Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Premyer Liqa başlayır: yeni mövsümdən nələr gözləyək?

Həftəsonu Topaz Premyer Liqasında yeni mövsüm start götürəcək. Simsar.az xəbər verir ki, çempionatın reqlamentində heç bir dəyişiklik yoxdur. Yəni, ötən mövsüm olduğu kimi, 10 komanda çempionluq uğrunda yarışacaq. Yenə qalibi müəyyən etmək üçün 4 dövrə oynanılacaq.

Bəs yeni mövsümdə iştirak edəcək komandalardan nələr gözləməyə dəyər?

Ötən ilin qalibindən – “Qarabağ”dan başlayaq. Qurban Qurbanovun komandası keçən mövsüm əldə etdiyi formanı hələ də qoruyub saxlamaqdadır. Çempionlar Liqasındakı uğurlu çıxış Ağdam təmsilçisini yeni mövsümün favoritlərindən hesab etməyə əsas verir. Stabil oyun sərgiləyən “Qarabağ”ın heyətində ciddi dəyişikliklər yoxdur. Danilo Diasın transferi isə komandanın hücum xəttini bir az da qüvvətləndirib.

“İnter” də Avrokuboklarda pis təsir bağışlamadı. Komanda oturmuş oyun üslubu ilə istənilən rəqibə qarşı oynamağa hazır görünür. Sadəcə, sonda hücumların nəticəsiz qalması “bankirlər” üçün problemlər yarada bilər. Mirzağa Hüseynpurun “Sumqayıt”dan transfer edilməsi də, əslində, bu problemi aradan qaldırmaq üçün nəzərdə tutulmuşdu. Lakin komandanın istər yarımmüdafiə, istərsə də hücumdakı boşluqlarını doldurmaq üçün təcrübəli, komandanı arxasınca apara biləcək gücə ehtiyac duyulur.

“Qəbələ”nin bu mövsüm necə çıxış edəcəyi bütün futbolsevərlərə maraqlıdır. Belə ki, komandanın tamamilə dəyişdiyini deyə bilərik. Böyük ümidlərlə baş məşqçi postuna gətirilən Dorinel Muntyanu ilk sınağında Avropa Liqasını məğlubiyyətlə başa vurdu. Buna baxmayaraq, rumıniyalı mütəxəssis yeni mövsümdə çempionluq üçün mübarizə aparacaqlarına inanır. Ruslan Abışovun da heyətə cəlb olunması komandanın istəklərindən xəbər verir.

“Neftçi”nin heyətində köklü dəyişikliklər nəzərə çarpmasa da, Rəşad Sadiqovun “Xəzər Lənkəran”a keçidini xüsusi vurğulamaq lazımdır. Bundan əlavə, Julius Vobay icarə əsasında çıxış etdiyi “Əl-Şaab” klubundan geri qayıdıb. Böyükağa Hacıyevin yetirmələri UEFA Avropa Liqasında çıxışlarını davam etdirirlər. İlk oyunlardan sonra komandanın hücum xəttində ciddi problemlər olduğu nəzərə çarpdı. Baş məşqçi də bundan xəbərdar olduğunu və hücum xəttini möhkəmləndirmək üçün müəyyən tədbir həyata keçirəcəklərini bildirib. Əsas məqsəd isə Nikolas Kanalesin yenidən heyətə qaytarılmasıdır.

Növbədə “Bakı”dır. Bu klub ötən mövsümün sonlarından daxil olduğu “pulsuzluq girdabı”ndan hələ də xilas ola bilməyib. Klubda vəziyyət heç də yaxşı deyil. Aparıcı oyunçular maaşlarını ala bilmədikləri üçün komanda ilə yollarını ayırıblar. Hətta növbəti mövsüm “Bakı”nın Premyer Liqada iştirak edə bilməmək ehtimalı var. Hər halda, klubun maaliyyə böhranından xilas olmasını və əvvəlki tək yüksək yerlər uğrunda mübarizə aparmasını arzu edərdik.

Ötən mövsümü fiasko ilə tamamlayan “Xəzər Lənkəran” qarşıdakı ilə böyük ümidlərlə hazırlaşır. Rauf Əliyev, Əfran İsmayılov, Rəşad Sadiqov kimi futbolçuların heyətə cəlb edilməsinin komandanın gücünə necə təsir edəcəyini növbəti mövsümdə görəcəyik.

“Simurq” ötən il çempionata uğurlu start versə də, sonradan qeyri-stabil oyunla azarkeşlərini məyus etmişdi. Komanda növbəti ilə də ciddi hazırlaşıb. Avstriyada təlim-məşq toplanışı keçən klub bir neçə yoldaşlıq görüşündə də qüvvəsini dınayıb. Mövsümün startı ərəfəsində Zaqatala təmsilçisinin bir neçə futbolçu ilə güclənəcəyi ehtimal olunur.

AZAL da köklü dəyişikliyə məruz qalan komandalardandır. Belə ki, Viktor İqbekoyi, Cahangir Həsənzadə, Con Oluremi kimi futbolçularla yollarını ayıran “təyyarəçilər” bir neçə əcnabi futbolçunu heyətə cəlb ediblər. Bu transfer siyasətinin nə dərəcədə uğurlu olduğunu qarşıdakı çempionatda görə biləcəyik. Onu da deyək ki, mövsümöncəsi hazırlıq oyununda AZAL digər Bakı təmsilçisi “İnter”ə uduzub.

“Sumqayıt” bir neçə aparıcı futbolçusu ilə yollarını ayırsa da, Ruslan Poladov, Ramazan Abbasov, Aqil Nəbiyev kimi futbolçuların transferi ilə boşluqları dolduracağına ümid edir. Həmçinin, “Torpedo”dan transfer edilən Təvəkkül Məmmədova da böyük ümidlər bəslənilir.

Yeni mövsümün ən maraq doğuran komandalarından biri, sözsüz, “Araz Naxçıvan” klubudur. Premyer Liqada debüt edəcək Əsgər Abdullayevin komandası ilk cəhddə böyük uğurların əldə olunacağına inanır. Komanda növbəti ilə Türkiyədə hazırlaşıb və bir neçə yoldaşlıq oyununda qüvvəsini sınayıb.

Vüsal Məmmədzadə

 

 

 

 






6 Avqust, 2014  16:42 Baxılıb: 1784 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner