Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İŞƏ DÜZƏLTMƏ MÜƏSSİSƏLƏRİ İNSANLARI NECƏ İŞƏ SALIR?

“İstər şəbəkə marketinqlər olsun, istər işədüzəltmə şirkətləri olsun, məqsədləri daha asan yolla böyük gəlirlər götürməkdi”

“Xarici şirkətə ali və orta ixtisaslı (mühəndislər, həkimlər, iqtisadçılar, hüqüqşunaslar, zabitlər və müəllimlər) işə dəvət olunurlar. Yuxari kurs tələbələri müraciət edə bilərlər. Əməkhaqqı yüksəkdir”. 

Evlərin, ofislərin, dövlət idarə və müəssisələrinin divar və liftlərində, şəhərin küçələrində və ictimai nəqliyyatda bu tipli elanlarla yəqin ki, çoxları rastlaşıb. İş axtaranlar, amma təcrübəsi olmayanlar üçün bu cür elanlar göydəndüşmə hesab olunur. İlin-günün bu vaxtında gözümüzü deşən yüksək maaşlı iş elanlarını əldən verməkmi olar? Bəs iş naminə elanların dalınca düşənlər hansı stiuasiya ilə qarşılaşırlar?

«Özümüz sizə zəng edəcəyik»

Məsələni aydınlaşdırmaq üçün özümüz iş axtaran qismində işədüzəltmə şirkətinə müraciət etmək qərarına gəldik.
Nərimanov rayonu, Ağa Nematullah küçəsində yerləşən ofisə üz tutduq. Binaların birinin zirzəmisində fəaliyyət göstərən ofisin zəngini basıb ehmalca içəri keçdik. Bizi qarşılayan cavan qız üzərinə «A» yazılmış otağa dəvət etdi. Qısa-sorğu sualdan sonra qarşımıza iş blankı qoydu və profilimizə uyğun iş seçməyi xahiş etdi. Blankı bildiyimiz kimi doldurandan sonra 5 manat «rüsum» ödəyin sözlərini eşitcək bir qədər məyus olduq. «Bəlkə işə düzələndən sonra rüsumu ödəyək» təklifimiz havadan asılı vəziyyətdə qaldı. Pulumuzu ödədikdən sonra xanımın «zəngimizi gözləyin» sözlərinə «baş üstə» deməklə razılığımızı bildirməkdən başqa yolumuz qalmamışdı.
İş axtaranlar artıq bu cür elanlara inanmırlar. Göyçək Vəliyeva adlı Suraxanı rayon sakini bizimlə söhbətində bildirdi ki, o, bir il iş dalınca şəhərdəki əksər işədüzəltmə şirkətlərinə baş çəkib: «Hamısı da məndən 2, 3, 5 manat pul alıb, «özümüz sizə zəng edəcəyik» deməklə işlərini bitmiş hesab ediblər. Zəng edib təklif etdikləri işləri isə qəzetlərdən götürüblər. İş elanları verən qəzetləri qabaqlarına qoyub insanlara zəng edib deyirlər ki, sizə iş tapmışıq. Yəni burada məqsəd «blank pulu» adı altında vətəndaşları soymaqdı. Mən artıq onlara inanmıram».
Digər yüksək əməkhaqqı vəd edən şirkət isə dərman satışı ilə məşğul olur. Yasamal rayonu Hüseyn Cavid prospektində fəaliyyət göstərən bu kompaniya dərman satışı ilə məşğul olur. İşə qəbul olanlardan heç bir pul alınmır. Pulsuz dərslər keçirilir. Dərslərdə farmokologiyadan biliklər öyrədilir, dərmanlarla bağlı məlumatlar dinləyicilərə çatdırılır. İş qrafiki sərbəstdi. İşçilərin qazancları isə satdıqları dərmanlardan əldə olunan gəlirdən çıxılan faizlərdi. Burada işçilərə həkimlərlə əməkdaşlıq yolları da öyrədilir.
Qeyd edək ki, artıq Səhiyyə Nazirliyi həkimlərin firmalarla əməkdaşlığını qadağan edib. Dərman firmalarının əməkdaşları əksər özəl və dövlət xəstəxanalarının binalarına buraxılmır. Həkimlər bu əməkdaşlıqda maraqlı olsalar da belə, mühafizəçilərə «firma işçilərini içəri qoymayın» xəbərdarlığı verilib.

«Bu müəssisələr qanunsuz fəaliyyət göstərir»

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədovun sözlərinə görə, bütün dünyada işədüzəltmə agentlikləri fəaliyyət göstərir və onların olması vacibdi: «Təəssüf ki, Azərbaycanda hələ bu institutlar tam formalaşmayıb. İstər şəbəkə marketinqlər olsun, istər işədüzəltmə şirkətləri olsun, məqsədləri daha asan yolla böyük gəlirlər götürməkdi. Onların fəaliyyətinə dövlət nəzarəti də aşağı səviyyədədi. Azərbaycanda işədüzəltmə müəssisələrinə dövlət tərəfindən lisenziya verilmir. Yəni fəaliyyətdə olan bu cür qurumların hamısı qanunsuz işləyir. Bu gün daha ciddi problem şəbəkə marketinqlərlə bağlıdır. İşə düzəltmə şirkətləri vətəndaşlardan maksimum 4-5 manat alırlarsa, şəbəkə marketinqlər üzvlük haqqı olaraq 600 manatdan yuxarı pul tələb edirlər. Vətəndaşlara qısa müddət ərzində böyük gəlir əldə edləcəkləri vət olunur. Çaşdırıcı fikirlərlə, şirnikləndirici vədlərlə sadəlövh insanların inamlarını, etibarlarını qazanırlar. Bir neçə aydan sonra vətəndaşlar aldanıldıqlarını görüb geri çəkilirlər. Əlbətdə ki, onlar polisə müraciət etmirlər. Çünki şəbəkə marketinqlərin arxasında duranlar, onları himayə edənlər güclü əllərdi. Xatırlayırsınızsa, bir neçə il öncə «Quest.net» adlı şəbəkə marketinqin buradakı rəhbər nümayəndələrini həbs etmişdilər. Onların Avropadakı nümayəndələri bura səfər edib hakimiyyət nümayəndələrilə danışıqlar apardıqdan sonra məsələ «həll» olundu. İndi onlar şəhərin müxtəlif yerlərində sərbəst fəaliyyət göstərirlər».
Ekspertin sözlərinə görə, işədüzəltmə müəssisələrinin fəaliyyətləri nəzarətə götürülməlidi: «Bəzən insan alverinin qurbanlarını bu cür müəssisələr yoldan çıxarırlar. Xaricdə yüksək gəlirli iş təklifilə xüsusilə də, cavan qızlar ölkədən çıxarılır və xaricdə fahişəliyə cəlb olunur. Onlar bir sıra hallarda 25 yaşına qədər cavan qızları işə götürürlər. Bu artıq şübhələnmək üçün əsas verir. Belə bir şərt Əmək Məcəlləsinin tələblərinə də ziddir.

Müzəffər Baxışov: “İnsanları soyurlar”

«Hüquqi Dövlət» Araşdırmalar Fondunun prezidenti Müzəffər Baxışov hesab edir ki, işədüzəltmə müəssisələrin fəaliyyətlərinin qanunla tənzimlənməsinə ehtiyac var: «Dələduzluq, aldatma yolu ilə vətəndaşları hansısa işə, ali məktəbəbə düzəltmək adı ilə soyurlar. Məndə olan məlumatlara görə, artıq Azərbaycanda bu kimi hallara qarşı cinayət işi açılmır. Ölkədə dələduzluq halları o qədər artıb ki, prokurorluq orqanlarına bu tipli işlərlə bağlı cinayət işinin qaldırılmamasına dair qeyri-rəsmi göstərişlər verilib. Bir qayda olaraq tərəflərə «gedin barışın» kimi yollar göstərilir. Yəni, məsələ inzibati qaydada yoluna qoyulur. Bu haradasa başadüşüləndi. Cəmiyyətin müəyyən faizi dələduzluqla məşğuldur. Əgər hər bir dələduzluq əməlinə görə, cinayət işi açılsa minlərlə insan həbsxanaya düşməli olacaq. Bu isə dövlətin, cəmiyyətin beynəlxalq imicnə ləkədir. Xarici vətəndaşlarda belə təəssürat yarana bilər ki, bu ölkədə yaşamaq, biznes fəaliyyətilə məşğul olmaq təhlükəlidi».

Ruslan XƏLİL






25 İyul, 2012  14:53 Baxılıb: 10933 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner