Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

AZƏRBAYCANDA MƏHKUMLARIN SOSİAL-REABİLİTASİYA MƏRKƏZLƏRİ NİYƏ YOXDUR? – ARAŞDIRMA

/

 

“Keçən il azadlığa çıxmışam. Amma bir il müddətində nə iş tapmışam nə də ki həyatımı qura bilmişəm. Müraciət etdiyim yerlər isə məni məhbus olduğum üçün işə götürmür” - bu sözləri keçmiş məhbus Akif Qasımov  deyir. 

Ancaq bu yalnız Akif Qasımovun problemidi? Əlbəttə, yox. Bu gün Azərbaycanda onun vəziyyətində olan minlərlə insan var.  Statistik məlumatlara nəzər salsaq görərik ki, Azərbaycanda 2011 -ci  ildə 13 min 488 nəfər  2012 ci ildə isə 12 min 938 nəfər məhkum olunub. Nəzərə alsaq ki, hər il Azərbaycanda  minlərlə insan  məhkum olub, bir neçə il iş aldıqdan sonra azadlığa çıxır, bu zaman həmin şəxslərin həbsdən çıxdıqdan sonrakı  taleyi cəmiyyəti daha çox düşündürməlidi. 

Həbsxanalar əslində islah müəssisədi. Cinayətkarın azadlığını məhdudlaşdırma cəzası ilə, bir növ onu tərbiyələndirmək məqsədi daşıyır. Ancaq bizdə deyiləndən fərqli olaraq həbsxanaya düşən şəxs cəmiyyətdən tamamilə təcrid olunur və yaxud, “Oğru qanunları” ilə yaşamalı olur. Bu da həbsdən çıxdıqdan sonra həmin şəxsin cəmiyyətə uyğunlaşa bilməməsini, yenidən türməyə qayıtması üçün cinayət törətməsini labüdləşdirir. Bütün bunlarsa cəmiyyətdə müəyyən sosial  fəsadlara yol açır.   

Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında qanunun tətbiq edilməsi haqqında prezident fərmanı 2007-ci il iyulun 3-də imzalanıb. Artıq 2013-cu ilə qədəm qoysaq da,  ayrılan bu qədər vəsaitin ötən il ərzində səmərəli bir fəaliyyətinin şahidi olmadıq. Eyni zamanda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial adaptasiya mərkəzi haqqında Əsasnaməni hazırlayaraq Nazirlər Kabinetinə təqdim etsə də, bu layihənin həyata keçirilməsi hələ də “sözdə qalıb”. 

Azadlığa çıxmış məhkum psixoloji problemlərlə üzləşir 

Məhkumların psixoloji  vəziyyəti  ilə bağlı psixoloq Dəyanət Rzayev Simsar.az-a açıqlamasında bildirir ki, məhbuslar azadlığa çıxdıqdan sonrə onların sosial həyata uyğunlaşması üçün ilk ay çox vacibdir. Həbsxanadan azad olunduqdan sonra cəmiyyətə uyğunlaşmaqda çətinlik çəkən, bir çox hallarda iş, ev problemləri ilə üzləşən məhkumlar yenidən cinayət törədərək həbsxanaya düşməli olurlar. Belə desək daha düzgün olardı ki, onların zindanda həyatları var. Özləri üçün imic formalaşdırıblar. Amma azad olunandan sonra isə çətinliklər başlayır. Ailələri çox vaxt onlardan imtina etmiş olur. Cəmiyyətdə  qəbul olunmurlar. Məncə, məhkumlar üçün  sığınacaqlar  yaradılsa, yaxud da başqa təminatları olsa , onları cəmiyyətə qazandırmaq mümkün olacaq. Cəza çəkməkdən azad edilən şəxslərin azadlığa buraxılan zaman cəmiyyətə uyğunlaşması vacib amillərdən biridir. Əks halda, cəmiyyət özü həmin şəxsin yenidən cinayət törətməsinə bais olur. Unutmaq lazım deyil ki, cinayətkar olsalar belə, onlar da eyni ölkənin vətəndaşlarıdır. Dövlət onları törətdikləri cinayətlərə görə cəzalandırdığı kimi, azadlığa buraxılan zaman da onlara dayaq olmalıdır. 

Hüquqşünas və deputat: “Nazirlik məşğul olmalıdır” 

Hüquqşunas Aslan İsmayılov deyir ki, Azərbaycanda məhbuslar üçün sosial adaptasiya mərkəzlərinin yaradılması  haqda  qanun 2007-ci ildən qəbul olunub. Amma  Milli Məclisin qəbul etdiyi digər qanunlar kimi bu da kağız üzərində qalıb. Bu  qanunun tətbiqi  ilə bağlı ilk növbədə Milli Məclis daha sonra isə nazirliklər məşğul olmalıdır. 

Milli Məclisin Sosial Siyasət Komitəsinin sədr müavini, deputat Musa Quluyev bildirir ki, biz bu qanunu qəbul etmişik icra məsələsi ilə isə Əmək və Əhalinin Sosial Müdafiə  Nazirliyi məşğul olmalıdır. 

Nazirliyin cavabı: “Sosial  Adaptasiya  Mərkəzinin  tikintisi nəzərdə tutulur" 

Sosial reabilitasiya mərkəzlərinin olmamasını Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri  İlham Məmmədov da təsdiq edir: "Hazırda pentensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası üçün sosial reabilitasiya mərkəzi yoxdur. Lakin Qobustan rayonunda penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün 50 yerlik Sosial  Adaptasiya  Mərkəzinin  tikintisi nəzərdə tutulur".  

Mərkəzlərin yaradılmasının labüdlüyü 

Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədov bildirir ki, adaptasiya prosesinin tətbiqi müəyyən vəsait və vaxt tələb edir. Bu proses məhkumun azadlığa çıxmasından 3 və 6 ay əvvəl başlamalıdı. Bu müddətin nə qədər tez başlaması həmin insanların cəmiyyətə inteqrasiyasını bir o qədər artırır. Danılmaz faktdır ki, bəzən yaşayış yeri olmayan, evi satılan, ailəsi tərəfindən rədd edilən məhkumlar üçün ən dəhşətli an azadlığa çıxan andır. Amma təəssüf ki, adaptasiya prosesinin icrası ilə bağlı problemlər var. Çox zaman hər hansı sahə üzrə işləyən dustaqların əməyə cəlb olunmasında marağı olmur. Fikrimcə, xalça toxuyan, dərziliklə məşğul olan, mebel, taxta, bəzək əşyaları istehsal edən dustaqlara hər hansı bir təşkilat və ya elə dövlətin hansısa rəsmi idarələri sifarişçi ola bilər. Və yaxud onlar üçün olan sifarişlər tender yolu ilə həyata keçirilməlidi. Bu tender qapalı da ola bilər. Bildiyiniz kimi, ilk dəfə ölkəmizdə adaptasiya mərkəzi yaradılacaq. Onun layihəsi artıq hazırlanıb. 50 nəfər üçün nəzərdə tutulan bu mərkəz, xüsusən vəziyyəti pis olan dustaqlar üçün nəzərdə tutulur. 

Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının nümayəndəsi Dadaş Əhmədov isə sosial-reabilitasiya mərkəzlərinin yaradılmasının əhəmiyyətini bu cür izah edir: “Mərkəszlər məhəbsdən çıxan uşaqlara yalnız sosial deyil, psixoloji dəstək də verər. İlk növbədə onların sığınacaqlarla təmin olunması, müavinətlərin verilməsi məsələsi öz həllini tapmalıdı. Məhbusların cəmiyyətə sosial adaptasiyası ilə bağlı atılan addımlar onların gələcək həyatında müsbət rol oynayar. Belə olduqda onlar müəyyən qanuni dolanışıq mənbəyi əldə edərlər. Bu, onları kriminal vərdişlərdən azad edəcək əsas şərtlərdən biridi. Bu minvalla əvvəlki xoş olmayan vərdişlərdən azad olar, digər tərəfdən, özlərinin cəmiyyətdə yararlı bir insan olduğunu və onlara yer verildiyini dərk edərlər. Həmçinin, məhbəsdən çıxmış gənclər yeni dostlar qazanar. Beləliklə, həmin şəxsin cəmiyyətə adaptasiya prosesində müsbət, pozitiv meyllər inkişaf etməyə başlayar. Bununla belə, sosial işçilərin olması da çox vacib məsələdir. Çünki sosial sığınacaqlarda onlarla davranmaqla bağlı sosial işçilərin müəyyən vərdişləri, xidmət göstərmək imkanları olmalıdı. Hazırda bu yöndə çatışmayan məqam odur ki, zəruri maliyyə vəsaitləri kifayət qədər ayrılmır. Hökumət bu istiqamətdə işləri sürətləndirməlidir. Belə olsa, o zaman Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi prosesə öz töhfəsini verər. Artıq sığınacaqların tikilməsinə başlanılıb. Sadəcə olaraq, bu prosesdə davamedici yardımlara ehtiyac var ". 

Aynur Bayramova

 

 

 

 

 

 

 

 

  

 






5 İyun, 2013  15:10 Baxılıb: 3334 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner