Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

TARİXİ SINAQLARDAN UĞURLA ÇIXAN AZƏRBAYCAN DİASPORU

Pərakəndəlikdən təşkilatlanmaya, utopiyadan azərbaycançılığa doğru 

Azərbaycan diasporunun zəif də olsa, təşkilat kimi yaranması XX əsrin əvvəllərinə təsadüf edir.
1920-ci il aprelin 27-də 11-ci Qızıl Ordu tərəfindən Azərbaycan işğal edilən zaman Demokratik Cümhuriyyətin rəhbərliyində təmsil olunan şəxslərin böyük əksəriyyəti Avropa ölkələrində siyasi sığınacaq tapıblar. Bu dövr Azərbaycan diaspor tarixində IV mərhələ kimi götürülür.
Buna qədər, yəni ərəb xilafəti, monqollar və çar Rusiyasının işğalı dönəmlərində azərbaycanlılar xarici ölkələrdə təhsil alıb, yaşayıb yaradıblar. Onlardan VII-VIII əsrlərdə Mədinədə yaşayıb yaratmış Musa Şəhabat, xilafət şairlərindən olan İsmayıl ibn Yəsar, XI əsr görkəmli Azərbaycan şairi Xətib Təbrizi, XIII əsrin dahi alimi, riyaziyyatçı və astronomu Nəsirəddin Tusi, həmin dövrdə yaşamış istedadlı musiqiçi Səfiəddin Urməvi, XIV əsrin ikinci yarısı və XV əsrin əvvəllərində yaşamış məşhur səyyah və coğrafiyaşünas Əbdürrəşid Bakuvi, XVII əsrdə əslən Qarabağ bəylərindən olan Avropada «Don Juan» təxəllüsü ilə tanınan Oruc bəy Bayat, Kərbalada yaşamış səyyah Hacı Zeynəlabdin Şirvani, Rusiyanın bir sıra şəhərlərində, o cümlədən, Kazan və Peterburqda təhsil almış Mirzə Kazımbəy, Mirzə Cəfər Topçubaşov kimi ziyalıların adlarını çəkmək olar.
Amma həmin dönəmlərdə azərbaycançılıq milli ideologiya kimi formalaşmadığından, soydaşlarımızın qürbət ellərdəki fəaliyyəti pərakəndə xarakter daşıyıb, siyasi ambisiyalardan uzaq olub və daha çox fərdi maraqlara xidmət edib. Çar Rusiyası dövründə Gürcüstanda, Rusiyada təhsil almış ziyallılarımız Azərbaycanın müstəqilliyindən daha çox, elmə, mədəniyyətə sahiblənmək istiqamətində böyük çabalar göstəriblər. XX əsrin əvvəllərində isə mütəfəkkirlərin qarşısında konkret məqsəd olub. Azərbaycanda demokratik cümhuriyyət yaratmaq! Bu ideyanın gerçəkləşməsində Rusiyada, Türkiyədə və s. ölkələrdə təhsil almış insanların misilsiz xidmətləri olub. 23 ay hökm sürən müstəqillikdən sonra mütərəqqi insanlarımız mübarizəni Türkiyə və Avropada aparıblar.
Əlimərdan bəy Topçubaşov, Əlibəy Hüseynzadə, Əhməd bəy Ağayev (Ağaoğlu), Məmməd Əmin Rəsulzadə, Nağı bəy Şeyxzamanlı, Cahangir Kazımbəyli, Səid Əlizadə, Ceyhun Hacıbəyli və bir çox başqa tanınmış simalar qürbətdə Azərbayanın ilk diaspor təşkilatlarını yaradıblar.
1949-cu ilin fevralında Türkiyənin Ankara şəhərində yaradılan Azərbaycan Kültür Dərnəyi ilk diaspor təşkilatımız hesab olunur.
Azərbaycan Xalq Cumhuriyyəti dövründə milli təhlükəsizlik naziri işləmiş Nağı bəy Şeyxzamanlının oğlu Saleh bəy Şeyxzamanlı 1958-cı ildə ABŞ-da Amerikanın Azərbaycan Cəmiyyətini təsis edir. Hazırda bu cəmiyyətə Nağı bəy Şeyxzamanlının nəvəsi Tomris Azəri rəhbərlik edir.
Azərbaycan diasporunun formalaşmasında V mərhələ kimi II Dünya müharibəsi zamanı əsirlikdə olmuş və Vətənə dönə bilməyən azərbaycanlıların qürbətdəki fəaliyyətləri əsas götürülür.
Diasporun formalaşması və inkişafından danışarkən İranda yaşayan və şah rejiminin devrilməsindən sonra ölkəni tərk etmiş cənubi azərbaycanlıları qeyd etməmək insafsızlıq olardı. Xaricdə yaşayan cənubi azərbaycanlılar öz müstəqillikləri uğrunda mübarizə aparmaqla yanaşı bütün azərbaycanlıların səcdəgahı olan Azərbaycan Respublikanın maraqlarını da müdafiə edirlər.
Diasporun formalaşmasında sonuncu mərhələsi kimi SSRİ-nin süqutundan sonra Avropa ölkələrində yeni sığınacaq tapmış azərbaycanlıların fəaliyyətləri nəzərdə tutulur.

Bəhruz Nəzərov: «Qanunun təsdiqi dövlət-diaspor münasibətlərində yeni mərhələ oldu»

Diasporla iş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Bəhruz Nəzərov hesab edir ki, Azərbaycan diasporunun daha da möhkəmlənməsi və inkişafı məhz ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etməsindən sonra başladı: «O, 1969-cu ildə ölkəyə rəhbər təyin edildikdən sonra Azərbaycan hərtərəfli inkişaf göstəricilərinə görə, SSRİ-nin qabaqcıl ölkələlərindən birinə çevrildi. 1969-cu ildən başlayaraq dünyanın bir sıra ölkələrində yaşayan azərbaycanlıların doğma vətənləri ilə əlaqələri güclənməyə başlandı, gediş-gəlişləri təmin olundu. Repressiyaya məruz qalmış, siyasi mühacir həyatı yaşamış ziyalılarımızın həyat və fəaliyyəti məhz bu dövrdə öyrənilməyə, tədqiq edilməyə başladı.
H.Əliyevin təşəbbüsü ilə Azərbaycan Mədəni Əlaqələr Cəmiyyətinin («Vətən» cəmiyyəti) yaradılmasını xüsusilə vurğulamaq lazımdır. Onun qayğı və diqqəti sayəsində yüzlərlə azərbaycanlı gənc SSRİ-nin ən nüfuzlu təhsil ocaqlarında təhsil almaq imkanı qazanıb. Belə ki, keçmiş SSRİ məkanının 50-dən çox böyük şəhərinin 170-dən artıq ali təhsil ocağında elm, iqtisadiyyat, mədəniyyət, istehsalat və digər sahələri əhatə edən və Azərbaycanda zəruri ehtiyac duyulan 250-dən çox ixtisas üzrə 15 mindən çox mütəxəssis hazırlanıb».

Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışından sonra diasorumuzun təşkilatlanmasına rəsmən start verildiyini diqqətə çatdıran B.Nəzərov mərhum prezidentin qərarı ilə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününün elan edilməsini xatırlatdı: «Diasporun fəaliyyətinə dövlət səviyyəsində diqqət və qayğı 1993-cü ildən sonra daha da gücləndi. Ümummilli liderin xarici dövlətlərə etdiyi səfərlər zamanı diaspor təşkilatlarının nümayəndələrilə görüşləri, müzakirələri öz faydasını verib.
23 may 2001-ci ildə "Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında" sərəncam Azərbaycanın diaspor tarixində əlamətdar hadisə oldu.
Sərəncama uyğun olaraq 9-10 noyabr 2001-ci ildə Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı möhtəşəm şəkildə keçirildi. 2002-ci il iyunun 5-də Xaricdə Yaşayan Azərbaycanlılarla İş Üzrə Dövlət Komitəsinin yaradılması ilə azərbaycançılıq idealogiyasının təbliğinə rəsmən start verildi. 1 il sonra fevralın 21-də "Xaricdə Yaşayan Azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında" Qanununu təsdiq edilməsi dövlət-diaspor münasibətlərində yeni mərhələ oldu».
B.Nəzərovun sözlərinə görə, İlham Əliyevin rəhbərliyi ilə 2005-ci il martın 16-da II və 2011-ci ildə keçirilən III qurultaylar Azərbaycan dövlətinin diaspora olan qayğısının bariz göstəricisdir: «Dünya ölkələrindəki diaspor təşkilatlarımızın sayı 420-dən artıqdır. Bu gün diaspor təşkilatlarımızın üzərinə daha böyük iş düşür. Azərbaycanı tanıtmaq və sevdirmək. Daha çox danışmaqdan daha çox iş görməyə üstünlük verməliyik. Min bir əziyyətlə formalaşdırılmış diasporumuzu gücləndirmək vəzifəsi məhz gənc nəslin üzərinə düşür».


Məryəm Seyidbəyli: «Diasporumuzun tarixindən danışarkan folklorumuza nəzər salmaq lazımdır»

Milli Elmlər Akademiyası Tarix İntitutunun «Azərbaycan diasporu» şöbəsinin rəhbəri Məryəm Seyidbəyli diasporumuzun tarixindən danışarkan folklorumuza, orada qürbətlə bağlı deyimlərə nəzər salmağın vacibliyini qeyd etdi: «Məşhur bayatıda qürbətdə yaşayanın vətənlə bağlı duyğuları öz əksini tapıb.
Əzizim vətən yaxşı,
Geyməyə kətan yaxşı,
Gəzməyə qərib ölkə,
Ölməyə vətən yaxşı
Bu bayatı onu göstərir ki, azərbaycanlılar dünyanın hansı ölkəsində olsalar da, vətəni heç vaxt unutmayıblar. Bir vaxtlar xaricdəki azərbaycanlılar vətən həsrəti ilə alışıb-yanırdılarsa, bu gün onlar yaşadıqları yerdə Azərbaycanı tanıtmaq, həqiqətləri yaymaq barədə düşünürlər. Bu belə də olmalıdır. Çünki Dünya Azərbaycanlılarının Birinci və İkinci Qurultaylarında diaspor təşkilatlarının üzərinə bir sıra vəzifələr qoyulub».
M.Seyidbəyli hesab edir ki, Azərbaycan diaspor tarixinin hərtərəfli öyrənilməsinə, tədqiq edilməsinə ehtiyc var: «Tarix İntitutunun «Azərbaycan diasporu» şöbəsi bununla bağlı bir sıra tarixi tədqiqatlar aparıb. ABŞ və Kanada, Mərkəzi Asiya respublikaları, Qazaxıstan, Ukrayna, Fransa, Gürcüstan, Türkiyə və digər xarici ölkələrdə milli mədəniyyətimizin təbliği naminə, “Azərbaycan Respublikasının müstəqilliyinin bərpası və Azərbaycan diasporu”, “Yaxın Şərq ölkələrində Azərbaycan diasporu”, “Xaricdə yaşayan Azərbaycanın görkəmli şəxsiyyətləri” və s. kimi mövzular tədqiq olunub. Tətdiq etdiyimiz mövzularda Azərbaycan tarixinin qədimliyi, milli-mədəni irsin dünyaya tanıdılması məsələsi əsas götürülür. Hazırda Amerika, Avropa və Rusiyanın ayrı-ayrı bölgələrində Azərbaycan diasporunun yaranması tarixi araşdırılır».

Qafar Əliyev: «Diasporumuzun bir nömrəli hədəfi var - işğalçı Ermənistan»

Prezident Administrasiyasının İctimai-Siyasi şöbəsinin diasporla iş üzrə bölməsinin müdiri Qafar Əliyev bizimlə söhbətində bildirdi ki, Azərbaycan diasporunun tarixi qədim olmaqla yanaşı, zəngin, keşməkeşli inkişaf yolu keçib: «Tarixi siyasi proseslərlə bağlı olaraq azərbaycanlılar vətənlərindən ayrı düşüblər. Məsələn, Məhəmməd Füzuli Səfəvilər dövründə İraqa gedib. Orada imamların dəfn olunduğu yerdə zəvvarları qəbul edib. Türkiyənin Şərq əyalətlərində yüz minlərlə azərbaycanlı yaşayır. Çar və Sovet dövrlərində azərbaycanlıların Rusiyaya kütləvi axını olub. SSRİ-nin dövründə 30 mindən çox azərbaycanlı işləmək üçün Tümenə göndərilib və hazırda orada yaşayırlar. Ümummilli lider Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gələndən sonra minlərlə tələbəni xaricə oxumağa göndərib. Bütün bunlar xaricdə Azərbaycan diasporunun yaranmasına səbəb olub. Dünyada 50 milyondan çox azərbaycanlı var. Onun 10 milyonu Azərbaycan Respublikasında, 30 milyonu İranda, 10 milyonu isə digər xarici ölkələrdə yaşayır».
Q.Əliyevə görə, 4-5 nəfər azərbaycanlının bir yerə yığışması hələ diaspor yaratmaq demək deyil: «Diasporun arxasında milli, etnik, dini, mədəni və s. dəyərlərin yaşadılması və təbliği durmalıdır. Məsələn, Sovet dövründə yaradılmış «Vətən», «Araz», «Nizami», «Kür», «Ozan» və s. cəmiyyətlər ilk diaspor təşkilatlarıdır».
PA rəsmisi hesab edir ki, Azərbaycan diaspor tarixində xüsusi mərhələ məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır: «Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd olunması, Prezident Administrasiyası İctimai-Siyasi şöbəsində diaspor üzrə sektorun və Xaricdə Yaşayan Azərbaycanlılarla İş Üzrə Dövlət Komitəsinin yaradılması, dünya azərbaycanlılarının birinci və ikinci qurultaylarının keçirilməsi tarixi və siyasi əhəmiyyətinə görə, yüksək qiymətləndirilməlidir. Biz sadəcə diasporumuzun tarixini tədqiq etməməliyik, qarşımızda duran vəzifələri uğurla icra etməliyik. Bu gün Azərbaycan diasporunun qarşısında Dağlıq Qarabağın ermənilər tərəfindən işğalını dünya dövlətlərinə tanıtmaq, erməni diasporunun ölkəmizə qarşı apardığı informasiya müharibəsinin qarşısını almaq vəzifələri durur. Diasporumuzun bir nömrəli hədəfi var - işğalçı Ermənistan. Prezident İlham Əliyevin də dediyi kimi, təəssüflər olsun ki, erməni diasporu xarici ölkələrdəki bəzi siyasətçiləri ələ alır və onların vasitəsilə Azərbaycana təzyiqlər edirlər».

Yazı Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin elan etdiyi müsabiqəyə təqdim olunur

Ruslan XƏLİL






26 May, 2012  15:59 Baxılıb: 1557 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner