Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Reportaj

“BİZİMKİ BALIQ SÖHBƏTİDİ” – REPORTAJ - FOTOSESSİYA

.

Şıxov çimərliyi. Neftlə balığın bir-birinə qarışan qoxusu hələ sahilə çatmamış duyulur. Yağışdan sonra balıq tutmağın tam zamanıdı. Əllərində tilov sahilboyu düzülən adamlar, əslində, qarmağa balıq düşəcəyi təlaşında deyillər. Simalarında dənizi seyr edərək, dinclərini almaq ifadəsi var. Yaxınlaşdıqca sərin hava, dəniz ləpələrinin səsi insanı daxili sakitliyə, səsizliyə bürüyür. Balıq tutmağın “xəstəsi” olan bu adamların dənizə nədən bu qədər bağlı olduğunu indi anlayıram.

“Hərənin bir hobbisi var, bizimki isə balıq tutmaqdı” - balıq ovuyla məşğul olanlar belə deyir. Əsasən, günorta saat 3-dən 6-ya qədər olan vaxtlarda bura toplaşırlar. Onlardan biri Nazim Kərimovdur. Hər gün Nəsimi rayonundakı C.Məmmədquluzadə küçəsindən (keçmiş Papanin) Şıxov çimərliyinə bu həvəslə gəlir. İxtisasca dərzidir. Balıq tumağa gəlməyinin məqsədi istirahətini mənalı keçirməkdi: “Evə gedəndə balıq da aparırıq, daha bazardan almırıq. Yayda hər gün, başqa vaxtlarsa həftədə bir-iki dəfə işdən sonra balıq tutmağa gəlirəm. Burada həm yaxşıca dincəlir, həm də vaxtımı balıq tutmaqla keçirirəm. Uzun müddət gəlməyəndə darıxıram”.
İki ildi balıq tutan Nazimin ailəsində bu işə marağı olan yoxdu. Dediyinə görə, balq tutmağı Maştağa kəndinə dincəlməyə gedəndə öyrənib və indiyə qədər də bu məşğuliyyətindən ayrıla bilmir. Şıxov çimərliyindən əlavə Zığ və Hövsan qəsəbəsinə də “balığa” gedir. İlk dəfə Hövsanda tilovuna balıq düşüb. Həmin günün sevincini hələ də xatırlayır. Nazim deyir ki, yenicə öyrəndiyi zaman 300-400 qramlıq balıqlar tuturmuş. Böyük balıqları tutmaq üçün qarmağı uzağa atmaq lazımdı. Bu günə qədər ovladığı ən böyük balıq 1 kilo 600 qram olub.
Əvvəllər dənizkənarı parka yığışan balıqçıları indi burada narahat etmirlər: “Şəhərin səliqəsinə xələl gətirir deyə, bulvarda qoymadılar. Burda hələ ki, bir söz demirlər. Bütün ölkələrdə balıqçılar yol kənarlarında dayanır. Bizdə də elə olmasını istərdim”.
Yayda balıq daha çox olur. Nazim deyir ki, istidə bir-iki saata beş-altı dənə balıq tutmaq mümkündü. Soyuq aylarda balıqlar isti yerə – dənizin dibinə çəkilir. Yayda isə dənizin dibi soyuq olduğundan sahilə çıxırlar: “Yağışdan bir-iki saat sonra da adətən balıq çoxalır. Bu gün yağış yağıb. Tutanlar var. Mən də gözləyirəm, görüm nə olacaq”.

Balıqları çörəyə öyrəşdirmişik

Balıq ovuyla məşğul olan həvəskarlar tilova balıq düşəcəyindən səbirsiz deyillər. Nazimin dediyi kimi: “Xeyli gözləyirik. Amma vaxt elə keçir ki, heç xəbərin olmur. Dənizə baxıram, burdakı balıq tutanlalara söhbətləşirik. Bizimki ancaq balıq söhbətidi”.
İşindən zövq alırsansa, deməli, yaddaqalan əhvalatlardan da yan ötə bilməzsən. Müsahibimin də başına gələn məzəli məqamlar çox olub: “Bir dəfə balığı tutmaq üçün özümü dənizə atdım. Suyun üzündə qağayı varmış. Əlimi atdım, getdi ilişdi qağayının ayağına. Dartıb çıxardım sahilə. Sonra gördüm balıq deyil, qağayıdı”.
Müsahib balıq tutmağın üsullarından danışır. Bildirir ki, bu işdə əsas şərt balığın çörəyi necə yeməsini hiss etməkdi: “Balıq qarmağa oturur, ya yox - bunu hər adam həmin dəqiqə hiss eləmir. Balıq düşəndə tilov ipi dartılır, ya da balıq sahilə yaxınlaşır, tilov ipi boşalır. Onda bilirsən ki, qarmaqda balıq var”.
Nazim tutduğu balıqları heç vaxt satmır. Yay aylarında evə hər gün balıq apardığını söyləyir. Balıq yeməkləri bişirə bilirsizmi sualına: “Əlbəttə, qızartması, buğlaması, konserv, şprot – hamısını bişirməyi bacarıram. Balıq tutmaqdan artıq onun yeməklərini də bişirməyə öyrənmişik” – deyə gülərək cavab verir.
Tilova balıq düşməyəndə evə əliboş qayıtdığı zamanlar da olub: “Beş dəfədən ikisində evə boş qayıdıram”. Nazim deyir ki, İslam dininin qaydalarına görə pulsuz balıqlar haram buyrulduğundan pullu balıqlar tutur.
Hər balıq, növündən asılı olaraq, müxtəlif yemləri xoşlayır. Balıqçılar bunu nəzərə alaraq qarmağa nə keçirəçəklərini müəyyənləşdirirlər. “Balıqları çörəyə öyrəşdirmişik” – deyə, Nazim gülərək söhbətə davam edir: “Balıqlar əsasən çörəyə, bir də xərçəngə gəlir. Məsələn, bu ərazidə ən çox tutulan kütümdü. Kütüm çörəyi xoşlayır. Həm də balıq xərçəngi dənizdə tapır, çörəyi isə yox”.
Bu zamanı müsahib balıq tutduğunu zənn edib tilovu çəkir, amma balığın çörəyi yeyib qaçdığı məlum olur. Qırmağa yenidən çörək keçirdib dənizə atır: “Qarmağı nə qədər uzağa ata bilsən, o qədər böyük balıq gələr. Çünki böyük balıqlar 20-80 metr uzaqdadı. İndi qarmağı uzağa atdım. Görək də nə çıxar”.
Kənardan kiçik bir qayıq görünür. Müsahib deyir ki, ordan balıqları torla tuturlar. Bu da balıqçıların xoşuna gəlmir: “Baxın, ordan toru vurub balıqların hamısını yığırlar. Tor vurmasalar, sahilə gələr. Qoymurlar ki, bir balıq bu tərəfə keçsin. Biz bir-iki dənə balıq tutub, həvəsi öldürmək üçün bura gəlirik. Onlar bəlkə də razılıqla işləyirlər. Amma məncə, tor kütləvi qırığındı”.

“Gözəl xəstəlikdi”

Nazimlə sağollaşıb başqa bir həvəskar balıqçı Pərvin Piriyevlə söhbətləşirik. Pərvin Xətaidə yaşayır. Dediyinə görə “gözünü açandan” balıq tutmağı bacarır. Bu həvəs ona atasından keçib. Balıq tutmaq üçün elədiyi fədakarlıqdan danışır. Deyir, bir həftə bundan əvvəl balıq üçün 8 kilometr yol gedib. Başını bulayaraq: “azardı da neyləyək” – deyib, balıq tutan orta yaşlı kişiyə müraciətlə: “Dayı, balıqçılar belə deyir, hə: “Xəstəlikdi, amma gözəl xəstəlikdi”.
Pərvin balıq tutmağı sevimli məşğuliyyətə çevirməyi hər kəsə tövsiyə edir: “Alimlər müəyyən edib ki, bu iş insanların əsəbini sakitləşdirir. Həm də gözə çox xeyirdi. Dənizə baxırsan, elə bil, adamın yorğunluğu çıxır”.
İndiyə qədər tutduğu ən böyük balıq 6-7 kiloluq sazan olub. Heç vaxt satmaq üçün balıq ovlamayıb: “Çox tutanda qonşulara paylamışam, amma satdığım olmayıb. Əsas həvəsimizi öldürmək üçün balığa gəlirik. Allah nə qədər yetirsə bəsimizdi. Bizim üçün hər balıq qızıl balıq kimidi. Yetər ki, evə əliboş qayıtmayaq”.
Müsahib qış aylarında balıq tutmağın çətin olduğuna diqqət çəkir: “Bu qışı evə cəmi üç dənə balıq aparmışam ya yox. Elə olur Kürün qırağında iki gün oturmuşuq bir dənə də balıq tutmamışıq. Yayda isə 50 kiloqrama yaxın aparmışam”.
Deyir ki, bu işlə kor-koranə məşğul olmaq doğru deyil. Balıq tumağı bacarmaq üçün əvvəlcə, balıqları tanımaq lazımdı: “Balıqların nə vaxt fəal olduğunu, hansı balığın harda gizləndiyini bilmək vacibdi. Bəzi balıqlar qamışlıqda yaşayır, bəziləri dənizdə. Eləsi var yaz aylarında kürüyə gəlir. Burdakı balıqlar çörəyə öyrəşib. Elə yerlər var ki, çörəyi 100 gün saxla yaxınlaşmazlar. Balıqlar 10 metr aralıda xərçəngə, 500 metr aralıda isə dəniz qurduna çıxır. Sazan da çörəyi xoşlayır. Onun üçün yumurtalı, vanilli yemək hazırlayıram”.

“Xırda balıqları ovlamasınlar”

Müsahibin dili ilə desəm, balıqçı olub balığın üzünə baxmaq yaxış hal deyil. Odur ki, Pərvin balıqdan nə yemək desən hazırlaya bilir. Onun fikrincə, pullsuz balıqların haram olduğu barədə deyilənlər yanlışdı: “Quranı çox oxumuşam. Bu barədə heç nə yazılmayıb. Allah deyir ki, dənizlərdən təzə məhsul yeyəsiz deyə, sizə ehsan verdim. Demək, hamısı haladı. Allahın haram buyurmadığını biz də haram buyura bilmərik”.
Təzəcə tutlan balığı qızardıb yeməyin fərqli ləzzəti var. Burdakı həvəskar balıqçılar da belə edir: “Tuta bilməyəndə əsəbi oluruq. Balıq olanda isə xatirələr yada düşür, gün maraqlı keçir”.
Çörəyi balaca parçalara ayıraraq qırmağa keçirir. Bu arada söhəbtindən də qalmır. Hələ də gülərək xatırladığı əhvalatı bölüşür: “Bir gün Naxçıvandan qonaq gələn bibimoğlu mənimlə balığa getmək istədi. O da həmişə klassik stildə olur, kostyumdan başqa heç nə geyinmir. Xəbərdarlıq etdim ki, heç olmasa paltarını dəyişsin, razılaşmadı. Dedi elə bu geyimdə gedəcəm. Birinci dəfə idi balığa gəlirdi, özü də kostyumda. Balıqçılardan biri qarmağı atırdı, dedi, bala, çəkil. Bir də gördü ki, qırmaq dartılmır. Demə, ilişib kostyuma yarıya qədər çırıb. Həmin gün çox gülmüşdük”.
Pərvini narahat edən problem xırda balıqların ovlanmasıdı: “Elə balaca balıqlar tuturlar ki, nə əti ağıza gələndi, nə ələ dəyən görünüşü var. Balıqların kökünü kəsirlər, dinləyən də yoxdu. Türkiyədə, Rasiyada yarım kilo, 300 qramdan aşağı çəkidə balıq ovuna qadağa var. Bu insanların özündən gələn bir hərəkətdi. Bilirlər ki, xırda balıqları ovlamaq olmaz. Bizdəsə bu xüsusiyyət yoxdu. Tordakı setkaların xırda balıqları götürməyən ölçüsü var. Bir balığın minlərlə kürüsü ola bilər. Amma bunun qarşısını alırlar. İşlərini ədalətli görsələr yaxşıdı. Çünki sabah Allaha cavab verəcəklər”.
Pərvin təbiətə və onun nemətlərinə sevgisini belə anladır: “Gözəl insanlardan birinə sual verirlər ki, Allahı sevmək üçün nə etmək lazımdı. Deyir: Allahın eşq bağçasında gəzmək. Balığa çıxan adam, bura nədən bu qədər bağlandığımı başa düşə bilər”.
Söhbətə başayandan bəri əlində tutduğu qırmağı fırladıb dənizə atır: “İnşallah, bir bunu atım, görək nə çıxacaq?”...

Arifə Mikayılova
“SİMSAR” jurnalı

 

 






27 Noyabr, 2012  17:59 Baxılıb: 6712 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner