Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

NEFT ÖLKƏSİNİN İŞSİZ NEFTÇİLƏRİ – ARAŞDIRMA

Mirvari Qəhrəmanlı: “Neftçilərin ARDNŞ-ə işə götürülməsi şəffaf olmadığı üçün, onların işdən çıxarılması da qanun pozuntusu ilə müşahidə olunur”.

Yasamal rayon sakini Elmar Rəhimov 22 ildir Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) 4 saylı qazma idarəsində qazmaçı işləyib. Deyir, bu müddət ərzində bir neçə dəfə tərifnamə alıb. Amma bu ilin yayında rəhbərlikdən gələn xəbər qanını qaraldıb. İdarələrin bir neçəsinin ləğvilə əlaqədar olaraq E.Rəhimovun adı ixtisara düşəcək işçilərin siyahısına salınıb. 52 yaşlı qazmaçı sentyabrın 1-də 3 aylıq maaşını qabaqcadan almaqla işdən çıxarılıb.

ARDNŞ ölkədə ən çox işçisi olan qurumdur. Emal sənayesi də daxil olmaqla burada 69 min işçi çalışır. Qeyri-rəsmi məlumatlara görə, neft şirkətində işləyənlərin say 72 min nəfərə yaxındır.

O da bildirilir ki, ARDNŞ-də ixtisarların aparılması beynəlxalq audit şirkətlərin tələblərindən biridir. Tövsiyə olunub ki, qurumun tərkibindəki hər bir idarədə mərkəzi aparatın olmasına ehtiyac yoxdu.

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı bizimlə söhbətində bildirdi ki, son ixtisarlar zamanı bir neçə qazma idarəsinin min nəfərdən artıq əməkdaşı ixtisara salınıb. Konkret olaraq Qobustan Qazma İşləri İdarəsindən 100 nəfərdən işdən çıxarılıb: «ARDNŞ işçiləri qurumun prezidenti Rövnəq Abdullayevin 3 iyul 2012-ci il tarixli əmrinə əsasən işdən çıxarır. Həmin əmrdə göstərilir ki, ARDNŞ daxilində struktur islahatları aparılır, bəzi ştatlar ləğv olunur, bir neçə qurum bir qurumda cəmləşir və s. amma maraqlıdır ki, işdən çıxarılanlara ərizə yazdırıblar. Əvvəlcə onlara əmək haqqının 5 misli qədərində əməkhaqqı veriləcəyi bildirilsə də, sonradan cəmi üç ayın maaşını verməklə onlarla vidalaşıblar».
M.Qəhrəmanlı bildirir ki, E.Rəhimov da işdən çıxarılması barədə hələ öncədən rəhbərlik etdiyi təşkilata məlumat verib.

E.Rəhimov qeyd edib ki, ona zorla işdən çıxması barədə ərizə yazdırıblar: «Mənə dedilər ki, ərizəni yazmasan da, səni işdən çıxaracağıq. Rəhbərliyn göstərişi belədir. Necə olur ki, 22 il peşəkar qazmaçıya ehtiyac oldu, amma indi yox. Kimin adamı, arxası yoxdursa, onu ixtisara salıblar».

ARDNŞ-in «Qum adası»ndakı idarəsində qazmaçı köməkçisi vəzifəsində çalışmış Bəxtiyar Şahmərdanov deyir ki, o, burada 1000 manat maaş alıb: «Ailəmi normal dolandıra bilirdim. Sentyabrın 1-də məni də işdən çıxardılar. Dedilər ki, neft hasilatını ildən-ilə azaldırıq. Gəlirlər azalır. İşçiləri də ixtisara salırıq. Müdriyyət göstərişin ARDNŞ-in rəhbərliyindən gəldiyini dedi. Bizə ərizə verdilər və işdən çıxdığımızı yazdılar. Sentyabrın 1-də oktyabr və noyabr ayları da daxil olmaqla üç ayın maaşını bizə verib sağollaşdılar. İndi iş axtarıram».

Neftçilərin hüquqlarını müdafiə edən M.Qəhrəmanlı deyir ki, nədənsə ixtisara düşənlərin əksəriyyəti sıravi işçilərdi: «Bütün neftçilərə eyni məzmunlu ərizə yazdırıblar. Ərizə yazmayanlara isə peşəkarlıq səviyyəsi və əmək funksiyasını icra etmək bacarıqlarının aşağı olması göstərilirb. Bunu bəhanə gətirib kütləvi şəkildə işçilərlə bağlanmış əmək müqavilələrini ləğv etmək qanunsuzdur. Məndə olan məlumatlara görə, ARDNŞ 30 minə qədər işçini ixtisara salacaq. Dərin Özüllər Zavodu bağlanacaq, Xəzər Dəniz Neft Donanmasında ixtisarlar aparılacaq, işçilər vaxtından əvvəl təqaüdə göndəriləcək. İşçilərin ARDNŞ-ə işə götürülməsi şəffaf olmadığı üçün, onların işdən çıxarılması da qanun pozuntusu ilə müşahidə olunur. 1991-ci ildə ARDNŞ konsern kimi fəaliyyət göstərəndə 11 min işçisi var idi. 1992-ci ildən sonra qurumun işçilərinin sayı artırılaraq 55 minə çatdırıldı. 2006-cı ilə isə rəhbərlikdəki dəyişilikdən sonra işçilərin sayı 20 min nəfər də artırıldı. Hər il də deyirlər ki, işçilərin sayını azaldacağıq. Hazırda ARDNŞ-də nə qədər işçinin olduğu dəqiq söyləmək çətindir. «Statoyl» neft şirkəti ARDNŞ-dən iki dəfə artıq neft hasil edir, amma 5 min işçisi var. Beynəlxalq audit şirkətlər də ARDNŞ-dən tələb edirlər ki, işçilərinin sayı hasilatın səviyyəsinə uyğun deyil. Şirkətdə bir-birini təkrarlayan idarələr, ştatlar var ki, onlar ləğv olunmalıdır. Amma bunu qanuni şəkildə etməlidilər ki, işçilərin hüquqları pozulmasın».
M.Qəhrəmanlı ixtisarların oktyabrın 1-ə qədər davam edəcəyini dedi: «İşdən çıxarılan neftçilər kütləvi şəkildə rəhbəri olduğum təşkilata şikayət ərizəsi yazırlar. Onlara demişəm ki, qoy oktyabrın 1-i olsun, ixtisarlar bitsin, ondan sonra məhkəməyə müraciət edəcəyik».

ARDNŞ-in kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xaliq Məmmədov neftçilərin sayının ildən-ilə azaldıldığını deyib: «Şirkətin bəzi müəssisələrinin idarəetmə aparatlarında işçilərinin sayı həddindən artıq olduğundan onlar digər müəssisələrə köçürülür və ya ixtisara salınır. 6 qazma idarəsindən 3-ü ixtisara salınıb. Hər bir idarəsinin aparatı var idi. Orada kadrlar, hüquq, plan, əməyin təşkili və digər şöbələr fəaliyyət göstərib. Aparatların sayını azaltmaqla bir neçə ştatı ləğv etmşik, işçilərin bəzisi ixtisara salınıb. Biz işçilərə başqa işlər təklif edirik. Kənardan işçi qəbulu dayandırılıb. Daxildə işçilərin yerdəyişməsi aparılır».
X.Məmmədov işçilərə aldadılalaraq ərizə yazdırılması, 30 min işçinin ixtisara salınacağı və s. məlumatları əsassız hesab edir: «ARDNŞ-də bu kimi proseslər şəffaf, qanuna uyğun olaraq həyata keçirilir».

Elman Rəhimov isə bildirir ki, ona heç bir başqa iş təklif edilməyib: “Mən indi neftlə zəngin ölkənin iş üzünə həsrət qalan neftçiləri sırasındayam. “Qara qızıl” heç vaxt bizim kimi fəhlələrin, neftçilərini üzünü güldürməyib. Zəhmətini biz çəkmişik, xeyrini başqaları görüb”.


Ruslan XƏLİL









28 Sentyabr, 2012  16:01 Baxılıb: 1780 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner