Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

VƏRƏMLƏ BAĞLI STİQMANI NECƏ ARADAN QALDIRMAQ OLAR? - ARAŞDIRMA

Xəstələrin övladlarına da damğa vurulur  

 

Bakının Yasamal rayonu Mustafa Sübhi (ad şərtidir - R.X) küçəsinin uşaqları bir neçə ildir 13 yaşlı Fuadla (ad şərtidir - R.X) oynamaqdan imtina edirlər. Bacardıqları qədər ondan uzaq durmağa çalışırlar. Səbəb Fuadın valideynlərindən birinin vərəm xəstəliyindən dünyasını dəyişməsi, digərinin isə bu xəstəliyin daşıyıcısı olmasıdır. 
Anasının vərəm xəstəliyindən tam müalicə olunmasına baxmayaraq, Fuad hələ də bunun acısını yaşayır. Deyir ki, qonşu uşaqlar onunla başqaları ilə davrandıqları kimi davranmırlar. Məsafə saxlayırlar. Mübahisələri düşəndə valideynlərinin keçirmiş olduqları xəstəliyi onun üzünə vurmaqdan belə çəkinmirlər. Anası deyir ki, Fuad bir neçə dəfə evə ağlaya-ağlaya gəlib: «Məhəllədə uşaqlar onunla oynamırlar. Savaşanda deyirlər ki, sənin atan vərəmdən ölüb, anan da xəstədi. Mən də Fuada başa salıram ki, mənim və özünün tam sağlam olmasından arxayın ola bilər, amma uşaqdı da. Savaşanda ona deyilən belə sözlərdən sınır».
Fuadın anası əlavə edir ki, onun özünə qarşı da qohum-qonşunun münasibəti normal deyil: «Açıq bildirməsələr də hiss edirəm ki, məndən qorunurlar. Əvvəl-əvvəl ətrafdakıların yanaşmaları məni çox sıxırdı, gizlində ağlayırdım. Ərim öləndən sonra intihar etmək istədim. Elə bilirdim xəstəlik məni də aparacaq. Sağ olsunlar, həkimlər məni ölümdən qurtardılar. İndi daha çox oğluma qarşı yaşıdlarının münasibətindən narahat oluram».

Valideyn məsləhəti – filankəs vərəmdi, ondan uzaq gəz

Göründüyü kimi, 21-ci əsrin əsas bəlalarından olan vərəm təkcə ona yoluxanların deyil, kənardakıların da həyatlarında acı izlər buraxır. Nəinki vərəmli xəstələr hətta onların övladlarına qarşı da cəmiyyətdə stiqma mövcuddur. Filankəslə birlikdə oynama, qalma, su içmə, yemək yemə, salam verib öpüşmə və s. kimi «məsləhətlər» çoxlarımıza tanışdı. Vaxtilə bu sətirlərin müəllifinə də valideynləri belə «məsləhətlər»dən çox görüblər. Hətta buna görə, uşaqlıq dostlarımızla münasibətlərimizdə soyuqluq yaranıb.
Stiqma və yaxud damğa yalnız kənardakıların deyil, həmçinin şəxsin öz-özünə yanaşmasıdır. Bəzən xəstələrdə psixoloji kompleks yaranır. Başqaları ilə münasibətdə korrektələr edir, məsafə saxlayırlar. Düşünürlər ki, ətrafdakılar ondan uzaqlaşmamış, o, ətrafdakılardan kənarlaşsın. Vərəm xəstəsi olmuş şəxslər bu komleksdən, özünütəcriddən uzun illər yaxa qurtara bilmirlər.

Doğrudanmı, vərəmli xəstələr başqaları üçün təhlükəlidir?

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən maliyyələşdirilən Azərbaycanda Səhiyyənin Gücləndirilməsi Layihəsinin vərəm üzrə baş məsləhətçisi Aleksandr Paseçnikovun sözlərinə görə, vərəmli xəstələrə qarşı stiqma geniş anlayışdı və bunun sosial-psixoloji aspektləri var: «Burada ilk olaraq şəxs özü-özünü damğalayır, onda utancaqlıq yaranır. Daha sonra kənardakılar ondan qaçmağa, uzaq durmağa çalışırlar. Əslində, kənardakıların vərəmli xəstədən uzaq durmaları anlaşılandı. Düşünürlər ki, onların xəstəliyə yoluxma ehtimalı var. İnsanların vərəmdən qorxmaları məlumatsızlıqdan irəli gəlir. Elə bilirlər ki, vərəmli xəstələr ömürlərinin sonuna qədər təhlükəlidilər və ətrafdakıları xəstəliyə yoluxdura bilərlər. Əslində vərəmli xəstələr müalicə olunduqdan sonra təhlükəli olmurlar».
Baş məsləhətçi bildirir ki, xəstəliyin yoluxuculuq müddəti var və bu iki yerə bölünür:
1. Xəstəlik təsdiq olunana qədər.
2. Müalicə başlandıqdan bakteriya ifrazı qurtarana qədər.
Sonrakı dövrlərdə xəstə ətrafdakılar üçün heç bir təhlükə yaratmır. Xəstəliyə yoluxmanın ilk dövrlərini müəyyən etmək və onu nəzarətdə saxlamaq çətindi. Heç kəsdə şəxsin infeksiya ifraz etməsi barədə məlumat olmur. Bu halda xəstəni günahlandırmaq olmaz. Çünki özü bilmədən xəstəliyə yoluxub və başqalarını yoluxdurur. Xəstənin müalicə olunmağa başladığı ilk günlərdən başqalarını yoluxdurma ehtimalı azalır. Ətrafdakıları qorumaq üçün vaxtında müalicəyə başlamaq lazımdı. Xəstənin müalicəsi düzgün aparılarsa, qorxmağa ehtiyac yoxdu».

«Xəstədən kənar gəzmək deyil, ona yardım etmək lazımdı»

Aleksandr Paseçnikov məsləhət görür ki, xəstədən uzaq gəzmək deyil, ona yardım etmək, müalicəyə təhrik etmək barədə çalışmaq lazımdı. Vərəmli xəstədən gen qaçanlar ilk növbədə öz həyatlarını təhlükəyə atmış olurlar: «Hər kəsin vərəmə yoluxma ehtimalı var. Şəxsin vərəmə yoluxması heç də vərəm xəstəsi olması demək deyil. O, sadəcə vərəm çöplərinin daşıyıcısıdır».
Ekspertin sözlərinə görə, Azərbaycanda vərəmə yoluxmuş xəstələrin cəmi 5-10 faizi aktiv vərəm xəstələridi: «Vərəmə yoluxmanın müxtəlif səbəbləri ola bilər. Yoluxuculuq müddətində xəstə ilə təmas quranlar xəstəliyə yoluxa bilirlər. Bəzən ola bilir ki, şəxs 5-10 il öncədən vərəm çöplərinə yoluxsun, amma bunu bilməsin. Şəxsin vərəmə yoluxmasına görə, konkret kimisə günahlandırmaq düzgün deyil. Son elmi tədqiqatlar göstərir ki, vərəmə yoluxduqda sonuncu dəfə təmasda olduğun xəstədən şübhələnmək əsaslı deyil. Əgər ailədə 10 nəfər bu xəstliyə düçar olubsa, bu o demək deyil ki, onların hamısı bir-birilərindən yoluxublar. Onlardan ən azı 7-si müxtəlif mənbələrdən vərəmə yoluxublar – bu, elmi tədqiqatların gəldiyi nəticədir. Sadəcə xəstəliyin üzə çıxması üçün münbit şərait yaranıb. Ev şəraitinin pis olması, düzgün qidalanmamaq, qaçqınlıq həyatı, sosial və maddi durumun ağırlığı vərəmin aktivləşməsinə zəmin yaradır. Bəzən, çox imkanlı şəxslər də vərəmə yoluxa bilirlər. Amma kasıblarla müqayisədə varlıların vərəmə yoluxma ehtimalı daha azdır. Bu günkü vərəm infeksiyası 100 il əvvəlki vərəm infeksiyası deyil. Hazırda vərəm infeksiyaları dərmanlara qarşı daha dözümlüdü».
Qeyd edək ki, Azərbaycanda «Vərəmlə Mübarizə Haqqında» Qanun 2000-ci ildə qəbul olunub. Vərəmə yoluxanlar vərəm əleyhinə dispanserlərdə müalicə olunurlar. Digər ölkələrdə isə xəstələr bakteriya ifraz etdikləri, yəni infeksion cəhətdən təhlükəli olduqları müddətdə xüsusi bokslarda müalicə olunurlar. Daha sonra müalicə ev şəraitində davam etdirilir. Ekspertlər hesab edir ki, Azərbaycanda da vərəmli xəstələrin məcburi stasionar müalicəsi məsələsi öz həllini tapmalıdır. Ən əsası isə xəstərin diaqnozları konfidensial saxlanılmalıdır. Necə ki, İİV virusuna yoluxanlarla bağlı konfedensiallıq gözlənilir, onların adlarının açıqlanmasına görə hüquqi məsuliyyət nəzərdə tutulub, vərəm xəstələrinə də eyni yanaşma göstərilməlidir. Bu, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan hökumətinə təklif etdiyi tövsiyələrdən biridir. Tövsiyələrin qanuna salınması üçün hazırda Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu ilə müzakirələr davam etdirilir.

«Vərəm xəstələri hətta bizimlə görüşməkdən utanırlar»

İnstitutun direktoru Elcan Məmmədbəyov bizimlə söhbətində bildirdi ki, Azərbaycanda vərəmə qarşı hərtərəfli mübarizə aparılır: «Aparılan hüquqi, proflaktik və praktiki tədbirlər nəticəsində həm xəstələrin müəyyən olunması, həm də onların müalicəsi sahəsində müsbət dəyişikliklər olub. Belə ki, 2011-ci ildə Azərbaycanda 4870 nəfər xəstə qeydə alınıb. Bunlardan 1127 nəfəri ağ ciyərdən kənar formalarda xəstələnənlərdir. 100 min əhaliyə görə xəstələnmə 53 faiz azalıb. Bundan basqa, olum sayı 391 nəfər olub. Bu da 2010-cu ilə nisbətən 4 faiz azalma deməkdir».
E.Məmmədbəyovun sözlərinə görə, bu gün başlıca problemlərdən biri vətəndaşların xəstəliklərini gizlətmələridi: «Bu stiqmanı aradan götürmək lazımdır. Cəmiyyətin xəstələrə münasibəti, yanaşması dəyişilməlidir ki, onlar vaxtında həkimə müraciət etsinlər. Stiqma xəstələrin həyatla vidalaşmalarına və ətrafdakıların da vərəmə yoluxmasına səbəb ola bilər. Biz rayonlara gedib vərəm xəstələrilə görüşlər keçirmək istəyirik, amma onlar utandıqlarından gəlmirlər. Burada utanılası bir şey yoxdur».
ÜST-nın tövsiyələrinə gəlincə İnstitut direktoru hesab edir ki, hələ ki, Azərbaycanda bu tövsiyələri yerinə yetirmək mümkün deyil: «təkliflərdən biri odur ki, xəstələr məcburi qaydada qapalı müəssisəyə gətirilir və iki həftə müddətinə cəmiyyətdən təcrid olunur. Bunun müsbət tərəfləri odur ki, şəxsin başqalarını yoluxdurmasının qarşısı alınır. Amma bizdə bunu tətbiq etmək çətindi».
E.Məmmədbəyov sonda onu da əlavə etdi ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyi ilə birlikdə vərəm əleyhinə bir sıra tədbirlər həyata keçirilir, kampaniyalar aparılır: «İctimai yerlərdə, telekanallarda vərəmlə bağlı bizim elanlarımıza, məlumatlarımıza rast gəlmək mümkündü. Hesab edirəm ki, bu sahədə beynəlxalq təşkilatlarla yaxın gələcəkdə daha sıx əməkdaşlıq edə biləcəyik».

«Vərəm barədə məlumatsızlıq stiqmaya yol açır»

Psixoloq Rafiq Təmrazovun sözlərinə görə, vərəmli xəstələrlə bağlı bir sıra ölkələrdə, o cümlədən, Azərbaycanda uzun illərdi dəyişilməyən yanaşma, düşüncə mövcuddur: «Hər birimiz bu yanaşmanın acısını çəkmişik və hazırda da çəkirik. Düşünürük ki, vərəmli xəstələrlə təmas qurmaq, bir yerdə oynamaq, yeyib-içmək təhlükəlidi. Hətta bir nəfər bu xəstəlikdən əziyyət çəkdikdə, ailənin bütün üzvlərinə damğa yapışdırılır. Bəzən vərəm xəstələrinə və onların övladlarına nə qız verilir, nə də onlardan qız alınır».
Psixoloq hesab edir ki, damğanı aradan qaldırmaq üçün vərəm xəstəliyi barədə cəmiyyətə ətraflı məlumat verilməlidir. İnsanlar vərəmin gerçək üzünü, əsl mahiyyətini bilməlidir. Bilgisizlik, məlumatsızlıq stiqmaya, diskriminasiyaya yol açır.
Qeyd edək ki, vərəmə qarşı mübarizədə, təbliğat kampaniyalarında əsasən “vərəmi necə müəyyənləşdirmək, ondan necə qorunmaq, ətrafdakıları necə xilas etmək olar” kimi suallara aydınlıq gətirilir. Vərəm olduqca qorxulu xəstəlik kimi təqdim edildiyindən insanlarda bu xəstəliyin daşıyıcılarına da münasibət qorxulu olur. Bunun əsas səbəblərindən biri də vərəmli xəstələrə qarşı necə münasibət göstərilməsi barədə cəmiyyətə bilgi verilməməsidi. Təəssüflər olsun ki, vərəmə qarşı mübarizədə vərəmli xəstələrə qarşı münasibət məsələsinə əhəmiyyətli yer ayrılmır.

Yazı ABŞ-ın Beynəlxalq İnkişaf Agentlyinin (USAİD) maliyyələşdirdiyi Azərbaycanda Səhiyyənin Gücləndirilməsi Layihəsi çərçivəsində “Vərəmlə bağlı stiqmaya qarşı mübarizə” mövzusunda jurnalistlər arasında élan olunan müsabiqəyə təqdim olunur.

Ruslan XƏLİL









9 İyul, 2012  17:23 Baxılıb: 2547 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner