Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

PAYIZDIR, STRESSƏ HAZIR OLUN! – ARAŞDIRMA

Xəstəliklərin 70%-inin səbəbi stressdir

Saçlar tökülür, dəridə quruluq meydana gəlir...

Səs-küy, havanın kirliliyi, aldığımız informasiyaların çoxluğu, gün ərzində şahid olduğumuz hadisələr elə bil hamısı sözləşmiş kimi bizə hücum çəkir. Hələ bunlar bəs deyilmiş kimi evdə işlər axsayır, işə gecikirik, yolda xoşlamadığımız biri ilə qarşılaşırıq, bir sözlə elə bir gün olmur ki, hərşey öz axarında getsin. Bütün bunlar stress keçirməyimizə səbəb olur. Hazırda payız aylarını yaşayırıq və elm adamlarının dediklərinə görə, sentyabr-oktyabr ayları insanların ən çox stress keçirdikləri vaxtlardır. Bunun ən böyük səbəbi elə payızın özüdür. Payızın kədərli ab-havası, yarpaqların tökülməsi, tez-tez yağış yağması enerjimizin azalmasına səbəb olur. Payızda insanın bədənində də müxtəlif dəyişikliklər baş verir. Saçlar tökülür, dəridə quruluq meydana gəlir, insan səhərlər oyanmaq, yataqdan qalxmaq istəmir, günboyu özünü yorğun hiss edir. Bütün bunlar stressə məruz qalmağımızla nəticələnir.

Stress orqanizmə lazımdır və hətta xeyirlidir...

Payız aylarında çoxalan stressin fizioloji və psixoloji səbəbini psixoloq Ceyran Həsənlidən öyrəndik : “Gün işığı azalanda orqanizmdə milan İM hormonu azalır və stressə səbəb olur. Psixoloji səbəbi isə tamam fərqlidir. Belə ki, insanlar ilin əvvəllərində planlar qurur və qarşıya məqsəd qoyurlar. Əgər ilin sonlarına doğru bu planlar həyata keçməyibsə onda təəssüf və məyusluq hissi yaranır. Ancaq payız depressiyası adlanan bunun kimi hallar adətən həssas, emosional insanlarda görülür”.
Psixoloq Ceyran Həsənliyə görə, stress orqanizmə lazımdır, hətta xeyirlidir: “Stress orqanizmin gərginliyinə verdiyi cavab reaksiyasıdır. Stress baş verəndə adrenalin hormonu çoxalır və orqanizmdən çıxış yolu axtarır. Ancaq, stress orqanizmə lazımdır və hətta xeyirlidir. Çünki stress insanın çətin vəziyyətdən çıxış yolunu tapmasına və bəzi problemləri həll etməsinə kömək edir”. Ancaq bildiyimiz kimi, uzun müddət stressə məruz qalan insanlarda bədən müqaviməti azalır və nəticədə ruhi xəstəliklər, xərçəng, mədə bağırsaq problemləri, düşüncə və yaddaş qüsurları meydana gəlir. Davamlı stress depressiyaya gətirib çıxarır. Depressiya stressdən çıxa bilməmək halıdır. Depressiyada olan şəxs mütləq professional kömək almalı, bir psixoloqa baş çəkməlidir. Əgər psixoloqa özü müraciət etmirsə ailəsi, dostları tərəfindən buna sövq edilməlidir.

Stress yaradan hallar...

Elə Ceyran xanım da stressin lazım olduğunu bildirməsinə baxmayaraq, davamlı stressin orqanizmə verdiyi zərərlərdən də bəhs etdi : “ Araşdırmalara görə, xəstəliklərin 70%-inin səbəbi stressdir. Stressin əsas əlamətləri yuxusuzluq və ya həddən artıq yuxu istəyi, diqqətin azalması, yaddaşın zəifləməsi, heç bir şeyə maraq göstərməmək, inamsızlıq, şübhəçilik, gərginlikdən azad ola bilməmək və sairdir. Bunlardan 5-i varsa deməli orqanizm stressə məruz qalıb”. Elmi araşdırmalara görə, stress reaksiyası yaradan hallar 3 qrupda toplanır:
1. Ətraf mühitdən qaynaqlanan: səs-küy, hava çirkliliyi, radiasiya, istilik, toz və s.
2. İş və ya məşğuliyyətdən qaynaqlanan : ağır iş, gecə işi, məsuliyyətli iş və s.
3. Sosial həyatdan qaynaqlanan : işlərin tərs getməsi, evdə işlərin axmaması, uşağın ağlaması, yeməyin yanması, ailə fərdlərindən birinin ölümü, işdən çıxarılma və s.

Stressdən qorunma

Ümumiyyətlə, istənilməyən dəyişikliklər və yeniliklər stressin əsas qaynağıdır. Stress yaradan amillər çox olsa da narahatçılığa ehtiyac yoxdur. Çünki Ceyran xanımdan stressdən qorunmanın yollarını da öyrəndik: “Stressə qarşı ən yaxşı müdafiə, öncədən stressə düşmənin qarşısının alınmasıdır. Bunun üçün yuxu rejiminə fikir vermək lazımdır. Əgər yuxu ilə bağlı problem varsa, axşamlar su vannası qəbul etmək, musiqi dinləmək, çobanyastığı bitkisindən istifadə etmək yaxşı nəticə verir. Yuxu rejiminin düzgün qurulması stressə qarşı ən yaxşı vasitədir. Bundan başqa gərgin vəziyyətlərdən uzaq durmaq, rahatladıcı nəfəs məşqləri etmək – meditasiya ilə məşğul olmaq da stressdən qorunmağımıza kömək edə bilər”.
Əgər artıq gecdir mən hər gün stresslə üzləşirəm hətta çoxdan payız depressiyasına yaxalanmışam deyirsinizsə, problem yoxdu, bunun da çarəsini araşdırdıq. Psixoloq Ceyran Həsənli qeyd etdi ki, depressiyada olan insanlar yaxın qohumları, sevdiyi dostları ilə hisslərini bölüşməli, ümumiyyətlə onlarla zaman keçirməli, içinə qapanmamalıdır: “ Belə hallarda ünsiyyət əsas şərtdir. Yaxın insanlarla, sevdiyi dostları ilə dərdlərini, hisslərini mütləq paylaşmalıdır. Gəzintiyə çıxmalı, onu narahat edən mənfi fikirlərdən uzaqlaşmalıdır”.
Gördüyümüz kimi stressə yaxalanmaq qədər ondan qorunmaq yolları da asandır. Hər şeyin öz gözəlliyi var. Çalışaq ki, payız aylarının da gözəl cəhətlərini görək və bu payızı stressiz, depressiyasız keçirək. Unutmayaq ki, hər şey bizim öz əlimizdədir.


İlknur Salamova






26 Sentyabr, 2012  14:32 Baxılıb: 1551 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner