Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SÖZ VƏ İFADƏ MƏHKUMLUĞU... - ARAŞDIRMA

“Dediyim sözə görə mühakimə olunuram” 

“Sərt tənqid və ya şişirtmələrə görə jurnalisti mühakimə etmək, əslində, söz və fikir azadlığının məhdudlaşdırılmasıdır. Mənim jurnalist, hüquqşünas kimi mühakimə olunmağım da söz azadlığına qarşı basqıdır” - mediadakı çıxışlarına görə, məhkum edilən Əyyub Kərimov belə deyir. “Femida 007” qəzetinin baş redaktoru Ə. Kərimov Cinayət Məcəlləsinin 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə mühakimə olunur. Məhkəmə çəkişmələri iki ildir davam edir. Cinayət işinin başlanılmasına səbəb onun Daxili İşlər Nazirliyi barədə tənqidləridir. 

Ə.Kərimov ixtisasca hüquqçudur, 20 ilə yaxındır jurnalist araşdırmaları ilə məşğuldur. Deyir, jurnalist cinayət aləmində baş verənləri ictimailəşdirməlidir: “Kimin törətməsindən asılı olmayaraq qanunsuzluğa və cinayətə qarşıyam. Açıq, prinsipial tənqid, hüquqi əsaslandırma mənim fəaliyyət kredomdur”.
O, nazirliklə bağlı tənqidi yazılarını DİN-in keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədovun dəstəsinin tutulmasından sonra dərc etdirib. Bununla bağlı, 2005-ci ildə Baş Prokurorluq, Daxili İşlər və Milli Təhlükəsizlik Nazirliklərinin yazışmalarını üzə çıxarıb. Həmçinin, valyutadəyişmə məntəqələrinə basqın edən polislər haqqında bəzi məqamları mətbuata açıqlayıb. 
Onun “Femida-007” qəzetində “Məktubbazlıq”, “MTN və Baş Prokurorluq çox gözəl bilir ki, sifarişçi kimdir” başlıqlı yazıları, “Azadlıq” qəzetində isə “DİN oyunun içində və oyundankənar vəziyyətdə” sərlövhəli müsahibələri dərc olunub. Daxili işlər naziri Ramil Usubov müəllifin həmin çıxışlarda böhtana, şərəf və ləyaqəti ləkələyən məlumatlara yer verdiyini bildirərək, 2010-cu ildə müəllifə qarşı cinayət iddiası qaldırıb. Yasamal Rayon Məhkəməsi Ə.Kərimovun aşağıdakı fikirlərini əsas götürərək onu təqsirli bilib: “Ramil Usubov DİN-ə rəhbərlik etməyə başlayandan sonra Daxili İşlər Nazirliyi sanki, cinayətkar bir yuvaya çevrildi... Saxlanılan keçmiş polis əməkdaşları özləri də etiraf edirlər ki, polisdə öyrəndikləri təcrübəni cinayət törədərkən tədbiq edirlər. O zaman belə çıxır ki, DİN bu gün də cinayətkar yetişdirən bir qurumdur. Bunu terrorçular yetişdirən düşərgələrlə müqayisə etmək olar. Bəlkə, bu gün də bölmə və idarə rəisləri olan şəxslər özlərinin gələcək cinayətləri üçün təcrübə toplayır... Əslində, bu nazirliklərin arasında yeni qarşıdurmanın olduğundan danışmağa dəyməz. Əksinə bu nazirliklər arasında qarşıdurma mövcuddur və bu gün də davam edir. Bu qarşıdurmanın olduğu danılmazdır. Dəfələrlə demişəm ki, Daxili İşlər Nazirliyinin məsuliyyətə cəlb olunması üçün Milli Təhlükəsizlik Nazirliyində kifayət qədər sübutlar toplanıb”. 

Bu fikirlərinə görə, məhkəmə Ə.Kərimovun barəsində hökm çıxarıb. O, 18 ay ərzində öz maaşının 15 faizi həcmində cərimə və 1 il 6 ay müddətində islah işləri ilə cəzalandırılıb. Apellyasiya Məhkəməsinə şikayət versə də qərar qüvvədə qalıb. Bu ilin aprelindən Ə.Kərimovun işinə Ali Məhkəmədə baxılır.

Bəs, qanunlarda nə deyilir?

Mülki qaydada diffamasiyada təqsirli bilinən şəxs təhqir olunan tərəfə kompensasiya verməyə və ya digər tədbirlərə (məsələn, təkzib verməyə) məcbur edilə bilər. Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri isə diffamasiyaya qarşı cinayət məsuliyyəti və həbs cəzası müəyyən edir. - http://www.infocenter.crlc.az/docs/pdf/milli/mecelle/Microsoft%20Word%20-%20Cinayet%20Mecellesi.pdf
Ə.Kərimov Ali Məhkəməyə şikayətində qeyd edir ki, bu maddələrdə şəxsiyyətin azadlığı və ləyaqəti dedikdə vəzifəli şəxsin yox, vətəndaşın şərəfi, ləyaqəti nəzərdə tutulur. Buna görə, vəzifəli şəxslər ittiham qarşısında məhkəməyə müraciət edə bilməz.
Cinayət qanunvericiliyinə diqqət yetirdikdə, burda yalnız prezidentin şərəf və ləyaqətini alçaltma ilə əlaqədar (maddə:323) məsuliyyət var. Digər vəzifəli şəxslərin xidməti barədə bu tip məlumatların yaylması üzrə maddə yoxdur. Deməli, həmin şəxslərin böhtan və təhqir maddələri üzrə məhkəməyə müraciət etməsi doğru deyil.
Konstitusiya da bunu təsdiqləyir. 57-ci maddəyə əsasən, vətədaşın dövlət orqanları və vəzifəli şəxslərin faliyətini tənqid etmək hüququ var. Tənqidə görə təqib qadağandır. Təhqir və böhtan tənqid sayıla bilməz. Konstitusiya fikir və söz azadlığını müdafiə edir. - http://www.ajb.az/site/konstitusiya.pdf

“Xalq düşmənləri” kimlərdir?

“Mühakimə olunmağım sırf dediyim sözlə bağlıdır” - deyən, Ə.Kərimov təhqirə yol vermədiyini diqqətə çatdırır: “Çünki müsahibələrimdə heç kimin adını çəkməmişəm. Jurnalist kimi şişirtlmələrim ola bilər. R.Usubovsa ona terrorçu dediyimi iddia edir. DİN-i terrorçular düşərgəsinə bənzətmək, naziri terrorçu adlandırmaq deyil. Bu sadəcə, gizli bənzətmədir, böhtandasa gizlilik yoxdur”.
Baş redaktor qeyd edir ki, R.Usubovun, onun müavininin və ölkə başçısının da bu səpkidə sərt çıxışları olub: “Necə olur ki, nazir və nazir müavini ölkə Konstitusiyasında göstərilən söz və fikir azadlığından geninə-boluna istifadə edə bilir, mənim ehtimalım isə böhtan kimi qiymətləndirilir? Nazir mənim ona və nazirliyə soyğunçuluq, banditizm kimi cinayətlərdə böhtan atmaqda ittiham edir. Bunun hüquqi əsası yoxdur. Metafora şəklində işlənən “cinayətkar yuva” sözü əsas deyil”. 
Ekspertizanın rəyində qeyd edilir ki, yazıda “cinayət” və “cinayətkar” sözlərinin işlədilməsi mənfi emosiya yaradıb: “Ekspert deyir ki, bu xalq düşməninə məxsus ifadələrdir. Xalq düşməni sovet dövründə qalıb. Fikirlərimin hansı faktlara söykəndiyini bildirmişdim. Eksper isə onları təhrif edərək təhqiqat aparıb. Jurnalist kimi söylədiyim fikirlərdə nəinki cinayət tərkibi, heç cinayət hadisəsinin özü yoxdur”.

3 ayda 5 məhkəmə işi

Ə.Kərimov kimi bir çox şəxslərə qarşı da hər il diffamasiya ilə bağlı mülki və cinayət iddiaları qaldırılır. Belə ittiham adətən jurnalistlərin, hüquq müdafiəçilərinin həbsi və ya cərimələnməsi ilə nəticələnir. Media Hüququ İnstitutunun (MHİ) illik hesabatlarında açıqlanır ki, 2007-ci ildə diffamasiya ilə bağlı məhkəmə işlərinin sayı 100-dən çox, 2008-ci ildə 63, 2009-cu ildə 32, 2010-cu ildə 31 olub. 2011-ci ildə jurnalistlərə qarşı böhtan və təhqirə görə 32 iddia və şikayət irəli sürülüb, 8 jurnalistin cinayət məsuliyyətinə cəlb edilməsi istənilib. - http://www.mediarights.az/index.php?lngs=aze&id=351
Media Hüququ İnstitutu bu ilki aralıq (yanvardan marta qədər) hesabatında, diffamasiya ilə bağlı 5 işin qaldırıldığını və jurnalistlərin həbsinin istənildiyini bildirib. Son 3 ayda jurnalistlər ən azı 30 dəfə fiziki, psixoloji basqılara, hədələnməyə, texniki əngəllərə məruz qalıb. Basqıyla üzləşən jurnalistlərin əksəriyyəti tənqidi çıxışları ilə seçilir. 

“Gözətçi it” cəsarətli olmalıdır

İctimai xadimlər cəmiyyətdəki mövqelərinə və onlar barədə məlumatların ictimai əhəmiyyətinə görə tənqidlərə daha dözümlü olmalıdır. Cəmiyyətin onu idarə edən şəxslər barədə bilgilər almaq hüququ var. Diffamasiyaya görə, cinayət məsuliyyəti yaradan maddələrin tətbiqisə Azərbaycanın ifadə azadlığı ilə bağlı tərəfdar olduğu beynəlxalq öhdəliklərə ziddir. Azadlığın təmin olunması medianın cəsarətli fəaliyyəti ilə əlaqələndirilir. Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsi bu baxımdan hər zaman nümunə çəkilir. 
Həmin məhkəmənin qərarında medianın “ictimai gözətçi it” vəzifəsini həyata keçirdiyi vurğulanıb. - http://europeancourt.ru/resheniya-evropejskogo-suda-na-russkom-yazyke/gudvin-protiv-soedinennogo-korolevstva-postanovlenie-evropejskogo-suda
Avropa Məhkəməsinin başqa bir qərarında göstərilir: “İctimai maraq kəsb edən məsələlərdə jurnalistə insanı kəskin formada təhqir edən ifadələr istisna olmaqla, şişirtmələrə, yalanlara yol vermək imkanı verilir. Bu jurnalistin problemə diqqətin yönəldilməsi üçün istifadə etdiyi üsuldur”.

Dünya təcrübəsinə nəzər salaq:

ABŞ-da nüfuz hüququ konstitusiya ilə qorunasa da, diffamasiya ilə bağlı məhkəmə işlərində iddiaçıya üstünlük verilmir. İsveçdə mətbuat azadlığı haqqında qanun diffamasiyanı qadağan edir. Avstraliya, Kanada, Norveç, Niderlandda uzun müddətli mülki məsuliyyət tətbiq olunur. Avstriya və Almaniyada təhqiredici rəylərə ictimai maraq varsa bəraət verilir. İngiltərədə böhtan cinayəti son illər tətbiq olunmasa da ümumi hüququn bir hissəsidir. Türkiyədə jurnalistlər xüsusi məhkəmələrdə mühakimə edilir. 
Azərbaycanda isə böhtan və təhqirə görə cinayət məsuliyyətinin ləğv olunması hələ də müzakirə obyektidir. Media Hüququ İnstitutu 2006-cı ildən bəri Milli Məclisə diffamasiya haqqında üç qanun layihəsi verib. Daha sonra 2009-cu ildə Demokratik Jurnalistlər Liqası, Azərbaycan Jurnalistlər Birliyi, Jurnalist və İnkişaf Mərkəzi, N. Nəcəfov fondu, Azərbaycan Media Mərkəzi və “Yeni Nəsil” jurnalistlər birliyi yeni qanun layihəsi hazırlayıb. Diffamasiya ilə bağlı son qanun layihəsini Mətbuat Şurası 2011-ci ildə Milli Məclisə təqdim edib.

Diffamasiya qanununa ehtiyac varmı?

Fikirlər müxtəlifdir. Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan cəmiyyəti və hökuməti diffamasiya qanununa hazır deyil və belə bir qanunun qəbul edilməsinə ehtiyac yoxdur. 
Mətbuat Şurasının sədr müavini Umud Rəhimoğlu Diffamasiya haqqında qanunun bu yaxınlarda qəbul olunacağını düşünür: “Əksəriyyət qanunun yetərincə vacib olduğunun fərqindədir. Demokaratik vətəndaş cəmiyyətinin formalaşması üçün belə bir qanuna ehtiyac var”.

Media Hüquq İnstitutunun direktoru Rəşid Hacılı diffamasiya qanununun Azərbaycan hökuməti və cəmiyyəti üçün vacib olduğunu söyləyir. Qanun qəbul olunana qədər diffamasiya ilə bağlı ittihamları qiymətləndirərkən hakimləri bəzi məqamaları nəzərə almağa çağırır: “Jurnalist demokratik cəmiyyət üçün əhəmiyyətli işi yerinə yetirən peşə sahibidir. Təəssüf ki, Azərbaycan məhkəmələri məqaləni, işlədilən ifadəni ictimai əhəmiyyət testindən keçirmir. İlk növbədə, diqqət etmək lazımdır ki, deyilən söz ictimai əhəmiyyətli bir məsələnin təqdimatıdır, yoxsa başqa məqsəddən irəli gəlir. Jurnalistin yazdığı, yaydığı informasiyanı nə dərəcədə yoxladığı diqqət edilcək ikinci vacib məsələdir. Ola bilər ki, o, məlumatı təsdiqləməyə cəhd edib, lakin öyrənə bilməyib. Bu zaman jurnalist xeyli dərəcədə məsuliyyətdən azad olmalıdır. Xüsusilə də informasiyanın aid olduğu şəxsə zəng edib ondan normal rəy ala bilməyibsə tamamilə məsuliyyətdən azad edilməlidir”.
Diffamasiya ilə bağlı işlərdə bəzi çatışmazlıqlara diqqət çəkən hüquqçunun fikrincə, məhkəmələrdə çox zaman faktla rəyi qarışdırırlar: “Əlbəttə, rəy faktlara söykənməlidir, təhqiredici olmamalıdır. Amma çox zaman jurnalistlərdən rəylərini sübut etmələri tələb olunur. Rəyi sübut etmək mümkün deyil. Çünki o, sadəcə qiymətləndirmədir, mülahizədir”. 
R.Hacılı bildirir ki, diffamasiya haqqında qanunun qəbulu bütün hallarda hakimləri qanunda göstərilən terminalogiyaya uyğun davranmağa məcbur edəcək. Bu da sübutetməni və müdafiəni asanlaşdıracaq.


“...sonra da tənqid edəcəm”

Ə.Kərimovun Ali Məhkəməyə verdiyi şikayətə 2 ay müddətində baxılıb qərar qəbul ediləcək. Şikayəti təmin olunmasa, o, Avropa Məhkəməsinə çıxacağını bildirir: “Onlar kimlə vuruşduqlarını bilməlidir. İstəməzdim ki, Azərbaycan məhkəmələrinin qanunsuz, əsasız qərarlarından Avropa Məhkəməsinə şikayət göndərim. İnanmıram ki, Ramil Usubov da Azərbaycanın söz və mətbuat azadlığına qarşı çıxan nazir kimi Avropada tanınmasına imkan yaratsın”. 
Hüquqçu son dövrlərdə insanların fikir və əqidəsinə görə başqa yollarla məhkəməyə cəlb edildiyini və təzyiqlərə məruz qaldığını qeyd edir: “Mənə qarşı sırf məhkəmə yolunu seçdilər. Başqa jurnalistlərin başına gətirdiklərini mənə edə bilmədilər… Ya istəmədilər, ya çəkindilər… Hər halda qorxutmaq istəmədilər. Bunlar mənə qarşı eyniylə Eynulla xəttini getdilər. O xətlə vura biləməyəndə başqa yollara əl atırlar”. 
Ə.Kərimov bildirir ki, bu cür anlaşılmazlıqları cavab yazmaq kimi üsullarla aradan qaldırmaq olardı. O, məhkəmə işinin onun - yəni söz azadlığının xeyrinə həll olacağına ümidlidir: “Etmədiyim böhtan cinayəti ittihamı ilə razılaşmıram və heç vaxt razılaşmayacam. Daxili İşlər Nazirliyinin fəaliyyətini Ramil Usubov nazir olana qədər də, onun dövründə də tənqid etmişəm və ondan sonra da tənqid edəcəm. Heç bir güc söz azadlığına qalib gələ bilməz...” 

Arifə Mikayılova

Yazı Media Hüququ İnstitutu və Amerika Hüquqşünaslar Assosiasiyasının (ABA CEELİ) keçirdiyi jurnalist müsabiqəsinə  təqdim  olunur.






24 May, 2012  18:04 Baxılıb: 2044 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner