Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

ƏNVƏR HƏSƏNOV: “HƏLƏ DƏ ƏMƏKDAR ARTİST OLDUĞUMDAN UTANIRAM” -FOTO

“Çapıq izi indiyəcən qalır” 

Tamaşaçılar onu Şahbaz, Murad və ya Cəlal kimi tanıyırlar. 40-dan çox rola çəkilib. 45 ildir kinodadır. Əməkdar artis Ənvər Həsənov “Simsar” - a həyatından, çəkiliş vaxtı yaşanan səhnəarxası olaylardan danışdı. 

Gəliş...


8-ci sinifi bitirəndən sonra Fəhlə Gənclər Peşə məktəbində gecə növbəsində oxuyurdum. 1965-ci il idi, professor Adil İsgəndərov Azərbaycan kinostudiyasının nəzdində aktyorlar üçün kino kursu açmışdı. Sənədlərimi verdim və qəbul olundum. 600-700 nəfər seçimdə iştirak edirdi. 52 nəfər qəbul olundu, mən də onların arasında idim. Sonra kinostudiyada rejissor köməkçisi vəzifəsində işə düzəldim. Rejssor Arif Babayev o zaman “İnsan məskən salır” filmini çəkirdi. Mən də köməkçisi kimi çalışırdım.
1969-cu ildə kursu bitirəndən sonra sənədlərimi Azərbaycan Dövlət İncəsənət İnistitutuna verdim. Komissayanın sədri Adil müəllim idi. Məni görəndə qayıtdı ki, ay bala, sən dünən diplom almısan, kinoya da çəkilmisən, hazır aktyorsan, burda nə gəzirsən? Evdəkilərin istəyi ilə gəldiyimi bildirdim. 1973-cü ildə kino və dram aktyorluğu fakültəsini bitirdim. Əmək kitabçamda yalnız bir iş yeri göstərilib: “Azərbaycanfilm” Kinostudiyası.

Cəlal, yoxsa Murad?..


Görkəmli sənət ustalarından dərs almışam. Adil müəllim, Həsən Seyidbəyli, Hüseyn Seyidzadə, Tofiq Tağızadə, Arif Babayev, Hökümə Qurbanova, Əli Zeynalov müəllimlərim olub. İlk işim Əlisəttar Atakişiyevin “İstintaq davam edir” filmi olub. Rəqqas roluna çəkildim. Hamı deyirdi ki, orda çox gözəl rəqs etmisən.
Şamil Mahmudbəyov dörd novelladan ibarət “Torpaq, dəniz, od, səma” filmində rol aldım. Müharibə dövrü ilə bağlı “Od” səhnəsində gənc əsgər rolu mənim kinoda ikinci iştirakım idi.
Sonra Arif Babayevlə çalışdım. Arif müəllim mənə diqqət yetirirdi. Hər dəfə deyirdi ki, hazırlaş səni kinoya çəkəcəm. Düşünürdüm ki, yəqin zarafat edir. Tale elə gətirdi ki, “İnsan məskən salır” filmini təhvil verdik. Yarım il keçəndən sonra Maqsud İbrahibəyovun “Uşaqlığın son gecəsi” filmində Murad obrazına aldım. Film 1969-cu ildə Ümumxalq Kino Festivalında təmsil olundu, beş diploma layiq görüldü. Mənə də “Ən gözəl kişi rolunun ifaçısı” mükafatını verdilər. Muradı filmdə necə görürsünüzsə mən həyatda da elə olmuşam - çılğın, həyatsevən, zarafatcıl. Ümumiyyətlə, 40 filmə çəkilmişəm, 18-19 filmin ikinci rejissoru olmuşam. Çəkildiyim obrazlar xarakterimə uyğun seçilirdi, bəlkə onun üçün yaddaqalan olurdu. İndi çoxları məni obrazlarımın adları ilə çağırırlar. Cəlal, Murad, Şahbaz, Tərxan...

Çəkiliş zamanı yadda qalanlardan...


Çəkiliş vaxtı həm gülməli, həm də qorxulu hadisələr çox olub. Bir gün çəkilişdən sonra istirahət üçün dostlarımla dənizkənarı parkda gəzirdik. Bir də gördük bir savaş düşdü, oğlanlar təkbətək dalaşırdı. Biz də kənardan durub baxırdıq. Gördüm ki, dalaşanların birinin əlində beşbarmaq var. Qaçdım ki, həmin adamın əlindən tutum, beşbarmaq çənəmə dəydi. Üzüm göyərdi, şişdi. Kompres qoyduq, amma xeyiri olmadı. Səhər Arif Babayevlə söhbət edəndə əlimlə də ağzımı tutmuşdum ki, yaramı görməsin. Axırda dedi ki, əlini ağzından çək, bir görüm nə danışırsan. Sifətimi görüb dilxor oldu. Çəkilişlər də iki-üç gün gecikdi. Çapıq izi indiyəcən qalır.

Hüseyn Seyidzadənin “Qatır Məmməd” filmində kaskadyorluq edirdim. Ceyhun Mirzəyev at sürməyi bacarmırdı. Bir-iki dubldan sonra Ceyhunla atlarımızı dəyişdik, vertolyotdan çəkilişin başladığına işarə verdilər. At necə sürətlə qaçırdısa Qatır Məmmədi də ötüb keçdim. Belimdə patrondaşlar, kürəyimdə kürk, başımda xəz papaq... Qışqırıq eşidilir: “Ənvər, nazad! Stop!” - Nə?... atı saxlamaq olar? Bir əlimdə tüfəng, bir əlimdə yüyəni tutmuşam, papaq da gözümə düşüb. Bunları tullaya da bilmirəm ki, hamısına imza çəkib almışam. Maşınla yoldan ötənlərin səsini eşidirəm: “Ay qədeş, hardan gəlirsən?”, “Qaçaq, yerin hardandı?”. Axırda birtəhər atı yorub saxlaya bildim.

“Yeddi oğul istərəm” filimində Cəlalın ölüm səhnəsi çəkilirdi. Məni əl-qolu bağlı atın üstünə uzatmışdılar.Qəfildən at hürküb qaçmağa başladı. Dayandırmaq mümkünsüz idi. Uçuruma 10-15 metr qalmış gözümü yumdum. Dedim, hər şey bitti. Birdən yoldan keçən kimsə “stoyat” – deyib, atın boynuna atıldı. Atı birtəhər saxlayıb məni yerə düşürdülər. Bu görüntülər kinolentdə olduğu kimi qalıb. Tofiq müəllim bu səhnəni yenidən çəkmədi. “Yeddi oğuldan” dörd nəfər qalmışıq - Xəyyam Mirzəzadə, Əbdül Mahmudov, Rafiq Əzimov və mən.


Ömür-gün yoldaşı Mömünat xanım...


Biz nişanlı olanda “Dərviş Parisi partladır” filmində tərəf müqabili idik. Mən Şahbaz, Mömünat xanım isə Şərəfnisə rolunda çıxış edirdi. Sonra “Qaçaq Nəbi” filminə çəkildik, Sirac obrazını ifa edirdim. Məni çağırdılar ki, Ənvər, icazə ver, Möminatı Həcər obrazında çəkək. Sözün düzü, qorxurdum. Çünki çətin rol idi, at çapma, qaçma səhnələri vardı. Amma Mömünat xanım özü də mərd insan idi. Razılıq verdik, film də yaxşı alındı. Sonra “Sonuncu döyüş” filminə çəkildik. Orda mən türk vəkili Ənvər bəyi, Mömünat xanım isə vəkilin həyat yoldaşı rolunu ifa edirdi. Həyat elə gətirdi ki, biz Nabrana yeni ili qarşılamağa gedəndə qəzaya düşdük. Mömünat xanım həyatını itirdi...


Kinomuzun durumu...


Kino millətin gözü, güzgüsüdür. İstəyimizi, arzumuzu, adət-ənənəmizi filmlər vasitəsilə tamaşaçılara çatdıra bilirik. Məsələn, “Yeddi oğul istərəm” filminə dünyanın 98 ölkəsi baxıb, Azərbaycanın sənət ustalarını, ənənələrini, milli geyimlərini tanıyıblar. Müharibəylə bağlı yaranan durğunluq istər-istəməz milli kinomuzda da özünü bürüzə verdi. 2001-ci ildən müxtəlif filmlərin çəkilişlərinə başlandı. Sovet vaxtı isə ildə 10 bədii film, 40-a yaxın sənədli, publisistik filmilər çəkirdik. O vaxtlar kinostudiyada 1270 nəfər adam çalışırdı. İndi “Azərfilm”də hər il 5-6 film çəkilir. Gözləyirik ki, “Nizami” kinoteatrının təmiri qurtarandan sonra “Azərbaycanfilm” Kinostudiyası təmirə başlayacaq.

İstəyirəm...


Sənətkara adı xalq verir. Hamı məni xalq artisti kimi tanıyırlar. Utanıram ki, hələ də əməkdar artistəm. Açığı, istəyirəm ki, xalq artisti olmağım rəsmiləşsin...
Ömrümün 45 ili kinoda keçib. Mənə ağsaqqal deyirlər. Heyif, indi sıralarımız seyrəlib. Üç-dörd nəfər qalmışıq. Kinoçu olmaq çox çətindir. Bəlkə nə vaxtsa dünya kinosunda Azərbaycan baş rolda çıxış edəcək. Sadəcə, vaxt lazımdır... Vaxt.

Arifə Mikayılova






13 İyun, 2011  17:14 Baxılıb: 9482 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner