 25-i axşam çağından şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başlamışdır. Nəticədə şəhərdə yanğınlar baş vermiş və fevralın 26-ı səhər saat 5 radələrində şəhər tam alova bürünmüşdür. Belə bir vəziyyətdə, erməni əhatəsində olan şəhərdə qalmış təqribən 2500 nəfər əhali yaxınlıqdakı azərbaycanlılar məskunlaşmış Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur olmuşdur. Ancaq bu niyyət baş tutmadı. Şəhəri yerlə yeksan etmiş erməni silahlı dəstələri və motoatıcı alayın hərbiçiləri dinc əhaliyə divan tutdular. 



Bu qırğının nəticəsində 613 nəfər həlak olmuşdur, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olub. 8 ailə tamamilə məhv edilib.

25 uşaq hər iki valideynini,

130 uşaq isə valideynlərindən birini itirib.



487 nəfər yaralanıb. Onlardan 76-sı uşaqlardır.

1275 nəfər əsir götürülüb,

150 nəfər isə itkin düşüb.

Dövlətin və əhalinin əmlakına 01.04.1992-ci il tarixinə olan qiymətlərlə 5 mld.rub dəyərində ziyan vurulub».


Hər il Xocalı soyqırımı tarixinə bir neçə gün qalmış və fevralın 26-sı günü yuxarıda göstərdiyimiz faktlar demək olar ölkənin bütün televiziyalarında gün ərzində bir neçə dəfə həm aparıcıların, həm də müxtəlif səpkidə hazırlanan verilişlərdə rəsmi və qeyri-rəsmi insanların dilindən səsləndirilir. Həmçinin də Kütləvi İnformasiya Vasitələrində yer alır. Elə həmin günün səhərindən isə demək olar ki, düz bir il ərzində-növbəti ildönümə kimi bu mövzuda danışmaq kiminsə yadına düşmür. Halbuki təkcə Xocalı faciəsi ilə bağlı nəinki hər gün, hər saat danışılası kifayət qədər məsələ var. Hətta araşdırılıb nəinki həqiqətin «ağzına daş basan», «gözünə kül üfürən» dünyanın super güclərinin, həm də biganəlik, laqeydlik xəstəliyinə düçar olanları məlumatlandırmaq üçün yetərincə faktlar ortadadır. Buna baxmayaraq, həmişə, hər şeydə olduğu kimi bu məsələdə də gecikmişik, 20 illik bir zamanı itirmişik.

Əlbəttə, kimlərsə mənimlə razılaşmaya bilər. Amma bu bir reallıqdır bizim hamımız mövsümi-fəsli, ələlxüsus da aktuallıq azarına tutulmuş virus daşıyıcılarıyıq. Qəribə məntiqdir?! Yanaşmamıza görə yalnız bəlli günlərdə başımıza gətirilənlər yada düşə, dilə gətirilə bilər?! Bu nəinki tarixi keçmişimizə, hətta, yaşadığımız tarixə biganəlik xəstəliyindən xilas ola bilməməyin göstəricisidir. Halbuki yaşadığımız tariximizdən, başımıza gətirilənlərdən xəbərdar olsaq onda həqiqəti görə bilərik. Görərik ki, təqvimdəki bütün günlər hansısa bir hadisənin tarixini daşıyır, qara günə çevrilib millətimizin, dövlətimizin taleyinə yazılıb. Hələ düşünsək ki, həmin tarixlərin acısını konkret şəxslər öz həyatlarında hiss ediblər və hələ də o ağrını hər an yaşayırlar, onda bizlərdən daha diqqətli, daha doğrusu, vicdanlı olmaq tələb olunur.
Bəli, xalqın, dövlətin həyatında yaşananlardan vəzifə borcumuz olaraq anındaca xəbər tutmaq, onu ictimailəşdirmək, aidiyyatı qurumların səlahiyyətləri çərçivəsində tədbir görməsini reallaşdırmaq zəruridir. Amma bunu sübut edən hansısa işimiz olubmu? Bizim hansımızınsa həmin insanlardan xəbərimiz varmı? Yoxdur!!!
Bu o deməkdir ki, dövlət rəsmilərinin də məlumatlı olması qeyri-mümkündür. Çünki bir qayda olaraq rəsmilər proseslərə ümumi kontekstdən yanaşmanı daha məqbul bilirlər. Hansısa bir məlumat ictimailəşəndə onların müəyyən addım atıdığını görmək olur. Əks təqdirdə belə şeylərə vaxt sərf etdklərini kimsə iddia edə, kimsə də görə bilməz.

Yuxarıda xatırlatdığım qısa xronikada qeyd olunan rəqəmlərə düşən hər bir kəsin həyat hekayəsini dinləmək şübhəsiz, çətindir. Amma hər iki valideynini itirmiş 25 azyaşlının hekayəsi daha dəhşətlidir. Əgər valideynin biri itirilirsə, digəri gözləri həyata açılmamış, qulaqları top, tüfəng atəşlərinə şəklənmiş, hər şeydən əvvəl qorxunu dadan yavrusuna sahib çıxır. Min-bir çətinlik bahasına olsa da öz himayəsində böyüdür. Hər iki valideynini itirən, tarixin acı reallığı qarşısında aciz qalanlarsa, özünün himayəyə ehtiyacı olanlara, belə demək mümkünsə yük olmaq zorunda qalır. Halbuki bu yük dövlətin çiyinlərində olmalıdır. Bəlli olan odur ki, dövlət rəsmilərinin həmin 25 uşaqdan-artıq Böyük KİŞİ, XANIM olmuşlardan xəbəri yoxdur. Dəhşət! Əksini kimsə söyləyə bilərmi? Şübhəsiz, bunu inkar edənlər, ümumi sözlərlələ bəraət almaq cəhdində bulunanlar tapılacaq. Amma boşuna özlərini yormasınlar. Çünki özlərini faş etmiş olarlar. Bunu sübut edən canlı dəlil olmasaydı, yəqin ki, sadəlövhcəsinə mən də inanlardan biri olardım. Bu günsə kimsə çətin məni inandırsın. Ona görə ki, təxminən 3 ay əvvəl onlarla bağlı aldığım məlumat həqiqəti ortaya çıxarıb.


Martın 13-də dostunun dəvəti ilə toy mərasimində iştirak edən bir nəfər yaxınım şadlıq evinə çatar-çatmaz mənə telefon açıb Xocalı olayının günahsız qurbanlarından biri ilə təmasda olduğunu, ona necə kömək edə biləcəyimi yalvarırcasına soruşdu. İşə bir baxın. Bizim araşdırıb üzə çıxaracağımız faktları, təsadüfən bizdən öncə başqa biri ortaya çıxarır və bizdən kömək umur. Toy mərasimi şadlanmaq, deyib-gülmək yeri kimi tanınır. Amma Xocalı faciəsində hər iki valideyni ilə yanaşı, həm də özündən böyük iki qardaşını itirən həmin faciə qurbanı-hadisəni bu gün də canında, qanında yaşadan və mənə telefon açanla həmyaş olan bu gəncə toy mərasimində olmasını unutdurub. Əlbəttə, bu, vətənpərvərlik, xalqının dərdini özü ilə daşımaq hissinin bir an da olsun onu tərk etməməsinin sübutu kimi qəbul olunmalıdır. Çoxlarının şənləndiyi bir məqamda o, həmyaşıdının acı taleyinə qulaq kəsilib, ona necə kömək etməyin yollarını axtarıb. Ağlına ilk gələn də jurnalist yaxını olub və hətta bu qəhrəmanın videogörüntüsünü telefonun yaddaşına köçürüb, mənə göstərmək istəyini də yaddan çıxırmayıb. Yəqin ki, bu görüntünün daha təsirli olacağını düşünüb. Görünür, o da bir çoxları kimi jurnalistləri dövlətin səlahiyyətli aidiyyatı qurumlarından daha etibarlı bilib.
Əli hər yerdən üzülüb sonda həmkarlarımıza üz tutanları az görməmişəm. Dərdini dinləyib qəzet səhifələrində yer ayrılan şikayətçilərin probleminin həllini tapması halları da az olmayıb. Doğrudur, hər şikayətçinin arzusu çin çıxmayıb, amma az da olsa qələm əhlinin işə yarıdığı faktları yetərincədir. Əslində bu gün hər birimizin missayımız da budur. Heç olmasa qaldırılan problemin, məsələnin müvafiq qrumlar çözüm yolunu tapsınlar. Dediyim kimi xocalılı həmyaşıdının problemini mənə nəql etdikdən sonra-«Gör, ona necə kömək edə bilirsən. İmkanın çatdığı qədər bu məsələni kimlərin qarşısında qaldıra bilirsənsə, de, onları agah elə ki, belə məsələyə laqeydlik bağışlanmazdır»-deyən həmin şəxsin sözləri bu müddət ərzində bir an belə məni tərk etməyib. Bu elə bir məsələdir ki, hər şeyi yaddan çıxara, yalnız bu insanlara necə kömək edəcəyini düşünə bilirsən. Həmçinin birdən-ikiyə tanımadığın adamla belə danışmaq cəsarətini özündə tapırsan. Ona görə də mən həmin gündən üz tuta biləcəyim, nəsə edə biləcəyinə əmin olduğum bir neçə nəfərlə əlaqə saxlamağa cəhd etdim. Amma nə qədər inadkarlık etsəm də bunun bir faydası olmadı və «bu gün, sabah, yaxın günlərdə» vədləri nəticəsiz qaldı.


Bu müddət ərzində bir-neçə dəfə telefonla əlaqə saxlayıb-«Bir neçə adamla danışmışam, onlarla görüşüb sizin məsələnizi təfərrüatı ilə danışacam. Sizə dövlətin verdiyi imkanlar çərçivəsində nə etmək mümkündürsə, onu etmələrini xahiş edəcəm»-deyəndə o-«Mən heç nə istəmirəm, sadəcə olaraq bizi yada salsınlar. Axı biz fonda düşən uşaqlarıq. Heç bir-birimizin harda yaşamasından da xəbərimiz yoxdur. Heç olmasa bizi bir araya gətirsinlər, əvvəlcə özümüzünkülərə, ondan sonra dünyaya göstərsinlər ki, belə uşaqlar olub. İndi böyüyüblər. Bu dövlətin öz imici üçün də yaxşı olar»-deyirdi. Onu görməsəm də nə qədər böyük bir ürəyin sahibi olduğunu, valideinlərini, qardaşlarını itirib yaxınlarının himayəsində böyüməsinin qürurunu əymədiyini hiss edirdim.
Bu məsələni qələmə almazdan öncə problemi bəzi həmkarlarımla müzakirə etdiyim bir məqamda 25 uşağın timsalında Mehdini müəyyən şəxslərlə görüşdürməyi məndən xahiş edən şəxs Bakıda olduğunu bildirdi. Mehdi ilə əlaqə saxladım və biz görüşdük. Xocalı yerlə yeksan olunduğu həmin günlədə 5 yaşına keçən Mehdi artıq 25 yaşında gənc, yaraşıqlı bir oğlandır. Özündən başqa yerdə qalan 24 nəfərin axtarışına çıxan bu gənc mənə elə gəlir itirdiklərinin yerini doldurmağa çalışır. «Bizi bir yerə yığsınlar. Nə etmək istəyirlərsə, hamımıza birgə etsinlər. Birimizə kömək edib, digərini kənarda qoymasınlar». Bu istəyin arxasında nələrin dayandığını hiss etmək çətin deyil. Həm də onlara QÜDRƏTLİ AZƏRBAYCANIN SAHİB OLDUQLARINDAN YARARLANMAQ İMKANI VERMƏK.
Mehdi Firdovsi oğlu Əliyev(ata babasının adı İsa) Hüseynova Heyran Mürşid qızının ailəsində dünyaya göz açıb. Mehdinin 10 yaşlı Elçin, 8 yaşlı Elgiz adında qardaşları da ata-anası ilə birgə həmin gecə ermənilərin vəhşiliyinin qurbanı olub. Hadisədən sonra faciənin qurbanları arasında onların cəsədlərini görən də yoxdur.


Mehdi kimi biz də digər 24 nəfər xocalı cocuğunu-gəncini axtarırıq. Bəlkə onların bir-birini tapması ilə Mehdi kimi digərlərinin də yarasına bir az məlhəm olar.

Gültəkin Qəhrəmanlı












20 İyun, 2011  15:58 Baxılıb: 1622 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner