Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Bir vaxtların ulduz futbolçuları indi nə edirlər? – II

Yazının birinci hissəsini aşağıdakı linkdən oxuya bilərsiniz:

http://simsar.az/news/a-47536.html

Futbolçuların çoxu kariyeralarını bitirdikdən sonra bir müddət görünmürlər. Bəziləri sonradan yaxşı məşqçi, idarəçi kimi özünü unutdurmasa da, bir çoxları ümumiyyətlə, gözə dəymir. Bu yazıda ötən illərin məşhur futbolçularının indi nə ilə məşğul olduqlarından danışacağıq. Əsrin sonlarında oynadıqları futbol, sahib olduqları istedadla yaddaşlara həkk olunan Effenberq, Nedved, Corc Vea və başqalarını yada salacağıq

Vitor Baya

12 il ərzində Portuqaliya millisinin əsas qolkiperi olmuş Vitor Bayanın adı eşidiləndə, yəqin, çoxlarınızın yadına Zaur Tağızadə düşür. Əlbəttə, Zaurun Portuqaliyanın qapısına vurduğu tarixi qolu unutmaq olmaz.

Peşəkar karyerası ərzində yalnız, “Porto” və “Barselona” forması geyən əfsanəvi qapıçının 2005-ci ildə “99” adlı avtobioqrafik kitabı işıq üzü gördü. Baya 2007-ci ildə futbolla vidalaşdı. 2008-ci ildə Portuqaliya Prezidenti Anibal Kavaku Silva tərəfindən Kral Henri Ordeni ilə təltif edilən Vitor Baya “Porto”da İctaiyyətlə Əlaqələr şöbəsində işləməyə başladı. Əfsanəvi portuqaliyalı 2010-cu ildə vəzifəsindən istefa verdi.

Fernando Hierro

Madrid “Real”ının əfsanəvi kapitanı 2003-cü ildə “Kral klubu”ndan ayrılandan sonra Qətərin “Əl-Rayyan” klubuna keçdi. 2005-ci ildə “Bolton Vonderers” klubunda futbolçu karyerasına son qoyan Hierro bir müddət sevimli məşğuliyyətindən ayrı düşdü. 2011-ci ilin iyul ayında yenidən böyük futbola qayıdan Fernando “Malaqa” klubunda idman direktoru vəzifəsini icra etməyə başladı. “Malaqa”nın Çempionlar Liqasında ilk dəfə ¼ finala yüksəlməsindən sonra isə vəzifəsindən getmək qərarı aldı.

Roy Kin

“Mançester Yuneyted”dəki çıxışı ilə yadda qalan unudulmaz yarımmüdafiəçi futbol həyatını “Seltik”də bitirdi. 2006-cı ildə futbolla vidalaşan Roy Kin “Sanderlend” klubunda məşqçi kimi çalışmağa başladı. 2009-cu ildə İpsviç şəhərinə köçən irlandiyalı əfsanə “İpsviç Taoun” klubunun məşqçisi oldu. 2011-ci ilədək burada işləyən Roy Kin bundan sonra özünü televiziya sahəsində sınamaq qərarına gəldi. O, ITV kanalında futbol şərhçisi kimi fəaliyyət göstərdi. Avro-2012 matçlarının bəziləri Roy Kinin şərhçiliyi ilə təqdim olunurdu. 2013-cü ilin noyabrında Martin O`Nil İrlandiya millisinə baş məşqçi təyin olunandan sonra Roy Kin köməkçi məşqçi kimi komandada çalışmağa başladı.

Ştefan Effenberq

Futbolsevərlərin xatirəsinə həkk olan əfsanəvi alman bəzi ulduz futbolçular kimi karyerasını Qətərdə yekunlaşdırdı. 2004-cü ildə futbolla vidalaşan Effenberq ikinci dəfə ailə həyatı qurdu. O, birinci evliliyindən olan 3 uşağı və yeni həyat yoldaşı ilə birlikdə Floridada yaşamağa başladı.

Pavel Nedved

Çexiyalı futbolçu karyerasına 2009-cu ildə “Yuventus”da son qoydu. 2011-ci ildə “Mənim sadə həyatım” (“Můj obyčejný život”) adlı kitabı işıq üzü gördü.

Praqada təşkil edilən marafon yarışlarına qatılan Pavel 2012-ci ildə 42 km məsafəni 3 saat 50 dəqiqə 2 saniyəyə qaçmağa nail oldu. Həmin ilin oktyabr ayında “Yuventus” klubunun İdarə Heyətinin üzvü olan Nedved 2013-cü ilin Yanvar ayında A Seriya matçında hakim Paolo Valerini təhqir etdiyi üçün 3 həftə müddətinə vəzifəsindən kənarlaşdırıldı.  Hazırda isə o, sevimli klubunda işini davam etdirir.

Roy Makaay

Rudolfus Antonius Makaay, yaxud, sadəcə Roy Makaay. 1999-2007-ci illərdə “Deportivo” La Korunya və Münhen “Bayern”indəki çıxışları ilə şöhrət qazanan hollandiyalı ulduz vurduğu qollarla azarkeşlərin könlünə yol tapa bilmişdi.

“Bayern”dəki karyerasını bitirdikdən sonra vətəninə dönən Makaay “Feyenoord” forması ilə son oyunlarına çıxdı. 2010-cu ildə futbolla vidalaşan əfsanəvi futbolçu “Feyenoord” klubunun 13 yaşlı yeniyetmələrdən ibarət komandasında köməkçi məşqçi, 1 il sonra isə baş məşqçi  kimi çalışmağa başladı.

Ciovane Elber

“Bayern”də şöhrət qazanmış başqa bir futbolçu Elber də karyerasına vətənində yekun vurdu. 2006-cı ildə “Kruzeyro” forması ilə son oyununa çıxan Elber futbolla vidalaşdıqdan sonra bir müddət “Bayern” klubunda çalışdı. Daha sonra Braziliyaya qayıdan Ciovane istedadlı gənclərin futbola cəlb edilməsi üçün müəyyən işlərlə yadda qaldı. Hazırda o, Almaniyanın “Das Erste” kanalında şərhçilik edir. Sonuncu dəfə 2013-cü ildə keçirilən FİFA Konfederasiya Kubokunda şərhçi kimi çıxış edən Elberin 2014-cü il Mundialında da televiziya izləyicilərinə xidmət edəcəyi gözlənilir.

Xristo Stoiçkov

Əfsanəvi bolqar futbolçu Xristo Stoiçkov 1994-cü ildə ABŞ-da keçirilən Dünya Çempionatındakı çıxışı ilə futbol həvəskarlarına yaxından tanışdır. Komandası ilə Mundialın 4-cüsü olan Stoiçkov vurduğu 6 qolla, həm də, Dünya Çemionatının bombardiri oldu. Klub karyerasında isə ən parlaq dövrlərini “Barselona” ilə yaşayan əfsanəvi futbol ulduzu 2003-cü ildə sevimli peşəsi ilə vidalaşdı. Daha sonra, Bolqarıstan milli komandası da daxil olmaqla, bir neçə yerdə məşqçi kimi çalışan Stoiçkovun son iş yeri CSKA Sofiya oldu. Ancaq bu, cəmi bir ay davam etdi. Belə ki, 2013-cü ilin iyununda məşçi postuna gətirilən Stoiçkov iyul ayında vəzifəsindən getməli oldu.

Corc Vea

“Milan”dakı çıxışı ilə şöhrət qazanan Afrikalı futbol ulduzu Corc Vea 1995-1996 mövsümündə FİFA tərəfindən ilin futbolçusu adna layiq görüldü. Vea bu mükafatı alan ilk afrikalı kimi tarixə adını yazdırdı. “Milan”dan sonra bir neçə klubda futbol oynayan liberiyalı 2003-cü ildə “Əl-Cəzirə” forması ilə son oyununa çıxdı. Bundan sonra siyasətə baş qoşan Corc Vea ölkəsində baş verən vətəndaş müharibəsinin fəal iştirakçılarından oldu. İxtişaşlardan sonra Liberiya prezidentliyinə namizədliyini irəli sürən Vea 40%-dən çox səs  toplasa da, prezident seçilə bilmədi.

Ardı var...

Vüsal Məmmədzadə

 






14 Aprel, 2014  15:33 Baxılıb: 1242 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner