Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

XƏBƏR TUTSALAR, GÜLLƏLƏYƏCƏKLƏR – ARAŞDIRMA

Mövcud problemi hamı bilir

“Gülləni vurdum başından. Ölmədi. Birini də çəkdim, sonra keçindi. Tükləri tökülmüşdü, arıqlamışdı. Zibillikdə eşələnirdi. Uşaqların oynadığı yerlərdə gəzirdi” - 24 yaşlı Ramil Babayev zibillikdə yaşayan sahibsiz iti öldürməsindən danışır. Düşünür ki, küçə heyvanları mütləq güllələnməlidir. Başqa yolu yoxdur: “Onlar ətrafa infeksiya yayır. Yadımdadır, Yevlaxda bir qurum var idi. Onlara tüfəng verirdilər. Küçələri motosikletlə gəzirdilər. Harda it görürdülərsə, güllələyib atırdılar motosikletə”.

Ramil kimi çoxları küçə heyvanlarının zərərsizləşdirilməsinin tək yolunu onların öldürülməsində görür. Dövlət Baytarlıq Xidmətinin (DBX) mətbuat katibi Yolçu Xanvəli isə heyvanların güllələnməsinin problemin həllində düzgün yol olamadığını deyir: “Bu, Azərbaycanın üzv olduğu Heyvanat Aləminin Müdafiəsi haqqında Avropa Konvensiyasının maddələrini pozur. Konvensiyaya əsasən müxtəlif zərərsizləşdirmə üsulları var. Bunun güllə ilə aparılması qəti qadağandır. Konvensiyanın qərarlarına uyğun olaraq insanların gözü qarşısında heyvanların güllələnməsi ümumiyyətlə yolverilməzdir”.

“Zəhərləyirik, güllələyirik”

Y.Xanvəli sahibsiz heyvanların hamısının vaksinasiya edilmədiyini bildirir: “Çünki bizim yetəri qədər kadr ehtiyatımız yoxdur və bu sahəyə lazım olan miqdarda vaksin ayrılmır”. Mətbuat katibi küçə heyvanlarının dərman vasitəsi ilə zərərsizləşdirilib, müəyyən ərazilərə köçürülməsinin doğru addım olduğunu söyləyir. Onun sözlərinə görə, küçələrdə olan sahibsiz heyvanlarla mübarizə işini Bakı şəhəri Mənzil Kommunal Təsərrüfat Departamentinin Sahibsiz Heyvanlarla Mübarizə idarəsi aparır: “Mütəxəssislərimiz də onlara kömək edir”.

Sahibsiz Heyvanlarla Mübarizə idarəsinin rəisi Əhməd Məmmədov qeyd edir ki, heyvanların zərərsizləşdirilməsinin müxətəlif üsullarından istifadə edirlər: “Zəhərləmək, güllələmək və sairə... Yalnız xəstə heyvanları öldürürük. Bunun üçün əvvəlcə müayinə aparılır. Heyvanlar xəstədirsə briqadanı göndərirəm, həmin sahəni “təmizləyirlər”. Məlumat olanda gedirik. Məlumat verilməyən yerlədə nə işimiz var?”

“Bakı Şəhər İcra Hakimiyyəti bunu bilmək istəmir”

Heyvanları Mühafizə Cəmiyyətinin sədri Azər Qarayev heyvanların bu yolla zərərsizləşdirilməsinin həm yerli, həm də beynəlxalq qanunlara zidd olduğunu vurğulayır: “Bu həm prezidentin imza atdığı, həm də ratifikasiya olunan beynəlxalq qanunlara hörmətsizlikdir. Mövcud problemi dövlət başçısından, aşağı rəhbərlərə qədər hamı bilir. Sadəcə Bakı Şəhər İcra Hakimiyyəti bunu eşitmir və bilmək istəmir”.
A.Qarayevin sözlərinə görə, xarici dövlətlərdə heyvanlarla belə davranmırlar: “Məsələn, Gürcüstan mövcud sxem işləyib həyata keçirir. Onlar sahibsiz heyvanları qısırlaşdırır, peyvənd vurur və təhlükəsiz vəziyyətdə yerinə qaytarırlar. Beləliklə, problem 6-7 ilə həll olunur. Azərbaycanda bu məsələ bəzi məmurların ucbatından havadan asılı qalıb”.
Sədr problemin həllinin uzadılmasının səbəbini Baytarlıq Xidməti işinin düzgün qurulmamasında görür: “Vaksin yoxdursa onlar tələb etməlidir. Azərbayan büdcəsində buna nə qədər istəsələr pul var. Özləri işləyə bilmirlərsə yeri başqasına versinlər. Yoxsa çıxış yolu olmayacaq”

Küçələrdə insanlarla bərabər gəzişən sahibsiz heyvanlarsa əhalini günü-gündən narahat edir. Biləcəri sakini 47 yaşlı Sürəyya İmanova bu narahatlığa baxmayaraq heyvanların güllələnməsinin tərəfdarı deyil: “Neçə vaxtdı məhəlləmizdə bir it gəzirdi. Gecə blokda qalırdı. Axırda bununla məşğul olan idarəyə zəng vurduq gəldilər, iti güllələdirlər. Həmin itin qanını təmizləyən olmadı, neçə gün yerdə qaldı. Həm xəstəlik yayır, həm də adam baxanda bitəhər olurdu. Uşaqlar da bildi ki iti başından güllələyiblər. Məhəlləyə indi başqa it gəlib. Daha heç kəs həmin idarəyə zəng vurmağa ürək eləmir ki, gəlib güllələyəcəklər”.

Arifə Mikayılova






24 Sentyabr, 2012  14:59 Baxılıb: 1524 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner