Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

DUBLYAJ, YOXSA SƏSLƏNDİRMƏ? – ARAŞDIRMA

Dublyaj işindən razı olanlar da var, olmayanlar da

Azərbaycan telekanallarda 2008-ci ildən bəri filmlərin (bədii, sənədli) əcnəbi dillərdə nümayişi qadağan olunub. Milli Teleradio Şurasının bu qərarından sonra, dublyaj məsələsi aktuallaşıb. Belə ki, bu tarixə qədər Azərbaycan kanallarında yayımlanan əcnəbi filmlərin böyük əksəriyyəti xarici dildə səslənirdi. Bu tarixdən etibarən filmlər dublyaj olunmağa başlasa da, Azərbaycanda dublyajın səviyyəsindən narazı olanlar az deyil. 

Hazırda Azərbaycanda filmlərin dublyajı ilə əsas iki film studiya – “Bakıfilm” və “Azərbaycanfilm” məşğul olur. “Bakıfilm” kinostudiyasının aktyorlarla iş üzrə mütəxəssisi Nəcibə Hüseynovanın sözlərinə görə, bir filmin səsləndirilməsi bir günə başa gəlir: “İş prinsipimiz eyni qaydadır, yəni bir filmin səsləndirilməsində 3-4 nəfər iştirak edir. Gün ərzində səs yazılır və bundan sonra iş səs operatorunun üzərinə düşür”.

Bir filmin dublyajının nə qədər maliyyə tələb etməsinə gəlincə isə N. Hüseynova bildirir ki, bu işlə mühasibatlıq məşğul olur. Bu barədə açıqlama verilmir.

“Azərbaycan dilində düzgün danışmırlar”

Aygül Qaradağlı düşünür ki, dublyaj işində düzgün danışıq, Azərbaycan dilinin orfoepiya qaydalarına riayət etmək əsas şərtdir: “İki cür dublyaj var. Əgər Azərbaycan dilində səslənən mətnlə yanaşı filmdəki səslər də eşidilirsə, bu, səsləndirmədir. Dublyaj isə odur ki, qeyd etdiyim səslər eşidilmir və sən filmdəki obraza girib o rolu ifa edirsən. Ümumilikdə hər ikisində də əsas problem odur ki, Azərbaycan dilində düzgün danışmırlar. İngilis filmini hansısa rayonun dialektində dublyaj edəndə, orfoepiya qaydalarına riayət etməyəndə film də tamaşaçı tərəfindən qəbul olunmur”.

Maliyyə məsələsinə gəlincə, A. Qaradağlı vurğuladı ki, layiqincə qiymət verilməlidir: “Mən dublyaj üçün dəvət almadığımdan, bir müddətdir ki, bu işlə məşğul olmuram, ona görə də xəbərim yoxdur ki, hazırda vəziyyət konkret olaraq necədir. Amma düşünürəm ki, layiqincə qiymət verilməlidir”.

Aktyor Elşən Rüstəmov deyir ki, hazırda dublyajın səviyyəsi qənaətbəxşdir: “Şəxsi fikrim belədir ki, bəzi nöqsanlar var. Məsələn elə hallar olur ki, səslər düzgün seçilmir. Amma ümumilikdə dublyajın hazırkı durumu məni qane edir”.

“Lənət sənə, kor şeytan!”

Filmlərin ana dilində dublyajına tamaşaçıların da fikrini öyrənməyə çalışdıq.
Şamil Muradov televiziyanın daimi izləyicisi olmasa da dublyajın onu qane etmədiyini deyir: “Əvvəllər vəziyyət daha bərbad idi. Xüsusilə də AzTV-nin dublyajı. Hərdən mənə elə gəlir ki, filmdəki bütün obrazların adı Condur. Hər filmdə “ - Con, sən onu öldürməlisən! – Yox, Con, mən bunu bacarmaram” dialoqu və bütün söyüşlərin əvəzinə “Lənət sənə, kor şeytan” sözləri səslənirdi. Son illərsə, vəziyyət yaxşıdır. Məsələn, “Həzrəti Yusif” serialının dublyajı hətta Türkiyədəkindən də yaxşı alınıb”.

Şəbnəm Quliyeva isə belə hesab edir ki, ümumilikdə Azərbaycandakı dublyajın səviyyəsi Türkiyədəkindən daha yaxşıdır: “Bəzi filmlər kifayət qədər yaxşı dublyaj edilir. Məsələn, “İşdə məhəbbət macərası” filminin dublyajı mənim çox xoşuma gəldi. Həmin filmə rus dilində də baxmışam və öz dilimizdə baxanda heç bir əksiklik hiss etmədim. Buna baxmayaraq nöqsanlar da olur”.


Fatimə Kərimli






13 Dekabr, 2012  14:27 Baxılıb: 2055 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner