Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

XXI ƏSRIN PROBLEMI: KOMPÜTER OYUNLARINDAN ASILILIQ - ARAŞDIRMA

.

“Reallıqda edə bilmədiklərimi oyunda edə bilirəm. Məsələn, maşını istədiyim kimi sürətli sürürəm və ya hansısa qəhrəmana çevrilirəm. Bunlar çox xoşuma gəlir. Gün ərzində 3-5 saat oynayıram, mərhələləri keçmək üçün çalışarkən vaxtın necə keçdiyinin fərqində olmuram” bu sözləri günün çoxunu kompüterdə oyun oynmaqla keçirən Turan Süleymanov deyir. O bildirir ki, evdə kompüter və internet olduğu üçün onun oyun oynamasında heç bir problem çıxmır: “İnternet klublarda kompüterdən istifadənin qiyməti 60 qəpikdir. Orda oyuna çox vaxt ayırmaq olmur. Ancaq evdə istənilən vaxt və nə qədər istəyirəm oynayıram”. Saatlarla hansı oyunu oynadığını soruşduqda, “Countr Strike”, “Gta Sanandreas” oyunlarını oynadığını söyləyir: “Countr Strike” döyüş səhnələridir, düşmənləri və terroristləri öldürürsən, “Gta Sanandreas” isə müxtəlif missiyaları yerinə yetirirsən. Burda həyatda olduğu kimi, hər şey var” . 

Kişilərdə asılılıq qadınlardan 4 dəfə çoxdur

İnkişaf edən texnologiya və internet şəbəkəsinin sürətlə yayılması insanları yeni bir problemlə qarşı-qarşıya qoyub: oyun asılılığı. Kompüter oyunları asılılığı bütün dünyada ciddi bir xəstəlik kimi qəbul olunur. Çünki, oyun asılılığı insanı real həyatdan uzaqlaşdırır.
“Forbes” jurnalının “DFC İntelligence” araşdırma şirkəti ilə birgə hazırladığı 2011-2012 illərinə dair hesabata görə, dünyada ən çox oynanılan oyunlar bunlardır: 1. Leagne of Legends, 2.World of warcraft, 3. Minecraft, 4. Hereos of newerth, 5. Diablo III, 6. Batt lefield 3, 7.Maple story, 8. Starcraft II, 9. World of tanks, 10. Call of Duty: Modern warfare.
Ümumilikdə bu oyunlardan birincisi 13 milyard saat, sonuncu sıradakı isə 127 milyon saat oynanılıb.
Araşdırmalara görə, getdikcə daha geniş kütlə arasında populyarlıq qazanan kompüter oyunları, 11-35 yaş aralığında olan insanlara təsir edir. Kişilər, qadınlara nisbətdə 4 qat daha çox oyun asılılığına düçar olurlar.

Gündə 20 saat oyun oynayırlar

Ümumilikdə MMORPG (Massively multiplayer online rola playing game-çox oyunçulu rol oyunu) adı verilən bəzi oyunlarda oynayanın qarşısındakı məqsəd oyunun təqdim etdiyi virtual kainatda bir xarakter yaratmaq və müxtəlif qabiliyyətlər və güclərlə ən üst səviyyəyə çatmaqdır. Bunların ən məşhurlarından biri olan “World Of Warcraft”ın dünya səviyyəsində qeydə alınmış 5 milyon oyunçusu var. Dünyada milyonlarla adam tərəfindən oynanılan “Mmorpg” oyunları öz oyunçusuna gerçək dünyaya аlternativ bir kainat təqdim edir. Oyunçular tam fərqli bir şəxsiyyət qazanırlar. 24 saat davam etdiyi üçün, müəyyən bir sonu yoxdur və nə qədər çox vaxt ayrılarsa o qədər çox müvəffəqiyyət qazanmaq olur. Çünki, siz oynamasanız belə oyun digər oyunçular tərəfindən davam etdirilir. Buna görə “Mmorpg” ümumi başlığı altında adlandırılan oyunlar insanların sosial həyatını məhv edir, asılılıq yaradır. Bütün gün və hətta gecə kompüter başından qalxmadan oyundakı xarakterini idarə edən, həyatdan qopuq yaşayan insanların olması, belə oyunların yaratdığı zərərlərlə bağlı müzakirələrə səbəb olub. Dayanmadan 50 saat “ Starcraft” oyununu oynayan 28 yaşındakı koreyalı gənc ölmüş, hadisə mətbuatda böyük əks-səda yaratmışdı. Bütün bunlar kompüter oyunlarından asılılığın nə qədər təhlükəli olduğunu bir daha sübut edir. “İstər uşaqlar üçün, istər böyüklər üçün oyun oynamaq üçün qəbul edilən normal müddət 1-2 saatdır” psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri-psixoloq Narınc Rüstəmova belə deyir. Amma məlumdur ki, bu qaydaya əməl etməyənlərin sayı hər keçən gün daha da artır.

Beynəlxalq statistika nə deyir?

Statistikaya görə, Avropa ölkələrində kompüter oyunları oynayanlar gün ərzində təxminən, 12-15 saat kompüter başında olurlar. ABŞ-ın Harvard Universitetinin apardığı araşdırmanın nəticəsi hər 100 nəfərdən 40-nın bu oyunlardan istəsə də əl çəkə bilmədiyini göstərir. Son 10 ildə yaponiyalı gənclərin böyük bir hissəsi kompüter oyunları səbəbi ilə otaqlarına qapanıblar. Hazırda 300 mindən çox yaponiyalı gənc otaqlarından yalnız axşam yeməyi vaxtı çıxırlar. Küçəyə isə ayda bir, o da çox vacib bir şey olsa çıxan belə gənclərlə yanaşı 10 ildir otağından çıxmayan daha ağır vəziyyətdəki xəstələr də var. Bu tip insanlara “hikikomori” deyilir ( yaponca mənası geri çəkilmək, əlini ətəyini çəkmək deməkdir). Belə insanların çoxu günün 20 saatını oyun oynamağa ayırır. İndi hikikomoriləri ictimai həyata qatmaq üçün təşkilatlar qurulub.
Əhalisi çox olduğu üçün oyun istehsalçılarının ən çox istiqamətləndiyi ölkə olan Çində hökumət 3 saatdan çox oyun oynamağı qadağan edib. Çində oyun asılılığı olan bir şəxs oyunda qiymətli olan qılıncını oğurladığı üçün başqa bir oyunçunu öldürmüşdü. Bu hadisədən sonra Çin hökumətinin qərarı ilə online yoxlama sistemi vasitəsi ilə 3 saatdan çox oynanılan oyunlar irəliləmir, əksinə geriləyir.
Narınc xanım Azərbaycanda bu problemin çox dərin olmadığını, insanların maksimum 4-5 saat oynadıqlarını deyir. Azərbaycanda kompyuter oyunlarına aludəçilərinin çox olmadığını fikirləşir: “ çox az insanda aludəçilik görülür ki, bu da bir neçə seansda həll edilən problemdir”.

Kompüter oyunlarından asılılıq boşanmalara səbəb olur

Kompüter oyunlarına həddindən artıq düşkünlük başqa problemlərə də səbəb olur. Belə ki, insanlar yoldaşları ilə film izləmək, söhbət etmək yerinə vaxtını bu oyunlarla keçirir. Beləliklə, ər-arvad arasında problemlər yaranır ki, bu da boşanmaya səbəb ola bilir. Kompüter oyunları daha çox kişilərin marağına səbəb olur. Oyun asılılığı olan kişi işə getmir, uşaqlarla maraqlanmır, evin bütün işləri qadının öhdəsinə düşür. Ancaq, mütəxəssislər belə hallarla qarşılaşan qadınların həyat yoldaşına dəstək olmasını məsləhət bilir. Oyun asılılığı sadəcə kişilərin problemi deyil. Belə hal hər kəsin başına gələ bilər. Psixoloq Narınc Rüstəmova oyun asılılığı problemi ilə ona müraciət edən qadınları misal çəkir: “Mənə iki xanım müraciət etmişdi. Onların ikisi də Facebook sosial şəbəkəsində populyar olan ferma oyununu oynayırdılar. Ancaq, iş o yerə gəlib çatmışdı ki, onlar uşaqlarına vaxt ayırmır, gündəlik işlərinə adaptasiya ola bilmirdilər. Hətta onlar boşanma məqamına gəlib çıxmışdılar”.
Ümumiyyətlə, dünya təcrübəsində də psixoloqlar belə məsləhət bilirlər ki, boşanmaq yerinə həmin şəxsi bu problemdən xilas etmək üçün müəyyən tədbirlərə əl atılmalıdır.

12-18 yaş qrupundakı yeniyetmələrdə oyun asılılığına meyl daha çox olur

Narınc Rüstəmova 6 yaşına qədər uşaqların oyun oynamasını düzgün hesab etmir: “ 6 yaşdan yuxarı olan uşaqlar diqqət artırıcı; məntiqi, təfəkkürü inkişaf etdirici oyunlar oynaya bilər. Hətta bəzən, mən uşaqlara kompüter oyunlarını tövsiyə edirəm, valideynlər isə təəccüblənir. Lakin, bu normada olduğu müddətdə faydalıdır. Sadəcə valideynlər uşaqlar üçün düzgün oyun seçimlərini etməlidirlər. Normanı keçməmək şərti ilə oyunların uşaqlara ziyanı yoxdur”.
Psixoloqların və elm adamları deyir ki, “Valideynlər uşaqlarını kompüter qarşısından qaldırmaqda çətinlik çəkirlər. Bəzi valideynlər isə uşağa kompüter almamağı məsələnin həlli kimi görürlər. Ancaq, unutmaq olmaz ki, qadağa qoymaq hər hansı bir sahəyə olan marağı daha da artırır. Ona görə də valideynlər uşaqla rəftar edərkən daha diqqətli olmalıdırlar. Uşağa oyun oynaması üçün 1-2 saat vaxt verilməlidir. Ailələr tətbiq edə bilməyəcəkləri qaydaları qoymamalıdırlar. 12-18 yaş arasındakı uşaq və yeniyetmələr oyun asılılığına daha tez yaxalanır. Uşaqlar məktəbə gedirəm, deyib internet kafelerə gedirlər. Bu yaş qrupundakılara daim nəzarət etmək lazımdır. Ana və ata həm də uşağın oynayacağı oyunları seçməlidir. Çünki, kompüter oyunlarının çoxu şiddət ehtiva edir”.
“Uşaqda oyunlara aludəçilik yaranmasının qarşısını almaq istəyən valideyn ilk növbədə uşağı sistemə salmalıdır. Yəni, uşaq bilməlidir ki, saat neçədə oyanacaq, nə vaxt dərslərini hazırlayacaq və nə vaxt oyun oynamaq olar” deyən Narınc xanım bu mövzuda valideynlərin üzərinə böyük məsuliyyət düşdüyünü bildirir.

Şiddət ehtiva edən oyunlar zərərlidir mi?

Şiddət ehtiva edən kompüter oyunlarının insanlar üzərindəki təsirini ölçmək üçün 2002-ci ildə Amerikanın OhoyaUniversitetində Craig Anderson və Brad Bushman təcrübələr həyata keçiriblər. Araşdırma zamanı onlar içərisində dava, döyüş olan oyunların insanlara mənfi təsir etdiyini sübut edə bilməsələr də, mütəxəsislər yenə də diqqətli olmağa çağırıblar.
Narınc xanım isə 11 yaşından sonra uşaqların şiddət ehtiva edən oyunlar oynamasını normal hesab edir: “Yeniyetməlik dövründə uşaqlar aqressiv olur. Hər şeyə tez əsəbiləşir, valideynlərini bəyənmir, ən adi bir şeyə həddən artıq reaksiya verir. Bu vaxt şiddət oyunlarına meyl etməsi normaldır. Həmin oyunlarla uşaq içindəki əsəbi boşaldır”.

“Oyun pərəstişkarı”

Turan Süleymanov özünün oyun asılılığı olmadığını düşünsə də valideynləri bunun doğru olmadığını bildirirlər: “ Kompüter qarşısından qalxmır. Əvvəllər məktəbdəki müəllimlər ondan razı idilər. İndi isə qiymətləri çox aşağıdır. Dostları da azalıb. Demək olar ki, günün böyük hissəsini otağında, kompüter qarşısında keçirir”.
16 yaşlı Turan isə sadəcə vaxt keçirmək üçün oyun oynadığını deyir: “Vaxt keçirmək üçün oynayıram. Reallıqda edə bilmədiklərimi oyunda edə bilirəm. Məsələn, maşını istədiyim kimi sürətli sürürəm və ya hansısa qəhrəmana çevrilirəm. Bunlar çox xoşuma gəlir. Gün ərzində 3-5 saat oynayıram, mərhələləri keçmək üçün çalışarkən vaxtın necə keçdiyinin fərqində olmuram. Düzdür bəzən elə olur ki, bütün gün evdə oluram. Ama məndə oyunaasılılıq yoxdur, istədiyim vaxt oynamaya bilərəm”.
Turanın dostlarından biri olan Vasif Pənəhov isə özünün kompüter oyunlarına çox da marağı olmadığını, ancaq, bir neçə tanışının artıq “oyun pərəstişkarı” olduğunu dedi.

Problemlərdən qaçış

Psixoloqların fikrincə insan oyun oynayanda həyatdakı çətinliklərdən uzaqlaşır, problemləri unudur və yeni bir dünyanın içində özünü daha rahat hiss edir. Oyunlar insanda xoşbəxtlik hormonu ifrazına səbəb olur. Müəyyən müddət oyun oynamaq uşaqların zəka səviyyəsinin yüksəlməsində, yetişkin insanların da əylənməsində rolu böyükdür. Lakin, oyun saatlarının miqdarı artdıqca insan orqanizminə və psixologiyasına da mənfi təsirləri ortaya çıxır. Yuxu nizamı pozulur, göz və əzələ skelet sistemi problemləri və s. yaranır. Kompüter oyunlarından asılı hala düşməmək üçün insanın müxtəlif hobbiləri olmalıdır. Yəni, oyunlar həyatın mərkəzində dayanmamalıdır. Bunun yerinə gün ərzində oyun üçün müəyyən bir vaxt bölgüsü təyin etmək, qalan vaxtlarda da kitab oxumaq və digər məşğuliyyətlərə yönəlmək lazımdır.

Hazırda Azərbaycanda da kompüter oyunları oynayanların sayı kifayərt qədər çoxdur. Ancaq bu sahə araşdırılmadığı üçün əlimizdə statistika da yoxdur. Yenə də bizim gənclərin internetə olan marağı bu problemin bizdən də yan keçməyəcəyini deməyə əsas verir. Əgər diqqətli olmasaq, Avropa ölkələrindəki hallar bizdə də müşahidə oluna bilər.


İlknur Salamova






11 Oktyabr, 2012  16:20 Baxılıb: 4483 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner