Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“UŞAQLARI NECƏ CƏZALANDIRAQ?” – ARAŞDIRMA

Azərbaycanda uşaqlara qarşı psixoloji və fiziki zorakılıqlara daha tez-tez təsadüf olunur 


“Sən heç nəyi bacarmırsan!”, “Axmaq!”, “Qanmaz!” kimi kobud ifadələr, ən son məqamda isə sillə və s. ilə uşağı döymək bir çox valideynin tərbiyə üsuludur. Bəziləri bu halı əsəbi olmaqları, bəziləri də bunun uşağın tərbiyəsi üçün ən düzgün variant olmağı ilə izah edirlər. Bəs bu tərbiyə üsulu uşaqlara hansı təsiri göstərir? Onların psixologiyasında hansı izləri buraxır?
Ümumiyyətlə uşaqların döyülməsi halı zorakılıq kimi qəbul olunur. Psixoloqlar əsasən iki cür zorakılığın olduğunu deyir. Bunlar psixoloji və fiziki zorakılıqdır. Fiziki zorakılıq dedikdə, yuxarıda qeyd etdiyimiz döyülmə halı nəzərdə tutulur. Kobud ifadələr, uşağı təhqir etmək isə psixoloji zorakılıq sayılır. Uşaqlara qarşı zorakılığın bütün formalarının onlara hansı cür təsir etməsi ilə bağlı suallarımızı Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Narınc Rüstəmova cavablandırdı. Onun sözlərinə görə, uşaqların tərbiyəsində döyülmə üsulunun gələcəkdə fəsadları olur: “Bəzi hallarda valideyn evdə qonaq olduğundan, yaxud başqa səbəbdən uşağı döyə bilməyəndə ona göz ağardır, yaxud da danlayır ki, bu, psixi zorakılıq sayılır. Eyni zamanda uşağa kobud sözlər deməklə onu təhqir etmək, şəxsiyyətini alçaltmaq da psixoloji zorakılıq hesab olunur. Bu da gələcəkdə uşaqların özünə inam hissininin olmamasına gətirib çıxarır”.

“Uşaqları döyən valideynlərin demək olar ki, hamısı uşaqlıqda döyülənlərdir”


Özünə inamı olmayan uşaqlar adətən yeni nələrsə etməkdən çəkinir, səhvetmə qorxusu onların cəhdlərinin qarşısını alır. Bu uşaqlar həmişə kim isə tərəfindən idarə edilmə ehtiyacı hiss edir. Gözləyir ki, kim isə onu hansısa işə ruhlandırsın. N.Rüstəmova deyir ki, bu, həmin uşağın səhvlərinə valideynin hansı reaksiya göstərməsi ilə çox bağlıdır: “Tutalım ki, uşaq valideynin ona tapşırdığı işin öhdəsindən gələ bilmir və qarşılığında valideyndən “sən qanmazsan!” kimi kobud sözlər eşidir. Bu da uşağın psixologiyasına mənfi təsir edir. Xüsusilə də yeniyetmə yaş dövründə bunun fəsadları daha pis ola bilir. Belə ki, uşaq idarə olunmağa duyduğu ehtiyac hissinə görə, pis mühitə düşə, narkotikə qurşana bilər”.
Uşaq yaşlarında şiddətlə üzləşmiş insanların şüuraltına belə bir fikir yerləşir ki, qarşıdakı insanı vurmaq, ona şiddət göstərmək olar. Narınc xanım deyir ki, nəticədə həmin uşaqlar da valideyn olanda öz övladlarına eyni cür davranırlar: “Başqa sözlə desək, uşaqları döyən valideynlərin demək olar ki, hamısı uşaqlıqda döyülənlərdir”.
Bir çox valideyn uşağı səhvinə görə döyməyi son çarə kimi izah etsə də, psixoloq bildirir ki, bu hal valideynin eqoist olmasından irəli gəlir: “Valideynlər cəza sistemini tətbiq etmirlər və asan yol kimi döyməyi seçirlər. Fikirləşirlər ki, bir sillə vuracam sakit olub oturacaq yerində. Halbuki bir neçə dəfə bir sillə ilə sakitləşən uşaq zaman keçdikcə buna qarşı vecsiz yanaşır və valideyn uşağa daha çox sillə vurmalı olur”.
Səhv hərəkətə görə düzgün cəza forması hansıdır?
Bəs düzgün hərəkət etməyən uşağa səhvini necə izah etmək lazımdır? Sualımıza cavabında N.Rüstəmova dedi ki, ən effekli üsul cəza üsuludur. Belə ki, uşağı hansısa səhvinə görüb kobud söz demək, təhqir etmək, döymək əvəzinə onu müvəqqəti olaraq sevdiyi şeydən məhrum etməklə cəzalandırmaq və səhvini izah etmək daha yaxşıdır: “Uşağı yarım gün, yaxud da bir gün televizora baxmaqdan məhrum etmək onun üçün yetərli cəzadır. Bura həyətə düşməyi, yaxud oyun oynamağı da aid etmək olar. Lakin bu cəzanın müddəti, valideynin özünün qoyduğu cəzaya qarşı tələblkar davranışı da mühümdür. Uşaq ağlayıb televizora baxmaq istəyəndə cəzanı ləğv etmək uşaqda valideynə qarşı qeyri-ciddi münasibət formalaşdırır. Yaxud da uşağın ağlamağını, dayanmadan televizora baxmağı tələb etməsini, hətta bəzi hallarda valideyni vurmağa çalışmasının qarşısını almaq üçün onu döymək düzgün çıxış yolu deyil”.
Uşaq qaynar xətti döyülən uşaqlara necə yardım edir?
Azərbaycanda uşaqların döyülməsi hallarına kifayət qədər rast gəlindiyindən bu sahədə iş görən bir çox qeyri-hökumət təşkilatı var. Bu təşkilatlar uşaqlara hüquqi və psixi yardım göstərməklə məşğul olur. “Ümidli gələcək” gənclər təşkilatı isə Uşaq qaynar xətti yaradıb ki, bura uşaqlar müxtəlif problemlərlə bağlı zəng edirlər. QHT-nin qaynar xətt xidmətinin direktoru Gülnar Ağayeva deyir ki, xidmətin fəaliyyəti ərzində 4300-ə yaxın zəng daxil olub: “Uşaq qaynar xətti 2010-cu ilin fevralın 18-dən fəaliyyət göstərir. Bu müddət ərzində bizə 4300-ə qədər zəng daxil olub ki, bunlar da həm ailədaxili, həm də ətrafdakılarla ünsiyyət problemləri ilə bağlıdır”.
G.Ağayevanın sözlərinə görə, zəng edənlərin arasında 13-18 yəni, yeniyetmə yaş dövründə olan uşaqlar üstünlük təşkil edir. Daxil olan zəng, uşağın müraciəti hər hansısa psixoloji problemlə bağlıdırsa, ona psixoloji, hüquqi problemdirsə, hüquqi yardım gösətirilir: “Əgər ehtiyac olursa, problemi daha ətraflı araşdırırq. Bəzən aiddiyyatı dövlət orqanlarına yönləndirik. Döyülmə hallarına gəlincə isə, bu problemlə bağlı da kifayət qədər müraciət daxil olur. Bu zaman biz həmin şəxsi Zorakılığa məruz qalmış şəxslərin reabilitasiya mərkəzinə yönləndiririk. Həmin mərkəzdə həm uşaqla, həm də ailə ilə psixoloji və lazım olarsa hüquqi baxımdan iş aparılır”.
Valideynlər bu barədə nə düşünür?
Səkinə İsmayılova uşaqların döyülməklə tərbiyə olunmasının əleyhinə olsa da, bəzən o da qızını döydüyünü gizlətmir: “Qızımın hazırda 4 yaşı var. Bəzən elə əhvalda oluram və qızım da elə hərətək edir ki, istər-istəməz döyməkdən başqa çıxış yolu qalmır. İctimaiyyət içərisində, yaxud da qonaq yanında onu alçaltmamağa çalışıram. Yaşıdlarının yanında da kobud söz deməməyə, vurmamağa çalışıram. Çünki hiss edirəm ki, bu zaman həmişəkindən daha çox stress keçirir”.
Həmsöhbətimiz deyir ki, qızını qonaq yanında hansısa hərəkətinə görə qonağa hiss etdirmədən danlayır: “Kənara çəkirəm, deyirəm ki, hərəkətlərinə fikir ver. Bunu da uşaq deyil, qonaq pis olmasın deyə edirəm. Çünki qonağın yerində mən olsam, ev yiyəsinin uşağını mənim yanımda danlaması xoşuma gəlməz. Ümumiyyətlə isə uşağı başqa çıxış yolum olmayanda vururam. Döymək üçün bəhanə axtarmıram”.
Şəmsəddin Şəfiyev isə azərbaycanlı ailələrin uşaqların tərbiyəsində döyülmə üsuluna müraciət etməsini bütövlükdə cəmiyyətlə əlaqləndirir. O düşünür ki, hazırda hər kəsdə aqressiya, əsəb müşahidə olunur ki, bundan uşaqlara da “pay” düşür: “Yaşadığımız cəmiyyət, iş mühitimiz elədir ki, hər gün əsəb və stress yaşayırıq, istər-istəməz həmin əsəbi ailəyə daşıyırıq. Düşünürəm ki, uşaqları normal tərbiyə etmək, şən böyütmək üçün cəmiyyətin, dövlətin imkanı yoxdur. Biz hələ də klassik üsuldan istifdadə edirik”.

Fatimə Kərimli






7 Sentyabr, 2012  20:47 Baxılıb: 2499 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner