Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“HİCABLI QADINLARA BAXANDA ONLARIN ÜZÜNDƏ NUR GÖRÜRDÜM” – ARAŞDIRMA

“Hicab bağlamayanları da heç kim ittiham etməsin. Hərənin bir inancı var”

“Çarşab qadının azadlığıdır. Əgər qadın azadlıq axtarırsa, onun azadlıığı çarşabdadır. Çarşab qadını pis fikirlərdən, pis baxışlardan qoruyur”. Bu fikirləri artıq bir ildir ki, çarşab geyinən Fərqanə deyir.
Ərəbcə arakəsmə mənasını verən hicab müsəlman qadınların küçəyə çıxarkən geydikləri, üzlərini və bədənlərini örtdükləri örtük və çiyinlikdir. Əvvəlcə hicab örtmək Məhəmməd peyğəmbərin arvadlarına əmr edilsə də, sonradan bu, bütün müsəlman qadınlarına şamil edilib.
Hicabın müxtəlif növləri var: bütün bədəni və ya ancaq üzü örtmək üçün işlədilən qara rəngli və bəzən də başqa rəngdə olan hicablar, göz üçün xüsusi toru və ya dəlikləri olan hicablar, başa örtülən qara yarımşəffaf hicablar (örtüklər) və s.
Çarşab isə əvvəllər Azərbaycanda əsasən bəzi şəhər və şəhəryanı kəndlərin sakinləri üçün səciyyəvi örtük forması olub. Evdən çıxarkən qadınlar başdan ayağa qədər çarşaba bürünürdü. Çarşab bir rəngli atlasdan, dama-dama keci parçadan və müxtəlif çeşidli ipək parçalardan olurdu. İranda və ərəblərdə bu geyim İslamdan əvvəl mövcud olduğundan çarşab onların milli geyimi sayılır.
Çoxları çarşaba məcburiyyətdən bürünüldüyünü düşünsə də Fərqanə bu geyimi öz istəyilə seçib: “Mən demək olar ki, heç nəyi çarşab qədər sevməmişəm. Çarşabı öz istəyimlə geyinmişəm. Əvvəllər bu barədə eşitmişəm, amma onu mənə heç kim təqdim etməyib ki, budur, bu cürdür. Ailəmdə heç kəs məni hicab bağlamağa, yaxud da ki, hicabı açmağa məcbur etməyib. Mən 12 yaşımdan hicab geyinirəm, artıq bir ildir ki, çarşaba keçmişəm”.

Bəzən məni yolda saxlayıb soruşurlar ki, sən niyə belə geyinirsən, İrandan gəlirsən?

Hazırda 18 yaşı olan Fərqanə bütün bədənini örtən irihəcmli, qara rəngli çarşab geyinir. Onun sözlərinə görə, çoxları çarşabı yalnız İranla bağlayır və din haqqında söz düşən kimi İranı ağlına gətirir: “Bəzən elə olur ki, məni yolda saxlayıb soruşurlar ki, sən niyə belə geyinirsən, İrandan gəlirsən? Başa düşmürəm, niyə dini ancaq İrana yapşdırırlar. Bizim keçmişimizdə də çadra olub, nənlərimiz hamısı çarşab geyinib. Sadəcə dövrlə bağlı olaraq fikirlər elə formalaşıb ki, çarşab insanlarda qəribə təəssürat oyadır. Yəni, çadranı İranla bağlamağın əleyhinəyəm. İrandakı qadınlara zorla çarşab geyindirirlər, biz isə öz istəymizlə geyinirik”.
Ailə qurduqdan sonra hicab, yaxud da çarşab geyinməyə məcbur edilən, eləcə də hicabdan, çarşabdan imtina etməli olan qadınlar az deyil. “Gələcək həyat yoldaşınız məcbur etsə çarşabı açarsızmı?”- sualını Fərqanə belə cavablandırdı: “Qurani-Kərim”də də deyilir ki, dində məcburiyyət yoxdur. Kiminsə qadını çarşab geyinməyə məcbur etməsi, eləcə də hicabını açmağa məcbur etməsi düzgün deyil. Gələcəkdə yoldaşım məni məcbur etsə ki, çarşabı atım mən onunla razılaşmaran. Həyat yoldaşının çarşab geyinməyə də, çarşabı atmağa da məcbur etməsi eyni şeydir. Qarşısındakı insanı istəyindən dönməyə məcbur etmək olmaz”.

Deyirdilər ki, hicab geyinmə, yoxsa iş tapmayacaqsan

Hicablı xanımlara çarşablılardan daha çox rast gəlirik. Rufanə Qurbanova da hicab geyinənlərdəndir və o bunu öz istəyi ilə heç bir məcburiyyət olmadan edib. O, hicaba ötən ilin iyul ayından keçib və rəng seçimində yalnız qara rəngə üstünlük vermir: “Hicablı qadınlara baxanda onların üzündə nur görürdüm. Hicabı o qədər arzulayırdım ki, tez bir zamanda hicab geyinmək istəyirdim”.
Onu qərarından daşındırmağa çalışanlar olubsa da, Rufanə qərarında qəti olub. Onun sözlərinə görə, bəzi qohumları iş tapmayacağını əsas gətirərək hicab geyinməyinə mane olublar: “Öz ailəm heç bir söz demədi. Amma qohumlarımdan bəziləri deyirdi ki, hicab geyinmə: İş tapmayacaqsan. Eybi yox, aç hicabını günaha batmarsan. Belə sözlər deyirdilər, amma mən heç birinə qulaq asmadım”.

“Dində geyimin qara, yaxud da başqa bir rəngdə olması kimi bir şərt yoxdur”

Dində hicabın qaydaları ilə bağlı fikirlər müxtəlifdir. Bəziləri hər bir qadının hicab geyinmə məcburiyyəti olduğunu düşünsə də, bəziləri dində məcburiyyətin olmadığını əsasə gətirir və hicab seçimini hərənin öz öhdəsinə buraxır.
“Dində hicabın qaydaları necə müəyyənləşib? Hicabın forması, rəngi necə olmalıdır? Çarşab geyinmək vacib buyurulurmu?”, - suallarımızı “Mənəvi dünya” İctimai Birliyinin sədri Hacı Şahin Həsənli cavablandırdı. Onun sözlərinə görə, müqəddəs kitabda buyurulur ki, əllər və üz istisna olmaqla hər yer örtülməldir: “Qurani-Kərim”in Nur surəsində buyurulur ki, qadınlar əlləri və üzləri istisna olmaqla hər yerini örtməlidir. Geyimin dar olması məsləhət görülmür. Çalışmaq lazımdır ki, bədənin, əzaların formasını büruzə verməyən geyim geyinilsin. Amma geyimin forması ilə bağlı heç bir söz deyilmir”.
Adətən çarşablı xanımlar qara rəngdə geyimə üstünlük versə də Hacı Şahin bildirdi ki, dində geyimin rəngi ilə bağlı heç bir məhdudiyyət yoxdur: “Dində geyimin qara, yaxud da başqa bir rəngdə olması kimi bir şərt yoxdur”.

“Qızlar 9 yaşından başalayaraq dini hökmləri icra etməlidir”

Azyaşlı qızların hicab geyinməsi halları da çox rastlaşdığımız mənzərələrdəndir. Dində buna münasibətin necə olduğuna yenə Hacı Şahin aydınlıq gətirdi. O vurğuladı ki, dində qızların dini hökmləri icra etməsi üçün yaş həddi 9 yaşdır: “İslam dininə görə, qızlar 9 yaşından başalayaraq dini hökmləri icra etməlidir. Bəzi hallarda azyaşlı qızlar valideynin seçimi ilə hicab geyinir ki, bu da normal haldır. İnkişaf etmiş ölkələrdə də bu var ki, uşağın dini inancını valideyn müəyyənləşdirir”.
Hicab geyinib, sonra bundan imtina edən xanımlar, eləcə də buna məcbur edilən xanımlar da az deyil. Hacı Şahinin sözlərinə görə, dini hökmlər sona qədər icra olunmalıdır, yarımçıq saxlamaq bəyənilməyən haldır: “Dini dəyərlərin icrası vacib hökmdür və bunlar sona qədər edilməlidir. Bu hal bəyənilən haldır”.
Kənar müdaxiləyə gəlincə isə Hacı Şahindən öyrəndik ki, İslam dininə görə, hicab məsələsində başqalarının müdaxiləsi yolverilməzdir.

Şəhər əhalisi bu barədə nə düşünür?

Hicablı xanımlara münasibət də müxtəlifdir. Bir qrup insan bunu qadın azadlığına zidd hesab etsə də, digərləri düşünür ki, hər bir qadın hicab geyinməyə məcburdur. Başqa bir qrup insan isə ümumiyyətlə başqalarının işinə qarışmamağı düzgün hesab edir. Elə buna görə də, qadınların hicab, yaxud çarşab geyinməsinə şəhər əhalisinin də fikrini öyrəndik. Hicabın həm əleyhinə, həm də leyhinə kifayət qədər fikir səsləndirənlər oldu.
Elnur İsmayilovun fikrincə hicab Allahın əmridir və bu əmrə itaət etmək lazımdır: “Biz müsəlmanıq, Allahın əmri ilə hərəkət etməliyik. Hicab da bunlardan biridir. Əgər cəhənnəm odundan və Allahdan qorxurlarsa, bütün qadınlar buna riayət etməlidir. Özlərini açıb çöldə qoymaqla əllərinə nə keçir? Həm özləri günaha batır, həm də özgələrini günaha batırır. Hələ bir qarşındakının günahı da ona yazılır”.
Ülkər Həsənli isə düşünür ki, qadın öz istəyilə bağlayırsa, hicab yaxşıdır: “Mənim hicaba münasibətim yaxşıdır. Ancaq o halda ki, bu, qadının öz seçimidir. Məcburi hicab bağlamağına münasibətim pisdir”.
Qızların hicabı öz istəyilə bağlamadığına əmin olanlar da var. Orxan Məmmədli bu fikirdə olanlardandır: “Qız istəyərək hicab bağlamır. Ya atası, ya da əri məcburən bağlatdırır. Amma qızları məcbur edənlərin özlərinin gücü çatmaz ki, yayın istisində küçədə papaqla gəzsinlər”.
Əli Xanəli isə yalnız öz istəyilə hicab geyinənlərə normal baxır: “Allahdan qorxduğu üçün bağlayan qadınlara münasibətim pisdir. Amma hicabı sevdiyi üçün bağlayan qadınlara isə münasibətim yaxşıdır. Amma bildiyimə görə “Quran”da insanın özünü nəyəsə məcbur etməsi günah sayılır. Əgər qadın hicab bağalayanda özünü narahat hiss edirsə, bu günahdı”.
Asya Seyidova isə düşünür ki, heç kimin işinə qarışmaq lazım deyil: “Hərənin öz həyat tərzi var. Hərə həyatını bir cür seçir. Hicablılara münasibətim normaldır. Amma hicab bağlamayanları da heç kim ittiham etməsin. Hərənin bir inancı var”.
Nigar Qurbanova da Asya Seyidova ilə həmfikirdir: “Heç kimi heç nəyə məcbur etmək olmaz. Müasir dövrdü, hərənin öz seçimi var. Amma 18 yaşına qədər qızların bu seçiminə düzgün baxmıram. 18 yaşa qədər olan qadın uşaqdır, fikirləri tam formalaşmayıb. 18 yaşından sonra yetkin insan kimi düşünüb hərəkət edir. Yalnız bundan sonra seçməlidir ki, o hicab geyinmək istəyir, yoxsa yox”.
Azər Bağırov isə xanımlara milli geyimlərə üstünlük verməyi məsləhət görür: “Bizimkilər ya ərəblərin geyimi götürüb tama bürünür, ya da ki, avroplalılara oxşamaq istəyib açıq-saçıq geyinir. Halbuki, milli geyimlərimiz, baş örtüyümüz kəlağayı onların hamısından daha gözəldir. Ona görə də mən hicabın əleyhinəyəm. Qapalı geyinmək istəyirlərsə kəlağayı geyinib, milli geyimə üstünlük versinlər”.

Fatimə Kərimli






28 İyun, 2012  14:50 Baxılıb: 7666 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner