Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Reportaj

“KİŞİSƏNSƏ HƏYATI DA KİŞİ KİMİ YAŞAMALISAN” – REPORTAJ - FOTOSESSİYA

.

Süpürgəçi ilə həmsöhbət olmağı çoxdan planlaşdırırdım. Əvvəl küçədə hər gün az qala addımbaşı rastıma çıxan süpürgəçilər rubrikanı hazırlayacağım ərəfədə sanki görünməz olmuşdular. Çox az süpürgəçi ilə qarşılaşırdım. Onlara yaxınlaşıb məqsədimi bildirəndə heç biri müsahibə verməyə, şəklinin çəkilməsinə razılıq vermirdi. Peşələrindən utandıqlarını açıqca etiraf etmələri məni məyus etmişdi.

Fotomüxbir Namiqlə Yasamal Rayon Mənzil İstismar Sahəsinə yollandıq. Oranın xanım briqadiri niyyətimizi bəyənərək “gərək, rubrikanızı açanda birinci elə süpürgəçidən yazardız. Çünki Azərbaycanı süpürüb, təmizləyənlər onlardı” - dedi. Orda əyləşən süpürgəçi qadınlardan biri isə gülərək “yaxşıca danışıb, müsahibə verə bilərdim – dolanışığımızdan, vəziyyətimizdən. Çox ağır şəratidə yaşayırıq. Yaxın qohumlarım süpürgəçi işlədiyimi bilmirlər, müsahibə verə bilmərəm” – deyə, təəssüfləndi. Getdiyimiz başqa bir Mənzil İstismar Sahəsinin müdiri isə süpürgəçilərlə müsahibə almağın çətin olacağını bildirdi. Səbəbini belə izah etdi ki, onların çoxu tanınmasınlar deyə, üzlərini yaylıqla gizlədirlər.
Reportaja razılaşacaq süpürgəçi axtara-axtara Filarmoniya bağına gəldik. Orada Bakı Abadlıq İdarəsinin işçiləri ətrafı təmizləyirdilər. Heç yerə nəzər yetirmədən, başını aşağı salaraq yeri süpürən gənc oğlan diqqətimizi çəkdi. Əvvəl danışmağa tərəddüt etsə də, bir təhər müsahibə verməyə razı saldıq. Süpürgəçi işləyən həmsöhbətimiz Fuad Abbasovun 21 yaşı var. Hazırda anasıyla birgə qalır. İşindən aldığı maaşla həm özünü, həm də anasını dolandırır...


“Diplomu olanlar da iş tapmır”

Fuadın ali məktəbdə təhsil almaq kimi arzusu heç vaxt olmayıb. Özünün də dediyi kimi, məktəb vaxtı oxumağı heç xoşlamayıb. İndiki dövrdə diplomun pulla, ya da tanışlıqla verildiyini düşünüb: “Onsuz, diplomu olanların çoxu iş tapa bilmir. Amma əlində bir sənədin olması yaxşıdı”. Deyir ki, 2 ildir süpürgəçi işləyir. Bu vaxta kimi çox iş təklifləri alıb. Amma heç biri dolanışığa yetmədiyindən razılaşmayıb. Ona görə bu işi seçib. Səhər saat 8-dən, axşam 6-ya kimi çalışır. Həftədə bir gün istirahət edir. Aylıq maaşı 350 manatdır: “O birilərinə baxanda, bu iş qane edir. Elə də çətin olmur. Buna da şükür”. Fuad deyir ki, Bakı Abadlıq İdarəsi Prezident Administrasiyasına tabe olduğundan işlərinə daha ciddi nəzarət olunur: “Burda hər kəs ona tapşırılan ərazini təmizləyir. İdarənin işçiləri təkcə zibilləri süpürmür, parkları, bağları təmizləyir, yaşıllaşdırma işləri də görürlər”.
Müsahibim havanın soyuq və ya isti keçməsində baxmayaraq hər zaman iş başındadı. Qar yağanda küçələri qardan təmizləyir. Müvəqqəti olaraq bu işdə işləyəcəyini düşünsə də, gələcəkdə onu nə gözlədiyini bilmir. Deyir, bu, alın yazısıdır, həyatdakı imtahandı: “Heç kim sabah başına nə iş gələcəyindən xəbərdar deyil. İnsan hər dəqiqə, hətta hər saniyə istəmədiyi, ağlına belə gəlməyən hadisəylə üzləşə bilər”.

“Pis işlə məşğul deyiləm ki, utanam”

Həmsöhbətim bildirir ki, ona yönələn qəribə baxışları hər gün hiss edir. Dediyinə görə, insanlar süpürgəçilər haqqında müxtəlif fikirdədirlər. Bəziləri kinayəli baxır, bəziləri isə sanki ürəyi yanırmış kimi davranır: “İnsafı olan insanlar çoxdu. Eləsi də var ki, yuxarıdan aşağı baxır. Belə olanda adamın ürəyi qırılır. Fikrin qalır ki, sənə niyə aşağılayıcı nəzərlə baxdılar? Bir-iki dəfə olub, söz atıblar. Qarşılığını da görüblər. Sözlə cavab vermişəm. Çalışıram elə insanlara çox baş qoşmayım”. Fuad, kişi üçün eyibli heç bir iş olmadığını və işindən, sənətindən utanmadığını deyir: “İş başında tanışım və ya məktəb yoldaşımla rastlaşsam da mənim üçün fərq etməz. Utanmıram. Çünki pis işlə məşğul deyiləm, harama əl atmıram. Bəzi kişilərin televizorda oğurluq etdiklərini, pul üçün adam öldürdüklərini deyirlər. Əgər kişisənsə, həyatı da kişi kimi yaşamalısan”. Fuad hər gün müxtəlif insanlarla qarşılaşır. Süpürdüyü yerdə qarşına zibil atanlar da olur: “Belələri sərxoş adamlardı. Nə deyəsən, axı onlara?! Onlarla danışmaq da doğru çıxmaz. Diqqət edirəm ki, kənddən, rayondan gələnlər Bakını daha çox çirkləndirir. Yeri evi kimi təmiz saxlamaq insanın mədəniyyətindən asılıdı. Evdə heç kim olmayanda, ya da anam xəstə olanda evi özüm yığışdırıram, təmizləyirəm. Kömək etmək ayıb deyil”.

Kimisə aldada bilərəm, amma ONU yox...

Yerdən daha çox siqaret qırıntıları süpürür. Çoxları zibili ağaclığa atır. Fuadsa həmin zibilləri toplayıb zibil qabına tullayır. Zibili yandırmağın zərərli olduğunu deyir. Fuad ərazini təmizlədiyi günlərin birində yerdən kişi pulqabısı tapdığını söyləyir: “Skamyada iki qadın oturmuşdu. Onlara yaxınlaşıb soruşdum ki, burda sizdən əvvəl kim əyləşmişdi? Dedilər, cavan oğlan idi. Xahiş etdim ki, onu görsələr, pulqabısının ərazinin işçisində – yəni məndə olduğunu desinlər. Bir də gördüm oğlan özü gəldi. Pulqabını verdim. Mənə 2 manat pul vermək istədi ki, özümə kontur alım, götürmədim. Çünki insandı, hər kəsin başına gələ bilər. Heç vaxt tapdığım qiymətli əşyanı özümə götürmərəm. Kimisə aldada bilərəm, amma Allahı aldatmaq mümkün deyil. Kiməsə fırıldaq gələ bilərəm, amma Ona yox”.
Fuadla söhbətimiz çox çəkmədi. Amma söhbətlərində düşündürücü məqamlar çox oldu. Pis vərdişləri olan, haram yolla pul qazanan adamlar varkən, bir çox insanların halal yolla pul qazanan süpürgəçilərə birmənalı yanaşmaları doğrudan da adama yaxşı təsir bağışlamır. Onların işlərindən utanmaları yox, zəhmətlə ailə dolandırdıqları üçün qürurlanmaları lazımdır.


Arifə Mikayılova

“SİMSAR” jurnalı

 

 

 






22 Yanvar, 2013  18:56 Baxılıb: 2759 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42

sagbanner