Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İSLAM VƏ İNCƏSƏNƏT – ARAŞDIRMA

“Allah gözəldir və gözəlliyi sevir” (Hədisi-Şərif)

İslamofobiya təbliğat maşını işə salındıqdan sonra hamıda, hətta müsəlmanların özündə də elə təəssürat yaranıb ki, İslam yalnız xəttatlıq, memarlıq və şeiriyyatdan başqa heç bir incəsənət növünü təqdir etmir. Lakin unutmayaq ki, İslam Allahın yer üzünə göndərdiyi sonuncu dindir. Bu dinin əsas vəzifəsi insanların həyatını məna və səfa ilə doldurmaq, çirkinlikləri uzaq etməkdir. Necə ki, hədislərin birində buyurulur: “Allah gözəldir və gözəlliyi sevir”. Mümkündür ki, müasir mədəniyyətin, ələlxüsus zirzəmi mədəniyyəti və ya kontrkultura kimi cərəyanların bir sıra əsasları mübarək dinimiz tərəfindən qəbul edilməsin, lakin bu İslamın geriliyi ilə izah olunmur. “Qurani-Kərim” buyurur ki, batil suyun üzərindəki köpük kimidir, aradan gedər, həmişə qalan isə həqiqətdir. Məhz bu prinsipdən çıxış edən dinimiz istənilən sahədə puç və zərərli məsələlərlə kəskin mübarizə aparır. Əfsuslar olsun dünyanın işi belə gətirib ki, siyasətdən uzaq olmalı olan incəsənət, bu gün beyin yeyintisi və psixoloji müharibə alətinə çevirilib. Hərçənd, Albert Eynşteynin təbiri ilə desək, incəsənət Allahı tanımağın ən gözəl yoludur. Çünki, gözəlliyi yalnız incə yollarla dərk etmək olar.
Son yüz il müddətində incəsənət xeyli transformasiyalara məruz qaldı. Bu dəyişikliklər dünya mədəniyyətinin avanqardında duran Qərbdə baş verdiyindən bütün ölkələrə sirayət etdi. Reformasiya və İntibah dönəmində kilsənin əsarətindən azad olan mədəniyyət ümumbəşəri dəyərləri - azadlığı, ədaləti, insaniliyi tərənnüm edərək, klassikanın əsasını qoydu. Lakin çox keçmədi ki, Avropada klassika yalnız zadəganların inhisarlığına alınmış bir mədəniyyət növü kimi formalaşdı. Buna əks reaksiya olaraq populyar və ya kütlə mədəniyyəti öz bayağılığı və keçiciliyi ilə ön plana keçdi. Lakin populyar mədəniyyət də siyasi istila alətinə çevirildi ki, buna etiraz edənlər əks-mədəniyyət və ya zirzəmi mədəniyyətini yaymağa başladılar. Bu gün də caniləri tərif edən, cinsi meyillərin tüğyan etməsinə xidmət edən, intihara və narkomaniyaya təşviq edən, həyatın mənasızlığını aşılayan musiqi, film və kitablar bütün dünyada məşhurdur. Buna baxmayaraq, klassika heç zaman dəbdən düşmür, əksinə getdikcə müasir incəsənət xadimləri klassik mədəniyyətin motivlərinə müraciət etməkdədirlər. Çünki yaşamağa qabiliyyəti olan və həmişə maraq oyadan yalnız faydalı şeylərdir. Qalanı isə su üzərindəki köpük kimi aradan getməyə məhkumdur.
Məşhur müsəlman sosioloqu Əli Şəriəti “Xilaskar incəsənət” əsərində maraqlı fikir söyləyir: “Elm insana mövcud olan dünyanı tanıtdırır, incəsənət isə mövcud ola biləcək aləmi”. Bəşər övladının iki özəl xüsusiyyəti var: birincisi – öyrənmək istəyi, ikincisi – kamillik istəyi. Ətraf aləmi tanımaq üçün yeganə yol elmdir. Lakin təxəyyül, mövcud durumla razılaşmayıb təkamül etmək istəyi olmasa elm nə inkişaf edər, nə də fayda verər. Odur ki, İslam incəsənətin məişəti bəzəmək kimi müasir vəzifəsi ilə razılaşmır, onu kamillik axtaraşında olanlar üçün bir rahnüma kimi görür.

İslam həyata estetik baxışları təbliğ edir

İslam sivilizasiyasında incəsənətin özəl, hətta ən mühüm yeri olub. Demək olar ki, İslam həyata estetik baxışları təbliğ edir. Çünki gözəllik Allahın sifətlərindən biridir. Dinimizin ilkin mənbəyi – “Qurani-Kərim” sadəcə olaraq Allahın mesajını çatdırmaqla kifayətlənmir, bu mesajı nəfis poeziya üsulunda və düşündürücü kəlimələrlə nəql edir. İslam incəsənəti bu ruhiyyəni əxz edib. Digər yandan, İslam heç zaman milli mədəniyyətlərin assimilyasyası ilə razılaşmayıb, əksinə hər xalqın adət-ənənələrinin qorunmasını, sadəcə batil düşüncələrdən azad edilməsini labüd sayır. Məsələn, qədim ənənlərdən biri - Novruz bayramı atəşə pərəstiş ünsüründən qurtularaq həyatın oyanmasını tərənnüm edən bayram kimi qorunub saxlanıldı. Ənənələrin bütpərəstlikdən azad edilməsi onun üçün mühümdür ki, İslam Allahdan kənarda gözəlliyin mümkün olmadığını bildirir. Məhz bu səbəbdən, İslam mədəniyyəti heç zaman monoton və darıxdırıcı olmayıb. İslam mədəniyyətinə memarlıq və şəhərsalmadan başlayaraq, ədəbiyyata qədər nəzər salsaq, görərik ki, incəsənət nə qədər mühüm rola malikdir.
Kordovadakı cümə məscidi, İsfahandakı hamamlar, İstanbuldakı bazarlar, Buxaradakı mədrəsələr sadəcə olaraq gözəl abidələr deyil, İlahi Vəhyin ruhunu tərənnüm edən memarlıq inciləridirlər. Onlar İslam nədir, sualına cavab verirlər. Təsadüfi deyil ki, İslami terminologiyada incəsənət mənasını verən “sənət” və “fənn” sözləri Qərb dillərindəki incəsənət mənası ilə yanaşı, gündəlik həyatdakı davranışları da əhatə edir. Yəni gözəl olan yalnız hansısa abidə və ya əsər olmamalıdır, bütün həyat gözəl olmalıdır. Bundan əlavə, İslam elmlə incəsənəti bir-birindən ayırmır, əksinə onları birləşdirir. Qədim ustalar deyərdilər: “İncəsənət bacarıqla hikmətin nikahından doğulur”.

Necə ki, “Qurani-Kərim”in mübarək ayələri zahir və batindən ibarətdir, İslam incəsənət nümunələri də zahiri və batini xüsusiyyətlərə malikdir. Zahiri gözəlliklə yanaşı, İslam incəsənətinin gizli, gözlə görünməyən, lakin qəlblə duyulan gözəlliyi vardır. Sanki, Quranın “düşünənlər üçün bunda bir ibrət vardır” ibarəsi hər bir memarlıq nümunəsində, şeirində, nəğməsində, rəsmində, yazısında, zinət əşyasında öz əksini tapıb. Əlbəttə ki, müsəlman incəsənəti daha öncəki mədəniyyətlərin qoyduğu fundament üzərində yaranıb, lakin İslam köhnə formalara yeni məna verdi. İslam incəsənətinin müxtəlif cərəyanları arasındakı fərqlərə rəğmən, onlar əsaslı məslələrdə oxşardılar. Xüsusi naxışlar, həndəsi şəkillər, xəttatlıq və simmetriya sanki Allah sözünün hər bir şeydə canlandığını göstərir. Bu incəsənətdə nəyisə birbaşa yeritməklə icbarilik yoxdur, əksinə, insan düşünmək və məna verməkdə azad buraxılır. Sanki insan tam başqa bir aləmə açılan qapı qarşısında durur, abstraksiya edib təxəyyül qanadlarında daha ali, daha kamil bir aləmə tamaşa edir. İslam dini Allahın və müqəddəslərin rəsmlə vəsfini qadağa edir, çünki bu rəsmin özündə bir icbarilik var. Həm də insan hansısa mövzunun dərinliyə varmaq istəyirsə, gərək stereotiplərdən azad olsun. Hətta şəriət incəsənətlə bağlı çoxsaylı qaydalar nəzərdə tutmur ki, insan yaratmaqda, düşünməkdə, zövq almaqda, hiss etməkdə özəlliyini qorusun.

“İnsanın gözəlliyi onun xəttinin gözəlliyindədir”

Müsəlmanların ibadət etdiyi məscidlər belə, Allahla insan arasında vasitəçi rolunu oynayan ruhanilərin iqamətgahı deyil, möminlərin Allaha birgə ibadət edib, bir-biri ilə dərdləşmələri üçün boş bir məkandır. Məscidin fasadı interyerindən daha bəzəkli olur. Çünki zahiri gözəlliyə gözü ilə varan, gərək daxili gözəlliyi qəlblə hiss etsin.
Ən müqəddəs məkan – Kəbə evi də özünəməxsus bir rəmz daşıyır. Kəbə qiblədir. Mövcudluğun, imanın, eşqin və həyatın mərkəzi olan qiblə. Lakin bu sadə tikilinin içində boşluqdan başqa heç nə yoxdur. Həcc arzusuna nəhayət ki, yetişən hacının beynində şübhələr və suallar yaranır: “Məgər ömürboyu bu boşluğa üz tuturdummu?” Bu, nə memarlıq abidəsidir, nə də hansısa övliyanın qəbri – sadəcə boş bir otaqdır. Burada nə üz tutulası kimsə var, nə nəyisə yada salacaq xatirə. Düşüncənə, hisslərinə mane olacaq heç nə yoxdur. Bura mütləqiyyət, universallıq və sonsuzluqdur. Bura Allahın evidir. Cismi, forması, rəngi olmayan Allahın evi. Bütün bəzəklərə, naxışlara, rənglərə, formalara etinasız Allahın evi. Mənzili, məkanı olmayan Allahın evi. Kəbənin fasadı da yoxdur, istənilən tərəfdən üzünü Kəbəyə çevirə bilərsən. Çünki, Allah hər yerdədir. Bu boşluq sənə anladır ki, Həccə gəlməkdən məqsədin Kəbənin ətrafına dolanmaq deyil, həyatda istiqamət tapmaqdır.
Xəttatlıq sənəti uşaqlara mədrəsələrdə öyrədilirdi. Çünki, insan hətta yazını nəfis xətlə yazmalıdır ki, gözəl Allahın hüzurundadır. Alimlərdən biri deyərdi, özünüz üçün tez-çaparaq bir qeyd edəndə də gözəl xətlə yazın ki, heç kəs o qeydi görməsə də, Allah görür. Odur ki, xəttatlıq incəsənəti müsəlman dünyasında öz nəhayətinə yetişmişdi. Xəttat həm rəssam, həm riyaziyyatçı, həm sənətkar idi. Şərqdə belə bir zərbi-misal var: “İnsanın gözəlliyi onun xəttinin gözəlliyindədir”.
İslam xəttatlığı kitə (yazı ilə çəkilmiş şəkil), tuqra (hökmdarların yazılı medalyon və möhürləri) və şəmail (divardan asmaq üçün yazılı panolar) kimi incəsənət növlərinə təkan verdi. Eyni zamanda təsviri incəsənət də müsəlman aləmində geniş yayılmışdı. Xristianlıqdan fərqli olaraq İslam ikonaları qadağa edir, rəsmlərə pərəstişi batil ayin sayırdı. Ona görə, müsəlman şərqində təsviri incəsənət təbliğat deyil, illüstrasiya məqsədi daşıyırdı. Heykəltaraşlıq geniş yayılmasa da, orta əsrlərdə Əndəlüs xəlifələri saraylarını özlərinin və ailələrinin heykəlləri ilə bəzəyirdilər. Hər halda, müsəlmanlar təsvirə deyil, sözə üstünlük verdiklərindən ən əsas incəsənət növləri xəttatlıq, nəqqaşlıq, musiqi və şeir qalırdı. Simmetriya duyğusu, həndəsi hesablamalar, zövq sanki müsəlmanların genetikasına həkk olunmuşdu – hətta xalçaçılar belə incəsənətin əsas prinsiplərinə riayət edirdilər. Ona görə, bina, xalça, kitab, pano, və s. məişət əşyaları incəsənət şedevrlərinə çevirilirdi. Adi naxışlar belə, həndəsi və fəlsəfi biliklər tələb edir və əbədiliyi cilvələndirirdi. Naxışlar üçün fona da ehtiyac olmurdu, çünki, naxışlar o qədər incə və sıx idilər ki, boşluğa yer qalmırdı. Avropalılar bunu “müsəlmanların boşluq qorxusu” adlandırırdılar, doğrudan da, İslam incəsənəti həyatın boşluğunu yox, dolğunluğunu tərənnüm edirdi. Odur ki, İntibah dövründən sonra avropalılar “arabeska” (müsəlman nəqqaşlığı) üsuluna müraciət edir, Avropanın modernist rəssamları isə heç də müsəlman ustaların naxışlarından geri qalmayan ornamentlər tərtib edirdilər.

Musiqi notlarını müsəlmanlar icad ediblər

Müsəlmanların dünya sivilizasiyasına verdiyi təkrarolunmaz hədiyyə şeirdir. “Qurani-Kərim”in həm şairləri tərifləməsi, həm şeir üsulunda nazil olması buna böyük təkan vermişdi. Şeir qəribə gücə malik idi. Nəql olunur ki, Firdovsi zəmanəsinin şahını şeirlə elə tənqid etmişdi ki, şah tənqiddən məmnun qalmışdı. Şeirin rəmzi dili ilə şairlər zamanın ictimai-siyasi durumundan tutmuş elmi biliklərinə kimi hər şey barədə məlumat verirdilər. Bundan başqa, şeir həm əyləncə, həm düşüncə vasitəsi idi. Ədibin qələmindən zövq alan insanlar, həm də ilahi təbiətlərinə varırdılar. Məsələn, “Leyli və Məcnun” dastanı həm maraqlı həyat hekayəsi, həm də ilahi eşq macərası idi.
Ən çox müzakirə olunan mövzulardan biri İslam və musiqidir. Musiqi tarixi ilə tanış olduqda, müsəlmanların bu incəsənət növünə nə qədər töhfə verdiyi məlum olur. Sadəcə olaraq, İslam hər bir şeyin zərərlisini rədd etdiyi kimi, musiqinin də zərərlisini məqbul saymır. Müasir elm də bir sıra musiqi növlərinin nəinki insan psixikasına, hətta bitkilərə və suya mənfi təsir göstərdiyini sübuta yetirib.
İslamın bir çox ayinlərində melodiyaya rast gəlmək olar. Azan, Quran qiraəti, Həcc zamanı təlbiyə, bayram zikrləri, dua və minacatlar müəyyən avaz üzərində oxunur. Bundan əlavə hər bir müsəlman xalqının əsrlər boyu yaşatdığı musiqi ənənəsi var. Musiqi, mahnı xalq yaradıcılığının ayrılmaz hissəsidir. Lakin orta əsrlərdə müsəlman alimləri musiqini fəlsəfə və ya riyaziyyat çərçivəsində öyrənirdilər. İslam tarixində ilk filosof kimi məlum olan Kindi (800-877) həm də məşhur musiqi nəzəriyyəçisi olub.
Əlifba əsasında notlaşmanı da məhz müsəlmanlar fikirləşiblər. Hamımızın bildiyi do, re, mi, fa, sol, lya, si solminasiyası dal, ra, mim, fə, sad, ləm, sin notları kimi müsəlmanlar tərəfindən icad olunub. Daha sonralar bu adlar orta əsr italiyan musiqiçisi Arezzolu Qvido (995-1050) tərəfindən latın əlifbasına uyğunlaşdırılıb.
Məlumdur ki, orta əsrlərdə bir sıra müsəlman məktəblərində musiqi tədris olunurdu. Tarixdə ilk musiqi sinfi Əndəlüsdə İbn Farnis (v.e. 888) tərəfindən açılıb. Daha doğrusu o, kvadrivium fakültəsi açaraq universitetdə musiqi nəzəriyyəsinin tədrisinə nail olmuşdu. Onun həməsri və həmşərisi - Zəriyab (789-857) adlı digər alim isə dünyanın ilk konservatoriyasını təsis etmişdi. Əslən ya fars ya kürd olan Zəriyab həmçinin musiqi bəstələyirdi, çalğı alətlərini təkmilləşdirirdi, yeni musiqi növləri yaradırdı. O, İspan gitarasının yaradıcısı sayılır. Bəzi musiqişünaslar onu İspaniya, Şimali Afrika və Yaxın Şərq peşəkar musiqisinin banisi kimi qəbul edirlər. Onun təsis etdiyi musiqi məktəbi tarixdə ilk konservatoriya sayılır. Burada peşəkar müğənni və musiqiçilər yetişdirilir, həmçinin musiqi elmi cəhətdən araşdırılır, təcrübələr aparılırdı. Burada hətta səsin diapazonunun yoxlanılması üçün cihazlar hazırlanırdı.



Mənəvi Dünya İctimai Birliyi

“SİMSAR” jurnalı






2 Avqust, 2012  17:12 Baxılıb: 2942 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner