Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“AZƏRBAYCANDA UŞAQ KANALI AÇILACAQMI?” – ARAŞDIRMA

Toğrul Məmmədov: “Uşaq kanalının açılması ilə bağlı rəsmi müraciət edən olmayıb”

Hazırda Azərbaycanda bir çox televiziya kanalı fəaliyyət göstərsə də, bunlardan ancaq ikisi: “İdman Azərbaycan” və “Mədəniyyət tv” ixtisaslaşmış hesab olunur. Dünya təcrübəsində, o cümlədən Türkiyədə “Animez”, “Baby tv”, “Yumurcak tv”, “Minika Go”, “Cartoon Network” və s. kimi bir sıra uşaq kanalları mövcuddur.Türkiyədə belə kanalların sahibləri adətən böyük media qrupları və holdinqlər olur. Məsələn, “Cartoon Network”, “Smart Cocuk” və s. Doğan Holdinqə, “Jojo”, “Nick tv”, “Nickelodeon” Çukurova holdinqə “Minika Cocuk” və “Minika Go” isə Turkuaz media qrupuna məxsus televiziya kanallarıdır. Belə kanalların olması çox vacibdir. Çünki, uşaqlar üçün nəzərdə tutulan belə kanallarda uşaqların intellektual səviyyəsini artıran, onların normal inkişafını dəstəkləyən uşaq verilişləri və cizgi filmlər verilir.
Azərbaycanda belə kanalların olmaması ən çox valideynləri narahat edir. Onlardan biri də Xatirə xanımdır. Onun 4 yaşlı qızı Şahzadə də bütün uşaqlar kimi cizgi filmlərinə maraq göstərir.Ancaq Xatirə xanım xaricdəki analardan fərqli olaraq bunun üçün xüsusi disklər və kasetlər almalı olur. Aldığı disklər isə Azərbaycan dilində olmur: “Bizdə də uşaq kanalları olsa yaxşı olardı. Məcbur oluruq ki, müxtəlif disklər və kasetlər alaq. Bunlar isə əsasən rus dilində olur. Həm də mən istəyərdim ki, qızım öz milli adət ənənələrimizi əks etdirən cizgi filmlərini izləsin. Belə kanalın olmaması onu intellektual verilişlərdən də məhrum edir. Biz belə verilişlərə ancaq istirahət günləri rast gəlirik. Bu kifayət deyil”.
Bir başqa valideyn Əminə Abdulhəmidova isə əkiz qızlarının türkcə danışmağından şikayət edir: “ Qızlarım “Minika Go”, “Yumurcak tv” kimi kanallara baxır. Bizdə belə kanallar olmadığı üçün bu kanalları izləmələrinə icazə verməli oluram. Ancaq bu onlara mənfi təsir edir. Belə ki, qızlarım türkcə danışmağa başlayıblar. Bu, onlar məktəbə başlayanda çox böyük problem oldu. Müəllimlər şikayət edirdi, çox vaxt uşaqların nə danışdığını mən belə anlaya bilmirəm, müəllimlər necə başa düşsün axı?”
Bütün bunlar uşaq kanalının olmağının vacibliyini göstərir. Bizim kanallarda uşaqlar üçün verilişlər çox azdır. Həm də onların keyfiyyəti o qədər də yaxşı deyil. Azərbaycanın öz istehsalı olan cizgi filmlərinin isə keyfiyyətindən heç danışmasaq yaxşıdır. Xarici təcrübə göstərir ki, müxtəlif yaşlı uşaqlar öz maraqlarına və intellektual səviyyələrinə uyğun verilişlər izləməlidirlər. Bizdə isə bu mümkün deyil. Uşaq kanalının açılması uşaq verilişlərinin və cizgi filmlərinin keyfiyyətinə də müsbət təsir edə bilər. Elə valideynlərin fikri də bu istiqamətdədir.
Problemlə bağlı media eksperti Zeynal Məmmədli isə məsələyə fərqli bir aspektdən yanaşır. Zeynal müəllim deyir ki, Azərbaycanda heç böyüklər üçün ixtisaslaşmış kanal yoxdur, qaldı ki uşaqlar üçün: “Azərbaycanda fəaliyyət göstərən “Mədəniyyət tv” və “İdman Azərbaycan” kimi ixtisaslaşmış kanalların vəziyyəti göz qabağındadır. Bu kanallar büdcədən külli miqdarda vəsait ayrılmasına baxmayaraq tamaşaçının təlabatını ödəyə bilmir. Uşaq bağçalarının vəziyyəti hamıya məlumdur. İndi belə bir ölkədə uşaqlar üçün kanal açılsa nə olacaq? 140 milyon əhalisi olan Rusiya, 70 milyon əhalisi olan Türkiyə ilə 9 milyon əhalisi olan Azərbaycan eyni səviyyədə kanal aça bilərmi? Üstəlik televiziya ilə bağlı çoxsaylı problemlər varkən, belə bir kanalın açılması vacibdirmi?”
Bunlar cavab gözləyən maraqlı suallardır. Biz isə öz suallarımızdan birinə cavab aldıq. Belə bir kanalın açılıb açılmayacağı ilə bağlı suala Milli Televiziya və Radio Şurasından aldığımız cavaba görə, bu problem şuranın iclaslarında müzakirə olunmağa başlayıb. Şuranın sədr köməkçisi Toğrul Məmmədov bildirdi ki, bu barədə hətta Dövlət Proqramı da qəbul olunub: “Uşaq kanalının açılması ilə bağlı rəsmi müraciət edən olmayıb. Ancaq 2012-2013-cü illərdə Uşaq kanalının açılması üçün Şura tərəfindən araşdırılma aparılması ilə bağlı Dövlət Proqramı qəbul olunub. Bu məsələ şuranın iclaslarında müzakirə olunur. Əgər zərurət olsa belə bir kanalın açılması reallaşa bilər”.
Bu açıqlamadan sonra ümid yaranır ki, yaxın gələcəkdə azərbaycanlı uşaqlar da xarici həmyaşıdları kimi öz dillərində maraqlı cizgi filmlər və verilişlər izləyə biləcəklər.

İlknur Salamova






21 Sentyabr, 2012  21:34 Baxılıb: 2530 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner