Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Qənirə Paşayeva: Başqalarının yanlışlarına yoxsa öz yanlışlarına amansız olanlardansız?

İnsanın faciəsi o zaman başlayır ki, özünün yanlışlarını, xatalarını görməməyə başlayır. Ən böyük yanlışlıq özünün heç vaxt yanlışlıq etmədiyini düşünməkdir – deyən ingilis tarixçisi Tomas Karleylin düşüncəsinə görə öz yanlışını dərk etmək özünütərbiyənin ən başlıca vasitələrindəndir. Bu fikirlərlə tamamilə razıyam. Çünki məhz öz yanlışını dərk etmək insanı növbəti xatalardan, yanlışlıq(lar)dan qoruya bilər.

Amerika tənqidçisi Con Meyson Braunun sözləri ilə desək, köy-nəyin ilk düyməsi yanlış bağlanarsa, o biriləri də yanlış bağlanar...

Əslində, bu bir aksioma kimidir. Dərk edilməyən bir yanlış, xata mütləq digərini doğurur... Qədim Roma filosofu Seneka deyirdi: “Kiçik nöqsanlar böyük yanlış(lıq)lara aparır.” Böyük alim Blez Paskal bu fikri daha da sərtləşdirərək, qəbahətləri boynuna almamaq, yanlışları etiraf etməmək yeni qəbahətlərlə yüklənmək deməkdir, – deyirdi. Bu bir gerçəkdir ki, insan yanlışlarını, xatalarını dərk etmədikcə, düzəltmədikcə yanlışlıqlar vərdişə çevrilir və insanın faciəsi də belə başlayır… Məhz yanlışlarını, xatalarını vaxtında dərk etmək insanı böyük  faciələrdən  xilas  edə  bilər..!  Çünki  biz  insan  olaraq,  öz yanlışlarımızdan öyrənirik.  (– Həm də çox şey öyrənirik..!) Təbii ki, dərk etmək və öyrənmək istəsək… fransız iqtisadçısı və yazarı Viktor Kambonun  gözəl  bir  fikrində  deyildiyi  kimi  insan  ən  çox  öz yanlış(lıq)larından öyrənə bilər.

Yanlış(lıq)lar, xatalar iki qrupa bölünür. Bilmədən edilən yanlışlar və qəsdən edilən “yanlışlıq(lar)”... Bilmədən edilən yanlış(lıq)lar yanlışlıq adlandırıla bilsə də, qəsdən edilən yanlışlıq cinayətin ta özüdür..! – Bu fikrin müəllifi alman yazıçı-dramaturqu Bertold Brextlə razılaşmamaq sadəcə mümkünsüzdür…

İnsan heç bir zaman yanlış, xata etdiyini gizlətməməlidir. Çünki yanlışlığa uğramamış, xatasız yaşamış insan olmaz..! Alman şairi və mütəfəkkiri Höte deyirdi, bəzi adamlar heç vaxt yanlışa yol vermirlər, çünki heç nə etmək istəmirlər... Amerika prezidenti olmuş Avraam Linkolna görə isə xata etməkdən qorxan bir insan heç bir şey edə bilməz. Fransız filosofu və dramaturqu Qabriel Onore Marsel isə əgər yanlışlığım olmasaydı, çox az iş görə bilərdim – deyirdi.

İnsanın yanlışlarını, xatalarını görə bilməməsi onu faciəyə, görə bilməsi və ondan ibrət alması isə inkişafa aparır. Hindistan milli azadlıq hərəkatının lideri Mahatma Qandi deyərdi ki, həyatda büdrəməyən insan yoxdur, lakin qəhrəmanlıq odur ki, büdrəyəndə yıxılmayasan..!

Ünlü bir kəlamda deyildiyi kimi yanlış(lıq) etmək eyib deyil, eyib o yanlış(lığ)ı təkrarlamaqdır...

Ən böyük xata xataların fərqinə varmamaqdır, – deyirdi şotland yazıçısı Tomas Karleyl. Onun bu fikrini ən gözəl şəkildə fransız yazıçısı Fransua de Loraşfikonun bir firki tamamlayır: “Yanlış etdiyini qəbul etməyənlər ən çox yanlış edənlərdir.”

Yanlışlarını, xatalarını unutmaq da insanın ən böyük xatalarından biri ola bilər. Çünki yanlışlarımızı, xatalarımızı unutduğumuz zaman onları yenidən etməyə başlayırıq. Qədim Çin mütəfəkkiri Konfutsi deyirdi: “Xata etmək bir şey deyil, məsələ onu unutmaqdadır... “...ən böyük yanlış(lıq)ı düzəltməməkdir” – bu da Konfutsinin sözüdür.

Amerikanın ictimai-siyasi xadimi Bencamin Franklin isə xataları düzəltmək yerinə” onları gizlətməyin insan psixologiyasına dəhşətli təsirini belə yorumlayırdı: “Xataları gizlətmək onları düzəltməkdən daha çox əzab verir.” Qədim Roma dövlət xadimi və natiqi Mark Tulli Siseron isə tarixdə bu möhtəşəm fikrin müəllifi olaraq da qaldı: “Hər kəs xata edər, ancaq axmaqlar xatalarında israr edərlər.”

Yüz illəri aşan gerçəklərdir bunlar… Gerçəkdən də əslində insanın özündə görə bildiyi, dərk edə bildiyi və ibrət aldığı hər bir xatası, yanlışı zəiflik deyil, qazanılmış bir zəfəridir..! Amerika hərbiçisi Con Mörfinin çox maraqlı bir fikrində deyildiyi kimi xatalara deyil,

onlardan aldığımız dərslərə baxmalıyıq...

Böyük və üstün insanların xataları Ay və Günəş tutulması kimidir, – deyirdi qədim Çin mütəfəkkiri Tszı Hsia. Ona görə də hər bir insan sadəcə  özünün  deyil,  başqalarının  da  xatalarından  dərs  almalı, öyrənməlidir.  Ünlü  bir  kəlamda  deyildiyi  kimi,  başqalarının

xatalarından  öyrənməliyik  çünki  hamısını  özümüz  edəcək  qədər vaxtımız yoxdur... Hələ onların hamısını sonradan düzəldə biləcək qədər vaxtımız... heç olmaya bilər…

...İnsanlar təəssüf ki, ingilis yazıçısı Daniel Defonun vurğuladığı kimi öz yanlışlarını yalnız ağır duruma düşəndə dərk edirlər. Yüz illərdir dəyişməyən bu düşüncəyə insan oğlunun artıq fərqli yanaşması gərəkdir..! İnsan hər zaman yanlışının, xatalarının fərqində olmalıdır.

...Konfutsinin “ehtiyatlı adam nadir hallarda yanlış edər” – hikməti yüz illərdən bu yana bizi doğru düşünməyə, doğru addım atmağa səsləyir.

Bu anlamda ən gözəl fikirlərdən biri ingilis bioloqu Tomas Henri Haksliyə aiddir. O, deyirdi, bir işi düzgün şəkildə görmək onun nə üçün yanlış görüldüyünü izah etməkdən daha az vaxt aparır...

 

Dahi Azərbaycan şairi isə ölməz misraları ilə bu gün də insanlığa səslənir:

“Çalış bu dünyada səhv eyləmə sən,

Çox bizim kimilər yanmış səhvindən.”

 

“Gənclik yanlış(lıq)lar edir, yetkinlik bu yanlış(lıq)larla mübarizə aparır, qocalıq bu yanlış(lıq)ların peşmançılığını çəkir”, – deyirdi ingilis yazıçısı və ictimai-siyasi xadimi Bencamin Dizraeli... Hər bir insan çalışmalıdır ki, qocalanda peşmançılıq çəkdiyi yanlış(lıq)ların sayı “qırmızı çizgi”ni keçməsin... Bunun ən gözəl yolu isə fransız şairi Sabine Tastunun söylədiyi “başqasının yanlış(lığ)ına dözsək də, öz yanlış(lığ)ımıza qarşı amansız olmalıyıq”, – düşüncəsindən keçir..!

İnsanın  üzüntüsü  o  zaman  başlayır  ki,  bu  fikrin  əksinə  olaraq başqalarının yanlış(lığ)ına, xatalarına qarşı amansız, öz yanlışlarına qarşı  isə  dözümlü  olur...  Hətta  bəzən  onlara  bəraətaxtarıcı,  ört-basdıredici  bir  tavrı  sərgiləyir...  Bir  insanın  faciəsi  əslində  belə başlayır...

Dostum, bəs, siz, “Mən hansı düşüncəyə malik insanlardanam?! – deyə özünüzə sual verdinizmi heç?.. – Başqasının yanlışına dözsə də, öz  yanlışına  amansız  olanlardan…  yoxsa,  başqalarının  yanlışına amansız olub “öz gözündə tiri görməyən”lərdən…

Özümüzə verdiyimiz bu suala özümüzün səmimi cavabı əslində bizi bir çox yanlışlardan, xatalardan qoruya və zamanında onları doğru dərk edib, dərs, ibrət almamıza kömək edə, üzüntülərdən, faciələrdən qoruya bilər. Və ya əksinə..!







21 Avqust, 2014  09:05 Baxılıb: 1082 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner