Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

GƏZMƏYƏ QƏRİB ÖLKƏ, YOXSA VƏTƏN YAXŞI? - ARAŞDIRMA

.

 

Yay mövsümü başlayan kimi çoxumuzun ağlına bir sual gəlir - “Görəsən, bu yay necə istirahət edək?”. Bütün ilin yorğunluğundan və istidən can qurtarmaq, ən nəhayətində istirahət etmək üçün 3 optimal üsul var: ya evdə sərinkeş qarşısında oturmaq, ya çimərliklərə getmək, ya da turizm obyektlərindən birinə üz tutmaq...

Əhali arasında keçirdiyimiz sorğudan sonra məlum oldu ki, əksəriyyət sərinkeş qarşısında istirahəti həm əlverişli, həm də ucuz hesab edir.

Müəllim olduğunu deyən Azər Niqabov istirahət zamanı evdə oturmağın daha sərfəli olduğunu bildirdi. “Mənim maaşım bir ayı güclə başa vurmağıma kömək edir. Məzuniyyət pulunu da turizm obyektlərində bir neçə günlük istirahətə xərcləsəm, qarşıdakı üç ayı gərək ac qalım”.

Azər Niqabovdan sonra buna bənzər fikirləri həkim işləyən Rüfət Əsilov da söylədi. Rüfət Əsilovun sözlərinə görə, o dövlət xəstəxanasında çalışır. Aylıq qazancı isə 250 manatdır. Bu maaşla nəinki hansısa xarici ölkəyə getməyi, heç ölkəmizdəki turizm obyektlərində belə istirahəti ağlına gətirməyib. “İstirahət etmək istəyəndə girişi 20 manat olan ərazilərdə ailəliklə bir neçə saatlıq dincəlməyə gedib, kabab çəkirik. Bu da bizə bütün yay ərzində bəs edir”.


Əhalinin “təhlükəli ərazi” hesab etdiyi turizm obyektlərinin ailə büdcəsinə zərər verib, vermədiyini müəyyən etmək üçün “Victory tour” şirkətinə müraciət etdim. Suallarımı cavablandıran şirkətin marketinq meneceri Vüsalə Sərxanova turizm obyektlərində qiymətlərin o qədər də baha olmadığını söylədi. “Həftə sonu qiymətlər daha ucuzdur. Ancaq istirahət gününün sayı artdıqca qiymətlər bir qədər yuxarı olur”. Onun sözlərinə görə, yerli turizm obyektləri daha çox xarici turistlərin diqqətini cəlb edir. Yerli əhali istirahət üçün Türkiyə, Dubay, Maldiv, Avropa ölkələri, Tayland, Sinqapur kimi ölkələrə üstünlük verir. Turlar əsasən 1 həftə və ya 2 həftəlik nəzərdə tutulur. Qiymətlərə gəldikdə, bunlar digər ölkələrə nisbətən ekzotik ölkələrdə daha yuxarıdır. Məsələn, bir nəfərin Dubay və ya Türkiyədə istirahəti minimum 350 AZN-ə, Maldiv adaları, Tayland kimi ölkələrdə isə 1000-1500 manata başa gəlir. Bu qiymətlərə otel, avia bilet, sığorta, viza xidmətləri daxildir.   

Xarici turistlərin ölkəmizdə ən çox üz tutduğu bölgələr, Şəki, Şamaxı, İsmayıllı, Oğuz, Qəbələ,  Zaqatala, Balakən, Quba, Qusar, Xaçmazdır. Bir qədər yaşlı turistlər Naftalanda yerləşən sanatoriyaya gedirlər. Həmin turizm obyektlərinin qiymətləri göstərilən xidmətə müvafiq olaraq tənzimlənir. Məsələn, Qusar Olimpiya Kompleksində bir nəfərin bir günlük istirahəti 90 AZN-dən başladığı halda, Gəncə və ya Qəbələdə qiymət nisbətən aşağı, 40-50 AZN-dir. Şəkidə otellərdə bir günlük istirahət 60-100 AZN arası, Qubada 80 AZN-dən, Cənub zonasında 90 AZN-dən yuxarıdır. Təbii ki, bu qiymətlər eyni bölgədə müxtəlif cür də ola bilər. Elə məhz Gəncə və Qəbələdə qiymətlərin 100-110 AZN və daha yuxarı olduğu otellər də fəaliyyət göstərir. Çoxlarının marağını cəlb edən “Şahdağ” istirahət kompleksində isə görülən işlər tamamlanmadığı və mehmanxanalar hazır vəziyyətə gətirlmədiyi üçün hazırda kompleksdə turizm fəaliyyəti yoxdur.

İstirahət etmək üçün müvafiq yer seçildikdən sonra ikinci önəmli məsələ menyudur. Qiymət nə qədər yuxarıdırsa, menyu da o qədər zəngin olur. Menyuya gəldikdə isə xarici ölkələrlə müqayisədə yerli turizm obyektlərinin meyusunda elə bir fərq olmur. Bunu həm Vüsalə xanım, həm də turistlər təsdiqləyirlər.

Həm yerli, həm xarici turistlərin istirahətini təmin etmək üçün nəqliyyat vasitələri də fəaliyyət göstərir. Bu nəqliyyat vasitələrinin rahatlığının məsuliyyəti isə turizm şirkətlərinin öhdəsinə düşür.

Statistika göstərir ki, Azərbaycana gələn turistlər daha çox 35 yaşdan yuxarı şəxslərdir. Turizm Nazirliyindən verilən məlumata görə müstəqillik illərindən sonra ölkəmizə gələn turistlərin sayı 1 milyonu ötüb. Bu turistlərin qonaqlanması üçün 149 mehmanxana qeydiyyatdan keçib. Bundan əlavə ölkədə qonaq evləri, motel, sanatoriya, pansionatlar da fəaliyyət göstərir. Keçən il Azərbaycanda keçirilən Avroviziya mahnı müsabiqəsi zamanı gözlənilən turist bolluğu yaşanmamışdı.

Bu qədər şəraitin yaradılmasına baxmayaraq əhalinin nə üçün daha çox xarici ölkələrə üz tutması maraq doğurur. Sorğunun nəticələri göstərir ki, bunun iki səbəbi var. Bir qisim insan yerli turizm obyektlərindəki xidmətə güvənmir, digər bir qismin isə pul xərclədikdən sonra xarici ölkələrə getməyin daha maraqlı olması haqda düşünür. “Gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı” devizini əsas götürənlər eyni qiymətə, bəlkə də bir qədər ucuza həm istirahət etdiklərini, həm də ikinci bir ölkə tanımaq şansı qazandıqlarını dilə gətirdilər.

Aldıqları maaşlardan irəli gələrək istirahəti yalnız xəyal edərək, nəinki xarici ölkələrdə, heç ölkə daxili istirahətin mümkün olmadığını düşünənlər üçün də müxtəlif üsullar var. Belə ki,  tələbələr və yaşlılar üçün də müəyyən güzəştlər nəzərdə tutulur. Hətta bəzi turizm şirkətlərinin əksəriyyətində kreditlə istirahət imkanları da mövcuddur. İstirahət etmək üçün birbaşa 600 – 700 AZN vermək imkanı olmayanlar istirahət xərclərini hissə-hissə ödəyə bilərlər.


Bu imkanları və konstitusiyanın “hər kəsin istirahət etmək hüququ var” maddəsini nəzərə alaraq elə günü bu gün istirahət düşərgəsi seçmək haqda fikirləşmək heç də pis olmazdı.

 

Ülviyyə Cövdətqızı

 






4 İyul, 2013  14:56 Baxılıb: 2698 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner