Səhiyyə Nazirliyinin məlumatına əsasən, ötən ilin yanvar-noyabr aylarında 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə ölkədə pedikulyoz ilə (38,5 faiz), İİV (24,9 faiz), qonokokk infeksiyası (14,2 faiz), hepatit B virusu (12,4 faiz), skarlatina ilə (9,4 faiz) və ağciyər vərəmi ilə (4,2 faiz) xəstələnmə halları azalıb. Dövlət Statistika Komitəsindən Simsar.az-a verilən xəbərə görə, müqayisə olunan dövrdə əhalinin 100 min nəfərinə düşən xəstələnmə hallarının sayında pedikulyoz üzrə 39,2 faiz, İİV üzrə 25,7 faiz, qonokokk infeksiyası üzrə 15,1 faiz, hepatit B virusu üzrə 13,4 faiz, skarlatina üzrə 10,4 faiz, ağ ciyər vərəmi üzrə isə 5,3 faiz azalma qeydə alınıb. Kəskin poliomielit, epidemik parotit, tulyaremiya, məxmərək, anadangəlmə məxmərək sindromu, difteriya, yenidoğulmuşlarda tetanus, qızılca, göyöskürək və malyariya xəstəlikləri qeydə alınmayıb. Avropanın inkişaf etmiş ölkələrində qəbul edilmiş peyvənd təqviminə uyğun olaraq ölkəmizdə də uşaqların 11 xəstəliyə qarşı müdafiəsi təmin edilir. Son illər səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni tibb müəssisələrinin tikintisi, əsaslı təmiri və yenidən qurulması, onların ən müasir tibbi avadanlıqlarla təchiz edilməsi sahəsində mühüm tədbirlər həyata keçirilib, dövlət büdcəsində səhiyyənin inkişafına ayrılan büdcə vəsaiti ilbəil artırılıb. 2016-cı ildə əvvəlki illə müqayisədə bu vəsaitin məbləği 17,3 faiz artırılaraq 830,8 milyon manata çatdırılıb. 2016-cı il ərzində 6-sı Bakı şəhərində, 35-i isə regionlarda olmaqla 41 səhiyyə müəssisəsində təmir-tikinti işləri aparılıb.