Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

JURNALİST TƏLƏBƏLƏR NİYƏ İXTİSASLARI ÜZRƏ İŞLƏMİRLƏR? – ARAŞDIRMA


Bu fakültəyə təsadüfən düşənlər, sonradan fikirlərini dəyişənlər və nəhayət çıxış yolu olmayanlar


3-cü qrupa hazırlaşan abituriyentlərin əksəriyyətinin sevimli ixtisası jurnalistikadır, desək yanılmarıq. Qəzet, jurnal oxumaqla arası olmayan, ictimai-siyasi prosesləri izləməyən, jurnalistləri yalnız telekanallarda görən şagirdlərin bu ixtisasa meyl etmələrini görəndə təəccüblənməyə bilmirsən.
Elə bu sətirlərin müəllifi də vaxtı ilə jurnalistika ixtisasını seçəndə bu sənətin çətinliyinin fərqinə varmamışdı. Düşünürdü ki, onu ali məktəbdə tam ixtisaslaşdırıb hansısa telekanalda mikrafon önündə oturdacaqlar. Və o, bülbül kimi cikkildəməyə başlayacaq.
Əslində, oxuduğum qrupda mənim kimi düşünən kifayət qədər tələbə vardı. 2001-ci ildə Ali Diplomatiya Kollecinə (indiki Bakı Avrasiya Universitetinə) qəbul olmuşam. Qrupda 12 tələbə idik. 6 oğlan, 6 qız. 1-ci kursda jurnalistikaya olan sevgimiz aşıb-daşırdı. 2-ci kursda bu sevgi tədricən öləziməyə başladı. 3 kursda ixtisasımızdan üz döndərmək barədə qərar verməyə tərəddüt etdik. 4-cü kursda mövqeyimizi qətiləşdirdik. Biz jurnalist olmayacağıq. Mən istisna olmaqla. Çünki mənim seçim imkanım yox idi. Normal iş tapa bilməyənlər məcbur olub qəzetlərdə müxbir kimi çalışırlar. Təxminən məndə də vəziyyət belə alınmışdı.
12 tələbədən yalnız mən ixtisasım üzrə işlədim. Bəs qrup yoldaşlarım hansı ixtisasları seçdilər? Beləliklə…
Zaqataladan olan Məmmədov Şahlar 4-cü kursu tam başa vurmamış rayonuna üz tutdu. Jurnalistik fəaliyyəti qəzetləri oxumaqdan o tərəfə keçmədi. Hazırda Zaqataladakı aereportda mühafizə xidmətində çalışır. Şahlar mətbuatdan uzaq düşməsini belə əsaslandırır: «Mənim jurnalistikaya əvvəldən həvəsim olmayıb. Mən sonradan hüquq təhsili aldım. Normal iş tapa bilmədiyim üçün Zaqataladakı hava limanında işləməli oldum. İşimdən narazılığım yoxdur».
Gəncədən olan Orucov Elfaq Bakı Neft Ayırma Zavodunda işə düzəlib. Özünün dediyinə görə, orada normal vəzifə sahibidir.
Əvvəldən heç vaxt jurnalist işləməyəcəyini deyirdi: «Balım aşağı olduğundan istədiyim ixtisasa yiyələnə bilmədim. Əvvəl-əvvəl jurnalistikaya marağım var idi. Sonradan müxbirlərin yaşayış səviyyəsinin aşağı olduğunu görəndə, fikrimi dəyişdim. Yaxşı iş təklifi gəldi və onu qiymətləndirdim. İndiki işimdən narazılığım yoxdur».
Şuşadan olan Heydərov Tural hələ tələbəlik illərində təmir-tikinti işlərilə məşğul idi. Hazırda sənətini davam etdirir.
Göyçaydan olan Quliyev Asim bir müddət atası ilə birlikdə - rayon polis idarəsində çalışdı. Hazırda nə işlə məşğul olması barədə məlumatım yoxdu.
Qızlardan yalnız Mürsəlova Gülçöhrə qısa müddət ərzində «Reytinq» qəzetində çalışdı. Digər xanım qrup yoldaşlarım olan Ümidə Həsənli, Günel Zeynalova, Aynurə Həsənova, Samirə Məmmədova və Mənsumə xanımın jurnalistikada olmadığı dəqiqdi. Hətta aşağı kurslarda oxuyan tanıdığım jurnalist tələbələrin əksəriyyəti də bu gün mətbuat sahəsindən kənarda çalışırlar.
Əgər belədirsə, hər il ali məktəblərin jurnalistika ixtisaslarına 150-yə qədər tələbə qəbul etməyə nə ehtiyac var?
Mətbuat Şurasının sədri Əflatun Amaşovun sözlərinə görə, Təhsil Nazirliyi özəl ali məktəblərin jurnalistika fakültələrinə qəbulu dayandırana qədər hər il 150-yə yaxın jurnalist kadrlar buraxılırdı. Sovet dövründə isə 25 əyani, 25 qiyabi olmaqla cəmi 50 nəfər jurnalistikanı bitirirdi. Üstəlik, onlar imtahandan sonra əlavə müsabiqədən də keçməli olurdular. Hazırda isə abituriyentlər yalnız imtahan yolu ilə bu ixtisasa yiyələnə bilirlər ki, bu da onların istedadlarını üzə çıxarmağa imkan vermir.
Onu da bildirək ki, hazırda jurnalistikada çalışanların əksəriyyəti başqa-başqa ixtisasların sahibləridir və onların arasında tanınmış imzalar da var.
BDU-nun Jurnalistika fakültəsinin müəllimi Zeynal Məmmədli hesab edir ki, ali məktəblərdə jurnalitika ixtisası lazımi səviyyədə tədris olunmadığından məzunlar bu sahədə işləməyə çətinlik çəkirlər: «Jurnalist kadrlar hazırlayan ali məktəblərin heç birində radio, televiziya studiyaları yoxdur, laboratoriyalar mövcud deyil. Daha çox nəzəri biliklər verməklə kifayətlənirik. Xarici ölkələrin media təcrübələri praktiki olaraq tədris olunmur. Qeyri-peşəkar jurnalistlərə redaksiyaların, telekanalların təlabatı olmur. Həmçinin medianın iqtisadi durumu çox ağırdı. Bütün bunlara görə, jurnalistikanı bitirənlər başqa-başqa sahəyə üz tutmalı olurlar».
Ekspert hesab edir ki, medianın əmək bazarı tədqiq olunmalıdır: «Təhsil Nazirliyi öyrənməlidir ki, ölkədə nə qədər jurnalistə ehtiyac var və ona uyğun sayda kadr hazırlanmalıdır».


RUSLAN






6 Sentyabr, 2012  17:12 Baxılıb: 1500 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner