Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İMZALI MÜŞƏMBƏ - Qənirə Paşayeva

(Vətən həsrəti çəkən hər kəsə İthaf olunur)

- Müşəmbəni götürə bilmədim…

- Nəyi?

- Müşəmbəni deyirəm... müşəmbəni...

Sizə Zeynəbdən söz açmaq istəyirəm. Həyat dolu bir qadından… Əslən Təbrizdəndir, Şah rejiminin devrilməsindən sonra İranı tərk etmək məcburiyyətində qalan ailələrdən birinin qızı olub. Həyatının ən gözəl illərində - gənclik illərində ayrılıb doğulduğu torpaqdan, bir də uzun illərdən sonra Vətənini görmək nəsibi olub. İndi zəngin bir həyat sürür Amerikada, hər zaman Tanrıya şükr edən, həyatı sevən bir insandı... Ancaq gəncliyindən, vətənindən söz düşəndə çöhrəsinə xəfif bir kədər qonur, boğazında düyünlənən qəhər göz yaşına çevrilib yanağından süzülür. Qəlbindən süzülən göz yaşları onu xatirələrlə dolu keçmişə aparır...

Qəhər dolu səslə, “...müşəmbəni deyirəm. İrandakı evimizdəki müşəmbəni. Həsənlə məhəbbətimin şahidi, əhd-peyman bağladığım müşəmbəni... Desəm ki, bütün vədlərimiz imzamızla onun arxasında hələ də durur, inanmayacaqsan. Hamısı durur. Gözlərimlə gördüm. Rəngləri solsa da, imzalar oxunur.”

- Deyəsən çox qiymətlidir sənin üçün?

- Pulla ölçülməyəcək qədər qiymətli...

Evimizə getmişdim, bir zamanlar yaşadığımız evi indi muzeyə çeviriblər. Dünyanın işinə bax, öz evimizə turist kimi bilet alıb getdim… Bütün həyatım bir anda gözlərimin qarşısından ötüb keçdi. O divarlara uşaqlığımın xoşbəxtliyi, gülüşü, səsi-küyü hopmuşdu... Baxışlarımla divardakı xatirələrə sığal çəkdim. Qulağıma hardansa atamın inamlı səsi gəldi, anam xoşbəxtcəsinə ailəni yeməyə çağırırdı, kimsə həyəcanla ““ağa” qonaqlar gəldi” - deyirdi... Bu evin döşəməsi, tavanı, divarları, hər küncü, hər parçası dil açıb danışırdı.

Deyəsən, bu evdə yad olmadığımı hiss etmişdilər, mənə qəribə nəzərlərlə baxırdılar. Mən öz doğma evimizdə xatirə muzeyinə düşmüşdüm...

Həsənlə ətrafında oturub söhbət etdiyimiz masanı görəndə qəlbim titrədi. Hansı hisslər keçirdiyimi deyə bilmərəm, bildiyim odur ki, bu masa xatirələrimin şahidi idi. Həyəcanla masaya yaxınlaşdım, bu bir möcüzəydi, müşəmbəmiz hələ də masanın üstündə idi. Sevgimizin, əhdimizin şahidi müşəmbə…

Həsəni müəllim tutmuşdular, həftənin bəzi günləri mənə dərs verirdi. Onlar bizdən fərqli olaraq, zəngin ailə deyildilər. Həsən yaşca məndən xeyli böyük olsada, özüm də hiss etmədən ona aşiq olmuşdum. Amma qorxudan sirrimi heç kimə aça bilmirdim. Onun da mənə gizli duyğuları olduğunu sonralar bildim. Zəngin ailə olduğumuzdan, bəlkə də məni verməyəcəklərindən çəkinirmiş. Yavaş-yavaş o da sevgisini biruzə verdi. Gələcəyimizlə bağlı söhbət edəndə, deyirdim, bax, söz ver ki, bunu belə edəcəksən, deyidi, söz verirəm; deyirdim, yox elə olmaz, müşəmbənin altına yaz, qol çək..! Sonra o deyirdi, mən qol çəkirdim... Müşəmbənin altı bizim vədlərimizi təsdiq edən imzalarla dolmuşdu...

O qədər sevirdim ki onu, hərdən bu sevgi məni qorxudurdu. Qorxum əbəs deyilmiş. Ağlımıza gələməyənlər başımıza gəldi, dəhşətli günləri yaşadıq, evimizdən ayrı düşdük, uzaq Amerikaya üz tutduq. Günlər keçdi, aylar ötdü, ilər keçdi, amma okeanın o tayı belə mənə müşəmbəmi unutdura bilmədi …

Gör neçə illər keçib, çox xatirələr yaddan çıxıb, çox təzələr köhnəlib, amma müşəmbə hələ də qalır. Necə olursa-olsun xoşbəxt günlərimizin yadigarını muzeydən götürüb özümlə aparmalıydım. Amma müşəmbə masaya elə möhkəm yapışmışdı ki, qoparmaq mümkün deyildi, əl toxuyan kimi hissə-hissə qopurdu.

Gəncliyimin ən gözəl xatirəsinə zərər toxundura bilməzdim, bu üzdən tez Həsənə zəng etdim. “Müşəmbəmizi xatirlayırsanmı?” - dedim..., “o indi evimizdədir – muzeydə... amma götürə bilmirəm... masaya yapışıb”…

Həsən qəfil eşitdiyi xəbərdən deyəsən özünü itirdi. Həyacanla, “Zeynəb, masa ilə birlikdə götür..!” - dedi və mən ağlaya-ağlaya “necə götürüm, axı ? Bura muzeydi, qoymazlar ” - dedim...

İkimiz də susduq telefonda…

Sonra aram-aram pozduq sükutu:

- Yazdıqlarımızın hamısı qalırmı, oxunurmu, Zeynəb?!.

- Hə, hamısı qalır… Məni incitməyəcəyini yazıb, qol qoymuşdun, yadındadımı?

- İncitmədim ki, Zeynəb…

- Hə, haqlısan…

- Söz verib altına qol çəkdiklərimizin hamısını etməyə çalışdım illər boyu…

- Bilirəm… Mən də çalışdım… Qol qoymuşduq axı… Bəlkə elə ona görə imzalarımızı şahid saxlayan müşəmbə hələ də o masada sahibini gözləyir…

- Amma biz artıq onun sahibi deyilik…

- O imzalar orda durana qədər biz onun sahibiyik, unutma!..

Zeynəbqəfildən düz gözlərimin içinə baxaraq “dünyada ən gözəl qoxu bilirsənmi nədir?” – dedi. Cavabımı gözləmədən “Təbrizimin qoxusu, Vətənimin qoxusu...” - deyərək dərindən köks ötürdü...

Sonra “insan ən çox nəyi unuda bilmir, bilirsənmi?” - dedi və yenə də cavabı gözləmədən “göz açdığı torpağı, aşıq olduğu insanı, ilk dəfə gördüyü yerləri, sevdiyi şəhərləri və bir də, bir də ürəyində iz qoyan xatirələri” - dedi...

İkimiz də susurduq...

Hava Təbriz qoxuyurdu...







16 Noyabr, 2015  12:21 Baxılıb: 2412 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner