Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

DƏM QAZINDAN ZƏHƏRLƏNƏNLƏR: KİMDİR GÜNAHKAR? - ARAŞDIRMA

.

Havaların soyuması ilə əlaqədar dəm qazından zəhərlənmələrin də sayı artıb. Adətən, noyabr ayında evlərdə sobalar quraşdırılmağa başlanır. Sobalar ustalar tərəfindən quraşdırılmalı olsa da, reallıqda bu işi əhalinin özü görür. Bu isə xoşagəlməz hadisələrə yol açan əsas faktor kimi qəbul olunur.
Statistik məlumatlar dəm qazından zəhərlənmə hallarının sayının ildən-ilə artdığını göstərir.


Zəhərlənmə hallarının artmasının kökündə nə dayanır, müqəssirlər kimdir, təhlükəsizlik qaydalarına niyə əməl olunmur kimi suallara cavab tapmaq üçün kiçik araşdırma aparmağa qərar verdik.

Öncə bir məqama diqqət yetirək. Qaz təsərrüfatının təhlükəsizlik qaydalarında qeyd olinur ki, dəm qazı natamam yanma prosesində əmələ gələn rəngsiz, iysiz,dadsız, havadan yüngül, qaynar qazdır.
Nəfəs aldıqda dəm qazı qanın hemoqlobini ilə birəşib tənəffüsü çətinləşdirir və zəhərlənməyə səbəb olur.Təhlillər göstərir ki, dəm qazından zəhərlənmə hadisələrinin təxminən 40 faizi yeni təmir olunan, qapıları və nəfəslikləri plastik-paket tipli hazırlanaraq kip bağlanan, havadəyişmə üçün yer saxlanılmayan hamam otaqlarında baş verir. Qüvvədə olan normativ sənədlərin tələblərinə uyğun olaraq, hamam otaqlarının qapılarında havadəyişmə üçün 0,02 kvadrat metr sahədə dəlik və yaxud jalüz olmalıdır ki, otaqdan işlənmiş hava və ona qatışıq olan dəm qazının tam şəkildə çölə çıxması təmin edilsin. Bu imkan yaradılmadıqda, yanma prosesi də natamam olur və qazın tərkibində olan maddələrin (ammiak, sian birləşmələri, hidrogen-sulfid və s.) bir qismi otaqda qalır. Bu isə insan həyatı üçün çox böyük təhlükə yaradır. Qeyd edək ki, təbii qazla işləyən su qızdırıcıları quraşdırılan hamam otaqlarının həcmi 7,5 kubmetr, hündürlüyü isə 2,5 metrdən az olmamalıdır. Hamam otaqlarında baş vermiş hadisələrin 15 faizi vətəndaşlar tərəfindən istifadə olunan su qızdırıcılarının nasaz və yaxud tamam yararsız vəziyyətdə istismar olunması ilə bilavasitə bağlıdır. Hamam otağında təbii qazla işləyən su qızdırıcıları quraşdırılan zaman, otaq mütləq müstəqil havadəyişmə sistemi, tüstü bacası, eləcə də nəfəslik ilə təchiz olunmalıdır. Hamam otağının daxili qaz xətləri gözəgörünən, texniki baxış və qulluq üçün əlçatan yerdə quraşdırılmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, “Azəriqaz” İB bir daha istehlakçıları “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın tələblərinə ciddi riayət etməyə çağırır”.
Azəriqaz həmçinin qaz sobalarından düzgün istifadəyə diqqət çəkmək üçün müxtəlif videoçarxlar da hazırlayır. Qış aylarında televiziya ekranlarında bu videoçarxları tez-tez görmək mümkündür.

Problem “İran soba”larında deyil

Çox vaxt zəhərlənmələrin günahı “İran Soba”larının boynuna atılır. Ancaq, satıcılar bu fikirlərlə razı deyillər. Qaz sobası satıcıları zəhərlənmə hallarının çox olmasında əhalini günahlandırır. Onlar satdıqları sobaların keyfiyyətindən əmin olduqlarını deyirlər.
Əhəd Kazımov 5 ildir ki qaz sobası satdığını bildirir: “ Demək olar 5 ildən çoxdur ki, qaz sobası satıram. Qaz sobalarının ölçüsü və qiymətləri fərqli olur. Qiymətlər 100-200 manat arasındadır. Ancaq, keyfiyyətləri arasında o qədər də böyük fərq yoxdur. Qiymət fərqinin səbəbi də ölçüsüdür. Otağın kvadratmetrinə görə, uyğun qaz sobası alınmalıdır. Sobanı mütləq başı çıxan adam quraşdırmalıdır. Hamı soba quraşdıra bilməz. Zəhərlənmələr də elə bu səbəbdən baş verir”.
Həmid Dəmirov isə soba quraşdırmaq üçün xüsusi işçilərin olduğunu bildirir: “Bizdən soba alanlar əlavə pul ödəyəndə sobanın quraşdırılmasını təmin edirik. Sobadan və evin quruluşundan asılı olaraq 5-10 manat əlavə pul alırıq. Mən özüm neçə ildir soba satıram amma quraşdırmaq işindən başım çıxmır. Pis odur ki, demək olar hamı sobasını özü quraşdırır. Qazla oyun olmaz. Yazıqdırlar, tələbələr, gənc adamlar ölür adamın ürəyi ağrayır”.

“Don” geyindirirlər

Problem ilə bağlı Konstitusiya Araşdırmalar Fondunun kommunal xidmətlər eksperti Ələkbər Ağasıyevin fikirlərini öyrəndik. Ekspert deyir ki, Sovet hakimiyyəti dövründə keçən əsrin 90-cı illəri də daxil olmaqla müvafiq nəzarətçilər 2-3 aydan gec olmayaraq bütün abonentlərin evlərini gəzib, təhlükəsizlik tədbirləri görürdülər: “2-3 aydan bir bütün evləri gəzib, tüstü bacalarının təhlükəsizliyini yoxlayır, lazımi profilaktik tədbirlər görürdülər. Həmçinin, ildə bir dəfə çoxmərtəbəli binalarda yoxlama aparılırdı. Bu zaman Mənzil İstismar Sahələrinin nümayəndəsi də orada olurdu. Akt hazırlanır, qaz istismar idarəsinə verilirdi. Bütün bu xidmətlər pulsuz həyata keçirilir, əhalidən heç bir ödəniş tələb olunmurdu. Çünki, qazın əhaliyə paylanmasına nəzarət edən bütün qurumlar cinayət məsuliyyəti daşıyırdı. İndi isə başqa bir mənzərə yaranıb”.
Ə. Ağasıyev bildirdi ki, 2011-ci ildə qəbul olunan qərar həyata keçirilmir: “Mən də daxil olmaqla, bir çox ekspertin rəyləri diqqətə alınaraq 2011-ci ilin may ayında Nazirlər Kabinetinin 80 nömrəli qərarı ilə “Qazdan istifadə qaydaları” qəbul olundu. Qərara görə, 6 aydan gec olmayaraq evlərdə təhlükəsizlik tədbirlərinin aparılmasına nəzarət olunmalıdır. Hazırda 2012-ci ildəyik, ancaq heç bir nəzarətin olmadığını görürük. Düzdür, gec də olsa bu illərə baxmaq üçün Fövqaladə Hallar Nazirliyinin nəzdində pərakəndə bir qrup yaradıldı. Lakin, onlar xidmət qarşılığında abonentlərdən 6 manat pul istəyirlər. Halbuki, heç bir ödəniş olmamalıdır”. Ekspert müvafiq tədbirləri həyata keçirmək üçün Azəriqazın kifayət qədər maddi bazası olduğunu vurğuladı: “2008-ci ildə təbii qazın maya dəyərinin artmamasına baxmayaraq, satış qiyməti 2,1 faiz artdı. Həmin vaxt bir kubmetr qaz 4,7 qəpikdən satılırdısa, indi 10 qəpik olub. Azəriqaz burdan gələn gəlirin kiçik bir hissəsilə digər müvafiq qurumlarla da anlaşaraq tüstü bacalarının təmizlənməsini mərkəzləşdirilmiş şəkildə həyata keçirə bilər. Qaz istifadəçiləri onların pərakəndə xidmətlərindən xəbərdar olmaya bilər, pul ödəmək istəməyə bilər. Ancaq, xidmət mərkəzləşdirilmiş şəkildə və ödənişsiz həyata keçirilsə inanıram ki, problem aradan qalxacaq.
“İran sobalar”ını və ya əhalinin diqqətsizliyini zəhərlənmələrin əsas səbəbi kimi göstərənlərə, demək istəyirəm ki, bu qəzalara “don” geyindirməkdən, bəhanədən başqa birşey deyil. Çünki, istismara yararlı olmayan soba patent almayıbsa, sertifikat almayıbsa ölkəyə gətirilməsi mümkün deyil. Qaldı ki, əhalinin diqqətsizliyinə səbəb onların düzgün maarifləndirilməməsidir. Mən düşünürəm ki, qazı istismara verən qurum eyni zamanda onun təhlükəsiz şəkildə istifadəsini də təmin etməlidir. Məsuliyyət daşımalıdır”.

Qaz sobasından istifadə zamanı diqqət edilməlidir!

Ekspertlər bildirir ki, zəhərlənmələrin qarşısını almaq üçün bacalar tez-tez təmizlənməlidir. Əgər qaz yandığı halda soba isti, bacanın borusu soyuqdursa, deməli, yaranan zəhərli qazlar evə dolur. Belə olduqda boru çıxarılmalı və təmizlənməlidir. Borunu uzatmaq da olar. Çünki bacanın borusu nə qədər uzun olarsa, havanı bir o qədər yaxşı çəkər. Tüstü bacalarının çəkməməsi zamanı yanan metan qazından karbon 4 oksid əvəzinə karbon 2 oksid xaric olunur ki, bu da insanların qatilinə çevrilir. 
Dəm qazı başqa yanacaq növlərindən istifadə zamanı, məsələn, kömür yandırılarkən də yarana bilir. Bunun qarşısını almaq üçün yanma məhsulları olan otaqlarda tez-tez havanın dəyişdirilməsi, qızdırıcıların havasorucu borularının yaxşı işləməsinə nəzarət etmək lazımdır. Qapalı mühitlərdə qaz yandırılarkən mütləq nəfəsliklər açıq olmalıdır. Mütəxəsislər dəm qazı yarandıqda ona işarə verən müasir qaz cihazlarından istifadəni məsləhət görürlər.

İlknur Salamova

 






19 Noyabr, 2012  20:44 Baxılıb: 2713 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner