Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

PEDAQOJI KADRLAR NİYƏ MÜƏLLİM OLA BİLMİRLƏR? – ARAŞDIRMA

“Qiyabi oxuduğumuz üçün bizdə imtahanlar formal keçirilirdi. Qiymətləri pulla ya da tanışlıqla yazdırırdıq”

23 yaşlı Fatimə Gərayevə Bakı Sənaye Pedaqoji Texnikumunun «əməyin tədrisi» ixtisasını bitirb. Deyir ki, iki ildir ardıcıl olaraq müəllimlərin işə qəbulu üzrə keçirilən müsabiqədə iştirak edir, amma kəsilir: «Müəllim kimi işləmək istədiyim kənd orta məktəbində əməyin tədrisi fənni üzrə müəllim olmaq üçün bir nəfər müsabiqəyə qatılmışdı. O da mən idim. Qeyd etdiyim kimi, imtahandan kəsildim. İmtahanın nəticələrinə baxanda gördüm ki, ora başqa bir xanım qəbul olunub. Bunun necə baş verdiyini anlaya bilmirəm». 

Ali məktəbləri və texnikumları bitirənlərin əksəriyyəti Fatimə kimi, ya çətinliklə işə qəbul olunurlar, ya da işsiz qalırlar.

Fatimə Gərayeva deyir ki, o, ilk gündən yalnız test üsulu ilə müəllim olacağını qarşısına məqsəd qoyub: «Başqa tanışlarım müxtəlif yollarla müəllim adı qazanıblar. Mən həmin variantlara əl atmadım».

Fatimə bildirir ki, o, hər dəfə imtahana gələndə 150 manata yaxın pulu çıxır. Yol pulu, qalmaq pulu, yemək-içmək pulu və üstəgəl keçirdiyi stress. O, özünü da günahkar hesab edir. Deyir ki, qiyabi təhsil alıb və fənləri oxumayıb: «Açığı bizdən dərs tələb etmirdilər. Qiyabi oxuduğumuz üçün bizdə imtahanlar formal keçirilirdi. Qiymətləri pulla ya da tanışlıqla yazdırırdıq. İndii də bunun əziyyətiini çəkirəm. Orta məktəbə aid olan riyaziyyat və məntiqlə bağlı suallara cavab verə bilirəm. Amma ixtisasıma aid suallara cavab verməkdə çətinlik çəkirəm. Suallarda qeyd olunanları nə bizə deyən olub, nə də özümüz oxumuşuq».

Məlumat üçün bildirək ki, respublikada pedaqoji kadr hazırdığı ilə 22 ali (10 dövlət, 12 özəl) və 23 orta ixtisas təhsili müəssisəsi məşğul olur. Hər il həmin təhsil müəssisələrini 7 min 900-ə yaxın pedaqoji kadr bitirir.

2005-2009-cu illərdə ölkədə 6645 nəfər pedaqoji kadra tələbat olub. 2009-2010-cu ildə bu təlabat birdən-birə 2457 nəfərə düşüb. Pedoqoji kadrlara təlabat kəskin düşsə də, ali və orta ixtisas məktəbləri hələ də yüksək sayda müəllim «istehsal» etməkdədir. Pedoqoji kadr məzunlarının sayının çoxluğu isə işə qəbul prosesini çətinəşdirir.

65 yaşı tamam olan müəllimlərin təqaüdə göndərilməsilə bağlı olaraq 2012-ci ildə pedoqoji kadra olan təlabat bir qədər artaraq 3 min 270-ə çıtıb. Bildirək ki, bu qədər vakant yer üçün bu il keçirilən müsabiqəyə cəmi 2500 şəxs sənəd verib ki, onların da əksəriyyəti ibtidai sinif müəllimləridir - 600 nəfər.

Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev hesab edir ki, Təhsil Nazirliyi ali məktəblərdəki ixtisas yerləri ilə əmək bazarındakı tələbatı uzlaşdırmalıdır: «Belə ki, aparılan təhlillər göstərir ki, son 6 ildə ölkədə şagirdlərin sayı 2700 nəfərə yaxın azaldığı halda, müəllimlərin sayı 3700-ə nəfərə qədər artır. Şagirdlərlə müəllimlərin sayı arasında nisbət 10 faizə qədər azalıb. Bunu təhsil naziri Misir Mərdanov da etiraf edib. Başqa bir statistik misal: müəllimlərin işə qəbulu müsabiqə yolu ilə olana qədər, yəni 2008-2009-cu ildə 4700 müəllim işə qəbul ollunub. Amma müsabiqə elan olunandan sonra say 1800 nəfərə qədər azalıb. Müəllimlərin işə qəbulunun test üsulu ilə olmasının çox müsbət tərəfləri var. Bütün dünya ölkələrində müəllimlər test və ya sınaq yolu ilə işə götürülürlər. Bizdə əvvəllər bu kor-koranə idi. Müxtəlif xoşagəlməz yollara əl atılırdı. Müəllimlik diplomu olanların pedoqoji keyfiyyətlərə malik olub-olmaması yoxlanılmırdı. İşə qəbul çətinləşdiyi üçün indi məzunlar narazılıq edirlər. Əgər Fatimə xanım lazım olan balı toplaya bilməyibsə, buna görə Təhsil Nazirliyindən inciməyə dəyməz».

Qeyd edək ki, təhsil naziri Misir Mərdanov çıxışında etiraf edib ki, pedaqoji profilli ixtisasları bitirmiş məzunların yalnız 30 faizi məktəblərdə fəaliyyət göstərmək üçün müraciət edirlər. M.Mərdanov ali məktəblərdə müəllim hazırlığını tənqid edib: «Son illər aparılan təhlillər göstərir ki, yenicə ali məktəbi bitirib ümumtəhsil məktəblərində fəaliyyətə başlayan müəllimlərin hazırlıq səviyyəsi nə şagirdləri, nə valideynləri, nə də məktəb rəhbərlərini qane etmir. Düşünürəm ki, ali məktəbi bitirən məzun məktəbə müəllim kimi gəlməli, ilk gündən pedaqoji prosesi idarə etməyi bacarmalıdır».

Nazirin sözlərinə görə, 500 vakant yerə sənəd vermiş 4 min müəllimin əksəriyyəti ali və orta ixtisas məktəblərini yeni bitirmiş məzunlar olub: «Nəticələrin təhlili göstərmişdir ki, həmin məzunların böyük əksəriyyəti sualların 30 faizinə belə cavab verə bilmirlər. Sual olunur, belə biliklə müəllim işləmək olarmı?»

Ekspert Ə.Ağayev hesab edir ki, orta ixtisas məktəblərinin əksəriyyətinin bağlanılmasının vaxtı çatıb: «Xarici ölkələrdə tədris etdiyi fənndən asılı olmayaraq bütün müəllimlərin ali təhsil diplomları olmalıdır. Orta ixtisas məktəblərinin dövrü keçib. Araşdırmalar göstərir ki, müəllimlərin müsabiqəsində zəif nəticə göstərənlərin 25-30 faizi orta ixtisas məktəblərinin məzunlarıdır. Elə rayonlarımız var ki, oradakı orta məktəbin müəllim heyətinin yarıdan çoxu orta ixtisas təhsillidir.

Ali məktəb məzunlarının iş tapmaqda çətinlik çəkdiyini etiraf edən Bakı şəhər Baş Təhsil İdarəsinin ictimai əlaqələr sektorunun müdiri Zəminə Əliqızı bildirir ki, pedaqoji təhsil alan gənclərin işə qəbulu elektron vasitə ilə həyata keçirildiyindən bilik səviyyələri yüksək olanlar işə qəbul oluna bilirlər: «Bəzən elə olur ki, məzun öz ixtisası üzrə işləmək istəmir. İş tapmaqda məzunlar sərbəstdilər. Etiraf etmək lazımdır ki, pedaqoji fakültələrə qəbul olunan abuturiyentlərin əksəriyyəti bu sahəyə təsadüfən düşüblər. Tələbə adı qazanmaq xatirinə və ya balına uyğun ixtisas seçmək məcburiyyətində qaldığı üçün sənədlərini bu sahəyə verməli olurlar».

Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirov bizimlə söhbətində bildirdi ki, müəllimlərin işə qəbulu ilə bağlı keçirilən müsabiqələrə kölgə salanlar nədənsə rəsmi şikayət ərizələrilə məhkəmələrə, Təhsil Nazirliyinə müraciət etmirlər: «Müəllimlərin işə qəbulu sadədir. Özünüz də imtahanların necə keçirilməsindən tanışsız. Hər bir müsabiqə iştirakçısına 35 sual təqdim edirik. Onlardan 25-i ixtisas fənni, 5-i ümumi tədris, 5-i isə metodika ilə bağlıdır. Suallara kompyuterdə cavab verilir. Cavabın düzgün və ya səhv olması həmin an qeyd olunur. Suallara cavab verilib qurtaran kimi avtomatik yığılan ballar göstərilir. Yığılan ballar barədə şəxsin elektron ünvanına məlumat göndərilir. Sualların 80%-nə doğru cavab verənlər növbəti müsabiqəyə buraxılırlar. Burada istisnalar da var. Ucqar rayonlarının orta məktəblərinə getmək istəyənlər üçün faizlər 60-a qədər endirilib. Əgər birinci mərhələdə boş yerlər qalsa, ikinci tur elan olunur. Adını çəkdiyiniz şəxs əgər birinci turda keçməyibsə, ikinci turda iştirak edə bilər».
F.Qədirov müsabiqədə iştirak etməyən və ya az bal toplayan şəxsin müsabiqəyə buraxılmasını qəti olaraq rədd etdi.

RUSLAN










27 Avqust, 2012  16:19 Baxılıb: 4913 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner