Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Şahin Diniyev: “Braziliyadan 11 futbolçu gətirib oynatmalıyıq…”

Futbol mütəxəssisi Şahin Diniyev Simsar.az saytına müsahibəsində Azərbaycan millisinin Bolqarıstan məğlubiyyətindən, milli komandadakı problemlərdən və bu problemlərin həlli yollarından danışıb.

- Azərbaycan millisi növbəti seçmə mərhələyə də məğlubiyyətlə başladı. Bolqarıstana uduzmağımızın əsas səbəbi nə oldu?

- Bolqarıstanla görüşdə milli pis təsir bağışlamadı. Oyunçular meydançanın hər qarışı uğrunda oynayırdılar. Sadəcə, rəqib səviyyə fərqində bizi üstələyirdi. Buna görə, qalib gələn tərəf oldular. Düşünürəm, heç-heçə də bu oyun üçün ədalətli nəticə sayıla bilərdi.

- Seçmə mərhələdən əvvəl istər, millinin oyunçuları, istər baş məşqçi, istərsə də AFFA rəhbərliyi 3-cü yer uğrunda mübarizə aparacağımızı deyirdilər. Bu oyunla üçüncülük əldə etmək nə dərəcədə real görünür?

- Qarşıya məqsəd qoymaq çox gözəldir. Üçüncülüyə iddia etmək o deməkdir ki, Bolqarıstan və Norveçi qabaqlamalıyıq. İtaliya və Xorvatiya statistika baxımından əlçatmaz görünür. Lakin dünənki oyun onu göstərdi ki, üçüncülük iddiası real görünmür. Məqsədi aşağıdan yuxarıya doğru müəyyənləşdirsək, daha düzgün olar. Məsələn, əvvəlcə qrupda sonuncu olmamaq üçün mübarizə aparmalıyıq. Maltanı üstələdikdən sonra yüksək yerlər uğrunda yarışmalıyıq.

- Sizcə yüksək nəticələr əldə etmək üçün komandada nələri dəyişmək lazımdır?

- Komandada nələrisə dəyişməklə işləri düzəltmək olmaz. Bu dəyişiklik kompleks şəkildə həyata keçirilməlidir. Bu gün məşqçini də dəyişmək olar və ya heyətdə hansısa dəyişikliklər etmək olar. Lakin bu, ümumilikdə yüksək nəticələr qazanmağa kifayət etməyəcək. Bu nəticələrdə nə məşqçi, nə oyunçular, nə rəhbərlik günahkardır. Bütövlükdə strategiyanı dəyişmək lazımdır. Buna piramida kimi baxmaq lazımdır. Milli komanda piramidanın ən uc nöqtəsidir. Problemi aşakara çıxarmaq üçün piramidanın təməlindən başlayıb araşdırmaq lazımdır. Uşaq futbolundan başlayıb klublara, daha sonra texniki imkanlara və milli komandaya keçmək olar. Yüksək səviyyəli oyunçular yetişdirməliyik. Bunun üçün müxtəlif variantlar mümkündür. Məsələn, Almaniya millisi bir az enişə keçmişdi ki, müxtəlif yerlərdən 100 nəfər uşağı götürdü və üzərində işləməyə başladı. Nəticədə, Toni Kros, Marko Roys, Tomas Müller kimi futbolçular yetişdi. Bizim oyunçularımız hazırda böyük futbol ölkələrinin klublarında çıxış edə bilmirlər. Buna görə, uşaqları kiçik yaşlarından həmin klublarda məşq keçməyə göndərməliyik. Göndəriləcək 60-70 uşaqdan bir neçə yüksək səviyyəli futbolçu yetişəcək ki, bu da son nəticədə milli komandanın yüksəlməsinə gətirib çıxaracaq. Bunun üçün müyyən vaxt da tələb olunur. Zamandan maksimum yararlanmaq lazımdır. Ya da Braziliyadan 11 futbolçu gətirib oynatmalıyıq. Belə olacağı təqdirdə, bu, “Azərbaycan futbolu” yox, “Azərbaycanda futbol” olacaq.

- Yeri gəlmişkən, Reynaldonun millidə çıxış etməsi üçün AFFA-nın FİFA-ya müraciət edəcəyi gözlənilir. Reynaldo komandada çıxış edəcəyi təqdirdə nələr dəyişəcək?

- Bu məsələdə futbol fanatları səhv fikirdədirlər. Bir futbolçunun gəlməyi hansısa mövqedə yüksəlişə səbəb ola bilər. Reynaldo da yaxşı oyunçudur və onun millidə çıxışı hücum xəttinə təsirsiz ötüşməyəcək. Lakin bu, nəticə qazanmağa kifayət etmir. Bayaq qeyd etdiyim kimi, nəticə üçün kompleks işlər tələb olunur. Milliləşdirilən 1-2 futbolçu Azərbaycan futbolunun yüksəlişi demək deyil. Reynaldonun da gəlişi Azərbaycanın qrupda yüksək yerlər tutacağına təminat vermir. Gərək özümüzü aldatmayaq...

 

Vüsal Məmmədzadə







10 Sentyabr, 2014  12:33 Baxılıb: 856 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner