Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Reportaj

ONLARA BAXMAĞA GƏLƏN ÇOXDUR, ALICI İSƏ AZ – REPORTAJ - FOTOSESSİYA

Məni təəccübləndirən bu balaca otaqda təsəvvür edilməyəcək dərəcədə görülən böyük işlər idi

Rəsm tabloları satılan bu emalatxana haqqında təsadüfən eşitdim. Yerləşdiyi yer yolumun üstü olmadığından əvvəllər heç görməmişdim buranı. Ona görə də, içəri daxil olanda xeyli təəccübləndim. Emalatxana gözlədiyim qədər böyük deyildi. Məni təəccübləndirən bu balaca otaqda təsəvvür edilməyəcək dərəcədə görülən böyük işlər idi. Bu möhtəşəm əl işlərinin müəllifi Hünər Cəbrayılov təəccübümü görsə də, bunun səbəbini ona açıqladım. Gəlişimin məqsədini söyləyib söhbətə başladım. Hünər bəy deyir ki, onun rəssamlığa marağı uşaqlıqdan yaranıb. Böyüyəndən sonra da bu sahə üzrə ali təhsil alıb: “Əvvəlcə Əzim Əzimzadə adına Rəssamlıq məktəbində təhsil almışam, bundan sonra isə İncəsənət Universitetinin Rəssamlığın qrafika bölməsini bitirmişəm”.

“Oranı bağladılar, mən də gəldim bura”

Daha sonra Hünər bəydən emalatxana haqqında öyrənməyə çalışdım. Rəssam deyir ki, bura artıq bir ilə yaxındır ki, fəaliyyət göstərir: “İyulun 20-si bir ili tamam olacaq. Buradan əvvəl biz Pasajda, yəni Fəvvarələr meydanında rəssamların dayandığı yerdə olurduq. Amma bildiyiniz kimi oranı bağladılar, mən də gəldim bura”.
Hünər bəy söz arası hazırda Fəvvarələr meydanında yerin altındakı mağazalarda rəsm əsərləri satanları da tənqid etdi. Deyir ki, indi orada rəsm əsərləri satanların heç biri rəssam deyil: “İndi orada dayananlar rəssam deyil alverçidilər. Onlarla danışanda da hiss olunur ki, rəssam deyillər. Əsərləri rəssamlardan ucuz alırlar, alıcılara baha satırlar”.
Söhbət əsnasında fikrim rəngbərəng rəsmlərə gedir, boyanın qoxusu, rəsmlərdə öz əksini tapmış təbiət mənzərələri və insan üzləri əhval-ruhiyəmi tamam dəyişir. Elə onlara baxa-baxa rəsmlərin alıcılarının sayından xəbər aldım.

Gəlib baxanlar çoxdur, alanlar isə az...

Hünər bəy deyir ki, gəlib rəsmlərə baxanlar çox olur, amma almaq üçün gələn o qədər də çox deyil: “İndi gəlirlər, baxıb gedirlər. Amma almaq üçün gələnlər azdır. Bura oturub işləmək üçün yaxşıdır. Qapını bağlayıram emalatxana kimi işləyirəm. Amma alıcı azdı. Rəsmlərdən ayda bir dəfə ya alırlar, ya almırlar”.
“Maraqlıdır bəs rəssam öz əl işlərinə hansı qiymətə sata bilir?” sualımı H.Cəbrayılov belə cavablandırdı: “Ən ucuz rəsm 15 manatdır. Bəzən olur ki, sifariş olunmuş rəsm çəkirəm. Rəsmin qiyməti onu nəyin üstündə çəkdiyimə görə dəyişir. Yəni bəzən qiymət sifarişçidən asılı olur. Elələri olur ki, qiymətə təəccüblənirlər. Amma nəzərə almırlar ki, rəsm çəkəndə ona təkcə boya və parça sərf olunmur. Rəsm əsərində həm də əlin əməyi, gözün nuru var...”

Hər halda rəssamların əl-ayağını bağlamaq yaxşı şey deyil

Emalatxana kiçik olsa da rəssam bura çoxlu rəsm yerləşdirə bilib, həm öz rəsmlərini, həm də dost-tanışın rəsmlərini. Deyir ki, buradakıların hamısı onun əl işi deyil. Onların arasında qardaşının və rəssam dostlarının rəsmləri və əl işləri də var. Söhbət əsnasında emalatxananın yerləşdiyi yerdən də söz düşür. Hünər bəy deyir ki, buranın kirayə qiyməti onun büdcəsinə uyğun olduğundan rəsmlərini burada sərgiləyir: “Buranın yeri yaxşı deyil nəzərə çarpmır, amma ucuz olduğundan buranı kirayə götürə bilmişəm. Rəssam bahalı yer götürə bilmir, başqası götürür”.
Rəssam gileylənir ki, Fəvvarələr meydanında rəssamların açıq sərgisini bağlamaq rəssamların əl-ayağını bağlamaqdır: “Fəvvarələr meydanında olanda açıq sərgi idi, hamı baxırdı. Sərgiyə gəlməyən də istər istəməz görürdü. Almaq istəyən də alırdı. Dünyanın hər yerində belə yerlər var, çoxdur, amma bizdə yoxdur. Olanları da yığışdırdılar. Hər halda rəssamların əl-ayağını bağlamaq yaxşı şey deyil”.
Bura başqa bir dünyadır. Gördüklərim haqqında danışıb sizi yormaq istəmirəm. Çünki rəsmlər hər şeyi danışır. Öz gözlərinizlə görsəniz daha yaxşıdır.

Fatimə Kərimli

 






8 İyun, 2012  17:02 Baxılıb: 2390 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner