Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Qənirə Paşayeva: "Məndən salam olsun ..."

“Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” silsiləsindən

BOLU

Bilgi sahibiylə bilən ayrıdı

Eşqlə alay edənləri gördüm; eşqlilərlə - Aşiqlərlə...

Eşqin ötəri bir hiss olduğunu deyənlər var, gördüm!

Eşqin anlaşılmaz olduğunu söyləyənləri gördüm şəhərlərdə, ölkələrdə...

"Məndən sonra..." kitabıma daxil etdiyim qeydlərimdə yazmışam bu barədə; şəhər-şəhər, ölkə-ölkə gəzib-dolaşdığım yerlərin unudulmazlığının bir özəlliyi də bu qeydlərdə ehtiva olunan həqiqətlərdən keçir.

Necə oldu eşqin anlaşılmaz olduğu barədəki son cümləm, son fikirlərim?.. Hə, bu barədə böyləcə demiş, anlatmışdılar gördüyüm şəhərlərdə, gəzdiyim ölkələrdə: "Eşq anlaşılmaz bir nəsnədi!.."

Qarşılığında "yurd, vətən, millət aşiqliyində, eşqində anlaşılmazlıq gördüyümüz olubmu heç?" sualımı gecikdirdiyim olmadı...

Bütün səmimiyyətimlə "Sənə minnətdaram, sənə dünyada, mənim türkçülük düşüncəm, türkçülük eşqim!" deyə səsləniş etməyim gəlir.

Gözəlim Türkiyənin Bolu vilayətinə etdiyim yolçuluğumun iç düşüncələri böyləcə uzanıb gedirdi sərhədlər boyu.

Azərbaycan insanı üçün Bolu həm də nağıllardan, dastanlardan gələn mifik bir obraz, qədimlik simvoludu. Qos-qoca "Koroğlu" dastanının ən unudulmaz qollarından biri Bolu çevrəsinin qədimdən-qədim yaşamını sərgiləyib həmişə. "Koroğlunun Bolu səfəri" nağıllarımızın ən şirin, doyulmaz örnəyi olub. Bizlərdə Boluyla bağlı bilgilər kökdən, ilkinlikdən gəlir. Sovet dərslikləri dünyanın ən çeşidli ölkələrinin coğrafi durumunu qafalarımıza yüklədiyi dönəmlərdə "Koroğlu"dan qaynaqlanan yaddaşımız “Bolu, Ərzurum, Toqat” deyib dururdu.

Həzrəti Şəmsin Həzrəti Mevlanadan sorduqları bu məqamda sıx-sıx dolanmaqdadı ağlımda: "Bilgi sahibi olmaqla bilmək fərqli şeylərdir. Bilgi sadəcə hafizənin bir parçasıdır. Bu halınla ancaq alim olaraq qala bilərsən. Bilmənin ötəsinə çatmaq, yetişmək ruhumuzun maveraya yolçuluğudur. Bu halınla da Aşiq ola bilərsən. İndi, Mevlana, söylə, sən nəsən, kimsən?

"Nəsən, kimsən?" sualının cavabı isə daha çox bilməkdən keçir. Bilməyin ana beşiyi isə yolçuluqdu. Gərək gedəsən, görəsən. Getdikcə, vardıqca da dilə, sözə yox, daha çox könülə, hala baxa biləsən.

Boluya Tiflisdən keçib gəlmişdik... Könlümün dərinliklərində də bu şeir:

 

Bir hüznlü hava var ki, Tiflisdə...

Yağmurun özü yox, qoxusu var.

Bütün doğmalarımdan uzaqdayam,

Bütün buludların yerinə

Ağlamağa hazıram bu gecə...

 

Təsəllim qarşıda məni bəkləyən doğmalıqlardı; əvvəl Rizə, Trabzon, Giresun, sonra da Bolu doğmalığı! Boluda Koroğlu günlərinə qatılacağıq... Türkdilli ölkələrdən dəvət olan soydaşlarımız Koroğlu çadırının, hücrəsinin altında bir olacaqlar.

Hal-əlbət belədi:

 

Gözlərində ən böyük bulud tutumu yağış,

Qəlbində sonsuz sevgi...

Qısa ömründə əsrlərə sığacaq xəyallar,

İçində yağmur qoxusunun

Ağlada biləcəyi qədər,

Kövrəkliyi, böyük mərhəməti və

Nə qədər yaşlanırsa yaşlansın

İçində hər zaman bir çocuq gəzdirən

Qəribə məxluqdu insan.

 

Koroğlu hər bir türk kişisinin qafasında, ruhunun içinin içində gəzdirdiyi çocuq kimidi. Ya da əksinə - çocuqluğumuzun, deməli, ilkinliyimizin əbədiyaşar hücrəsidi Koroğlu; bir araya gəlmək, bir olmaq, məğrur yaşamaq haqqımızın ölməz, möhtəşəm heykəli Koroğlu. Gerçək Aşiqlərdən olan Koroğlu... Hər bir gerçək Aşiqin aqibəti aqibətincədi. Düzdü ki:

 

Gerçək aşiqlər diridirlər, ölməzlər,

Ruhları da yer altına girməzlər.

Zahid, abid bu anlamı bilməzlər,

Gerçək aşiqlər xalqın Xızırıdırlar...

 

Xalqın Xızırlarından olan Koroğlu; At üstə heykəlini, abidəsini gözəlim Bakının göbəyində qutlayıb yola çıxmışam. Boluda Koroğlu törəni gözləyir məni...

Televiziya kanalları tez-tez ta qədim zamanların heyvanat aləminin qalıqlarını əks etdirən, buzlaqlardan üzə çıxarılan dinazavorların, tarixə qovuşmuş quşların qalıqlarını nümayiş etdirir. Baxırıq; o gözəl canlıların baş, boyun, bədən durumunu cizgiləyən əlamətlər hifz olunmuş, qalmış...

Bolu çevrəsini xəritədə cizgiləyən duruma nəzər salıram... Elə bil haçansa qanadları olmuş bir göyərçin simvoludu. Bir cüt qoşa qanad gətirəcəyi günün röyasına dalıbmiş kimidi. Elə bil Türıkiyə ana bətnidi-ilkinliyinə sadiq bir çocuq səslənir bu bətn içində; Göynük baş tərəfidi, Mudurnu aşkarca boynudu, durub. Seben döş qəfəsi, Kıbrıscıq, Dördivan, Mengen, Yeniçapa, Gerede cismini qapsayan çevrə... Bolu mərkəzində birləşmiş, durmuş...

Bolu... Türkiyə Cümhuriyyətinin Qara dəniz bölgəsinin Batı Qara dəniz bölümündə yer alan kos-koca bir vilayət, 2012-ci il siyahıya alınmasına görə əhalisinin sayı 281080 nəfərdi.

28 mart 2004-cü ildən etibarən Bələdiyyə başkanı Aliaddin Yılmazdır. Bolu mərkəzi ətrafında Gerede, Göynük, Kıbrıscıq, Mengen, Mudurnu, Yeniçağa qəzaları qərar tutub.

Bu ətrafa tarixdə ilk olaraq Bəbriklərin yerləşdiyi bilinməkdədi. Sonra gəlib Miladdan Öncənin 8-ci yüz ili... Bu, o zamanda ki, batıdan gələn Bithuniyalılar Bəbrikləri sıxışdırmış, çıxarmış... "Daha sonra Bithuniya olaraq adlandırılan bu torpaqlardakı başlıca məskunlaşma yerləri Kiokos (daha sonra Prusias, bu gün Konuralp) ilə Bithynion - bukünkü Boludur. İsgəndərin ölümünü izləyən dönəmdə Bolu ətrafında müstəqil Bitniya Krallığı qurulduğu bilinməkdədi".

"Məndən salam olsun Bolu bəyinə"

Tarixin soyuq, qaçılmaz diqtəsi ilə bədii fikrin, poetik ifadənin ehtiva etdiyi həyat gerçəkliyi bəhsləşir yaddaşımda.

İlk oxuduğum kitab "Koroğlu" olub. Bolu haqqında ilk bilgilərim də "Koroğlu"dan gəlir. O gözəlim dastanda yer alan qoşmalarda Boluyla bağlı söylənənlər tarixin diqtəsini hər addımbaşı üstələyir, yaddaşımda kıpır-kıpır gümüldəyir:

 

Məndən salam olsun Bolu bəyinə,

Göndərsin Eyvazı, görəlim gəlir.

Məhəbbəti düşdü könlüm evinə,

Göndərsin Eyvazı, görəlim gəlir.


Yəhərləyib Qıratıma minmədən,

Alayları bölük-bölük bölmədən,

Bolu şəhərin atəşlərə yaxmadan,

Göndərsin Eyvazı, görəlim gəlir.

 

Bu unudulmaz misralar XVI əsrin sonu, XVII əsrin əvəllərində Azərbaycan, Qafqaz və İran ərazisində geniş yayılmış Cəlairilər üsyanlarının gerçək yaşantılarını gözlərim önünə gətirir. Dastanın azərbaycanlılara, Anadolu türklərinə və türkmənlərə aid olan variantları vərəqlənir qarşımda. Bilirəm ki, "Koroğlu"nun müxtəlif versiyalarından bir-birinə daha yaxın olanları Oğuz dil qrupuna daxil olan Azərbaycan, Türkiyə türklərinin və türkmənlərin yaratdıqlarıdı. Bütün bu deyilənlərin gerçəkliyində Koroğlunun Bolu səfəri gözlərim önündən bir kino lenti kimi keçir. Ərənlər ərəni Qoç Koroğlunu qarşı baxan qarlı dağlar belindən aşıb, "Eyvaz" deyibən cəngə qoşan görürəm. Bu görkəmində o, yenilməzdi, qalib şahin kimidi, bir az da saysız qovğalardan bezmiş, usanmış, bir az da üstünə enmiş yaş yükünün altında enmiş, əyilmiş... Həsrətli... Düşüncələrimi Koroğlunun öz deyimləri izləyir:

 

Qarşı yatan qarlı dağlar,

Dağlar sizdə qarım qaldı.

Əlim çatmaz, ünüm yeıtməz,

Dal budaqda varım qaldı.


Məni tutan Bolu bəydi,

Ağır zəncir boynum əydi,

Hamı bir-birinə yeydi,

İgid dəlilərim qaldı...

 

Bütün hirsin, hikkənin qovğası içində belə comərdlik duyğuları ərimir, itmir. Ötüb gedən illərin haqq-salamı bütün pisliklərin yolunu kəsir:

Koroğlum çağırır Yaradan səni,

Yaradan öldürməz, qurtarar məni.

Qorxma, ey Bolu bəy, öldürməm səni,

Qoca qurdu tutan günün necoldu?

Bolu dərədən zirvəyə doğru yürüyən elat köçünə bənzəyir... Nə qədər müasir, çağdaşdısa, daşıdığı tarixin qədimliyi göz önündən getmir.

"...izinsiz daxil olmayin!"

Siz heç bir şəhərə (ölkəyə) daxil olmazdan öncə və ya qədəm basan zaman o torpaqda yaşayan (və ya nə vaxtsa yaşamış) vəlilərdən, övliyalardan, müqəddəslərdən icazə istədinizmi? Məsələn, elə hava limanından şəhərə (ölkəyə) çıxarkən bir anlıq dayanıb o şəhərə (ölkəyə) baxaraq daxilən o şəhərdə yaşamış (yaşayan) vəlilərə, övliyalara qabaqcadan salam yolladınızmı? (Düşündünüzmü, bu şəhər bəlkə o vəlilərin, övliyaların üzü hörmətinə zamana inad duruş gətirmiş, ayaqda qalmışdır?!) Onlardan, daxilən şəhərə (ölkəyə) daxil olarkən xeyir-dua, icazə istədinizmi? Və sizə xeyir-dua, icazə verdiklərini hiss etdinizmi? Hiss etdinizsə necə hiss etdiniz? Onların nə dediklərini duydunuzmu? Sonra o şəhərdə yaşadıqlarınızla hansısa paralellik apardınızmı?

...Əgər indiyə qədər etməyibsinizsə, mütləq bunu sınaqdan keçirin. Özəlliklə, bir müddət bir ölkə və ya şəhərdə təhsil alan tələbələr, işləməyə gedənlər və təbii, ilk sırada yaradıcı insanlara bunu sınaqdan keçirməyi məsləhət görərdim. Bunun nə qədər fərqli bir şey ollduğunu görəcəksiniz. Sözlə anlatması belə mümkün olmayan bir ruh olayıdır bu...

Mən də öncələr bunu etməzdim... ta ki, Şəms Təbrizinin öyküsünü oxuyanadək... Onun öyküsünü oxuduqdan sonra “salam”ımı göndərib gedirəm və inanılmaz... bəlkə, ancaq İlahi güclə izah ediləcək mənzərə açılır qarşımda; o şəhərin (o ölkənin) məni necə qarşılayacağını, burada yaşaya biləcəyim həyatı, məni gözləyən havanı, şəhər ovqatını öncədən hiss edirəm, sanki...

Yəqin sizə maraqlıdır hansı öyküdən danışıram... Elə isə, biz deyək, oxuyan gözlər, dinləyən qulaqlar var olsun!

Belə nəql edirlər ki, Şəms Təbrizi bir şəhərə girməzdən – şəhər qapılarından keçməzdən öncə bir müddət dayanar, daxilən o şəhərdə yaşamış və yaşayan bütün vəlilərə qabaqcadan salam yollayar, onlardan xeyir-dua istəyirmiş. Yəni, şəhərə daxil olmağa icazə istəyirmiş və ancaq onların icazə verdiyini ruhən duyduğu zaman şəhərə daxil olarmış. İlk dəfə ona fərqli münasibət göstərən Konya şəhəri olub. Konya vəliləri onun çağırışına susqunluqla cavab verdikdə Şəms Təbrizi ona niyə icazə vermədiklərini soruşur. Sən demə vəlilər və onların dünyasını dəyişənlərinin ruhu sadəcə Şəmsin gələcək aqibətindən qorxduğu üçün tərəddüd keçirirlərmiş. Az keşmiş Şəms onların cavabını eşitməyə başlayır. “Sənə icazə veririk”, - deyirlər, - amma biləsən ki, səni bu şəhərdə daban-dabana zidd iki şey gözləyir. Ortası toxdur. Ya saf eşq, ya qatı nifrətlə qarşılanacaqsan. İstəyirsən bunu bir düşün”.

Şəms heç düşünmədən “Bir halda ki, saf eşq var, yetər” deyir...

Görünən və dinlənilən Bolu

Dedim axı, nə qədər müasir, çağdaş olsa da belə, daşıdığı tarixi qədimliyi ilə daha çox nağıllar, əfsanələr dünyasının yadigarı, əmanəti kimi yaddaşı oyadır Bolu şəhəri. Göz önündəki abad evlərdi, ən müasir üslubda hasilə gətirilmiş otellər mədəniyyət mərkəzləridi! Yaddaşdasa ərənlər nərəsi, at kişnərtisi, cəng, savaş qovğası, qılınc qalxan cingiltisi. Göz yetirib baxdığımız Bolunu dinlədiyimiz Bolunun tarixi qədimliyi izləyir.

Roma dönəminin Bolusu

Bu dönəmdə daha çox diqqət çəkib Bolu. Tarixdə deyildiyi kimi, önəmi artıb.

Sonra da dəyişib durumu tez-tez!

Ərəb axınları gəlib üstünə...

Bizansla Anadolu Səlcukları arası əldən-ələ keçməsi tarixi XI yüzilliyin payına düşür. XIII əsr-artıq tam olaraq Anadolu Səlcuklarının əlindəndi.

Sonra Elxanilər idarəçiliyi gəlir.

Osman Qazi dönəmində Konur Alp tərəfindən Osmanlı torpaqlarına qatıldı, Sancaq mərkəzi olaraq tanındı.

1324-1692-ci illər arası Bolunu Bolu edən bəylər arasında Konur Alpın, Gündüz Alpın, I Süleyman (Qanuni) və Zor Mustafa Paşanın adları, xatirələri heç unudulmadı ki...

Bolunu bir ara İsfəndiyaroğulları zəbt eləmişdi, 1692-ci ildə Sancaq bəyin yerinə keçən Voyvodalarca yönədildi. Gəldi 1811-ci il... İkinci Mahmud Voyvodalını

aradan qaldırdı, nəticədə Bolu Viran şəhər adıyla yenidən Sancaq oldu.

1864-cü ildə Vilayət Nizamnaməsi ilə Bolu Sancağı Kastamonu vilayətinə bağlandı. İkinci Meşrutiyettən (1908) Cümhuriyyət dönəminə qədər müstəqil Sancaq olaraq tanınan  Bolu 1923-cü ildə vilayət halına gətirildi. Ahmet Fahrettin Bolunun ilk valisi oldu.

Bolunun  Claudiopolis adıyla tanınan vaxtları olub. Bu, daha çox Roma dönəminin olmuşlarıdı. M.Ö. XII yüzilliyin əvvəllərində imperator Hadrianusun sevgilisi Antioosun doğum yeri olması səbəbiylə xüsusi əhəmiyyət qazanan şəhər daha sonra Hadrionapolis adıyla qeyd olunmağa başlamışdı.  Bizans dövrü Polis adıyla tarixə düşən şəhər XI əsrdən etibarən bölgəyə gələn Türkmənlər tərəfindən Bolu olaraq tanınmışdır.

Bolu iqlimlərin kəsişdiyi bir vilayət olduğu üçün çox fərqli, müxtəlif çeşidli flora və faunaya şahidlik edir. Güneyini yaz quraqlıqları izlər Bolunun.

Dörddivan, Yeniçağa və Gerede qəzaları doğuda, Mengen quzeydoğuda, Göynük və Mudurnu güney batıda, Seben və Kıbrısçık güneydə qərar tutubdu.

Batısında Düzcə və Sakarya, güneybatısında Bilecik və Eskişəhər, güneyində Ankaradı.

Çankiri güneyində, Zonguldağ quzeyində, Karabük doğusundadı. Sərhəd çevrəsi 621,4 km-dir.

Düzcənin vilayət olaraq ondan ayrılması səbəbindən Bolunun dənizlə əlaqəsi qapanmışdır.

Mənə bir təbəssüm et

Bir az öncə behiştlik Şəms Təbrizinin “İznsiz daxil olmayın” tövsiyyəsini xatırlatmışdım.

Onun dedikləridi: “Şəhər qapılarından keçməzdən əvvəl bir müddət dayanın, daxilən o şəhərdə yaşamış və yaşayan bütün vəlilərə salam yollayın, onlardan xeyir-dua istəyin”.

Öyləcə də etmişdim.

Zəng açmışdım, gəldiyimizi bildirmişdim Boludakı dostlara: “Başımız, gözümüz üstündə yeriniz var” demişdilər.

Necə demişdilər öyləcə də oldu.

Gecədən xeyli keçməsinə baxmayaraq hörmətlə qarşılayıb otelə götürdülər bizi. Göstərilən səmimiyyət təmiz dağ havasına qarışıb könlümüzü oxşadı, yol yorğunluğumuzu unutdurdu. İllər öncəsi yazdığım şerin misraları dolandı yaddaşımda:

Mənə bir təbəssüm et –

İllərimi al.

Bircə dəfə “canım” de –

Ömrümü al!

Boluda olduğumuz hər qədəmdə təbəssümü bol-bol gördük, “bir canıq, bir qanıq” doğmalığının keçdik köynəyindən hər addımbşı. Bəlkə elə bu anların xoşbəxtliyi, mutluluğu yazdırmışdı bu şeri mənə; özü gəlməmişdən sözü gəlmişdi:

-Xoşbəxtəmmi?

-Xeyir!

-Bədbəxtəmmi?

-Xeyir!

Ən azı, tabutumu götürəcək

Dostlarım var...

Orda, dədə torpağımız, ana yurdumuz olan məmləkətin bir bölgəsində, Koroğlu nərəli, Koroğlu nəfəsli Boluda sübhəcən düşündüm yazdıqlarımı.

“Məndən sonra...” kitabımdan keçən sətirlərdi: “Heç tanımadığımız birini qısa zamanda tanımaq istəyirsinizsə hansı kitabları oxuduğunu soruşun, hansı musiqiləri, mahnıları dinlədiyini, həyat fəlsəfəsini soruşun”.

Hə, bir də hansı məmləkəti, hansı ölkəni, yurdu-yuvanı gəzib-dolaşdıqlarını... Tutaq ki, Boluya tarixin gözüylə baxa bilməyənlərin gözündə bir heçdi dağı, daşı da...

Hər il mayin ikisində

Bolu valiliyi, Bolu Bələdiyyə Başkanlığı və Abant Baysal Universitetinin birgə təşəbbüsü ilə hər il mayın ikinci həftəsində bir həftə davam edən İzzət Baysal Şükran günləri keçirilir. Bolu əhlinin “Bolunun babası” deyə xatirəsini əziz tutduqları unudulmaz İzzət Baysal o günlər ərzində bol-bol anılır, anılır.

Mengendə düzənlənən Aşçılıq və Turizm festivalı keçirilər hər ilin haziran ayında. Aşbazlıq sənətinin daha geniş yayıldığı bu qəzada həmin günlərdə çeşidli mərasimlər düzənlənər, təamlar dadılar.

Atatürkün Boluya gəlişi günlərinin unudulmazlığı 17 temmuz 1934-cü ildən yönü bəri hər il eyni gündə yenidən yaşanar.

Ağşəmsəddin Həzrətlərini anma günləri mayın son bazar günündə Göynükdə keçirilər.

Hər il Mengendə Babaxızır, Yeniçağada şair Dərdli, Mudurnıda Şeyx-ül Ümran, Boluda Təkkə Ümmü Kamal, Tokad-i Hayrettin günləri keçirilər. İrfan sahibləri yetərində anılar. Bu unudulmaz anlar barədə düşündükcə görkəmli Azərbaycan şairi, türkçülük düşüncəsinin fikir babalarından olan Hüseyn Cavidin “Kişi irfan ilə kamala yetər” deyimi dönüb-dönüb də yenidən fikrimdən keçir. Eyni zamanda da ustad Aşıq Veysəlin əmanət misraları:

Mən gedərəm, adım qalar,

Dostlar, məni xatırlayın.

Düyün olar, bayram olar,

Dostlar, məni xatırlayın...

Elə bil tam bu günlər eşqinə yazılıb. Ömrünü “beyhurə dolanıb, boşa yormayanların” haqqıdı ki, böylə anılsın, xatirələri çeşidli düyünlə, bayramla yad edilsin. “Hər kişi dayanmaz cövrü-cəfaya, aşiqdən məşuqə üsyan görünür” dünyagörmüşlüyü ilə yaşayıb, ömür edənlərin unudulmaz haqqıdı bu. Həm də bir tərbiyə vasitəsi...

Haziran ayı içində Kıbrıscıkda Qaragol şənlikləri, Mudurnuda İpəkyolu mədəniyyət festivalı, Mengendə Aşçılıq və Turizm festivalı, temmuz ayında Boluda Sarıalan yayla şənliyi, Gerededə Esentepe Yağlı görüşləri, ekim ayında Sebendə Alma festivalı və s. keçirilir.

Bolu təbiət gözəlliklərinin məskənidi. Müalicə əhəmiyyətli mədən suları Akmina və Çelik Boludan axır.

Türkiyənin ən böyük ormanlıqları Bolu vilayətini çevrələyir.

Göynük, Mudurnu tarixi özəllikləri Boluya bağlıdı.

Kökez suyu burdan axır.

Seben gölü gecəli-gündüzlü ayna tutur Bolu dağlarına, ormanlarına.

Aşbazlıq sənətinin el-el yayıldığı məkandı burası.

Tokat-i Hayrettin həzrətlərinin türbəəsi müqəddəslik məkanı olaraq  Boluda qərar tutur.

Sarıalan, At, Kıbrıscık, Sinnecük, Tənbəl, Ardalan yaylaları çevrələyir Bolunu. Koroğlu dağı, Göynük Çubuk, Göykük Sünnet gölləri gözəldən gözəl...

Yazıca yaylasına qalxsan gözəldi, nə mutlu Saçlık təpəsinə mehman olasan. Tarixi Kıbrıscık evləri laylanı çala, qalxmaq həvəsin bol ola Göynük zəfər qalasına.

Hələ Göynük Qazi Süleyman Paşa Hamamının tarixi qədimliyindən boylanıb baxan paklıq, təmizlik...

Hələ Göynük Qazi Süleyman Paşa Ca mesinin tarixə yoldaşlıq edən durumu. Elə bir yandan dönüb-dönüb təlqin edir ki, insan öncə beynini, əlini, dilini təmizləməyi bacarmalıdır... Allahın hər şeyi gördüyünə inanan haram yeməz, kiminsə  haqqına

Sahib çıxmaz, illah da qəlb sındırmaz, könül qırmaz Allahını tanıyan adam.

Bir gün sevgili peyğəmbərimiz Həzrəti Məhəmməddən soruşurlar:

-İslam nədir?

-Gözəl əxlaq-deyə cavab verir Tanrının sonuncu elçisi.

Təkrar soruşurlar:

-İslam nədir?

Peyğəmbərimiz yenə bir kəlmə ilə cavab verir:

-Gözəl əxlaq!

Allaha gedən yol da, Kəbəyə gedən yol da, məscidə gedən yol da... gözəl əxlaqdan keçir.

Kənan Rifan həzrətləri həyatlarını davamlı ibadətlə keçirənlərə qarşı çox dərin sayğı göstərməklə yanaşı, deyərmiş: “Davamlı ibadət etmək gözəl şeydir. Fəqət bu ibadət də vücuda bağlııdır. Gerçək ibadət qəlblə edilən ibadətdir. Yəni, hər zaman Allaha aşıq bir qəlb daşımaqdır...” Və belə bitirmişdi söhbətlərinin birində fikrini: “Bir anlıq yoxluğumuzu yansıtmaq, mənliyinizlə bütün il boyu ibadət etməkdən daha xeyirlidir”.

Göynükdə qərar tutan Ağşəmsəddin, Debbak Dədə (Tabak Dədə), Ömər Sıkkiyi (Bıçaqçı) türbələrinin özlərində ehtiva etdiyi ruh diriliyi, mənəviyyat yaşarlığı da bu haqlardan bəhs edirmiş kimi üzbəüz dayanır ziyarətçiləri ilə...

...Tibb İnstitutunda oxuduğum zamanlar idi, növbədə idim. Ağır xəstələrdən biri can verirdi. Çox imkanlı əinsan idi, amma var-dövləti ona heç bir kömək edə bilmirdi. Vaxtın artıq tamam olduğunu hiss edirdi. Oğluna bir neçə nəfəri çağırtdırdı...  Halallıq istəyirdi, onlarla danışdıqca gözlərindən peşimançılıq yaşları axırdı. Hətta həkimlərin bu qədər həyəcanlanmanın onun üçün mənfi sonuclarını xatırlatmalarına baxmayaraq belə... son missiyasını həyata keçirmək istəyirdi. Üzündə elə qəribə peşimançılıq vardı ki, ona bircə il əlavə ömür verilsəydi tamam başqa cür yaşayacağını görmək çətin deyildi. Amma gec idi, çox gec!

Gec, çox gec olmamağın yolunu-yolağasını diqtə edir Ağşəmsəddin, Tabak Dədə, Ömər Sıkkiyi türbələri.

“Dünyada insandan yalnız sadəcə yaxşılıq və pisliklər qalır” inancının dərsini verir bu abidələr.

Kartalkaya Koyak Mərkəzi çevrəsində yaşanan duyğular bunları söyləyir. Gavur evlər məqamlarının duyğuları bu biçimdədi. Bolu dağları boyunca sıx-sıx cərgələnən ən müxtəlif çeşidli ağaclar, gül-çiçək kolları belə səsləniş edir. Eşidə bilənlərin, duya bilənlərin xoş halına...

Hər görüş bir ömür qədər şirindi

Boluya gəlişimizin ilk axşamı... Bolu Ticarət və Sənaye Evində (Mərkəzində) Türkiyə-Azərbaycan dostluğuna həsr edilmiş törənə dəvətliyik. Mərkəzin rəhbərliyi adından Mehmet Özdemir bəy salamlayır bizi. Tam bir Azərbaycan sevdalısıdı. Tarixi qardaşlığımız, eyni kökdən gəlib eyni kökə getməyimiz haqqında ürək dolusu sevgilərlə söz açırıq. Türkdilli ölkələrdən Koroğlu günlərinə dəvətli olan qardaşlarımızla bir aradayır. Deyilən hər sözü, ifa edilən şərqiləri, oxunan şeirləri sürəkli alqışlar izləməkdədi. Ürəklərin bir olan dünyasını əllər haqlayır. Bu tarixi birlikdən söz açıram. Bizi birləşdirən tarixi dəyərləri önə çəkirəm. Dövlət başçıları səviyyəsində Azərbaycan-Türkiyə əlaqələrinin daha da genişlənməsinə yönəli işlərdən söhbət açıram. Hər sözümü alqışlar izləyir. Türkiyənin tanınmış musiqiçiləri ilə Azərbaycanın dəyərli şair və müğənniləri bir səhnəni bölüşür.

Qarşılıqlı olaraq xatirə hədiyyələri təqdim edir, şəkillər çəkdiririk.

Ertəsi gün daha bir törəndə yenidən görüşürük... Bu dəfə  Bolu Bələdiyyə başkanı Alaaddin Yılmazın iş otağında. Təəssüratlarımızı bölüşürük. Alaaddin bəy gəlişimizdən məmnun olduğunu bildirir. Qarşılığında Azərbaycan ilə Türkiyə arasında əlaqələrin yüksək səviyyədə olmasının reallıqlarından söz açıram, bu əlaqələrin getdikcə daha genişlənməsinin vacibliyini qeyd edirəm. Bolu bələdiyyəsinin Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istədiyimi bildirirəm. Sonra da hədiyyələrimi təqdim edirəm; qəhrəmanlıq simvolu olan qılıncı və yenicə işıq üzü görmüş kitablarımı. Bu kitablarda qardaş Türkiyəyə,

onun ayrı-ayrı bölgələrinə etdiyim səfərlərimin unudulmaz anları yer alıb. Təbii ki, Bolu haqqında düşüncələrimin növbəti cilddə yer alacağını da diqqətə çatdırıram.

Öz növbəsində Alaaddin Yılmaz da hər iki qardaş ölkənin bölgələri, bələdiyyələri arasında əlaqələrin daha da genişləndirilməsinin vacibliyini qeyd edir. Yaxın zamanlarda ölkəmizə səfər edəcəyini və bu səfərin Bolu bələdiyyəsi ilə Azərbaycanın bölgələri arasında əlaqələrin daha da inkişafına öz töhfəsini verəcəyinə inandığını deyir.

Türk Ocaqlarının Bolu Şöbə başqanı Hüseyn İkanın o unudulmaz görüşlərə qatıldığı anları unutmuram heç.

Eləcə də Bolu ətrafı gəzib-dolandığım yerlərin təbiət gözəlliklərini elə hey xatırladım, xatırladım.

Məsələn, Böyük Melan körpüsündən keçib Düzcə qovşağı boyunca Gümüşobaya, Düzcəyə, Zonquldağa nəzər yetirdiyim anları. Buradan Boluya 54 km-lik yoldu. Bir az da Boluya tərəf yürüsən Kiçik Melen körpüsünü keçəcəksən, sonra Üçkörpünü və Bolu dağını... Gələcək Albantdının sırası. Dərəbaşının evləri lalə düzümünü xatırladacaq sənə. Dağ kəndi-2 salamlayacaq səni. Bolunun başı üzündən Çayyərdi keçəcəksən. Buradan Yeniçağa 26 km-dir. Sonra gəlir Gerede, Rüzgarlı.

Həmzələri, Ovacığı keçdiyim anlar yadımdadı. Əksibazar-Bolu arası 120 km olduğunu qeyd dəftərçəmə yaxşı-yaxşı köçürmüşəm. Cumayakı, Burunsuz çay, Kurtoğlu, Şehitlər parkı, Üç evlər  boyu keçdiyim anlar bir-bir gəlib gözlərim önündə dayanır. Yol boyu lövhələr səmtləri göstərir; Ankara-İstanbul yolu bir yana, Əksipazar yolu əks səmtə burulur. Samsun-Çarkeş yol ayrıcından Geredeyə 32 km-dir. Burdan İstanbula 331 km... Ayaqlarımızdan öncə könlümüz uçunur, qəlbimiz atlanır. Dahi şairimiz İmadəddin Nəsiminin “Dünya duracaq yer deyil, ey can, səfər eylə!” səslənişi bələdçilik edir hər qədəmimizə. Gedirik, əl edir ayna bulaqlar, yaşıl biçənəklər səsləyir bizi. Fikirlərim kimi yollar da əriş-arğacdı, dolaşıq, çal-keçirdi. Gah gəzib-dolaşdığım bölgələrin bir  başı çəkir xəyalımı, gah o biri səmti. Hansından başlayıb, hansına doğru düşünüb-anmağın səmtini itirirəm. Xoş-xoş görüşdüyüm kimi, xoş-xoş da xudahafizləşirəm; Xalq şairi Məmmdə Arazın diliylə:

Ey dəvə yal, düşdüm daha belindən,

Ovsar cığır, çıxdın daha əlimdən,

Balam çiçək, bir də öpüm telindən,

Salamat qal, salamat!

“Təmiz ol, naməhrəmə baxma... Qəlb qırma, ədəbli, comərd ol” söyləmiş o Şeyx...

Böyük şəxsiyyətlərin xatirəsi Bermud üçbucağı kimi çəkir yaddaşı. Ayağından öncə könlün yürüyür...

Göynüyə aparan yollar boyunca min dəfə haqladım bu haqqı, Xudam!

Təkcə coğrafi bir məkan deyil ki, Göynük... 1390-1459-cu illər arası yaşayıb, mübarək ismiylə tarixi şərəfləndirən Ağşəmsəddin Həzrətlərinin uyuduğu ocaqdı.

Ağşəmsəddin həzrətləri...

Fateh Sultan Əhmədin xocası...

Əsl adı, soyadı Şəmsəddin Məhəmməd b.Həmzədir.

1390-cı ildə Şamda doğuldu.

1459-cu ildə Göynükdə haqq dünyasına qovuşdu.

Şeyxi Hacı Bayram ikinci Sultan Mahmudun sevimlisi, həmsöhbəti idi. Həmişə şeyxinin yanında olduğundan şahzadə ikinci Mehmetlə tanış idi.

Fəthdən öncə iki dəfə Sultanın yanına Edirnəyə də səfər etmişdi. Birinci gəlişində Sultan II Muradın sadiq əsgərlərindən Çandarlıoğlu Süleyman Çələbini, ikinci gəlişində  Fateh Sultan Mehmet qızlarından birini müalicə etmişdi.

1453-cü ildə  Fateh Sultan Mehmet İstanbulu fəth etmək məqsədi ilə  Ədirnədən yola çıxınca Ağşəmsəddin də digər tanınmış şeyxlərlə bərabər ona qoşulmuşdu.

Hücumun ən sıxıntılı vaxtlarında belə dönməz bir inamla ordunun mənəvi gücünün yüksəlməsinə yardımçı olmuşdu. Bu sıxıntı anlarında zəfərin yaxın olması müjdəsini dəmadəm yetirmişdi Fatehə. Topqapı sarayından tapılan məktubları bu deyilənlərin şahidləri kimi ömür edir.

Fatehdən sonra Ayasofyada qılınan ilk cümə namazında Xütbəni məhz Ağşəmsəddin oxumuşdu. Böyük Sultanın istəyi üzrə Həzrəti Peyğəmbərimizin (s.) bayraqdarlarından biri olan, islam ordusunun daha öncəni fəthlərindən birində şəhid olmuş Əbu Əyyub Əl-Ənsarının qəbrini də Ağşəmsəddin nişan vermişdi.

Fəth mjdəsi islam aləmini nura boyadı. Ardınca Fateh Sultan Mehmet padşahlıq taxtını tərk edib bütün yaşamıyla Şeyxə bağlanmaq qərarında oldu. Ondan təriqət ahkamını əxz etməyə qərarlı oldu. Ağşəmsəddin böyük dirəniş göstərərək Sultanın bu arzusuna əngəl olmaq istədi. Bacarmayacağını anlayınca Gelbolu üzərindən Anadolu yaxasına keçərək Göynüyə döndü. Sultanın könlünü almaq üçün göndərdiyi hədiyyələri geri qaytardı.Göynükdə tikdirmək istədiyi came və təkkəni də qəbul etmədi, sadəcə bir çeşmə yapdırılmasına razı oldu...

Könlü su kimi aydın olan çeşmə yapdırmayıb nə yapdıracaqdı ki...

Tibb tarixində ilk dəfə mikrob məsələsini tədqiq etməklə Ağşəmsəddin Həzrətləri italyan həkim Fracastoru tam yüz il qabaqlamışdı.

Banisi olduğu Bayramiyyənin Şəmsiyyə qolu özündən sonra Göynükdə oğlu Fəzlullah, Kayseridə İbrahim Tennuri, İskində Attaroğlu Muslihuddun, Ankara və çevrəsində isə Həmzə əş-Şami tərəfindən davam etdirilmişdir.

Boludan Göynüyə aparan yol boyunca bu ibrətamiz tarix bütün kutsallığıyla dönüb-dönüb də yaddaşımda dolandı.

Vəfatından 5 il sonra yapılmış türbəsi önündə ehtiramla baş endirib, mübarək xatirəsini yad etdikcə dəfələrlə gözlərim önündə gəlib dayandı; Apaydın görürdüm: Fateh Sultan Əhməd ağ at üstündə zəfər məqamına doğru çapmaqdadı... Mənəvi ustadı Ağşəmsəddin Fatehi qədəm-qədəm təqib edir.

Dönməz bir inamla “Allah səninlədir, zəfər səninlədir!” – deyə Sultanın yürüşünü müjdələyir.

Göynük şəhər bələdiyyəsinin başkanı ilə bir arada olduğumuz dəqiqələrdə də bu düşüncələrlə baş-başa oldum. Bələdiyyə binası ilə üzbəüz yüksəklikdə görünən qala başında dalğalanan Türkiyə bayrağını baxışlarımla, qəlbimlə salamladığım anlarda Ağşəmsəddin Həzrətlərini müjdə məktubları yazıb göndərən, Ayasofyada namaz xütbəsi oxuyan gördüm. Mübarək türbəsini  sonsuz sayğılarla ziyarət etdim, səcdəsinə əyildim.

Sonra tarixi Gürcülər qonaq evinin ziyarətinə qədəm aldıq. Bu mədəniyyət evinin təsviri qələmə gəlməz... Gərək şair olasan, rəssam olasan. Hər oda bir tarix naxışı kimi. Elə bil pilləkənlər adamı uca dağ başındakı tarixi qonaq evinə qaldırmır, daha çox zamanın o çağına enıdirir. 180 illik tarixi ilə gözlərimiz önündə dayanır Gürcülər qonaq evi. Gökader olaraq mədəniyyət evinə çevrilib. Bura canlı, hər predmeti az qala nəfəs alan, yaşayan bir muzeyidi. Elə bil sakinləri yuxuya gedib, ayaq səsimizdən qalxıb-oyanacaqlar. Mətbəxdən gəlin odasınacan nə var yerbəyerdi, uyuyub sanki. Hər predmet “Mənə yaxın gəlin!” səslənişi etməkdədi. Heç birinin könlünü qırmamaq amacıyla qoşa şəkillər çəkdiririk...

Qazi Süleyman Paşa camesini, Dəbbaq Dədə (Tabak Dədə) türbələrini ziyarət edirik Göyküyün. Ömər Sınkıyı türbəsi önündə dünyanın gəlimi-gedimi haqqında dədələrimizin dil ucuna gətirdikləri yaddaşımızı oyadıbh keçir: “Gəlimli-gedimli dünya, son ucu ölümlü dünya...”

Göynüyün məşhur çay evlərindən birinə qonaq oluruq. İçəri keçməzdən əvvəl bir daha Zəfər qalasının başı üstündə dalğalanan al bayrağa nəzər yetirirəm. Ətrafımızda dayanan, bizi xüsusi bir mehribanlıqla salamlayan insanlara “Əleyküm-əssalam” deyirəm; eyni dildə, eyni dində, eyni doğmalıq hissilə.

Çay süfrəsi arxasında tarixi dostluq, qardaşlıq bağlarımız, əlaqələrimiz haqqında olan söhbətlər yenidən öz məcrasına düşür.

...Günəşin qürub vaxtıdı. Ancaq ruhu qürub etməyənlərin ziyarət haqqı səsləyir bizi. Ziyarət etməmək günaha yazılar. Necə getməyəsən, ziyarətinə əyilməyəsən Tokad-i Hayrettin həzrətlərinin türbəsinə?! Daş üzərindəki “Ey zair, bu xəlvətxanada yatan Tokad-i Hayreddin əfəndidi” yazısı önündə necə xəyala dalmayasan? Yaddaşından keçməyə ki: “Əcəl aldı, yer gizlədi, fani dünya kimə qaldı?”

Hər qarış torpağin xətri əzizdi

Bolu – Geresun arası keçdiyim yolları izləyən dağ-dərə bəhsləşmələri də öz ata-baba yurdumun coğrafi görünüşünü sıx-sıx yadıma salır. Bizim Tovuz rayonunun yaylaq səmtinə güzarınız düşərsə bu bənzəyişin nədənliyini əlbəəl hiss edərsiniz. İllah da Əsrik-Çırdaxandan keçib Çeşməli istiqamətinə yürüdüyünüz məqamda...

Bir-birini izləyən dağ-aran mənzərələri... Bütövlükdə insan beyninin şəkillənməsi kimidi. Bizim tanınmış oftamoloq, gözəl şair Paşa Qəlbinurun yazdıqları var: “İki qoz ləpəsini üz-üzə qoysaq insan beyninin modeli kimi göz önünə gələr...” Maraqlı və dəqiq müşahidədi. Bu, öz yerində. Ancaq bu dağ-dərə əvəzlənməsinin gerçək şəkli də insan beyninin modelini yüzdə-yüz şəkildə özündə ehtiva edir. Ən azından özündə yaşatdığı xatirələr dünyasına görə. Ən azından taırixə vəfadarlığı ilə. Tanrı əliylə çəkilmiş foto-şəkil kimidi; yüz il, min il əvvəl neçəydisə, eləcə də qalıb. Bax, uzaq-uzaq bölgələrdən Boluya aparan bu dağ yollarıyla vaxtilə xalq qəhrəmanı Koroğlu keçib, Ağşəmsəddin Həzrətləri adlayıb, indi dərin ehtiram duyğuları ilə çağdaş nəsillər keçib gedir.

Nevşəhər səmtdən Bolu vilayətinə dağ adlayıb-dərə keçdikcə çeşidli təbiət mənzərələri dost süfrəsi kimi açılır önündə.

Böyük Melen körpüsü Düzcə qovşağına, Düzcəyə, Gümüşobaya, Zonquldağa əmanətləyir müsafirləri. Abantı keçirsən, Çayyurdu adlayırsan, Yeniçağa, Geredeyə, Rüzgarlı körpüsünə salam verib keçirsən, iynəyarpaqlı ağacların düzümü səni qarşılayan dost səfinə bənzəyir. Küftəçi Rəmzinin restorantı buradadı. Burdan Yeniçağa 7 km-dir. Bu aradan sağ üzə Zonquldağa, Bartına yol ayrılır. Dörddivandan Ankaraya 125 km-lik yol olduğu bildirilir. Gerededən sağ səmtə Karabinə, Samsuna yol ayrılmaqdadı. Samsuna yetincə 400 km yol keçməlisən. Gerededən Karabükə aparan yol illərin doğmasıdı mənə. Bu barədə unudulmaz xatirələrimi birər-birər yazmışam.

“Ey türk, titrə və özünə dön!..”

“Ey Türk milləti! Bəylər! Sözümü eşidin! Türk millətini toplayıb el-obanın vəsfini bu daşa yazdım. Millət yenə səhv edərsə öləcəyini də bu daşla həkk elədim. Hər nə sözüm varsa yazdım. Ona baxaraq bilin, indiki türk bəyləri!

Türklərim, cəmi bəylərim, cəmi millətim! Qazanımb el tutduğum bu yerdən, xaqanından ayırmasın, yaxşılıq görəcəksən. Evində oturacaq, dərdsiz olacaqsan...

Ey Türk! Titrə və özünə dön!”

Tanrı kimi göydə olmuş Türk Bilgə Xaqanın son sözü, vəsiyyəti, nəsiyyəti belə olmuşdu! Belə demiş, belə söyləmişdi...

Boluda iştirakçısı olduğum Koroğlu Yayla şənliklərinin gedişatı sanki böyük Türk Xaqanının bu unudulmaz çağırışının gerçək cavabı idi.

Dörddivana bağlı Koroğlu Yaylasında hər il temmuz ayı içində düzənlənən bu unudulmaz şənliklərdə əsl Türk birliyinin aurası yaşanır. Türkdilli ölkələrdən də

Vətli olan hər bir sənətçi, elm və ədəbiyyat adamları bu şənliyə Türk ruhbirliyinin bir məqamını gətirir. Böyük meydanda düzənlənən açılış mərasimindən sonra Koroğlu Yaylası səmtinə yürüş edirli.

Qılıncı, qalxanı başı üstündə, elə bil at üstə Koroğlu gedir!

Yan-yörəsində də igid silahdaşları... Bolu valisi, Bolu böyük şəhər bələdiyyəsinin başkanı, millət vəkilləri şənliyə dəvətli olan müsafirlərlə, sadə insanlarla bir aradadı. Hər kəs “Bilik” deyir, “Qardaşlıq!” deyir. Hər kəs “Bizim ellər yerindəmi?” sorğusunun ümidli cavabına hesablanıb.

Elə bil yuxular aləmindəsən. Ya bir kino lentinə baxırsan.

Elə bil Doqquz Oğuz – On Uyğur ataları və cocuqları bir aradadı.

Elə bil “Dədə Qorqud” dastanlarından, “Minas”dan, “Koroğlu”dan oxuduğumuz səhnələrin gerçək yaşamıyla üzbəüzük...

“Oğuz dastanı”ndan oxuduqlarım birər-birər oyanır yaddaşımda: “Ertəsi gün dan ağararkən Oğuz xanın cıdırına günəş kimi bir işıq girdi. O işıqdan göy tüklü, göy dərili böyük, erkək bir qurd çıxdı. O qurdu Oğuz xaqana dedi ki, “ey, ey.

Oğuz, sən Urum üzə yürümək istəyirsən. Ey, ey Oğuz, mən də sənin önündə yürümək istəyirəm!”

O anımda o boz Qurdu öz doğmaca qardaşım kimi xatırlayır, anır və onun yerinə olmaıq istəyirdim. Oğuz elini xilas naminə Dağlıq Qarabağ adıyla tanınan əsir yurd yerlərimizin üstünə yürüyən gömək istəyirdim. Və lap ön cərgədə, ilk sırada öz yerimi görürdüm”.

...Görürdüm yox, canlı olaraq yeriyirdim, böyük bir türk toplumu ilə bir arada yeriyirdim Koroğlu Yaylasına doğru. Qulaqlarıma xalq qəhrəmanının ölümsüz səsi gəlirdi:

Hoydu, dəlilərim, hoydu,

Yeriyin düşmən üstünə.

Elə bil xatunlar xatunu Nigar xanımın, igidlər igidi Xan Eyvazın səsini eşidirdim:

Hanı mənim Qoç Koroğlum,

Gələ girə bu meydana...

O gözəl şənlikdə, yaylada Koroğlu at üstündə görməyimin məmnunluğunu yaşayırdım. At muraddı deyirlər.

Özümü bütün muradlarımıza yetəcəyimizin lap bir göz qırpımlığında hiss edirdim. Önümdə Koroğlu at üstündəydi...

Arxamca Türk birliyinin rəmzi olan bir el gəlirdi...

Elə bil “Türkün qızıl kitabı”nı əlimə götürmüşdüm; üzərində dan yerinin rənginə bülənd olmuş, igidə qardaş atına süvar olmuş batırın rəsmi “Hoydu, dəlilərim, hoydu!” səslənişi etməkdədi.

Təkcə oxumaq, bilmək azdı!

Daha çox toplum olaraq böyləcə qalxınmaq, yürümək, bir olmaq, yaddaşı oyatmaq gərəkdi...







13 Yanvar, 2014  10:23 Baxılıb: 2103 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner