Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

«ÜZÜMÜ BELƏ YIĞARLAR» - ARAŞDIRMA

Dövlət Proqramının qəbulu sahənin inkişafina təkan verəcəkmi?

Azərbaycanda üzümçülükdən danışanda ilk növbədə gözümüzün qarşısında «Əhməd haradadır?» filmindəki Nərgiz xala obrazı, onun «üzümü belə yığarlar» ifadəsi və başının üstündəki dolu üzüm səbəti canlanır. Və ya «Bəyin oğurlanması» filmindəki üzüm yığan qızların rəqsi ilə də Sovet döründə bu sahənin nə qədər diqqət mərkəzində olduğunu, inkişaf etdiyini görürük. Vaxtilə yüksək istehsalına görə pambıq və üzümün adı qoşa çəkilərdi. Sonardan isə birdən-birə Azərbaycan üzümü demək olar ki, yoxa çıxdı… 

Eramızdan əvvəl II əsrdə şərab düzəldilirdi

Əslində ölkəmizdə üzümçülüyün tarixi Sovet dövrünündən də xeyli uzaqlara gedib çıxır. Hətta eramızdan əvvəl II əsrdə şərab düzəldildiyi haqqında məlumatlar var. XIX əsrdə üzümçülüyün inkişafı isə ölkəmizdə məskunlaşan almanların adı ilə bağlıdır. I Dünya Müharibəsindən sonra Gəncə yaxınlığında ilk alman koloniyası yaranmışdı. Almanlar burada iri üzümlüklər saldılar, şərab istehsal edən müəssisələr tikdilər. Azərbaycanda yaşayan almanların istehsal etdiyi şərablar bir çox şəhərlərdə - London, Paris, Moskva və digərlərində keçirilən sərgi-yarmarkalarda da məşhur idi. 1860-cı ildə isə Göygöl Şərab Zavodunun əsası qoyuldu.

Rekord göstərici - 2 milyon 126 min ton

Sovet dövründə üzüm istehsalı sürətlə inkişaf etdi. Hətta istehsalın səviyyəsi 2 milyon tonu ötdü. 1984-cu ildə Azərbaycan keçmiş Sovet Respublikaları içərisində rekord göstərici əldə etdi - 2 milyon 126 min ton üzüm istehsal edildi. Bu həm də kənd əhalisinin məşğulluğunun səviyyəsi demək idi. Lakin elə Sovetlər İttifaqı dağılmazdan öncə də Azərbaycan üzümünün sonunun gəldiyini demək olar. Mixail Qarboçovun «alkoqolizmə qarşı mübarizə»si Azərbaycanda üzüm bağlarının məhvi ilə nəticələndi, bu sahədə illərlə yaradılmış infrastruktur dağıdıldı.
Sovet dövrü başa çatdıqdan sonra yenidən üzümçülüyün inkişafı ilə bağlı addımlar atılsa da, bu sahədə köklü inkişaf gözə dəymədi. 2001-ci ildə «Üzümçülük və şərabçılıq haqqında» qanun qəbul edildi ki, burada üzümün və şərabın idxalı və ixracı, satışının təşkil olunması, keyfiyyəti, saxtalaşdırmadan qorunması və s. haqqında maddələr öz əksini tapdı. Lakin bu qanunun qəbulu da sahənin inkişafı üçün yetərli olmadı.

Dövlət Proqramı nə və edir?

Ötən il isə bu gəlirli sahənin inkişafı üçün daha bir addım atıldı - «2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı” qəbul edildi. Proqramda bu illər ərzində 50 min hektar yeni üzüm sahəsinin salınması, 2020-ci ildə təxminən 455 min ton üzüm istehsal olunması nəzərdə tutulur.
İqtisadi İnkişaf Nazirliyinin İstimaiyyətlə Əlaqələr şöbəsinin məlumatına əsasən, hazırda bir sıra rayonlarda üzümçülük təsərrüfatları yaradılır.
Son illər ərzində Xanlar, Samux, Tovuz, Yevlax və başqa rayonların ərazisində üzüm plantasiyaları salınıb. Bir sıra ölkələrdən 70-dən artıq üzüm sortu gətirilib.

«Üzümçülük və şərabçılıq elmi əsaslarla inkişaf etdirilməlidir»

Kənd Təsərüfatı Nazirliynin Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitunun rəhbəri Tariyel Pənahov adıçəkilən proqramda bu sahənin bütün problemlərinin öz əksini tapdığını deyir: «Əhəmiyyətli məsələlərdən biri də odur ki, üzümçülük və şərabçılıq elmi əsaslarla inkişaf etdirilməlidir. Yerli üzüm növlərinin qorunub saxlanması, calaqların edilməsi üçün elmi tədqiqat institunun maddi-texniki bazasının gücləndirilməsi nəzərdə tutulur. Üzümçülük və şərabçılıq haqqında qanunda da bildirilir ki, calaq üzümçülüyünün inkişafı elmi müəssisələrin iştirakı ilə həyata keçirilməldir. Bu, başqa ölkələrdə də belədir. İnstitunun bazasında calaq emalatxanasının yaradılması planlaşdırılır».
Hər ölkənin özünəməxsus üzüm sortlarının olduğunu deyən T.Pənahovun sözlərinə görə, Azərbaycanın da qarşısında dayanan başlıca məqsəd özünün «şirvanşahlar», «mədrəsə» və digər növlərinin inkişaf etdirilməsidir.
Mütəxəssis qeyd edir ki, institutda məhsulların monitorinqinin aparılması, keyfiyyətinin yoxlanması ilə bağlı baza yaradılıb: «Üzüm məhsullarının hazırlanması üçün İnstitutun nəzdnində mini emal sexinin yaradılması ilə bağlı da təkliflərimizi vermişik və öz müsbət həllini tapacağını gözləyrik».
T.Pənahov bildirdi ki, sexdə alkoqollu və alkoqolsuz (mürəbbə, doşab, şirələr, şərbətlər və s.) məhsulların istehsalı nəzərdə tutulur. O, ölkəmizdə alkoqollu içkilərin istehsalına böyük tələbat olduğunu da qeyd etdi.

Mövcud şərab istehsalının həcmi aşağıdır

Həmsöhbətimizin sözlərinə görə, ölkəmizdə əsasən Şamaxı, Gəncə, Qazax, Xaçmaz, Dəvəçi, Siyəzən, Kürdəmir, Abşeron rayonlarında üzümçülüyün inkişaf etdirilməsi nəzərdə tutulur.
İnstitutun Kolleksiya bağında isə 140 üzüm sortu yetişdirilir. Bununla yanaşı elmi tədqiqat institutunun 100 min tingi var ki, institut onların satışını təklif edir.
Mövcud şərab istehsalından da danışan T. Pənahovun sözlərinə görə, keyfiyyət qənaətbəxş olsa da, şərab istehsalının həcmi aşağıdır: «İşğal altda olan torpaqalarımızda böyük üzüm bağları, zavodları olub. Bu yöndə də biz torpaqlarımızın işğalından böyük zərbə almışıq. Eyni zamanda Qorbaçovun antialkoqol qərarının nəticəsində üzüm və şərabçılıq müssisələri tənəzzülə uğrayıb. Lakin, bununla yanaşı Şəki, Siyəzən, Kürdəmir, Gəncə, Tovuz, Şəmkirdə şərab istehsal olunur və onların keyfiyyəti qənaətbəxşdir, Onlar xaricə də idxal olunur».

Dövlət Proqramının qəbulu üzümçülüyün inkişafı üçün yetərli deyil

Lakin, bəzi mütəxəssislərin rəyinə görə, Dövlət Proqramının qəbulu üzümçülüyün inkişafı üçün yetərli deyil. Bir məqsədlə bir sıra digər addımlar da atılmalıdır. İqtisadi Təşəbbüslərə Yardım İstimai Birliyinin rəhbəri Rövşən Ağayev də mətbuata verdiyi açıqlamasında bildirib ki, sənəddə proqramın icra olunacağı 9 il ərzində üzüm sahələrinin nə qədər genişlənəcəyi, üzüm növlərinin ayrı-ayrılıqda nə qədər artacağı, ixracın həcminin hansı intervalla artacağı və s. mühüm faktlar öz əksini tapmayıb.
Mütəxəssislər həmçinin xaricdən idxal olunan məhsullara məhdudiyyət qoyulmasını məqsədəuyğun hesab edirlər.

Xatirə Nəsirli






4 İyul, 2012  16:04 Baxılıb: 3604 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner