Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Günel Mövlud: Mənim sanatoriyam...

.

Həkim elə bir şeydir ki, onun yanına kefindən getmirsən. Günlərin birində orqanizm öz şikaytini başlayır. İstəsən də, istəməsən də, nəfəsini həkimin yanında dərirsən. Sonrası qalır onun insafına. Hə, Azərbaycan həkimi, tibb işçisinin insafına qaldınsa, onda bəri başdan ayaqlarını uzadıb, üzüsulu ölə bilərsən. Ölmək ucuz başa gəlir.
Bu yaxınlarda özümün də, atamın da ciddi nevroloji problemlərimiz vardı. yaxınların və həkimlərin məsləhəti ilə qərara gəldik ki, bir müddət sanatoriyada müalicə alaq. Sanatoriya belədi ki, burada təkcə dərmanlar-zad rol oynamır. Burada pəhriz, təmiz hava, dərmanlar, əyləncə - hamısı əl-ələ verib, səni əsəb böhranından çıxarırlar. Daha doğrusu, çıxarmalıdırlar. Farslar demiş, xub. Getdik.
Sanatoriyaya ayaq basan kimi, başa düşdüm ki, Sovet dövründə buranın babat vaxtları olub. Komplekslərinin, həyətlərinin abad, içinin təmirli, işçilərinin gülərüz vaxtları da həmçinin. Amma indi bura suyu sovulmuş dəyirmana oxşayırdı.
Komplekslərdən biri çöldən baxanda əməlli-başlı təmirli, təzə görünürdü. Gözəl rənglənmiş, plastik qapı-pəncərəli, əlvan pərdəli...
Lüks nömrəyə göndəriş almışdıq. Amma tibb bacısının bizi apardığı otaq çirkli, köhnə-kürüş əşyalı, toz-torpaq içində batmış bir otaq idi. Ondan təmirli otaq istəyəndə, dedi ki, təmirli otaqlara köçmək üçün gərək hərəniz əlavə 250 manat ödəyəsiniz.
İş elə gətirdi ki, göndərişləri hədiyyə edən oxucum baş həkimlə danışdı və bizi artıq təmir olunmuş, təmiz otağa köçürdülər. Otaq təzə və təmirli olsa da, artıq su boruları pas bağlamağa, ucuz kafel-metlax saralmağa başlamışdı. Otağı hər gün təmizləyib, mələfələri hər gün dəyşsin deyə, xadiməyə əlavə pul verəsi olduq. Pulu alan xadimə canıyananlıqla məsləhət gördü ki, ona verdiyimizin ikiqatını da baş tibb bacısına verək ki, sonra bir problemimiz olmasın. Elə bildim ki, bununla da iş qutardı.
Amma hələ əsas xərclər qarşıda imiş. Müalicə korpusunda bizi başa saldılar ki, hər proseduru həyat keçirən tibb bacısının xidmətini «dəyərləndirək». İki nəfər olduğumuzu və bizə yazılan prosedurların sayını nəzərə alanda çəkiləcək xərc 100 manatı rahat keçdi. Əlbəttə dedilər ki, pulu verməsəniz də olar, amma gərək müalicə qurtarana qədər tibb bacısının nifrət dolu baxışlarına, laqeyd və əsəbi münasibətinə dözəsiniz.
Sonra xəstələrdən biri bizə başa saldı ki, müalicə edən həkimin haqqı ayrı və daha «abırlı» olmalıdı. Yəni 50-100 arası. Dedi ki, hərənin öz mərifətinə baxır.
Pul çıxır-çıxır, dedik barı, gəlmişik, buranın dadını çıxaraq. Axşamlar sanatoriyanın adı da, fəalları da Sovet dövründən qalma «özfəaliyyət dərnəyinin» konsertlərinə gedək. Bir axşam getdik. Buranın babat vaxtlarında sanatoriyasından qalmayan yaşlı xəstələr danışırdılar ki, Sovet vaxtı sanatoriyanın özünün orkestri, solistləri olub.
İndisə açıq havaya bir sintezator qoyurlar, Yevlaxdan gəlmiş hansısa bığlı əyalət müğənnisi ara mahnıları oxuyur. Ya da əyalətdən gəlmiş kənd şairləri çıxıb, sevgi, həyatın faniliyi, etibarsızlıq bardə yazdıqları sinədağlayan şeirlərini oxuyub, xəstələri kövrəldirlər.
Özümüzü hazırlamışdıq ki, sanatoriyanın yeməklərindən yeyək ki, pəhrizimiz də qaydasında olsun. Guya qalan şeylər qaydasında idi. Yeməkləri yeməyə çalışdıq. Mən bu dadsız, rəngsiz, bəzən də boyat yeməkləri yeməyə özümü birtəhər məcbur eləsəm də, ömrüboyu ən kasıb vaxtında da ağzının dadını bilən, yaşamağı bacaran atam yeyə bilmədi. Məcbur olduq ya yaxınlıqdakı kafelərdə yeyək, ya da kənardan ərzaq alıb, soyuducunu dolduraq. Bu da növbəti xərc.
Nə başınızı ağrıdım? Bizim ata-bala iki həftə sanatoriyada qalmağımız 800 manata başa gəldi. Və bunun adı bizim səhiyyəmizdi...







28 Noyabr, 2012  17:10 Baxılıb: 1472 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner