Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

GEYİM SEÇƏRKƏN NƏLƏRƏ DİQQƏT ETMƏLİYİK? - ARAŞDIRMA

Modelyer Gülnarə Xəlilova: “Geyim seçimi edərkən qadınları ən çox düşündürən detallardan biri də ayaqqabıdır”

Psixoloq Narınc Rüstəmova: “Geyimlər insanların xarakterindən xəbər verir”.

Təqvimə görə yay fəsli iyunun 22-də başlasa da artıq ötən aydan havalar isti keçməyə başlayıb. İsti hava isə insanların əhval-ruhiyyəsindən tutmuş, geyiminə qədər öz təsirini göstərir. Yay geyimləri isə digər fəsillərin geyimlərindən fərqlənir. Buna görə də, “hansı rənglər, hansı biçimlər və hansı formada geyimlər bu yayın dəbi olacaq?” sualı dəblə ayaqlaşmağı sevən xanımları düşündürməyə başlayıb. Qış fəslində gözümüzə daha çox tünd rəngli geyimlər dəysə də, yay fəslinin əhval-ruhiyyəsi geyimlərə sirayət edib. İndi rəngbərəng geyimlər daha çox göz oxşayır.
Bəs bu ilin dəbdə olan geyimləri hansılardır? Xanımlar daha çox hansı rənglərə üstünlük verməlidir?

Suallarımızı modelyer Gülnarə Xəlilova cavablandırdı. Onun sözlərinə görə dəbdə olan rəng çeşidləri çox olsa da, bunlardan nəzərə çarpan rənglər daha çox aktualdır: “Məsələn, sarı, yaşıl, çəhrayı, ağ-qara rənglər, qırmızının və sarının müxtəlif tonları dəbdədir. Geyim formalarına gəlincə isə klassik, qlamur, etnik və romantik formalar dəbdədir”.
G.Xəlilova əlavə etdi ki, bu il üstünlük verilən kəsim əsasən enli kəsimlərdir. O, bunun səbəbini belə izah etdi: “Enli kəsimli geyimlər qarşıdan gələn payız-qış mövsümündə də dəbdə olacaq. Bunun səbəbi belə geyimlərdə qadınların özlərini rahat hiss etmələri və bədənlərinin qüsurlu hissələri varsa, bunu gizlədə bilmələridir”.
Modelyer xanımların diqqətinə çatdırdı ki, bu ilin dəbdə olan geyimləri sırasında həm ayaqqabıya qədər çatan uzun şalvarlar, həm də topuğa qədər olan qısa şalvarlar da var.
Aksesuarlara gəlincə, bu ilin dəbi iri həcmli aksessuarlardır: “İrihəcmli aksessuarlar daha aktual olsa da, xanımların başdan-ayağa bu cür aksessuarlara müraciət etməsi məsləhət görülmür. Aksesuarları mütləq geyimə uyğunlaşdırmaq lazımdır. Çünki elə geyim var ki, onunla iri həcmli aksesuardan istifadə etmək uğursuzdur”.
Geyim seçimi edərkən qadınları ən çox düşündürən detallardan biri də ayaqqabıdır. Xanım modelyer deyir ki, yastıdabanlı ayaqqabıları sevənlər bu il sandal tipli ayaqqabılara üstünlük verməlidir: “Ümumilikdə, həm hündürdabanlı, həm də yastıdaban ayaqqabılarda bu il diqqəti cəlb edən rəngarənglik və üzərinin güllü detallarla bəzədilməsidir”.
Geyimlərdən danışarkən onların materialından, parçaların keyfiyyətindən söz açmamaq olmaz. G.Xəlilova sualımızı cavablandırarkən deyir ki, həmişə olduğu kimi bu il də təbii parçalar, pambıq, kətan, ipək dəbdədir: “Geyimin növünə görə qalın və nazik fakturalı formaları var. Nazik kətan, yaxud qalın kətan ola bilər. Bunlar geyimin formasına görə dəyişir. Bu il eyni zamanda tüllər, güpur, kurjevadan hazırlanan geyimlər, incə toxunuşlu trikotajlar da dəbdədir”.
Bu qədər rəngarənglik arasında rənglərin uyumunu müəyyənləşdirmək də mühümdür. Gülnarə xanım vurğulayır ki, elə insanlar var ki, bunun öhdəsindən müvvəffəqiyyətlə gələ bilir: “Bəziləri isə bunda çətinlik çəkir. Belə olan halda mağazalarda geyim seçimi edərkən məsləhətləşmək, hansı geyimi, hansı rəngi seçməyin uğurlu seçim olacağını öyrənmək olar”.

Rənglərinin düzgün, yaxud da səhv uyğunlaşdırılmasından asılı olmayaraq seçdiyimiz geyimlər, onların rəngləri həm də əhvalımıza təsir edir. Bundan başqa, bu rənglərə əsasən bizim xarakterimiz haqqında da çox şey öyrənmək olur. Bunu, Psixologiya-Konsultasiya Mərkəzinin direktoru Narınc Rüstəmova deyir. Onun sözlərinə görə, geyimdə rəngləri sevmənin iki forması var: “Elə insanlar var ki, öz geyimlərində sevimli rənginə üstünlük vermir, amma başqalarının geyimində bu rəngi görəndə ona xoş təsir edir. Elə insanlar da var ki, öz geyimlərində sevimli rənginə üstünlük verir, başqalarında bu rəngi görəndə onlara yaraşdırmırlar. Geyimlər insanların xarakteri haqqında xəbər verir. Buna görə, xarakterləri bu cür müəyyənləşdirmək olar: Sevimli rəngini öz geyimində tətbiq edənlərin özünəməxsus xüsusiyyətlərini, sevimli rəngini başqasının geyimində sevənlərinsə sosial münasibətlərdəki xüsusiyyətlərini daha tez müəyyən etmək olur”. 
N.Rüstəmova vurğuladı ki, rənglər əsasən 3 tipə bölünür ki, bunlar cavan, orta və yaşlılıq rəngləridir: “Bu bölgü insanın fiziki yaşını deyil, onun İQ, yəni düşüncə yaşını göstərir. Cavan rənglər qrupuna aid rənglər – 20 yaşa qədər olan rənglərdir ki, bura mavi, qırmızı və sarı aid edilir. Orta yaş rəngləri – 20-40 yaş arasıdır ki, bura yaşıl, bənövşəyi və narıncı rənglər daxildir. Yaşlı rənglər isə qara, qəhvəyi və torpaq rəngləri sayılır. Bu rənglərə əsasən insanın emosiya yaşını, düşüncə yaşını müəyyən etmək olar. Məsələn, 25 yaşlı bir xanım geyimlərində yaşıl rəngə üstünklük verirsə, deməli onun yaşı ilə emosiya yaşı üst-üstə düşür”.
Geyim seçərkən üstünlük verilən rənglər, insana həm psixoloji baxımdan, həm də tibbi baxımdan təsir edir. Narınc xanım deyir ki, misal üçün qırmızı rəng qan dövranını, ürəyin döyüntülərini artırır. Mavi rəng isə əksinə sakitləşdirir: “Rənglər barədə məlumatsızlıq bəzi hallarda səhvlərə yol açır. Unutmaq olmaz ki, hər rəngin öz enerjisi var. Biz özümüz fərqində olmasaq belə, seçdiyimiz rənglərin bizə şüuraltı təsiri var. Məsələn, qırmızı rəngə üstünlük verənlər adətən müəyyən hədəf seçib, ona çatmağı sevən adamlardır. Eyni zamanda bir o qədər də həssasdırlar. Adi bir sözün günlərlə fikrini çəkə bilirlər.
Ağ rəngi sevən insanlar isə adətən pessimist olurlar. Hər şeyin ilk olaraq pis tərəfini düşünürlər. Bu rəngə üstünlük verənlər, sakit, səssiz və az danışan olurlar.
Qara rəngi sevənlər isə qayda-qanunu sevir, özünü həmişə çərçivəyə salır. Tez ruhdan düşən bu insanların ən üstün cəhəti yaxşı konsentrasiyaya malik olmalarıdır. Onlar həmsöhbətlərinin hər şeyinə fikir verirlər. Eyni zamanda bu insanlar əzmkar olur və sözlərinin üstündə dururlar”.
Geyimlərin rəngi, parçası, üslubi ilə yanaşı onu əldə etmək üçün xərclənən pul da əhəmiyyətlidir. Geyim mağazalarında isə qiymətlər müxtəlifdir. Həmçinin də geyimlərin satıldığı yerlər. Qiymətləri daha ucuz olduğundan əhalinin bir qismi metro keçidlərində satılan paltarları alır. Şəhərin bəzi küçələrindəki butiklərdə, brendlərin satıldığı mağazalarda isə qiymətlər metroda satılan paltarlarla müqayisədə bahadır. Buna baxmayaraq, geyim almaq üçün bu mağazalara da üz tutanların sayı az deyil.
Önəmli olan hansı qiymətə geyim almaq yox, onu zövqlə seçməyi bacarmaqdır. Necə deyərlər, adamı geyiminə görə qarşılayıb, ağlına görə yola salırlar.

Fatimə Kərimli






13 İyun, 2012  17:01 Baxılıb: 3099 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner