Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

ONLAR DÜNYANI GÖRƏRƏK DUYMURLAR, DUYARAQ GÖRÜRLƏR - ARAŞDIRMA

.

Dünyanın hansı rəngdə olduğunu bilmir 13 yaşlı Seymur. Ümumiyyətlə, onun rənglər barədə təsəvvürləri belə yoxdur. Anası Gülnarə xanım oğlunun anadangəlmə gözdən qüsurlu olduğunu deyir. Şuşa şəhərindən olan Gülnarə xanım bildirir ki, 13 il bundan qabaq, yəni Seymur dünyaya gələndə həm sevinib, həm də yox. Üç qızdan sonra doğulub Seymur. «Allah, arzumuzu eşitdi. Amma gözdən əlil oğul verdi» deyən Gülnarə xanım balasını yıxılan, ağlayan vəziyyətdə görəndə iztirab çəkir: «Elə bilirəm, ona bu işgəncələri mən verirəm. Özümü günahkar hesab edirəm, övladımın qarşısında. Həkimlər dedilər ki, qaçqınlıq həyatı sənin səhhətinə, psixikana pis təsir göstərib. Ona görə də, övladın tam sağlam olmayıb». 

Amma Seymur özünü tək hiss etmir. Gözündə eynək, əlində əsa ilə gəzməyi, barmaqlarının ucları ilə kitabları oxumağı bacaran Seymurun oxuduğu məktəbdə çoxlu dostu var. Onunla birlikdə oxuduğu məktəbə gedirik. Gözdən əlil uşaqlar üçün nəzərdə tutulan məktəbdə uşaqlar bir-birilərinin çiynindən tutaraq hərəkət edirlər.

Gözdən əliləllərə şad xəbər!

Onlara burada orta məktəb fənlərilə yanaşı, musiqi və idman dərsləri də keçirlər. Məktəbin müəlliməsi Simayə xanım deyir ki, buranı bitirən şagirdlər asanlıqla iş tapa bilirlər: «Düzdür, maaşları azdır, işə çətin gedib-gəlirlər. Amma iş tapılır. Musiqi məktəblərində, xəstəxanalarda, tikiş sexlərində, digər qurumlarda əlilləri işə götürürlər. Bu müvafiq qanunun tələbidir. Gözdən əlillər üçün tədris elə sürətlə inkişaf edir ki, indi onların bacarmadığı iş qalmayıb. Çox qabiliyyətli uşaqlarımız var. Onlar idman yarışlarında yaxşı nəticələrlə çıxış edirlər. Musiqi duyumları güclüdür. İstedadlı uşaqlarımız çoxdur».
Həmsöhbətimiz deyir ki, yaxın müddətdə gözdən əlillər üçün ölkəyə xüsusi kompüterlər və mobil telefonlar gətiriləcək: «Səslə idarə olunan kompüter və mobil telefonlar icad olunub. Onların sirlərini mənimsəyəndən sonra bizim şagirdlərə bütün iş yerlərinin qapıları açıq olacaq».

Olduğumuz məktəb həm də gözdən əlillər üçün salınmış şəhərcikdə yerləşir. 2-ci qrup gözdən əlil olan Simayə müəllimənin bələdiçiliyilə şəhərciyi gəzirik. Həmsöhbətimiz bildirir ki, şəhərciyin ərazisi genişləndirilib, yeni yataqxanalar tikilir. 12 mərtəbəli, 132 mənzilli yataqxananın 5 mərtəbəsi artıq tikilib. Yataqxanada qalanlar yeni mənzillərə köçürüləcək.

«Deyirlər, korsan, səni işə götürə bilmərik»

Yataqxanının həyətində barmaqları ilə kitab oxuyur. Yaxınlaşıb özümü təqdim edirəm. Məmuniyyətlə, adını deyir: «Adım Sənan, soyadım Qafarovdur. 35 yaşım var. 6 ildir gördüyünüz təmirsiz yataqxanada qalıram».
Simayə müəllimənin «Sənan hər şeydən narazıdır» deməsi, yeni tanışımızı özündən çıxarır: «Hər yerdə deyirsiz ki, gözdən əlillərə yaxşı baxırlar. Hanı? Mənə niyə iş vermirlər? Rabitəçiliyi qurtarmışam, gözlərim görmədiyi üçün işə götürmürlər. Yoldaşım işləməsə acından ölərəm».

Sənan ayda 135 manat pensiya almasından və bu pulun müalicəsinə çatmamasından şikayətlənir: «Dərddən siqarət çəkməyə başlamışam. Heç kəs bizi nəzərə almır. Şəhərdə əlimizdən adam tutmasa gəzə bilmirik. Yolları, keçidləri düzəldəndə, binaları tikəndə ölkədə korların olmasını nəzərə almayıblar. Bizim adımızdan istifadə edib yaxşı dolananlar var. Guya gözdən əlillərin hüquqlarını müdafiə edirlər. Belə müdafiə edirlər?»

Bələdçimiz Sənanı sakitləşdirməyə çalışır: «Bax, Sənan dövlət sənə iki otaqlı ev verib. Yoldaşın, uşaqların, hətta anan həmin mənzildə qalırsız. Sizin üçün yeni, müasir standartlara uyğun bina da tikirlər. Dövlət bundan artıq sənə nə etməlidir? Naşükür olma!».

Sənan yenə də razılaşmır. Deyir, BMT-nin, digər beynəlxalq təşkilatların israrlı tələblərindən sonra onlara yeni bina tikməyə başlayıblar: «Xaricdən təzyiqlər olmasa bizim üçün heç bir iş görməzlər. Xəbəriniz var, Almaniyada gözdən əlillər necə yaşayırlar? Dövlətin diqqəti və qayğısı daim üzərlərindədir. Mən də Almaniyadakı korları kimi yaşamaq istəyirəm. Lazım olan diqqət və qayğını duya bilmirəm».

Sənanı narazı halda qoyub, Simayə müəllim ilə yolumuza davam edirik. Müsahibimiz deyir ki, gözdən əlil kişilər çox aqressiv olurlar: «Biz taleyimizlə barışmışıq. Amma onlar barışa bilmirlər. Qaranlıq həyata öyrəşə bilsən, yaşaya, gözəlliyi görə bilərsən. Hərdən mənə elə gəlir ki, hər şeyi görürəm. Düşünürəm ki, bütün insanlar elə mənim kimidir».
Simayə xanıma görə, Bakı şəhərində gözdən əlilləri yavaş-yavaş nəzərə almağa başlayıblar: «Gənclikdə bizim üçün kitabxana var. Tez-tez ora gedib-gəlirəm. Hərəkət etdiyimiz yolun bir neçə yerində səsli işıqforlar qoyublar. Sürücülər mədəni olsa, avtomobilləri üstümüzə sürməsələr insan köməyi olmadan yolu keçə bilərik».
Kitabxanadan söhbət düşmüşkən Simayə xanımın əlindəki kitabı alıb vərəqləyirik. Nöqtəli kitabdan heç nə baş aça bilmirik. Bu kitabda Azərbaycanın tanınmış şairi Almaz İldırımın, Seyid Əzim Şirvaninin və digər şairlərin şeirləri var - deyir, həmsöhbətimiz. Kitabın ağ vərəqlərində saysız hesabsız insanın barmaqlarına toxunan nöqtələr var. Həmin nöqtələr gözdən əlillər üçün nəzərdə tutulan «Brayl» əlifbasıdır. Simayə xanım kitabdakı şeiri elə sürətlə oxuyur ki, sanki şeirləri özü yazıb.
Gəzib-dolaşdıqca şəhərciyin digər sakinlərilə qarşılaşırıq. Əslində hər biri ilə söhbət edib problemlərini öyrənmək istəyirik. Amma Simayə müəllimə bizi elə söhbətə tutub ki, sözünü yarımçıq kəsə bilmirik. Gah uşaqlıq illərindən, doğulduğu kənddən, gah da şagirdlərinin qabiliyyətindən danışır. Onun danışdıqlarını qələmə alsaq yaxşı kitab müəllifi ola bilərik.

«Gözümü torpaqlarımızla bir yerə itirdim»

Bizdən qabaqda gedən orta yaşlı gözdən əlil kişi bilmədən kənar şəxslərin şəhərcikdə saxladığı avtomobilə toxunur və maşının siqnalizasiya sistemi işə düşür. Öyrəndik ki, gözdən əlillərin bəzilərinin ailə üzvlərinin avtomobilləri var. Onlara dəfələrlə avtomobillərini yolun üzərində saxlamamaq xəbərdarlığı edilsə də, nəticəsi olmayıb.
Fazil adlı gözdən əlil bildirir ki, onların qənimi avtomobillərdi: «Harda gəldi saxlayırlar. Düşünmürlər ki, şəhərcikdə əsasən korlar qalır. Öz yaxınları da kordur. Amma əhəmiyyət vermirlər. Danışa bilməsək, bəlkə bizi çoxdan tapdayıb keçərdilər».
Fürsətdən istifadə edib Fazilin tərcümeyi-halı ilə maraqlanırıq. Əslən, Bərdədən olan fazil Qubadlı uğrunda gedən döyüşdə gözündən yaralanıb. İlk illər bir gözü zəif də olsa görüb. Amma tədricən dünya işığına tamarzı qalıb. Deyir, əgər vaxtında İsrailə göndərsəydilər bir gözünü xilas etmək mümkün olardı. Bunun üçün çoxlu pul tələb olunub. Həmin illərdə ölkədə hökm sürən xaos müharibədə əlil olan hərbçilərin tam müalicə olunmasına imkan verməyib. «Dövlət mənə görə ailəmə «OKA» avtomobili hədiyyə edib, özümə ev verib, həm müharibə əlili kimi pensiya alıram, həm də elektrik işləyirəm. Ciddi maliyyə problemimiz yoxdur. Əsas istəyim Qarabağın azad olunmasıdır. Mən torpaqlarımız üçün gözümü itirmişəm. Gözümü itirməklə hardasa barışmışam. Bilirəm ki, onu geri qaytada bilməyəcəm. Amma torpaqlarımızın azad olunacağına inanıram».

Sonda Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayevlə görüşüb söhbətləşirik. «Gözdən əlillərin nə kimi problemləri var» sualını» Səmyar müəllimə ünvanlayırıq. Təşkilat sədri əlil insanların hər zaman qayğıya ehtiyacı olduğunu və onların problemlərinin bitib tükənmədiyini bildirir: «Əlil insanların heç vaxt problemləri bitib-tükənmir. Əsasən iki problemimiz var. İş və cəmiyyətin bizə münasibəti. Stiqma, damğa əlillərə pis təsir göstərir. İnsanın gözünün görməməsi eyib deyil, buna görə kompelksləri olmamalıdır. Həm gözdən əlillərin özlərinin-özlərinə, həm də başqalarının onlara kompleksli yanaşmaları var. Bu artıq mədəniyyət məsələsidir. Avpopa bu mərhələni çoxdan keçib. İş üçün hansısa idarəyə müraciət edirsən. Müdir deyir ki, bizə sağlam adam lazımdır. Əgər gözdən əlil təklif olunan işi bacarırsa, telefon zənglərinə cavab verə, məhsulları qablaşdıra bilirsə nə üçün onu işə götürməyəsən? Belə olanda biz aidiyyəti qurumlara müraciət edirik. Onlar da gəlib idarənin rəhbərini cərimələyirlər. İşəgötürənlərin heç bir səbəb, tutarlı arqument olmadan əlil insanı işə götürməməsi hüquq pozuntusu olmaqla bərabər, ciddi mədəniyyət pozuntusunun göstəricisidir. Avropada bedə insanlara heç salam verməzlər».

Sonda onu da qeyd edək ki, özləri özlərinə «kor» desələr də, biz onları bu adla çağırmamalıyıq. Hər birimizin onlar kimi olmaq ehtimalımız var. Bu qaşla kirpik arasındakı məsafə qədər kiçikdir. Əsil kor gözləri görməyən yox, mənəviyyatları məhv olmuş, ürəklərində insan sevgisi olmayan, hər addımında günaha batanlardı. Həzrəti Əlinin sözləri ilə desək, qəlbin, mənəviyyatın kordursa, gözlərinin görməsinin heç bir mənası yoxdur. Allah hər birmizi mənəvi korluqdan qorusun!

Ruslan XƏLİL

Yazı “Vətəndaş Maarifləndirilməsi” İctimai Birliyinin “Cəmiyyət arasında əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara diqqət və qayğının artırılması məqsəd ilə təbliğat-təşviqat kampaniyasının təşkili” layihəsi çərçivəsində elan olunmuş yazı müsabiqəsinə təqdim olunur.







12 Oktyabr, 2012  14:15 Baxılıb: 1609 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner