Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

GÖTÜRÜLƏN «QASİD» KÖŞKLƏRİ, ÇOXALAN İŞSİZLƏR VƏ BAZARI ÖLƏN QƏZETLƏR – ARAŞDIRMA

Yeni köşklər qəzet köşkləridir, yoxsa min bir xırdavat satışı mağazası? 

Ölkədə çap mediasının yayımının ürəkaçan olmadığı bir zamanda qəzet və jurnalların satışını həyata keçirən «Qasid» mətbuat yayımının 80-dən çox köşklərinin ləğvi durumun daha da pisləşməsinə səbəb olub. Baş redaktorlar bildirirlər ki, köşklər ləğv ediləndən sonra qəzetlərin satış faizi əməlli-başlı aşağı düşüb. Bu barədə bir qədər sonra. Burada diqqət çəkən məqamlardan biri də firmanın əməkdaşlarının işsiz qalması və şikayətlərinin səmərə verməməsidir.

Məlumat üçün bildirək ki, «Qasid» yayım firması SSRİ-i dövründə bütün ölkəni əhatə edib. Və «Soyuzpeçat»ın Bakı bürosu kimi fəaliyyət göstərib. Azərbaycan müstəqillik qazandıqdan sonra - 1992-ci ildə bu agentlik «Qasid» yayım firması adlandırılıb. Burada işləyənlərin çap mediasının satışı sahəsində kifayət qədər təcrübələri var.

Məsələn,123 saylı «Qasid» köşkünün satıcısı İsgəndər Hüseynov 25 ildir bu sahədə işləyir. Deyir, iyulun 4-də heç bir səbəb göstərmədən köşkünü götürüblər: «İndi orada "Press-kiosk" qoyublar. İşçisi də başqa adamdır. «Qasid»də işləyəndə ailəmi güclə dolandırırdım. İndi maddi durumumuz daha da pisləşib. Köşkümü əlimdən alıblar, yeni köşklərdə isə bizə iş vermirlər».
Həmsbhöətimiz bildirir ki, onlar məsələ ilə bağlı Prezident Aparatında olublar. Problemin həll olunacağına dair vədlər verilsə də, bu günə qədər heç bir nəticə yoxdur.

Adının açıqlanmasını istəməyən başqa bir «Qasid»in satıcısı bildirir ki, iki aya yaxındır işsiz olduğundan uşaqlarına məktəb ləvazimatları almaqda çətinlik çəkir: «Qarabağ müharibəsi veteranıyam. 2-ci qrup əliləm. Şikayətimizi Prezident Administrasiyasının sektor müdiri Vüqar Əliyevə bildirmişik. Amma bu günə qədər problemin həlli ilə bağlı real addımlar atılmayıb».

Müsahibimiz onu da bildirir ki, «Press-kiosk»larda işləyənlərin qəzet satışı sahəsində o qədər də təcrübələri yoxdur: «Onlar ölkədə hansı qəzet və jurnalların çıxdığını, onlara təlabatın hansı səviyyədə olduğunu bilmirlər. Mən hər gün hər bir qəzeti oxuyurdum. Jurnalistlərin əksəriyyətini də tanıyıram. Arabir özüm də yazılar yazıb qəzetlərə göndərmişəm. İndiki köşklərdə qəzetlər arxa cərgəyə qoyulur, xırdavat məhsulları önə çıxarılır».

Köhnə köşklər şəhərin görünüşünə xələl gətirir?

Qasidin satıcıları Bakı şəhər Ticarət və Xidmət Departamentini günahlandırır. Köşkləri əllərindən alınan satıcılar bildirirlər ki, satış mərkəzlərinin dəyişdirilməsi Bakı şəhər Ticarət Departamentinin əməkdaşlarının rəhbərliyi altında həyata keçirilib.

Bakı şəhər Ticarət və Xidmət Departamentinin (BŞTXD) mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov saytımıza açıqlamasında bildirib ki, tək «Qasid»in deyil, digər yayım firmalarına məxsus köşklər də götürülüb: «Burada yeganə səbəb köhnə köşklərin şəhərin görünüşünə xələl gətirmələridir. Daha müasir dizaynlı köşklər gətirilib. Burada başqa səbəb yoxdur».
Ə.Bağırov tək Bakıda deyil, Gəncədə də «Press-kiosk»ların quraşdırıldığını bildirir.

«Qasid»in şöbə müdiri Akif Qurbanov da deyir ki, Bakı şəhər Ticarət və Xidmət Departamenti köşklərin götürülməsini şəhərdə gedən abadlıq işlərilə əlaqələndirib: «Sovet dövründə köşklərin çoxaldılması barədə yuxarıdan göstəriş gəlirdi. Bu göstərişi yerinə yetirməyənlər cəzalandırılırdı. İndi isə əksinə. Köşkləri azaldırlar.

Qəzetlərin satışı nə üçün aşağı düşüb?


A.Qurbanov yeni köşkləri işlədənlərin qəzet satışı sahəsində təcrübələrinin olmadığını bildirir: «Gəlib deyirlər ki, bizə 1500 qəzet lazımdır. Amma hansı qəzetdən neçə dənə lazım olduğunu demirlər. Bütün bunlar satışın zəifləməsinə və gəlirlərin aşağı düşməsinə səbəb olur. Bizim elə köşklər var idi ki, ay ərzində 1400 manatlıq qəzet satırdılar. İndi bu 3-4 dəfə azalıb. Maliyyə çatışmazlı «Qasid»i işçilər arasında ixtisar aparmağa məcbur edir. Artıq bu istiqamətdə müəyyən addımlar atılıb.
Qeyd edək ki, “Qasid” ASC-nin işçiləri dəfələrlə Prezident Administrasiyası qarşısında aksiya keçiriblər. Hətta ASC-nin rəhbəri, millət vəkili Mirkazım Kazımov işçilərinin aksiyasına haqq qazandırıb. Bildirib ki, işsiz qalan köşk işçilərinin aksiya keçirməkdən başqa çıxış yolu yoxdur.

“Qasid” yayım firmasının köşkləri götürülməsi baş redaktorların Əli Həsənovla görüşündə müzakirə olunub. Ə.Həsənov mətbuata açıqlamasında bildirib ki, «Qasid»in köşkləri götürülməyib, sadəcə yerləri dəyişdirilib. PA rəsmisi yeni köşklərin daha gözəl göründüyünü, şəhərin dizaynına uyğun olduğunu deyib. Ə.Həsənov «Qasid»in köşklərinin götürülməsindən sonra müxalifət qəzetlərinin satışının aşağı düşməsini həmin qəzetlərin eyni məmurlar haqqında hər gün yalan informasiyalar yaymaları ilə əlaqələndirib.

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli bizimlə söhbətində qəzet satışını həyata keçirən köşklərin götürülməsindən narahat olduqlarını qeyd edib: «Hazırda qəzetlərin yayımı çətinləşib. Mən 15 il “Azərmətbuatyayımı”a sədrlik etmişəm. Bizim də xeyli köşklərimizi götürüblər. Hazırlatdığımız yeni köşkləri götürülmüş köşklərin yerinə qoymağa imkan vermədilər. İndi də yeni dizaynlı köşklər gətiriblər. Amma orada daha çox başqa şeylər satılır. Əgər onun adı «Press-kiosk»dursa, qoy adına uyğun fəaliyyət göstərsin. Burada söhbət kimlərinsə varlanmasından gedir. Yəni hökumətin burada marağı yoxdur. Məsələni Bakı Şəhər İcra Hakimiyyəti ilə də müzakirə edəcəyik».

Bəzi qəzetlər bağlana bilər

«Qasid» ASC-nin rəhbəri M.Kazımov əməkdaşımızla söhbətində bir daha qeyd edib ki, köşklərin götürülməsi işçilərin maddi durumunu çətinləşdirib: «2001-ci ildə bizim Bakı şəhərində 300-dən çox köşkümüz olub. İndi cəmi 160 köşk qalıb.
Şəhərin mərkəzində, satışın gur olduğu yerlərdə yerləşən köşklərimizin əksəriyyətini demək olar ki, yığışdırıblar. Bununla da yüzdən çox işçimiz işsiz qalıb. Biz də yeni dizaynlı köşklər alıb, əvvəlki köşklərin yerinə qoymaq istəyirik. Bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişik. Cavab gözləyirik».
Hazırda ölkədə gündəlik çıxan bütün qəzetlərə borclu olduqlarını deyən ASC rəhbəri borcalırını hissə-hissə ödəyəcəklərini dedi.

«Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu bizimlə söhbətində bildirib ki, «Qasid»in köşklərinin götürülməsi nəticəsində rəhbəri olduğu qəzetin satışı və gəliri aşağı düşüb: «Azadlıq» və «Yeni Müsavat» qəzetlərinin fəaliyyəti dayanmaq üzrədir. «Qasid» redaksiyalara olan borcunu ödəyə bilmir. 13-14 min manat əvəzinə ay yarım ərzində «Qasid»dən 1500 manata yaxın pul ala bilmişik. Tənqidçi qəzetlər tədricən sıradan çıxa bilər».

Sonda qeyd edək ki, «Qasid»in köşklərinin götürülməsi həm orada işləyən satıcıların işsiz qalmasına, həm də satışdan dolanan qəzetlərin müxbirlərinin əməkhaqlarının azalmasına, beləliklə də, müxbirlərin redaksiyalardan uzaqlaşmasına səbəb olur.

Ruslan XƏLİL






2 Oktyabr, 2012  19:43 Baxılıb: 4288 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner