Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Qənirə Paşayeva: “Acılar doğuran torpaq – Somali”

(Millət vəkili, Dr. Qənirə Paşayevanın yaxın günlərdə oxuyucuların ixtiyarına veriləcək kitabından hissə-hissə sizə təqdim edirik. Müəllifin ağrı ilə yazdıqları bizdən çox uzaqlarda baş versə də əslində bir insan kimi bizə çox yaxındır və insanlığı düşündürməlidir)

1-ci hissə

Somalı gündəliyindən...

06. 08. 2012
Məni Somaliyə çağıran gözlər...
Somaliyə gedirəm...

Əslində mən hər zaman Somalidə aclıqdan əziyyət çəkən insanlara müxtəlif təşkilatlar vasitəsilə gücümün, imkan və idrakımın çatdığı qədər yardım etməyə, kömək olmağa çalışmışam. Amma yenə də qəlbimdə bir fikir məni didirdib - parçalayırdı ki, bu azdı. Sənin hələ görüləcək işlərin, missiyan çox, lap çoxdu! Məsuliyyət hissimin daha da güclənməsinə səbəb orda, əzab çəkən körpələrin, cocuqların şəkillərini, videolarını hər dəfə təkrar-təkrar izləməyim olurdu. Bu rəsmlər kədərli və kimsəsiz bir rəssamın yaratdığı solğun tablolara bənzəyirdi. Bu tabloları seyr etdikcə insan kimi məhv olduğumun, uçurumun kənarında son ümid yeri olan qayadan asılı qaldığımın fərqində olurdum. Sonra saatlarla o uşaqların dünyasının necə olduğunu, onların oyuncaqlarının olub-olmadığını düşünürdüm. Aman, Allah, yemək belə tapa bilməyən uşaqların oyuncaqları ola bilərmi? Onların heç uşaqlığı belə yoxdur. Onların rəngli dünyası belə yoxdur... Bu fikirlərdən sonra bir müddət özümə gələ bilmirdim....

***

Fikirlərin məni öz ağuşuna alıb çox uzaq bir dünyaya apardığı günlərin birində qərar qəbul etdim ki, yaxın ayların birində uyğun bir zaman tapıb Somaliyə gedəcəm. Bu gediş sadə bir insan marağı ilə dolu gediş olmayacaq. Bu gedişlə kiməsə həyan və dost olacam. Kimlərəsə əlimdən gələn yardım etməyə çalışacam. Həm də mən, sadəcə, bu işlərlə kifayətlənmək istəmirəm və yeni-yeni yardım yollarının da olmasını tapmağa, araşdırmağa çalışıram. Öyrənmişdim ki, Somalidə ən böyük ehtiyaclardan biri də həkimə olan ehtiyacdır. Tibb Universitetini bitirdiyim üçün onlara bu sahədə bir az da olsa kömək edə biləcəyimi düşünürdüm... Amma, doğrusu, nə zaman və necə edəcəyim barədə konkret bir tarix düşünməmişdim..... və qərar verməmişdim... amma ürəyimin çırpıntılarının artımından hiss edirdim ki, qərar özü mənim yerimə öz sözünü deyir artıq. Qərar mənim qərarsızlığıma öz ağır əli ilə sığal çəkib “dur, hazırlaş və yola düzəl” deyir...

***

Bu qərarımı 10 yaşlı bir uşaq - Abdulahi Dahir daha da surətləndirdi...
Somaliyə getməklə bağlı kəskin qərarım bir fotodan başladı..
10 yaşlı Abdulahi Dahir o fotodan məni baxışları ilə Somaliyə çağırırdı..

Somaliyə yolculuğum mənə mistik bir an yaşadan həmin fotodan başaldı. O mistik aura sanki məhz mən onu görüb, duya bilim deyə var olmuşdu. Səfərimin qəti qərarlaşmasına o fotodan mənə baxan 10 yaşlı bir uşağın - Abdulahi Dahirin baxışları təkan verdi... Fotodakı o uşaq məni baxışları ilə Somaliyə çağırırdı.. Bu çağırış dolu baxışların qarşısında dayanmaq, sadəcə, mümkün deyildi... Bu baxışlar uzun bir məsafəni qət edib mənim qəlbimə acı sancı kimi daxil oldu. Bu, bəlkə də İlahidən gələn bir mesaj idi və mən qərar qəbul etdim ki, artıq gecikə bilmərəm, getməliyəm...

***

Sizə qəribə, mistik gəlsə də, amma mənim Somali yolçuluğum gerçəkdən də bir fotodan başladı...
Axır vaxtlar çox yorğun olduğumu hiss edirdim... Ailəm və dostlarım bu yorğunluğu gərgin iş prosesindən yaranan fiziki yorğunluq kimi qələmə verirdilər və mənə məsləhət görürdülər ki, bu tətil dönəmini yaxşı dəyərləndirim. “Neçə ildir tətilə getmirsən, istirahət etmirsən, hamısı onun nəticəsidir”- deyirdilər. Ən azı 10-15 gün Avropaya, Türkiyəyə və ya başqa bir bölgənin gözəl bir istirahət düşərgəsində... Bu söhbətlər “Görərsən 10-15 gün gözəl bir tətil, istirahət sənə yaxşı bir dinclik, rahatlıq gətirəcəkmi sözlərini sakitcə dinləməklə bitirdi...
Amma mən “Mən”i hamıdan yaxşı bildiyim və tanıdığım üçün bu məsləhətlərin mənasız və faydasız olduğunu dərk edirdim. Sanki onlar əsən küləyə “Dur! və Əsmə!” deməyə çalışırdılar. Əzizlərimə və yaxınlarıma izah edə bilmirdim ki, mənim yorğunluğum fiziki yorğunluq deyil....Bu yorğunluq mənəvi yorgunluqdu.....iç dünyamın yorğunluğu...
Qəlbimin ən gizli və qapalı guşələrindən gələn bu yorğunluğu nə gözəl istirahət bölgələrində keçirə biləcəyim 10-15 günlük tətil, istirahət, nə əylənmək, dincəlmək, nə də xüsusilə son aylarda əziyyətini çəkdiyim yuxusuzluqdan qurtarmaq üçün bolca yatmaq bitirə və ya azalda bilərdi. Bu, çox dərin bir yorğunluqdu və bu yorğunluğu azaltmanın başqa bir yolunu tapmalıydım.
Elə həmin günlərin birində qəribə bir hadisə oldu...
Gecə saatları idi...
Düşünürdüm.. Kompyuterin qarşısında fikrə dalmışdım...
Sonra Facebook səhifəmi açıb dostlarımdan gələn mesajlara baxmaq istədim.. Elə o an mənə kompyuterdən bir uşaq öz məsum baxışları ilə baxmağa başladı... Dostlardan birinin paylaşdığı bu fotodan düz gözlərimin içinə məsum baxışlı o uşaq boylanırdı və sanki nəsə deyirdi.....Bir an özüm belə diksindim... Bu nə qəribə baxış idi, İlahi?.. Gözlərimi şəkildən, o şəkildən mənə boylanan o gözlərdən çəkə bilmirdim...Bir an elə bildim ki, o, artıq mənimlə danışır...onun pıçıltısını, dodaqlarının tərpənişini belə duyurdum: “ Gəl - deyirdi, - gəl.. Mən səni gözləyirəm. Gəl, sənin aradığın burdadır, gəl, - gözləyirəm” - deyirdi.
Dostlardan birinin paylaşdığı bu fotoya nə qədər baxdığımı bilmirəm. Beləcə bəlkə də saatlarla biri-birimizə baxdıq... Bir də o zaman ayıldım ki, yaman üşüyürəm, sanki hər tərəf narın bir payız yağışına bürünüb...çox üşüyürdüm... Elə o an ağlamağa başladım, amma bu göz yaşlarının səbəbini belə özüm üçün aydınlaşdıra bilmirdim... Bəlkə dəqiqələrcə ağladım... Fotodan ayrıla bilmirdim. Sonra ağır bir kədər içində kompyuteri bağlayıb yuxuya getməyə çalışdim...
Amma yuxunun özü belə məni o baxışlara doğru çəkib apardı. O məsum baxışlı uşaq bu dəfə də yuxuma gəlmişdi və yenə də çağırış dolu səslə pıçıldayıb: “Gəl, - deyidi mən səni gözləyirəm. Gəl, aradığın burdadır. Sənə əziyyət verən yorğunluqdan xilas olmaq istəyirsənsə gəl.... səni gözləyirəm....” deyirdi.
Yuxudan ürəyimdə bir sancı ilə ayıldım. Bu yuxu və şəkil nəyəsə bir işarə idi . Təkrar fotonu açdım. Yanılmamışdım, şəkil Somalidə çəkilmişdi. Məni çağıran bu balaca, 10 yaşlı uşağın adı Abdulahi Dahir idi və o an qəti qərar verdim ki, Somaliyə gedəcəm və tətilimi orada keçirəcəm. Abdulahini arayacam, ancaq tapa biləcəmmi, bilmirəm.... amma onu dəqiq bilirəm ki, aradığım iç huzurunu bir az da olsa orada tapa biləcəm. Buna içimdə qəribə bir inam var. Orada məni nə gözləyir? Bilmirəm! Bildiyim odur ki, qərarım qətidi; o məsum baxışlının çağırdığı yerə, Somaliyə gedəcəm və tətilimi orda keçirəcəm. Tibb təhsilim olduğu üçün həkim, tibb bacısı kimi, bir öyrətmən kimi, adi bir insan kimi onlarla birlikdə olub yardım etməyə çalışacam. Məni çağıran qəhrəmanımı tapmağa və məni niyə çağırdığının mənasını anlamağa calışacam. Məhz onun yaşadığım mənəvi, iç yorğunluğundan məni bir az da olsa xilas edəcəyinə inanıram... Bəlkə mən də onu nədənsə xilas edə bildim bilmirəm... Görünür bu, böyük Allahımın bir işarətidir. Kim kimin xilskarı olacaq bilmirəm, bəlkə elə ikimiz də bir-birimizin... Amma onu bilirəm ki, mən balaca Abdulahiyə lazımam, o da mənə... Bu yolculuqda bəlkə elə ikimiz də bir-birimizin xilaskarı olduq...

***

Somaliyə getmək düşüncəsini çox az dostlarımla paylaşmışdım. Sağ olsunlar, hamısı məni anladılar və “getmək lazımdırsa get” dedilər...
Bir neçə dəqiqədən sonra Abdulahinin məni çağırdığı yerə - Somaliyə uçuram...
Əziz dostlarım! Həyatdır hər şey ola bilər. Bir də görüşməsək haqqınızı halal edin...

P.S: İçimdə elə qəribə bir sakitlik və səssizlik var ki...


İnsanlıq axtarışında

07.08.2012. Gecə...

Somaliyə gedən yollarda İstanbuldan keçir...
Kimininsə tranzit, kimininsə sevda, kimininsə həsrət yolları...
Hava limanı...təyyarələr...insan axını... yorğun baxışlar, ilk dəfə uçuş sevgisini yaşayan təbəssümlər, yuxunun həsrətini arxasınca sürüyən körpələr və daha nələr-nələr...
İstanbul mənim qəlbimdə özəl bir yerə sahibdir və bu şəhər dünyada ən çox sevdiyim 3 şəhərdən biridir; Bakı, Təbriz, İstanbul...
Təəssüf ki, “sevdam” adlandırdığım İstanbulda bu dəfə gəzə bilməyəcəm, çünki İstanbuldan Somaliyə yola düşməliyəm.. Bu dəfə İstanbula, sadəcə, hava limanından baxa biləcəm... Bir azdan İstanbuldan Somaliyə gedirik...
Firuzə və mən......ikimiz İstanbulda hava limanında VİP də oturmuşuq. Firuzə mənəvi qızımdır.. Təxminən 10 ildir ki, bir evdə yaşayırıq. Artıq gənc bir qızdır.
Firuzəni bir neçə dəfə xarici səfərlərə aparmışam, amma bu başqa bir səfərdir. Məncə, o da bunun fərqindədir. Hara gedəcəyimizi soruşanda yalnız bir kəlmə “Somali” demişdim....və o da əlavə sual verməmişdi... Nədənsə, gözlərində bir nigarançılıq, narahatlıq olduğunu, mənə nə isə demək, ya da məndən nə isə soruşmaq istədiyini hiss edirdim...
- “Nə olub? elə bil nədənsə narahatsan?” – dedim.
- Sadəcə, fikirləşirəm ki, heç dincəlmədin. İndi də Somaliyə gedirsən və orda daha da yorulacaqsan...
- Narahat olma.. Bax, görəcəksən, ikimiz üçün də yaxşı bir səfər olacaq...
- Axı mən oxudum ki, orda xəstəlik çoxdur, qorxuram birdən sənə də xəstəlikdən keçər.
- Qorxma! Sən axı inanclı qızsan. Allahın yazdığından biz bəndələr heç vaxt qaça bilmərik. Görərsən, hər şey yaxşı olacaq...
Sözlərimdən bir az rahat olduğunu baxışları və təbəssümü ilə ifadə etsə belə, mən onun təbəssümünün arxasında dayanan nigarançılığın geçmədiyini anlayıram.. Məni aldada bilmir...
- Yaxşı ki, səfərə məni də aparırsan , birdən xəstələnsən, sənə baxan olar yanında... Elə bil bu sözləri gənc qızdan yox, daha çox ana şəfqəti və qayğısı ilə müəyyən həyat təcrübəsi yaşamış bir qadından eşidirdim....
Zarafatla “sən olan yerdə xəstəlik mənə yaxın gəlməz”- deyirəm.. İkimiz də gülürük...
...Bakıdan İstanbula qədər yol boyu heç birimiz danışmadıq...
Hərəmiz öz fikir dünyamızda idik...
Məncə, Firuzə Somali barədə düşünür.... İki gündür bütün günü hazırladığım Somalili yetim uşaqlar üçün alacağımız hədiyyələr siyahasındakı hədiyyələri almaqla məşğul olub. İki gündür ancaq bu barədə danışırıq.. Yetim uşaqlar üçün rəsm albomları, karandaşlar, yazı lövhələri, oyuncaqlar, geyimlər, şirniyyatlar, daha nələr, nələr.... Uşaqlara çoxlu hədiyyələr almaq tapşırığını elə böyük sevgi və həyacanla yerinə yetirirdi ki, sanki özü üçün alırdı bunların hamısını... Onun bu addımı xoşuma gəlir... ”Bax, görərsən ... orda özünə çoxlu yeni dostlar da qazanacaqsan” -deyirəm...
İndi İstanbul hava limanında təyyarəmizi gözləyirik. Biz az zamanımız var.. Firuzə bir az sonra yola düşəcəyimiz o qəribə dünya və ölkə haqqında daha çox şey bilmək istəyir...
Somali niyə bu vəziyyətə düşüb? Orda vəziyyət nə vaxtsa düzələcək? Mən onun suallarına bacardığım qədər cavab verməli olduğumu anlayıram... Amma təyyarəmizin qalxmağına az qalıb və onunla yol boyu bu barədə geniş söhbət etmək imkanımız olacaq... O, noutbukunu götürüb nə isə axtarır.. Deyəsən Somali haqda bəzi məlumatları oxuyur.. Bəlkə də dostları ilə yazışır... Mən isə VİP-nin qarşısına çıxıb ürəyimin bir yarısı olan İstanbulun havasını ciyərlərimə çəkirəm.. Onun havasını qoxlayıram və pıçıltı ilə sağollaşıram...” İstanbul, unutma! Səni çox sevirəm!..”
Sonra VİP-ə qayıdıram.. Uçuşa çox az vaxtımız qalır...
...Bu qədər... İnşallah, Yerli vaxtla sabah səhər tezdən artıq Somalidə olacağıq... Abdullahini düşünürəm... Görəsən məni çağırdığını bilirmi? Yəqin ki, yox... Görəsən indi necədir? Başında bir bəlamı var? Onu tapa biləcəmmi? Məni görəndə hansı reaksiyanı verəcək?.. Nə isə... Allah hamımızın yardımçısı olsun...


“Cənnətin insanları yollarını savaşaraq tapdılar...
Cəhənnəmin insanları itaət edərək olduqları yerdə qaldılar.”
07.08.2012

İstanbuldan təyyarə ilə yola düşdük. Bir qədər qarışıq duyğular keçirirəm. Nə qədər yatmaq istəsəm də mümkün olmur. Somali ilə bağlı bir sıra beynəlxalq təşkilatların hesabatlarına yenidən nəzər yetirirəm və məni bürüyən dəhşət onsuz da gəlməyən yuxumu daha da əimdən alır.
Somali Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) verdiyi son rəqəmlər, bu günə qədər yarısı uşaqlardan ibarət olan on minlərlə insanın aclıqdan öldüyü, 4 milyon insanın təcili yardıma ehtiyacı olduğunu bəyan edir. Dərhal müdaxilə edilmədiyi təqdirdə bu insanların 750 minin qarşıdakı aylar ərzində öləcəyi, gözlənilən yüz ilin ən ağır faciələrindən biri olacağı açıq-aşkar yazılmaqdadı.
Somali...
Moğadışı...
Bəli, Somali ...
Somali dövlətinin yıxıldığı 1991-ci ildən etibarən aclıqla izlənən daxili müharibənin 500 mindən artıq insanın həyatına son qoyduğu təxmin edilməkdədir. Dövlət quruluşunun demək olar ki, aradan qalxdığı Somalidə xalq qəbilələrarası daxili müharibə, aclıq və ölümcül xəstəliklərlə mübarizə aparırkən beynəlxalq güclər müstəmləkəçilik dövründə, ümumiyyətlə, darmadağın etdikləri Afrika qitəsinə, xüsusilə, Somaliyə olan maraqlarına Soyuq Müharibənin bitməsi ilə son vermişlər və bu xalqların taleyini beynəlxalq təşkilatların hər zaman anlamlı, lakin heç bir zaman yetərli olmayan xeyirsevər yardımlarına tərk etmişlər. 19-cu əsr öncəsi tarixi sənədlərdə bir rifah bölgəsi olaraq tanınan Afrika Buynuzunda yer alan Somalinin dünyaya kənd təsərrüfatı və heyvan təsərrüfatı məhsulları ixrac edən bir ölkə olmaqdan çıxıb, necə aclığa, yoxsulluğa və daxili müharibəyə məhkum edildiyini anlaya bilmək üçün Somalinin tarixini az da olsa bilmək kifayət edir.
Yolumuz uzaqdı ...
Təyyarədə Firuzəyə verdiyim vədi yerinə yetirmək məcburiyyətində idim.. Ona bildiyim qədər Somalini anlatmalıydım.. Yadıma adını xatırlamadığım somalili bir şairin ürək ağrısı ilə yazdığı şeirdən misralar düşdü...

“Cənnətin insanları yollarını savaşaraq tapdılar.
Cəhənnəmin insanları itaət edərək, olduqları yerdə qaldılar.”

Havaya qalxar-qalxmaz Firuzə təkrar ona Somalini anlatmamı istədi özü də maraqlı bir sualla. Somali niyə bu günə düşüb? - deyə soruşdu. Ona bildiklərimdən və oxuduqlarımdan danışmağa başladım.. Somalinin 1886-da müstəmləkəçilik dövrü ilə başlayan faciəsindən...
Avropalı müstəmləkəçi gücləri üçün Şərqi Afrikaya olan maraq Böyük Britaniyanın 1839-cu ildə Hindistanla ticarətdə açar rolunu oynayan Yəmənin Ədən limanını işğal etməsiylə başlayıb. Qul və fil dişi ticarəti ilə məşğul olan Zənzibar və Ədəndəki Britaniya nümayəndələri üçün Somalinin sahilboyu bölgələri fil dişi, ət və kənd təsərrüfatı məhsulları əldə etmək üçün ən uyğun bazar halına gəlir. 1869-cu ildə Süveyş kanalının açılmasından sonra isə Avropa dövlətləri və onların ticarət şirkətləri üçün Somalidə onların nəzarətləri altında olacaq limanların qurulması Hindistan və Uzaq Asiya ilə ticarət baxımından vacib bir məsələyə, güclü maraq və mənfəətə, böyük ehtiyaca çevrilir. Bu səbəbdən Avropa güclərinin 1884-cü il Berlin konfransında Afrikanı öz aralarında bölmələri ilə birlikdə müstəmləkəçilik dövrü Afrika qitəsi üçün rəsmən başlamış olur. 1886-cı ildə Böyük Britaniya Şimali Somalidə bir ingilis mandatlığını qurur. Onun ardınca Obock və Cibutini işğal edən Fransa, daha sonra ilk olaraq Eritreya sahilini, daha sonra da cənubi Somalini işğal edən İtaliya gəlir. Somalinin müstəmləkəyə çevrilməsi bu üç bölgə ilə də məhdudlaşmır. Efiopiya Ogaden bölgəsini işğal edərkən Britaniya bu gün Şimal-şərqi Keniyada olan Somali bölgəsi üçün haqq tələb edir. Başqa bir sözlə desək, Somali xalqı müstəmləkəçiliyə beş fərqli bölgədə və beş fərqli dövlət tərəfindən birdən məruz qaldı , yaşadı və Somali milliyyətçiliyi 19 və 20-ci ərslər boyunca bu beş bölgənin tək bir böyük Somali dövləti altında birləşdirilməsi üçün mübarizə apardı.
Firuzənin “yazıq Somalilər, gör nələr yaşayıblar!” - deməsi ilə hekayəni yarımçıq kəsirəm... Danışdıqlarımın ona çox pis təsir etdiyini görürəm. Stüardesanın gətirdiyi yeməyə belə toxunmamışdı..
“Yeməyini ye, bir az dincələk, bir azdan yenə söhbət edərik” deyirəm.. Əlini könülsüz yeməyə uzadır.. Deyəsən qonşu sırada oturan bir nəfər söhbətin bitməsini gözləyirmiş kimi yaxınlaşıb, “sayın millət vəkilim, necəsiniz? - Sizi görməkdən çox şad oldum” deyir və tez də özünü təqdim edir: Can Tetik.. Türk Hava Yollarının Somali və ətraf ölkələrdəki təmsilçisi... Somali barədə söhbət edirik. Çox maraqlı və məlumatlı bir insandır.. Somalidəki fəaliyyəti dövründə ən unudulmaz xatirəsini danışır mənə - Somalili ananın unutmadığı silləsindən...

Heç zaman unudulmayacaq sillə...

Türk Hava Yollarının Somali təmsilçisi Can bəy danışır ki, bir gün Somalili insanlarla görüşdüyü zaman türk olduğunu deyincə yaşlı bir qadın insanların içindən çıxaraq ona yaxınlaşmış və “neçə illərdir sizi gözləyirik, harda qalmısız ?”- deyərək ona bir ana ərki ilə möhkəm bir sillə vurur...
Can bəy hələ də nə o ananı, nə də o silləni unutmadığını və ömrünün sonuna qədər unuda biləməyəcəyini deyir. Somalili ana Can bəy üçün Osamanlı dövründə olanlardan, yaşantılardan bir xeyli danışıb. O, deyirmiş ki, Osmanlı türklərinin Somalidən və ümumiyyətlə, bu bölgədən gedişindən sonra bu bölgənin və insanların üzü heç gülmədi. Xarici sömürgəçilər, sonra da xaricdən gələn dəstək dolu daxili müharibə Somalini fəlakətə aparmaqla yanaşı, əhalisini də xoşbəxtlikdən məhrum etdi.
İslam Afrika qitəsinin həyatında bütün sahələrdə önəmli rol oynadı. Canım sənə desin, 16-cı əsrdən başlanmış I Dünya Müharibəsinə qədər Afrika qitəsində bir çox müsəlman xanədanlıqları quruldu, islam Afrika ölkələrinə yayılmağa başladı, tacirlərin yüzillik yolçuluqları əlaqə bağlarına möhkəm düyün vurdu. 19-cu əsrə qədər Osmanlı dövlətinin Afrikadakı sərhədlərinin Misir-Əlcəzair və Misir-Somali istiqamətinəcən uzandığını yadında saxla... Hələ bundan 3 əsr öncə Şərqi Afrika bölgəsi də daxil olmaqla bugünkü İnger və Cad ölkələrinin çevrələdiyi Çad gölü hövzəsinin də Osmanlı hakimiyyəti altında olduğunu heç unutma! Bil və yadında saxla ki, 16-19-cu əsrlər arasında Afrika qitəsində Qərbi Afrikada Fas şəhərindən Şərqi Afrikadakı Somaliyə qədər uzanan və bu gün on üç dövləti əhatə edən geniş ərazilərəcən Osmanlı hökmranlığı altında olmuşdu.
Osmanlı dövlətinin Afrika Buynuzu olaraq adlanan Şərqi Afrika ölkələri ilə əlaqələrində Harar Əmirliyi əsas mövqeyə malik siyasi qurum idi. Harar Əmirliyi 16-cı əsrdə bugünki Somali, Cibuti, Eritreya, Efiopiya, Sudan və qismən Uqandanı əhatə edən və tarixi mənbələrdə Həbəşistan olaraq bilinən bölgədə hakimiyyətini qurmuşdu. Həbəş Krallığının Portuqaliyanın dəstəyi ilə Harar Əmirliyinə hücum etməsinə cavab olaraq Osmanlı dövləti Əmirliyi müdafiə etmiş, silah yardımı göstərərək Əmirliyin yıxılmasının qarşısını almışdır. Afrika qitəsinin 19-cu əsr müstəmləkəçilik öncəsi tarixini təyin edən digər bir əlamət isə Osmanlı dövləti ilə Portuqaliya arasında Afrika Buynuzu üzərində nəzarət uğrunda aparılan rəqabət idi. 16-cı əsrin əvvəllərində Osmanlı dövləti bu rəqabətdə önə keçmiş, Qırmızı dəniz və Şərqi Afrikadakı nüfuzunu Yəmən və Somalinin şimal bölgələrini hakimiyyəti altına alaraq genişləndirmişdi. Somalinin müstəmləkəçilik öncəsi tarixində önəmli bir yer tutan və yuxarıda bəhs edilən Harar Əmirliyi Osmanlı dövlətinin Yəməndəki hakimiyyəti sayəsində güclənmiş və 1887-ci ilə qədər mövcud olmuşdu. Osmanlı Ədən körfəzinə açılan bir qapı olaraq strateji əhəmiyyəti böyük olan Zeyla körpüsü üzərində nəzarəti isə uzun müddət əlində saxlamağı bacarmışdır. Bundan başqa, 1555-ci ildən 1916-cı ilə qədər mövcud olmuş Həbəş Əyaləti də önəmini itirərək Ciddə vilayəti ilə birləşdirildiyi 19-cu əsrə qədər Osmanlı dövlətinin siyasi nüfuzu altında qalmışdır.
Osmanlı dövləti torpaqlarının dağılma sürəsində girdiyi və Qərb kapitalist müstəmləkəçiliyinin böyük surətlə yüksəldiyi dövrdə, II Əbdülhəmidin dövründə Osmanlı dövləti ilə Afrika qitəsi arasındakı əlaqələr çox sıx olmuşdu.
Osmanlı dövlətinin süqutu dövrünə girdiyi 20 əsrin əvvəllərində milli dövlətini 1861-ci ildə qura bilən və imperialist müstəmləkəçilik siyasətinə daha gec qatıldığı üçün daha hücumçu bir millətçiliyə bürünmüş İtaliya 1911-ci ildə Trablusgarpı zəbt etməklə Osmanlı dövlətinin Şimali Afrikadakı hakimiyyətinə son qoya bilmişdir. 1934-cü ildə isə Benito Mussolini İtaliyanın tarixi əməllərinin Asiyada və Afrikada olduğunu elan edərək, İtaliyanın Şərqi Afrikadakı müstəmləkəçilik siyasətini sürətləndirmək qərarı alacaqdır.
Quru, rəsmi tarixçilikdən, rəqəmsal faktların sıralanmasından nə qədər qaçmaq istəsəm də, bunları xatırlamaqdan, göz önünə, yaddaşa gətirməkdən də yan keçmək olmur...

Somali yolunda möhtəşəm eşq hekayəsi...

İndi də sizə Türk Hava Yollarının Somalidəki ofisinin rəhbəri olan Can Tetik haqqında daha geniş danışmaq istəyirəm. O, Qarabağ müharibəsi illərində könüllü olaraq Azərbaycana köməyə gəlib və Laçın istiqamətində döyüşüb. Onunla ilk dəfə Somalidə qarşılaşsaq da, söhbətimiz sanki neçə illərdir bir-birimizi tanıyan bir qardaş səmimiyyəti və mehribançılığı ilə başlayır.
- Qənirə xanım, buraya gələnlər arasında adınızı və soyadınızı görəndə çox sevindim. Məni tanımasaz da mən sizi hələ Azərbaycandan tanıyıram- deyir və şəhid jurnalist qardaşımız Çingiz Mustafayevdən danışır. Uzaq Somali yolçuluğunda Çingizi rəhmətlə yad edirik.
Sonra Can bəy Azərbaycanda olduğu illərə səyahət edir və eşidən hər bir kəsi heyran qoyan eşq hekayəsindən danışamağa başlayır. - O, Azərbaycanda olduğu illərdə bizim türkcəmizdə desək subay, Türkiyə türkcəsi ilə desək bekar imiş. Həmin illərin birində o - Nəzakət adlı bir xanıma aşiq olur. Nəzakət isə iki oğul anası olan dul bir qadın imiş. O, Can bəyə 2 ovladının olduğunu deyir. Can bəy isə nəinki onunla evlənmək fikrindən əl çəkmir, hətta, tam əksini edərək “sənin övladların mənim də övladlarımdı”- deyir və Nəzakət xanımla ailə qurur. 15 ildən artıq vaxt keçməsinə baxmayaraq o böyük məhəbbət heç azalmayıb, əksinə, daha da artıb. Can bəy Nəzakət xanımın övladlarını - Nurlanla Nuranı öz doğma övladları kimi böyüdüb.
Bu ailə Somalidə, bu çətinliyin və ağır şəraitin içində belə bir-birinə dəstək, dayaq ola bilir. Həm də bir məqam mənim diqqətimi çəkir. Həyatımda xanımı haqqında, onun işləri haqqında belə böyük bir sevgi ilə danışan çox az kişi görmüşəm.. Bu gördüklərimdən və eşitdiklərimdən Can bəyə qarşı içimdə olan böyük hörmət daha da artdı... Nəzakət xanım Somalidə aclıqdan və xəstəlikdən əziyyət şəkən insanlara, uşaqlara yardım işində aktiv iştirak edir. Bəzi hallarda Can bəyin qazancından da bu məsələlərə xeyli pul xərcləyir. Can bəy bu işlərdən şikayətçi deyil, əksinə, belə böyük ürək sahibi olduğu üçün xanımından çox razıdır: “Allahdan çox razıyam ki, qarşıma belə bir xanım, eş çıxardıb”- deyir. Belə bir məhəbbətin qarşısında insan sadəcə aciz qalır.
"Ali" deyə adlandırdıqları Nurlan Türkiyədə universitetə qəbul olub, orda təhsil alər, amma Rza adlandıraıqları Nuran isə ailəsinin yanında Somalidə işləyir.
O, Nəzakət xanımın millətçi olmasından, Azərbaycan bayrağını Türkiyə bayrağı ilə bərabər ofislərinə asmasından və ilk dəfə Somalidə Azrbaycan bayrağı qaldırmalarından çox böyük sevgi ilə danışır.
Can bəy mənim diqqətimi bir məqama da yönəlidir və ondan sonra bu ailəyə olan sevgim daha da artır. Can bəy Nuran və Nurlanın hələ də Azərbaycan vətəndaşı olmalarını xüsusilə qeyd edir. Məncə, bu addım bir çoxlarına ibrət dərsi verməlidir. O, deyir ki, istəsəydilər Nurlan və Nurana çoxdan Türkiyə vətəndaşlığını ala bilərdilər. Amma bunu yalnız onlar hərbi xidmətlərini Azərbaycan vətəndaşı kimi Azərbaycanda yerinə yetirdikdən sonra edəcəklər. “Qoy gedib Azərbaycan qarşısında borclarını yerinə yetirsinlər, sonra Türkiyə vətəndaşlığını alarlar”- deyir Can bəy... Əslində, Qarabağ uğrunda vuruşmuş bir insandan, onun dəyərli xanımından başqa addım gözləmək də olmazdı.
Bu ailənin işi çətindir. Hər gün Somalidə ölüm təhlükəsi ilə yaşayırlar. Can bəy bir neçə dəfə ölümlə göz-gözə gəlib, amma bütün bunlara baxmayaraq çox xoşbəxtdirlər. Çünki bu xoşbəxtlik böyük bir məhəbbətlə söykənir, üstəlik onları insanlığa xidmət kimi böyük bir sevgi və amal da birləşdirir. Ölüm isə eşqin qarşısında hər zaman aciz qalıb...
Can bəylə Somali barədə geniş söhbət edirik. Yolumuz uzun, vaxt da bol... Üstəlik, uzun zamandır Somalidə yaşayan və çox çətin bir işlə məşğul olan Can bəydən yaxşı real vəziyyəti çox az insan bilə bilər. Türk hava Yolları Somaliyə beynəlxalq uçuşlar həyata keçirən tək hava yolu şirkətidir və Can bəy bunun xüsusilə təhlükəsizlik baxımından çətinliklərindən danışır. Sonra da mənə Somalidə təhlikəsizliklə bağlı ciddi məsləhərlət verir... Somalidə olsuğum dövrdə onun qiymətli məsləhətləri mənə çox kömək olduğunu indinin özündə də dərin minnətdarlıq hissi ilə xatırlayır, xatırlayıram.

Sudan, Xartum...

08.08.2012. Səhər erkən saatları...
Sudanda Xartum hava limanına enirik.. Təqribən bir saatdan çox təyyarədə gözləməliyik. Səs-küyə bir az əvvəl yuxuya getmiş Firuzə də ayılır. "Adamlarla söhbətə başın qarışdı, mənə Somali barədə danışdıqların yarımçıq qaldı" deyir. - Bəs bu qədər müstəmləkəyə Somalilər necə razı olublar, müqavimətlər, üsyanlar etməyiblərmi? "İlk öncələr elə ciddi müqavimət göztərə bilməyiblər - dedim. Həmin dəqiqə" Niyə? Səbəbi nə olub ki? - deyə məntiqli sualını verdi... -Təssüf ki, o zaman daxili qarşıdurmalardan başları açılmırdı - deyirəm...
Somali xalqının müstəmləkəçiliyin ilk dövrlərində heç bir təsirli müqavimət gösrətə bilməməsinin səbəbi daxili qarşıdurmalar idi. Somalinin öz qəbilələri arasında yaşanan 1840-1843-cü illər Baardheere Müharibəsindən qalib çıxan Geledi qəbiləsi və müttəfiqləri cənub qəbilələrinə liderlik edərək müstəmləkəçiliyə qarşı müqavimət göstərə biləcək tək siyasi güc olduğu halda Somalinin qeyri-mütəşəkkil qəbilə quruluşu belə bir liderliyin meydana gəlməsinə imkan verməyib. Ən güclü olduqları dönəmlərdə belə Geledi sultanlarının hakimiyyəti dini liderlik və iqtisadi zənginliyin zəmanəti olmaqla məhdud idi. Siyasi liderliyin yoxluğu ilə bərabər, 19-cu əsrin sonunda ortaya çıxan iqtisadi böhran və yeni meydana gələn dini təriqətlərin radikal siyasi hərəkətlərdə maraqlı olmaması avropalı müstəmləkəçi güclərin işini asanlaşdırırdı. Başqa sözlə desək, qəbilə torpaqlarının müstəmləkəyə çevrilməsi hər nə qədər qəbilələrarası birliyi gücləndirmiş olsa da, özəl iqtisadi qayğılar, dini fikir ayrılıqları və yerli siyasət müstəmləkə məsələsini kölgə altına alırmış.
Bu yerdə Firuzə "bəs onların bu hərəkata rəhbərlik edən güclü liderləri olmayıbmı" deyə soruşur...
Ona haqqında oxuduğum, ingilislərin təhqiredici adla çağırdıqları "Dəli Molla", Somali xalqının qəhrəmanlarından olan Molla Məhəmməd Abdullah Həsən haqqında bildiklərimi danışıram..
Məhz Somali üçün o ağır və faciəli günlərdə yoxsul və zəngini, köçəri və kəndlini, ümumiyyətlə müxtəlif qəbilələri müstəmləkəçi güclərə qarşı bir araya gətirə bilən Molla Məhəmməd Abdullah Həsən 1895-ci ildə müstəmləkəçilərə qarşı müqavimət göstərə bildi. Müstəmləkəçi güclər 21 il boyunca bu hərakatı devirə bilməsələr də, Məhəmməd Abdullah özündən sonra nə bir dövlət yapılanması , nə də bir xələf qoya bilmişdi. Mollanın ölümüylə birlikdə Somali uğrunda mübarizədə ingilis və İtaliya müstəmləkəçilərinə qarşı mübarizədə heç bir güc qalmadı. İngilis və İtaliyalar Somaliyə nəzarət uğrunda öz aralarında mübarizə aparırdılar, qarşılarında başqa heç bir əngəl, maneə qalmamışdı.. İtaliyanın faşist diktatoru Benito Mussolini 1936-cı ildə Efiopiyanı işğal edib, Eritreya və italyan “Somalisi” ilə birləşdirərək "İtalyan Şərqi Afrikası" adlı yeni bir hökuməti qursa da, II Dünya Müharibəsindən qalib çıxan Britaniya imperatorluğu Fransanın nəzarəti altındakı Cibuti istisna olmaqla, bütün Somali və Efiopiyanı öz nəzarəti altına ala bildi. Bu amansız mübarizə və mücadilələrdə isə əzilən, əziyyət çəkən, sadəcə, Somalilər idi. Onlar öz torpaqlarında, öz vətənlərində heç bir şeyin sahibləri deyildilər...
Firuzənin "ürəyim ağrıdı, nə zülümlər çəkiblər" - deməsi ilə söhbəti yarımçıq saxladım, "bir azdan davam edərik" - dedim. Əslində, mövzunun ağırlığı onun kimi məni də sıxmağa başlamışdı... Üstəlik, təyyarədə tanış olduğum, qonşu sıralarda oturmuş, Somalidə türk məktəblərinə rəhbərlik və yardım edən insanlarla bir az söhbət etmək istəyirdim. Somalidə uzun zamandı işləyirlər və Somalinin yeganə nicat yolunu, inkişafını təhsildə görən bu insanlarla söhbətləşir və onlara insanlıq adına gördükləri bu gözəl işlərdən dolayı təşəkkür edirəm.
Somali yolunda yeni dostluqlar...
Sudandakı bir saatlıq dayanmadan sonra günəş doğarkən Moqadişiyə yola düşdük. Firuzə yata bilmirdi və Somali ilə bağlı, ilk dəfə görəcəyi bu yer barədə çox şey bilmək istəyirdi. Təyyarə havaya qalxar - qalxmaz "bəs sonra nə oldu? - dedi. - Nə qədər davam etdi müstəmləkə altında yaşamaları?.."
İsrarlı idi, özümü yorğun hiss etsəm də gözündəki böyük marağı və öyrənmək istəyini cavabsız qoya bilməzdim... Somalinin 20-ci əsrdəki faciələrinin davamını anlatmağa başladım...
BMT Baş Assambleyası 1949-cu ildə, Britaniya mandatlığının yenidən qurulması, İtaliyanın Somalidəki köhnə müstəmləkə torpaqlarının on il ərzində BMT nəzarətində idarə etməsi və bu müddətin sonunda müstəqil bir Somali dövlətinin yaradılmasını qərara aldı. Britaniyanın dəstəyi ilə italyan Somalisində 1943-cü ildə qurulan və Somalinin ilk modern siyasi partiyası olan Somali Gənclik Liqası (SGL) müstəmləkəçiliyə qarşı çıxaraq bütün somalilərin eyni dövlətdə birləşdirilməsi üçün mübarizə aparmağa başladı. Bu baxımdan Şərqi Efiopiya içində qalan Somali bölgələrinin öz müqəddaratını müəyyənləşdirmək haqqı ilk mübahisə, ilk qarşıdurma mövzularından biri oldu. Şimali Somalidəki Britaniya ordu rəhbərliyi SGL-nin adıçəkilən tələbini dəstəklədiyi halda, Britaniya XİN-nin Efiopiyanın yanında yer alması Avropanın müstəmləkəçilik siyasətinin qarmaqarışıq və ikiüzlü bir siyasət olduğunu açıq-aşkar göstərdi. Nəticədələ, Ogaden bölgəsi və Eritreya Efiopiyaya bağlandı. Müstəmləkəçi güclərin aldıqları bu qərar ancaq 1993-cü ildə Eritreyanın müstəqilliyilə nəticələnəcək olan Afrika qitəsinin ən uzun sürən Eritreya qurtuluş mücadiləsinin fitilini alovlandırmış oldu. Qanlar axıdıldı, ağrılar, acılar yaşandı...
Firuzə ilə söhbəti yarımçıq qoyuram. Bizimlə eyni təyyarədə Somaliyə gedən türkiyənin tanınmış sənətçisi Reyhan Qaraca ilə bizi türkiyəli dostlardan biri bizi tanış edir. Məlum olur ki, Reyhan xanım da Somaliyə yardım kompaniyasına dəstək verən insanlardan biridir və Somaliyə səfəri də məhz bu məqsədlədir. Sonradan Somalidə bir neçə gün eynı evdə qalacağımız və ondan sonrakı bütün dövrlərdə biri-birimizə yazışmamızda "mənim dəyərli Somali dostun" - deyə zarafatla müraciət edəcəyimiz bu gözəl insan və sənətçi ilə Somali barədə söhbətlər etməyə başlayırıq. Gerçəkdən, örnək sənətçilərdən biridir...
Reyhan xanımla söhbətimizi bitirsək də Firuzə "Somali bu günə necə gəldi və ya necə gətirdilər?" - sualının cavabını gözləyir və "Somali sonra necə oldu?" - deyir?
Yenidən davam edirəm:
- Nəhayət, 13 iyun 1960-cı ildə ingilis və italyan Somali torpaqları birləşdirilərək müstəqil Somali dövləti quruldu və yeni qurulan koalisiya hökuməti prezident Aden Abdullah Osmanın təsdiqi ilə Baş nazir Abdirəşid Əli Şermarke tərəfindən quruldu. 1964-cü ildə keçirilmiş ilk ümumi seçkilərdə SGL məclisdəki yerlərin çoxunu qazansa da, Somalinin bütün siyasi partiyaları üçün təməl məsələ ortaq idi: Efiopiyanın şərqi, Keniyanın şimal-şərqi və fransız Somalisindəki Somali torpaqlarını böyük bir müstəqil Somali dövləti altında birləşdirmək. Dolasıyla, 1965-ci ildə sonra Somali torpaqları Afrika milliyətçiliklərinin ən qanlı qarşıdurma yerlərindən birinə döndü…
Firuzə "bəc müstəmləkəçilərdən xilas olandan sonra niyə inkişaf edə bilmədilər? Axı artıq müstəqil idilər, bəs niyə ölkə bu vəziyyətə düşdü..." - deyə maraqla soruşdu. Haqlı sual idi. Bir az dincəlmək istəyirdim amma Firuzənin Somalini anlaması üçün bunları danışmalı olduğumun da fərqində idim.. Və ona Somaliyə sözün əsil mənasında xoşbəxtlik, sabitlik gəlməməsini anlatmağa başlayıram... Müstəqil Somali Pespublikasının qurulmasından başlayıb 1991-ci ilə qədər davan edən Siad Barre diktatorluğu altındakı Somalini..
Müstəqil Somali dövləti əsasən köçəri, gündəlik dolanışığa və qəbilə quruluşuna əsaslandığından müstəmləkəçi güclər tərəfindən tərəfindən yaradılmış süni bur siyasi varlıq olaraq ortaya çıxır. Müstəmləkəçilik sistemi darmadağın olan Somalinin ənənəvi iqtisadi, siyasi və mədəni durumunun ortaya çıxardığı problemlər qarşısında bu quruluşun, sistemin yetərsiz olduğunu dərhal özünü göstərdi. Müstəqillik əldə etdikdən sonra keçirilmiş ilk ümumi seçkilərə (1964) 18 partiya qatıldığı halda, onlardan yalnız 3 məclisdə yer tuta bilir. Somalinin son ümumi seçkilərində (1969) seçkilərə qoşulan partiyaların sayı 60-a çatsa da məclisdəki 122 yer üçün 1002 namizəd irəli sürmüşdülər. Hər seçim öncəsi partiyaların sayının birdən artması və bunların çoxunun dərhal seçim sonrası yox olması Somalinin liberal demokratiya təcrübəsində özünə xas olan bir xüsusiyyəti olur. Bu durumun ən mühüm xüsusiyyəti ondan ibarət idi ki, bir çox Somali siyasətçiləri tərəfindən cəmiyyət üzərində qurulan bu süni dövlətin güc və zənginliyə çatmaq üçün bir vasitə olaraq nəzərdən keçirilməsi idi, dolayısıyla, Somali parlamenti beynəlxalq və ya yerli məsələlərin müzakirə olunduğu bir ictimai yer olmaqdan çıxıb, maraqların alınıb-satıldığı bir bazara çevrildi. Qoruma, iltimas və sədaqətin bir-biriylə dəyişdirildiyi bu siyasi sövdələşmə və patronaj sistemi içində məclis üzvləri özlərini dəstəklərini aldıqları alt qəbilələrin mənafelərinin təmsilçiləri olaraq gördülər və qəbiləçəliyin yüksəlişini sürətləndirdilər.

1967-ci ildə keçmiş Müdafiə naziri olan İbrahim Egal SGL-nin liderliyində dövlət rəhbəri Shermarkenin təsdiqi ilə Baş nazir oldu. Xarici əlaqələrdə daha öncə Keniya və Efiopiyaya qarşı Somalinin keçmiş torpaqları üçün uzlaşmaz bir siyasət yürüdülmüş və bu dövrdə Somali Qərb gücləri tərəfindən yalnız buraxılmışdı. 1967-ci ildə seçkilərdə qələbə qazandıqdan sonra Egal bu iki ölkəyə qarşı uzlaşan bir xarici siyasət yürütmək qərarına gəldi. Bu durum Somali milliyətçiliyini Egal hökumətindən uzaqlaşdırdığı halda, 1969-cu il seçkilərinin nəticəsində Egal və Shermarkenin rəhbərliyi altında SGL-nin tək partiya olaraq ortaya çıxması və Egal rejiminin getdikcə avtoritar bir rejimə çevrilməsi ölkədəki narazıçılığı və gərginliyi artırır. Dövlət başçısı Shermarkenin özünün mühafizə qüvvələri arasında bir müxalif tərəfindən 15 oktyabr 1969-cu ildə sui-qəsdə uğramasından 6 gün sonra, general Siad Barrenin rəhbərliyi altında qansız ötüşən hərbi çevriliş olur. Bu tarixdən dövlət quruluşunun tamamilə dağıldığı 1991-ci ilə qədər Barre ölkədə hərbi diktatorluq qurur və ölkə hərbi diktatorluqla idarə edilir. Barrenin rəhbərliyi ilə hərbi çevriliş Egalın despotik rejimini devirdiyi üçün ilk öncə somalilər tərəfindən sevinclə qarşılanır. 1970-ci ildə Barre "elmi sosializmi" rejimin rəhbər ideologiyası olaraq elan etdi və qəbilə mənsubiyyətlərini ləğv edən siyasətlər gətirdi. 1970-ci illərin ortalarında Barre rejiminin demokratiyanı geri gətirmək niyyətində olmadığı və hər yerdə varlığını sürdürən gizli bir polis təşkilatı vasitəsilə rejimə qarşı heç bir şəkildə müxalifətə imkan verməyəcəyi anlaşıldı. Bundan başqa Barrenin rəsmi bir şəkildə "elmi sosializm" və Birləşmiş Somalini müdafiə edən və qəbiləçiliyə qarşı çıxan fikirlər səsləndirməsinə baxmayaraq, əslində rejimin qəbilələrarası qarşıdurmadan bəhrələndiyi bəlli olmuşdi. 1977-1978-ci illərdə Efiopiya ilə aparılan müharibədə məğlubiyyətə uğraması pan-Somali milliyyətçiliyinin Barre rejimi üçün önəmini tamamilə itirməsinə səbəb oldu. 1980-ci illərdə rejim açıq şəkildə qəbilələrarası rəqabət və düşmənçiliyə, siyasi patronaya və təztiqə əsaslanmışdı.
Barre iqtidarı cəmiyyətdəki şiddətdən qaynaqlanan bir rejimə çevrilərkən Somali iqtisadiyyatı böhrana girdi.
Bütün sahələrdə iflac qaçılmaz oldu.
Gəlirlərin düşməsi və istehsalın zəifləməsi yüksək Somali dövləti çarəni xaricdən borc almaqda gördü. Beynəlxalq Valyuta Fondu və Dünya Bankıyla ağır şərtlərlə çevrələnən müqavilələr bağlandı.

Siyasi təzyiqlər, etirazlar başladı...
1978-ci ildə Miterten qəbiləsinə bağlı hərbiçilərin çevriliş cəgdi uğursuzluqla bitdi.
Barre rejimi bu qəbiləyə qarşı hücum etdi. Rejimin tərəfdarı olan Ogaden qəbiləsi Somalidə üsyankar İsaq qəbiləsini təhdid etdi, Somali Milli hərəkatı çöllərə sıxışdırıldı, əzildi, rejimin qurbanına çevrildi. Bu durum1991-ci ilə qədər davam etdi, yanvarın 27-də Moqadişuda Barra rejiminin devrilməsilə bitdi.
Somali Demokratik Qurtuluş Cəbhəsinin Şimal-şərqi Somalidə və Somali Milli Hərəkatının Şimal-qərbi Somalidə üstünlüyü ələ keçirmələri qanunsuzluq və aclığın bəlli bir ölçüdə yayılmasının qarşısını almışdır. Somali Milli Hərəkatı hələ ki beynəlxalq səviyyədə tanınmamış, qədim Britaniya müstəmləkəsini əhatə edən Şimal-qərbi Somalidə Somaliland Respublikası adıyla müstəqilliyini elan etmişdi. Cənubi Somalidə isə daxili müharibə və anarxiya ən qanlı şəkildə davam etməkdə idi. Bir tərəfdən, fərqli qəbilələr və qruplar öz aralarında bölgənin və qaynaqların nəzarəti üzərində vuruşur, digər tərəfdən silahlı qruplaşmalar soyğun və qarətlə məşğul olurdular. Bunun ən faciəvi misalı, mooryan olaraq adlandırılan silahlı gənclərdir. Bu qarşıdurmanın ortasında qalan, siyasi olaraq gücsüz və silahsız köçərilər, kəndlilər və şəhər əhalisi isə bu anarxik ortam içində qıtlıqla mübarizə aparmaq məcburiyyətində idilər və çalışırdılar…
Məni diqqətlə dinləyən Firuzə birdən "gör bir neçə ildir sadə Somalilər nə əziyyət çəkirlər. Bu illər ərzində bu dəhşətlərin içində doğulub, yaşayıb və yaşlanmaya başlayan bir nəsil var orda demək ki… Ürəyim ağrıdı onlara" - deyib həmən soruşur ki, bəs sonra nə oldu?
Saata baxıram Moqadişiyə çatmağımıza bir saat qalır yorğun olsam da artıq yata bilməyəcəyimi anlayıb Firuzəyə sonrasını nəql edirəm. Anarxiya dövrünü və beynəlxalq təşkilatların, güclərin laqeyidliyini…
1991-ci ildən etibarən Somalinin içinə düşdüyü anarxiya müddəti və qıtlıqla darmadağın olmasında beynəlxalq güclərin rolu yalnız 1886-cı ildə başlayıb 1960-cı ilində rəsmən qurtaran müstəmləkəçilik dövrünün tədqiqi ilə açıqlana bilməz. Bunun ilk səbəbi müstəqil Somali dövlətinin Avropa mərkəzli bir qurum olmasıdır.
Somalinin böyük güclərin soyuq müharibə basqısını yaşadığı illər oldu - bunu unutma! 1960-cı ildə məlum səbəblərlə bağlı, Sovet ittifaqı ilə yaxınlaşdı-yadında saxla... Sonra da SSRİ-nin Efioniya ilə yaxınlığı bu yaxınlığı əngəllədi, ölkə ABŞ-a üz tutası oldu. Gəldi 1983-1990-cı illər. Bu, Barre rejiminin ən qanlı olayları ilə izlənənən bir zaman idi. Qərb Somalini heç vəchlə sinirə bilmirdi. "Parçala və hökkm sür!" düşüncəsiylə yaşamaqda israrlı idi. Ancaq müdaxiləyə ehtiyac qalmamışdı. Barre rejimi onsuz da bacara bildiyini etmişdi. Anarxiya, aclıq hər yanı bürümüşdü. Artıq 1992-ci ildə fəaliyyətə başlayan Somali Birləşmiş hərəkatı belə tərəflər arasında atəşgaha nail ola bilmədi. Hadisələr uğursuzluğa uğrayan böyük güclərin geri çəkildiyi 1994-cü ilə qədər beləcə davam etdi. Bir il öncə isə BMT-nin sülh yaradıcı missiyası öz işini görmüşdü, bölgəyə Amerika əsgərləri çıxarılmışdı. Moqadişuda xeyli sayda ABŞ əsgərləri öldürülmüşdü, bu hadisələr Amerika ictimaiyyətinin narazılığına səbəb olmuşdu, B.Klinton ABŞ əsgərlərinin 31 mart 1994-cü ildə Somalini tərk edəcəyini açıqlamışdı.
Öz-özümə, "fikir verirsən ki, görürsənmi az zaman məsafəsində nələr baş verir, Firuzə?" deyə düşünürəm. Onu anlatmaq istəyirəm ki, Qərb dövlətləri Somalidə uğur qazana bilmədi, iflasa uğradılar, geri çəkildilər. Nəticədə BMT-nin fəaliyyəti önə keçdi. Tərəflər "müvəqqəti Federal Hökumət"lə danışıqlar stoluna dəvət edildi. Bir yandan isə MFİ-ə üzv olan müharibə tərəfləri özlərinə Mərkəzi Kəşfiyyat İdarəsinin dəstəklədiyi "Sülhün Təsisi və Terrorla Mübarizə İttifaqı"nı yaratmışdılar. Durum belə idi, Füruzə! Yerli qəbilələr isə İslami ittifaq tərəfdarları idilər. Bu ittifaqın cihad çağırışını isə Qərb dövlətləri sinirə bilmirdi. Buna baxmayaraq İslami İttifaq nisbi sabitliyə nail oldu, həyat normallaşmağa başladı. Bunları söyləyərkən Füruzənin qəribə bir toxmaqlıqla köksünü ötürüb sakit tövrlə özünə qapandığını görürəm. Heç istəmirəm sonralar baş verənləri, Qərb dövlətlərinin qərarsızlığını, 2006-cı ildə ABŞ təyyarələrinin "yanlışlıq olub" - deyə Moqadişunu bombaladığını, 500 min Somalilinin ölkəni tərk etmələrini söyləyib onun qanını qaraltmayıb.
Bu da Somali...
Təyyarə Moqadişu hava limanına enməyə başlayır... Şərqi Afrika ölkələrindən biri olan, Afrika buynuzu adı verilən bölgədə yerləşən, şimal-qərbdə Cibuti, şimalda Aden Körfəzi, şərqdə və güneydə Hind Okyanı, qərbdə Etiyopya, cənub-qərbdə Kenya ilə ilə əhatələnmiş Somaliyə... Dünyanın və insanlığın ən böyük faciələrindən birinin yaşandığı Somaliyə enişdə problemlər yaşansa da çox şükr sağ-salamat çatırıq dünyanın və insanlığın çox laqeyid baxdığı, hər gün onlarla uşağın aclıqdan və adi xəstəliklərdən öldüyü və böyük acıların illərlə tərk etmədiyi Somaliyə...

Fiquzə ilə söhbəti dayandırıb təyyarə pəncərəsindən ətrafı seyr etməyə başlayıram. Hava limanını bəlkə yüzlərlə əsgər qoruyur... Hərbi geyimli və geyimsiz... Səbəbi 20 ildən çoxdur davam edən iç savaşdır... Somalinin paytaxtı Moqadişi 20 ildən artıqdır ki, davam edən daxili müharibədən yorğun düşmüş bir şəhərdir... Ölkədəki yoxsuluğğu və fəlakəti hava limanından hiss etmək çətin deyil...
Bizi Orhan bəy qarşılayır... Orhan Erdoğan. Kimse Yokmu Dərnəyinin Somali və Afrika sorumlusu... O qədər səmimi və mehriban insandır ki... Üstəlik, Azərbaycan Orhan bəyin qəlbində xüsusi bir yerə malikdir. Düz 8 il Bakıda, Lənkaranda, Qubada Türk okullarında işləyib. Övladının biri Azərbaycanda dünyaya gəlib. Xeyli zamandır ki, Somalidə aclıqdan və xəstəlikdən əziyyət şəkən insanlara böyük yardımlar göstərən dərnəyin rəhbəri kimi çalışır. Bizə qısa da olsa dərnəyin fəaliyyətləri barədə məlumatlar verir. Bu məlumatlarla tanış oluram, rəsmi işlərin miqyasını göz önünə gətirirəm. Bu fəaliyyət əslində bir hünər işidi. Somali üçün böyük yardım və xidmətlərdir. Həm də təmənnasız... Bu bizim insanımızın insanlıq düşüncə və fəlsəfəsidir. Hər an ölüm təhlükəsi altında tanımadığın, çox uzaqlarda fəlakət işərisində yaşayan insanlara yardım etmək. Onlara bütün Somali səfərim boyu heyran qaldım və insanlıq adına təşəkkürlərimi bildirdim hər zaman....
Somali haqqında ilk təəssürat elə hava limanından başlayır. Hava limanında hərbiçilər daha çox gözə dəyir. Hava limanından çıxışda bir neçə yoxlama məntəqəsi görürük. Somalidən qayıdanda görəcəyik ki, hava limanına girməzdən əvvəl ən azı 3-4 məntəqədə hərbiçilər hava limanına daxil olan hər kəsi, o cümlədən əşyalarını bir neçə dəfə yoxlayırlar. Bunun səbəbini Somalidə yaşayacağımız günlərdə daha yaxşı anlayacağıq. Çünki təhlükəsizlik bu ölkənin ən ciddi problemlərindəndir. Kim istəyir silah gəzdirir, terror baş alıb gedir. Orxan bəy və bizi qarşılayan dostlar bizə Somalidəki vəziyyətlə bağlı ətraflı məlumat verirlər...
Hava limanından çıxanda gözümə ilk sataşan bir tablo olur. “Moğadişi hava limanının təmiri və yenidən qurulması Türk xalqının Somali xalqına hədiyyəsidir”. Millətim və insanım adına qürur duyuram. Paytaxt Moqadişıda qaldığımız yerə gedən yol boyunca real vəziyyətlə bağlı söhbətlər edirik... Dünyada bir çox müharibə və fəlakət bölgələrində olmuşam, amma Somali kimisini görməmişəm.. Tam bir fəlakət bölgəsi... Nə xəbərlər, nə videolar buranı tam dolğunluğu ilə əks etdirə bilər. Yalnız görmək doğru təəssüratı yarada bilər. Dünyanın laqeyd qaldığı bir Afrika dramı....Aclıq... Yoxsulluq... Xəstəlik.... Bir sözlə, böyük bir insanlıq faciəsi.... Gördüklərimi arabir fotoaparatın yaddaşına köçürürəm. Hələ uşaqlıq illərindən foto çəkməyi çox sevirəm və getdiyim hər bir ölkədə fotoaparatım hər zaman yanımda olur. Amma Somalidə çəkdiyim fotoların əksəriyyətini ürək ağrısı ilə çəkdim...
BMT qida və kənd təsərrüfatı məhsulları təşkilatının (FAO) "Qlobal aclıq" hesabatına əsasən, 2010-cu ildə 925 milyon adam ac (akademik dildə "qeyri-kafi bəslənmiş") durumdadır. Bu rəqəm Şimali Amerika ilə Avropa qitəsində yaşayan toplam insan əhalisinin sayına bərabərdir. Bu göstəricinin yalnız 19% inkişaf etmiş ölkələrdə yaşadığı halda, bu adamların 239 milyonu Səhraaltı Afrikada yaşayır və ac insanların ümumi əhali sayına nisbətdə ən yüksək olduğu bölgə - 30% ilə yenə Səhraaltı Afrikadır. FAO-nun 2010-cu ildə hesabatında çıxan nəticə ondan ibarətdir ki, 2008-2009-cu illər qlobal bazar böhranından çıxdıqdan sonra 2009-cu illə müqayisədə 2010-cu ildə dünyadakı ac insanların sayı təxminən 100 milyon azalsa da qlobal aclığın əhatə dairəsi yenə böyük ölçüdədir. FAO-nun hesabatına əsasən, qlobal aclıqla mübarizəni daha da gücləndirməyin gərəkli olduğu ölkələr uzunmüddətli siyasi, iqtisadi və mədəni böhrandan çıxa bilməyən ölkələrdir. Bu ölkələrin ən başında Afrika Buynuzu ölkələri gəlir, əsasən Cibuti, Somali, Efiopiya, Keniya, Uqanda .. Bu ölkələrdə təcili yardıma möhtac insanların sayı 12 milyondan artıqdır. Somali, xüsusilə cənub bölgələrində qarşısıalınmaz bir şəkildə davam edən qıtlıqla birləşən bu aclıq böhranının zirvəsində yer alır. Dünya Ərzaq Proqramının (WFP) Somali ilə bağlı hazırladığı özəl hesabata nəzər yetirmək bəs edər ki, fəlakətin ümumi mənzərəsini göz önünə gətirə biləsən. Zərər çəkənlərin sayı milyonlarla hesablanır... FSNAU ("Ərzaq Təhlükəsizliyi və Bəslənmə Analizi Birliyi - Somali") 2011-ci ilin iyulunda yaydığı hesabında qeyd edilir ki, bu yardım dərhal göstərilmədiyi təqdirdə 750 min somalilinin qarşıdakı 4 ay içində aclıqdan ölməsi gözlənilir.
Hava limanından şəhərə doğru hərəkət edərkən əsgəri barrikadalar yerləşir. Afrika Birliyinin bölgəyə yolladığı birlik qüvvələri aeroporta girib-çıxanlara nəzarət edir. Hər an hücum ola bilər. Yol boyu gördüyümüz insanların böyük hissəsi silahlı idi. Kimisi əsgər, kimisi polis, kimisi özəl mühafizəçi.
Əslində, elə yol boyu gördüklərimiz bizə real vəziyyəti anlamaq üçün kifayət edir... Həyatım boyunca bir çox fəlakət bölgəsində olsam da indi görürəm ki, yaşayacaqlarıma heç də hazır deyilmişəm. Bura tam fərqli və fəlakətlərlə dolu bir yerdir.. Qəzetdə oxunanlar, TV-də izlənənlər bir şey deyilmiş, Somalidə yaşanan fəlakətləri ancaq yerində olmaqla anlamaq mümkündür. İlk öncə burada təhlükəsizlik adlanan bir anlayış yoxdur... Qətillər, sui-qəsdlər adi bir haldır... Yabançılar isə özünü xüsusilə heç rahat hiss edə bilməzlər... Ölkədə sabitlik və stabillikdə maraqlı olmayan qüvvələrin əsas hədəfində yabançılardır... Tək gəzmək mümkün deyil... Hər dəqiqə ölümü yanınızda hiss edirsiniz...Bir neçə əsgərin müşayiəti ilə şəhərə doğru gedirik. Yol boyu mənə xəbərdarlıq edirlər: "Sizə çox yaxın gələn uşaq və qadınlara diqqətlə nəzər salacaqsınız. Çünki qadın, xüsusilə uşaqlardan canlı bomba kimi istifadə edilməsi halları var. Xüsusilə uşaqlardan... Bir şokalad müqabilində belə uşağı aldadıb ona bomba bağlayıb yanınıza göndərə bilərlə..." İnsan dəhşətə gəlir... Hələ bu, harasıdır?.. 20 ildən artıqdır ki, davam edən daxili müharibə nəticəsində Somali əhalisində kişilərin sayı o qədər surətlə azalmış ki, bu gün əhalinin 75 faizini qadınlardır.
Somalili şair Salaan Arabay məşhur bir şeirində deyir:
“Müzakirə ediləcək hər iki problemdən ilki, keçim məsələsi üzərinə olmalıdır.”

Həqiqətən də Somalilər üçün yaşadıqları bölgənin sərt iqlimi və quru torpaqlarda həyatda qalmaq əsas məsələ olmuşdu. Yenə də Afrika Buynuzunda ən azı 2000 il yaşadıqları bilinən Somalilər dövri olaraq quraqlıqlar yaşayan bu torpaqlarda əskər hallarda köçəri heyvandarlıqla məşğul olmuşlar və özəlliklər ölkənin cənubunda yerləşərək kənd təsərrüfatı ilə məşğul olaraq ayaqda durmağa müvəffəq olmuşlar. Bu köçəri məskunlaşma həyatının nəticəsi olan (ən başda, banan, pambıq və bəslənmiş heyvanlar olmaqla) məhsullar Somalinin sahil kəsimində qurulmuş min illik keçmişə malik (ən qədimləri Zeyla, Moqadişu, Merca və Brava olmaqla) ticarət mərkəzləri vasitəsilə Ərəb yarımadası, Misir, Cənub-şərqi Afrika, İran və hətta Çinə ixrac edilirdi. Dolayısıyla, Somali toplumunun min illərlər ənənəvi məşğuliyyət qaynaqları – köçəri heyvandarlıq, kənd təsərrüfatı və ticarətdir.
Müstəmləkəçilik öncəsi Somali sosioloqların “parçalı toplum” (segmentary society) olaraq adlandırdıqları bir cəmiyyət quruluşuna sahib idi. Parçalı toplum şərtlərə görə fərqli səviyyələrdə bir araya gələn, ya da ayrılan bənzər quruluşlu qruplardan təşkil olunur. Belə bir toplumda qayda-qanun və etimad mövcud olan qruplararası tarazlıq, koalisiya və qarşıdurmaya əsaslanır. Müstəmləkəçilikdən əvvəlki Somali cəmiyyətinin özəlliyi siyasi quruluşun fərqli qohumluq qruplarına və bunların öz aralarında qurub yenidən pozduğu ittifaqlara əsaslanması olmuşdu. Necə ki, siyasi mənsubiyyət də hər hansı bir qohumluq qrupuna soy baxımından bağlılığı ifadə edirdi. Somalilər bir çox böyük qəbilə ailəsinə bölünmüşdü. Hər bir ailə öz içndə alt qəbilə ailələrinə bölünürdü və bunlar da saysız-hesabsız kiçik qəbilələrdən ibarət olurdur. Hər nə qədər hər somalili özünü bu böyük qəbilə ailələrindən birinə aid etsə də, siyasi və ictimai varlığını içində yaşadığı ən küçük qəbilə vahidinə bağlamaqla müəyyən edirdi.
Bu siyasi qohumluq kimliyinin bugünkü Somali cəmiyyətinin quruluşunda da davam etdiyini nəzərə alaraq, biri ayırıcı, biri tamamlayıcı olmaqla, iki təməl özəlliyi mövcuddur. Bir tərəfdən, hər hansı xarici basqının olmaması səbəbindən iki kiçik qəbilə arasında qarşıdurma böyük qəbilə ailələri arasında davam edə biləcək uzun müddətli bir qarşıdurmaya səbəb ola bilirdi.
Digər tərəfdən, belə bir qarşıdurmanın qarşısını ala biləcək və qəbilələrarası həmrəyliyi artıracaq qurumlar da mövcud idi. Zərərin əvəzinin ödənilməsini təmin edən qan pulu (diya) və qəbilələrarası hər hansı bir məsələnin və qarşıdurmanın öhdəsindən necə gələ bilinəcəyini göstərən yazılmamış qanunlar (heer) bu qurumların ən başında gəlirdi. Nəticə etibarilə, qəbilələrə əsaslanan Somali siyasəti bu Somali ifadəsində də özünü açıq göstərən axıcı və praqmatik bir təbiətə malik olmasını göstərdi: “Birini sevirsənsə, onu ılımlı bir şəkildə sev, çünki ondan bir gün nifrət edib-etməyəcəyini bilməzsin; digər tərəfdən, birinə nifrət edirsənsə, ona ılımlı bir şəkildə nifrət et, çünki onu bir gün sevib-sevməyəcəyini bilməzsin”.
Somalinin ayırıcı qəbilə siyasəti qarşısında təməl birləşdirici və tamamlayıcı ünsür İslamdı. İslam Somaliyə 8-ci əsrdə gəlmiş və 18-ci əsrədək yayılmışdı. Ərəb və Somali yarımadaları arasındakı ticarət və köç yüzillər ərzində davam etmiş, İslam mədəniyyətinin Afrika Buynuzunda yayılmasını sürətləndirmişdir. Bu gün Somalililərin 95%-nin özlərini müsəlman olaraq tanıdaqlarını və ölkədən yüksələn pan-Afrika düşüncələrinə baxmayaraq, hələ də əksəriyyətin atalarının Orta Şərq kökənli olduqlarına inandıqlarına işarə edir. İslamın Somali üçün daşıdığı birləşdirici güc isə Somalinin keçmişində özünü göstərir. 16-cı əsrdə müsəlman lideri Əhməd Gureyin xristian Efiopiyaya qarşı başladığı müharibəyə bir çox Somali qəbiləsi qoşulmuşdu. Bundan başqa, Dərviş Muhəmməd Abdullah Həsənin müstəmləkəçi güclərə qarşı başladığı və 21 il davam etmiş cihada somalilərin əksəriyyəti qohumluq bağları olmasa da qoşulmuşdular.
Bənzər bir şəkildə, somalili dini liderlər ölkənin ilk siyasi partiyası olan və qəbilə bağlılıqlarını aşaraq bütün Somali torpaqlarının birləşdirilməsi çağırışını səsləndirən Somali Gənclik Ligasının qurucuları arasında olmuşlar.
Füruzəyə anladıram ki, İslam Somali cəmiyyətinin formalaşmasını təmin etmişdi. Somalidə hələ də böyük sayğı görən dərvişlər və övliyalar müstəmləkəçilik öncəsi Somali toplumunun təməl yapı daşlarından birini təşkil edirdilər. Bu dini liderlərin qəbilələrarasl siyasi vasitəçilik, toplumsal birlik və dini propaqanda kimi fəaliyyətləri somalilər arasında ortaq bir dini mirasın yaranmasını təmin etmişdi. Somalidə İslam faktorunun önəmini göstərən modern bir sübut Somalinin 1974-cü ildən Ərəb Liqasının üzvü olmasıdır. İslamın birləşdirici bir ünsür olmasına baxmayaraq, 20-ci əsrin əvvəlində somalilər heç bir zaman tək bir siyasi hakimiyyət altında birləşmədilər, dolayısıyla ən geniş siyasi vahid birləşmiş qəbilə ailələri olaraq qaldı. Bundan başqa, 20-ci yüzilin əvvəlində qurulan müstəmləkəçi idarəetmələrə qədər Somali Efiopiyanın bəzi qəbilələrinin nəzarəti altına düşməsi istisna olmaqla, heç bir dövlətin hakimiyyəti altına düşməmişdilər. Bu durumun bir istisnası 15-ci əsrdən 17-ci əsrin ortalarına qədər cənubi Somalinin böyük bir hissəsini öz hakimiyyəti altında saxlayan Ajuraan xanədanlığı idi. 17-ci əsrdə həm cənubi, həm də şimali Somalidə mərkəzləşmə yenidən yüksəlişdə olmasından iqtidarın yerli liderlərə keçməsi ilə birlikdə Şəriət yerinə ənənəvi qanunlar üstün mövqe tutmasından söz açıram. Füruzə diqqətlə dinləyir. Yorğun olsam da söhbəti yarımçıq kəsməyə insafım yol vermir. Tarixin səhvini pozmaq istəmirəm. Afrika Buynusu uğrunda Osmanlı-Portuqaliya arası gedən mübarizədən söz açıram. Osmanlıların qabiliyyətindən danışıram. Yəmən və Somalinin şimal bölgələri arası genişlənməsini göz önünə gətirirəm. Deyirəm ki,
Somalinin müstəmləkəçilik öncəsi tarixində önəmli bir yer tutan Harar Əmirliyi Osmanlı dövlətinin Yəməndəki hakimiyyəti sayəsində güclənmiş və 1887-ci ilə qədər mövcudluğunu davam etdirmişdi. Osmanlı dövləti Ədən körfəzinə açılan bir qapı olaraq strateji önəmi böyük olan Zeyla Körpüsü üzərində nəzarətini uzun müddət əlində tutmağı bacarmışdır. 19-cu əsrdə Avropanın müstəmləkə gücləri üçün Şərqi Afrikanın strayeji önəmi təxmin edilməyəcək qədər böyüyəcək və Somali üçün müstəmləkəçilik dövrü başlayacaqdı.

Yol boyu gördüyüm fəlakətlərə baxaraq düşünürəm ki, hələ keçən yüzildə Somali Afrikanın qida depolarından biri idi. Bu gün isə daxili savaşlar səbəbindən aclığın və səfalətin pəncəsində qıvrılır... Bir az pul müqabilində hər kəs silah əldə edib saxlaya bilir... Nəinki saxlaya, rahatlıqla gəzdirə də...
Ölkələrin əksəriyyəti təhlükəsizlik baxımından Somali səfirliyini Kenyada açmışlar. Burda fəaliyyət göstərən səfirlik Türkiyə səfirliyidir ki, insanda qürur hissi doğurur. Afrikanın digər ölkələrində gördüyümüz qərblilər Somalidə nadir halda qarşımıza çıxırlar... Çünki təhlükəsizliyin heç olmadığını yaxşı bilirlər...
Hərəkət etdikcə qarşımıza dəlik-deşik olmuş xaraba binalar çıxır. Divarlarda minlərcə güllə, raket zərbələrinin izi var. Bu izlər ölkənin yaşadığı daxili müharibənin nə qədər yorucu və bezdirici olduğunu göstərməyə kifayət edir.
Küçələr, yollar, evlər hətta şəhərin mərkəzi belə xarabalıqları xatırladır...
Moqadişi küçələrində minlərcə qaçqın var. Boş torpaqlara yerləşmiş qaçqınlar şəxsi imkanları hesabına özlərinə balaca çadırlar qurmuşlar. Əgər buna çadır demək mümkündürsə.... Əsas insani ehtiyaclarını ödəməkdə əziyyət çəkən bu insanlar iqtisadiyyatın çökdüyü bir ölkədə yaşamaq uğrunda mübarizə aparırlar. 20 ildən çoxdur davam edən daxili müharibəyə baxmayaraq toplumun yaşamaq uğrunda apardığı mübarizə təqdirəlayiqdir.
Aclıq və səfalət o qədər dəhşətlidir ki... Çadırlar insanı dəhşətə gətirir.. Bir tikə çörəyə möhtac, aclıqdan və xəstəliklərdən ölən insanların sayı isə yüzlərlədir...
Aclıq bu ölkənin ən böyük problemidir... İkinci yerdə, məncə, sağlıq gəlir... Sağlıq sektoru demək olar ki, yox dərəcəsindədir. Normal xəstəxana tapmaq çox çətindir. Həkim və dərman çatışmazlığı dəhşətli bir problemdir. Hər gün yüzlərlə uşaq xəstəliklərin qurbanı olur. Sanitariya, natəmizlik də çox ciddi problemlərdəndir. Somalinin ən böyük problemlərindən biri də təhsildir. Cəhalət geniş yayılıb.
Yabançılar içərisində Somalilərin ən çox sevgi ilə yanaşdığı türklərdir. Bu günə düşmələrində bir sıra xarici ölkələrin böyük rol oynadıqlarını və bu gün də bu rolu oynamaqda davam etdirmələrində görür Somalilər... Əslində haqlıdırlar... Hələ də Osmanlə dönəmində yaşadıqları rahat dövürlərini həsrətlə xatırlayırlar və ö üzdən də türklərə qarşı böyük sayğı duyurlar... Əslində bu gün də Somalini bu ağır vəziyyətində məhv olmaqdan xilas edən yenə türklərdir.... Humanitar yardımları ilə bərabər Türkiyə və dünyanın müxtəlif ölkələrində yaşayan türk insanları səhiyyə, təhsil, işsizlik problemlərinin həllində də ciddi yardım edirlər. Burada açılan ən normal məktəbləri, sağlıq qurumlarını məhz Türkiyə və türk insanı həyata keçririb. Xəstəliklərin baş alıb getdiyi Somalidə səhiyyə ən ciddi məsələdir. Kiçik rəqəmlər bir çox mətləbləri anlamağa kifayət edə bilər...
AIDS-dən qaynaqlanan ölümlərin 34% və dünyada HİV ilə yaşayan qadınların 40% Cənubi Afrikada yaşamaqdadır. UNAİDS-in ən son HİV/AİDS dünya hesabatına görə, Səhraaltı Afrikada 22.5 milyon insan HİV ilə yaşayır, bunun da 2.3 milyonu uşaqlardır. 2009-cu ildə Səhraaltı Afrikada AİDS-dən ölən insanların sayı 1.3 milyon olaraq təsbit edilmişdir. Səhralatı Afrikada qıtlıq və yoxsulluq ilə epidemiya halını almış HİV/AİDS qızdırma və vərəm kimi xəstəliklərlə birlikdə çox geniş yayılmaqdadır. Bu amillər bir-birindən qaynaqlanaraq Səhraaltı Afrikanı 21-ci əsrdə bpyük bir faciənin içinə çəkmişdilər.

Yaşanan bütün qarşıdurma, epidemiya və qıtlıqlara baxmayaraq, Səhraaltı Afrikanın əhalisi son 30 ildə dünyadakı bütün bölgələr ilə müqayisədə daha sürətlə artmışdır. 1975-ci ilə 2005-ci illər arasında Səhraaltı Afrikanın əhalisinin sayı 335 milyondan 751 milyona çataraq, demək olar ki, 2 dəfə artmışdı. Afrika torpaqlarının quraq olması nəzarət altına alınmayan əhali artımı ilə birləşməsi nəticəsində Afrikanın ərzaq ixracatı 1970-ci illərdə 4.4 milyon ton olduğu halda, 1980-ci illərdə 10 milyon tona çatmışdır. Bu gün Afrika qitəsinin ərzaq ixracatından asılılığı artmaqda davam etməkdədir. Ailə planlaması, arzuolunmaz hamiləliklə mübarizə barədə elementar biliklərin olmadığı Somalidə yoxsul ailələrdə övladların sayının artması ilə ailələrin vəziyyəti daha da gərginləşir ki, bu da ciddi məsələlərdən biridir.
Qalacağımız evə əşyalarımızı tez yerləşdirib Kimsə Yoxmu Dərnəyinin yetim ailələr üçün qurduğu çadır düşərgəsinə və tibb mərkəzinə gedirik. Mərkəzin işi ilə, Türkiyədən yardıma gəlmiş fədakar həkim və tibb bacıları ilə tanış oluram. Mərkəzin qabağında xəstələrin böyük bir növbəsi var. Müayinədə həkimə yardım etməyə başlayıram və ilk olaraq heç zaman unuda bilməyəcəyim Madiino ilə tanış oluram.
Dünyaya və insanlığa bizi görün, yaşamaq istəyirik, bizi ölümə tərk etməyin deyə səslənən minlərlə məsum və günahsız Somalili cocuqdan biri ilə...
(Ardı var)


Fotolar: Firuzə Tağıyeva







14 Yanvar, 2014  13:36 Baxılıb: 1690 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner