Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Günel Mövlud: Gürcüstanda yaşayan azərbaycanlılar

.

Adam qürbətdə daha vətənpərvər olur. Çünki vətənin qüsurları içəridən də, uzaqdan da eyni cür görünsə də, yaxşı tərəfləri uzaqdan daha aydın və dəqiq görünür. Düzdü, Tiflisdə özümü qətiyyən qürbətdə hiss eləmirəm: dil baryeri yoxdur, gürcü tanışlarımın hamısı rusca bilir, dükan-bazarda satıcıları, restoranda ofsintları, bir sözlə bütün xidmət müəssisələrində rus dilində dərdini demək olur, insanları istiqanlı, qiymətlər normal, münasibət də ki, çox mehriban. Amma buradan müşahidə və analizlər etmək daha rahatdı.
Hələ burda məskən salmamışdan, Gürcüstanda yaşayan azərbaycanlılar barədə söhbət düşəndə, həm onların özləri, həm məsələyə kənardan münasibət bildirənlərin hamısının bir şikayəti vardır: Gürcüstan hökuməti bizimkilərə qarşı laqeyd, gürcülər isə bizimkilərə qarşı aqressivdi.
Tiflisə gələndən bəri gürcü xalqı, gürcü ovqatı, gürcü mədəniyyəti ilə birlikdə, burada yaşayan azərbaycanlıları da müşahidə edirəm. Heç biri gürcüstanın mədəni-ədəbi həyatına qoşulmayıb. Ədəbi çevrədə bir nəfər də olsun, azərbaycanlı yoxdur. Heç bir bankda, mobil operatorların filialında azərbaycanlıya rast gəlmək mümkün deyil. Amma bazara ayaq basan kimi onlarla azərbaycanlı satıcıya rast gəlirsən. Ən yaxşı, keyfiyyətli, təzə məhsul azərbaycanlı satıcının qarşısında olur. Ən yaxşı sövdələşməni azərbaycanlı satıcı edir. Bəzən hesablamada çətinlik çəkən gürcü həmkarlarına da yaxınlaşıb, kömək edirlər. Heç biri gürcü dilini öyrənməyib. Gürcü dilində danışan nadir azərbaycanlılar da bu dili bazar, alış-veriş, ən yaxşı halda məişət çapında öyrəniblər.
Sovet dövründə orduya gedib, rus qızlarına vurulan, bəzən onlarla evlənib, öz kəndinə gətirən azərbaycanlı oğlanlar, heç olmasa o sarışın qızların hesabına rusca öyrənir, sonra da beynəlmiləl ailənin övladları iki dildə danışırdılar. Burada azərbaycanlı-gürcü sevgisi, münasibətləri, ailəsi də nadir rast gəlinən hallardandır. Şəxsən mən gürcülərə ərə gedən azərbaycanlı qız tanısam da, gürcü qızı ilə evlənən azərbaycanlı oğlan tanımıram.
Gürcü həmkarları ilə əlaqə yaradan, münasibət quran, dostluq edən tək-tük azərbaycanlı gənclər isə qeyri-hökumət sektorunda fəaliyyət göstərənlər, jurnalistlər və Gürcüstanda deyil, Azərbaycanın paytaxtında yaşayan yaradıcı adamlardı.
Halbuki ünsiyyəti asanlaşdıracaq, əlaqələri genişləndirəcək, münasibətləri yaxşılaşdıracaq vasitə - dil öyrənmək olduqca asandır. Hər iki addımdan bir, ucuz qiymətə gürcü dili kurslarının elanlarını görmək olur. Dilin qrammatikası rahatdır. Dildə cinslər yoxdur. Şəkilçilər nadir hallarda dəyişir. Burada yaşadığım ikicə ay ərzində əlifbanı və yüzdən çox söz öyrənmişəm. Çünki ortada çətin bir iş yoxdur.
Amma onilliklər boyu burada yaşayan azərbaycanlılar işlərinin, rifahlarının, mədəni səviyyələrinin artması xətrinə özlərinə əziyyət verib, dil öyrənmək istəmirlər. Gürcustan hökuməti dövlət müəssisələrində işləmək üçün bu xalqın qarşısına bircə şərt qoyub: gürcü dilini öyrənmək. Biznes, yaradıcılıq üçün bu dil vacibdir. Azərbaycanlılar isə iki ayağını bir başmağa dirəyib, bu dili öyrənmirlər. Və işsizlikdən, gürcü hökumətinin onlara qarşı laqeydliyindən, üstən aşağı-baxmasından şikayətlənirlər.
Sonda bir misal gətirmək istəyirəm. Bir gürcü rəfiqəm var. Beş ildir Azərbaycanda yaşayır. Cəmi beş il ərzində nəinki azərbaycan dilinə, hətta bir neçə bölgənin ləhcəsinə də yiyələnib. Atalar sözlərimizi, zərb-məsələlərimizi bilir. Kitabları Azərbaycan dilində oxuyur. İstənilən zümrədən olan azərbaycanlı ilə rahat söhbət edə bilir. Azacıq aksenti olmasa, onu rahat azərbaycanlı hesab etmək olar.
O xanım indi Bakıda fəaliyyət göstərən bir şirkətdə, rəhbər vəzifələrdən birində çalışır. İşi başından aşır, azərbaycanlı dostları həddən artıq çox, çevrəsi genişdir. Bunun bircə səbəbi var ki, o heç nəyi Azərbaycan hökumətindən gözləmədi, başını aşağı salıb, özünə zəhmət verərək, dil öyrəndi, əlaqələr yaratdı, ünsiyyətə girdi. Vəssalam. Hər şey bu qədər sadədir.






21 Yanvar, 2013  15:19 Baxılıb: 1756 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner