Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

KÖÇKÜNLƏRİ NİYƏ EVDƏN ÇIXARA BİLMİRİK? - ARAŞDIRMA

«Yazığımız gəldi, həyətimizdəki otaqlardan ikisini verdik ki, müvəqqəti yaşasınlar. Amma indi nə qədər edirik, mənzili tərk etmir».


Bunu Nəsimi rayonu Balababa Məcidov 68 ünvanında yaşayan Məhəmməd Rufullayev mənzilini zəbt etmiş məcburi köçkün Sevinc Məmmədova barəsində deyir.
Rufullayev məcburi köçkünün mənzildən çıxarılması iddiası ilə Nəsimi rayon Məhkəməsinə müraciət edib. Məhkəmədə müraciət təmin olunub. Qarşı tərəfin Apellyasiya və Ali məhkəmələrə müraciətləri də M.Rufullayevin xeyrinə olub. Sonuncu məhkəmə 2012-ci il dekabrın 27-də Sevinc Məmmədovanın evdən çıxarılmasına dair əvvəlki məhkəmə qərardadının dərhal icraya yönəldilməsinə dair qərar verib. Amma üzərindən bir aydan da çox vaxt keçməsinə baxmayaraq qərar icra olunmur.
Nəsimi rayon Məhkəməsinin Qərarların İcrası şöbəsinin məmuru Ramiz Quliyev qərarın icra edilməməsinin səbəblərilə bağlı sualımızı cavabsız qoydu.

Qərarın icrasına «qırmızı işıq»

Qeyd edək ki, qaçqın və məcburi köçkünlərin ağır sosial şəraitlərini nəzərə alaraq, vaxtilə onlara sığınacaq vermiş mənzil sahibləri arasında məhkəmə mübahisələri əvvəllər də olub, hazırda məhkəmələrdə bununla bağlı anoloji məhkəmə işləri var.
Məhkəmələr bir qayda olaraq mənzilə mülkiyyət hüququ olan şəxslərin xeyrinə qərardadlar çıxarsalar da, onlar havadan asılı vəziyyətdə qalıb. Qaçqın və məcburi köçkünlər «mənzil mənimdir» iddiası irəli sürməsələr də, prezidentin «torpaqlar geri qaytarılmayana qədər köçkünləri yaşadıqları yerlərdən çıxarmayın» göstərişini və ya «ev verin çıxaq» kimi oxşar arqumentlər gətirirlər.
Prezident İlham Əliyevin 2004-cü il 1 iyul tarixli 298 saylı Sərəncamının 2-ci bəndində deyilir ki, 1992-1998-ci illərdə məcburi köçkünlərin məskunlaşdıqları yerlərdən çıxarılmasına yol verilməsin. Bu sərəncam qaçqın və məcburi köçkünlərin mənzildən çıxarılmasına dair qərarın icrası yolunda «qırmızı işıq» rolunu oynayır.
Yəni, məcburi köçkünlərin 1998-ci ilə qədər məskunlaşdıqları həmin evlərdən köçürülməsi dayandırılıb. Onlar o halda köçürülə bilər ki, həmin ailə başqa yerdə yerləşdirilsin, əks halda, evlərdən çıxarıla bilməzlər.
Elə S.Məmmədova da oxşar iddia ilə Nəsimi rayon Məhkəmə İcra Şöbəsinin 08.01.2013-cü il, 2(006)-4202/2011 saylı qərarından 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib.
Müraciətdə qeyd olunur ki, S.Məmmədova 24 iyul 2004-cü ildə Cəfər Cəfərovla nikaha girib, həmin dövrdən Balababa Məcidov küçəsi 68-də yerləşən məzildə yaşayıblar. Ümumi həyətdəki ikiotaqlı mənzildə yaşayan ailənin kişi üzvü - C.Cəfərov 2011-ci ildə Dubayda dünyasını dəyişib. Bundan sonra mənzilin hüquqi sahibi S.Məmmədovanın evi tərk etməsini istəyib. Amma sonuncu ev sahibinin haqlı istəyinə «yox» deyib.
Məcburi köçkün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciətində yazır: «Məcburi köçkünəm. Başqa yaşayış yerim yoxdur. Evdən çıxarılsam küçədə qalacam. Bu barədə ölkə başçısına və onun xanımına, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin rəhbərinə müraciətlər etmişəm. Mənim başqa yaşayış yerim yoxdur. Məni mənzillə təmin edin. Evdən çıxarılsam Prezident Aparatının qarşısında çadır qurub yaşayacam».
M.Rufullayev isə bildirir ki, S.Məmmədovanın başqa yerdə torpaq sahəsi, evi olsa da, sahibi olduğu mənzili boşaltmaq istəmir.

«Dövlət qaçqına ev verməlidir»

Hüquqşünas Namizəd Səfərov mətbuata açıqlamasında bildirib ki, köçkünlərin vaxtilə tutduqları mənzillərdən çıxarılması qanunidir: «Əvvəllər məhkəmələr vətəndaşların haqlı iddalarını təmin etmirdi. Çünki dövlət başçısı göstəriş verib ki, torpaqları qaytarılmayınca qaçqınları yerləşdiyi mənzillərdən çıxarmayın.
Amma Avropa İnsan Haqları Məhkəməsinin qərarından sonra yerli məhkəmələr mülkiyyət sahiblərinin xeyrinə qərar çıxardılar».
Hüquqşünas hesab edir ki, məhkəmə vətəndaşın başqa yaşayış yerinin olub-olmamasını nəzərə almalıdır. Yəni dövlətin üzərinə vətəndaşını mənzillə təmin etmək məsuliyyəti qoyulmalıdır.
2003-cü ildə Yasamal rayon Məhkəməsinin oxşar iddia ilə bağlı çıxardığı qərardadda qeyd olunur ki, cavabdehlər (köçkünlər) ərizəçinin (mənzil sahibinin) mənzilindən Sumqayıt şəhər ərazisində zəruri tələblərə cavab verən başqa yaşayış sahəsi ilə təmin olunmaqla çıxarılsın. Qaçqınların ailə üzvləri ilə birlikdə zəruri tələblərə cavab verən yaşayış sahəsi ilə təmin edilməsi vəzifə kimi Sumqayıt şəhər İcra Hakimiyyətinə həvalə edilib.
Apellyasiya və Ali Məhkəmələr Yasamal rayon Məhkəməsinin qərarını təsdiqləyib. Amma yenə də qərar icra olunmayıb.

Bu halda mənzilin sahibi insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) və Konvensiyanın 1 saylı Protokolunun 1-ci (mülkiyyət hüququ) maddələrinin pozulmasından Avropa Məhkəməsinə şikayət verib.

2015-ci ilə qədər «taym-aut»

Hazırda Məhəmməd Rufullayevin də Avropa Məhkəməsinə müraciət etməkdən başqa əlacı qalmayıb.
Amma Avropa Məhkəməsi artıq məcburi köçkünlərin mənzildən çıxarılmasına dair qərarların icra olunmaması işlərinə baxmır. Əvvəlki illərdə Avropa Məhkəməsində evləri məcburi kökünlər tərəfindən zəbt edilmiş 20 nəfərə yaxın Azərbaycan vətəndaşının mülkiyyət hüququnun pozulması ilə bağlı şikayətlərə baxılıb və bu müraciətlər əsasında Azərbaycan dövləti 100 min avroya yaxın cərimələnib.
Avropa Məhkəməsi qərarlarının dövləti çətin vəziyyətə saldığından Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi Strasburqa müraciət edib. Müraciətdə bildirilir ki, bir milyondan artıq qaçqın və məcburi köçkün 1988-93-cü illər ərzində dədə-baba yurdlarından didərgin salınıb, evsiz-eşiksiz qalıblar. 2015-ci ilə qədər onların evlə təmin olunmasına dair dövlət proqramı icra olunacaq. Buna görə də, Avropa Məhkəməsindən xahiş olunur ki, Azərbaycandakı istisna durumu nəzərə alaraq 2015-ci ilə qədər qaçqın və məcburi köçkünlərin evdən çıxarılmasına dair məhkəmə qərarlarının icra olunmaması üzrə edilən şikayətlərə baxılmasını təxirə salsın.

Ruslan XƏLİL






30 Yanvar, 2013  16:41 Baxılıb: 2009 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner