Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Reportaj

TİKANLI MƏFTİL ARXASINDA HÜSEYN CAVİDİ GÖRDÜM – REPORTAJ -FOTOSESSİYA


Hər qaranlıqda çırpınır bir nur,
Hər həqiqətdə bir xəyal uyuyur.

Hüseyn Cavidin ev muzeyi ilə əvvəllər bir neçə dəfə tanış olmaq istəsəm də alınmamışdı. Reportaj üçün muzeyə gedəndən sonra əsərlərindən tanıdığım Hüseyn Cavidin 27 il yaşadığı evi də tanıdım. Muzey dörd otaqdan ibarət olsa da, bələdçi bildirdi ki, Cavid əfəndi və ailəsi iki kiçik otaqda yaşayıb. Lakin muzeylə tanışlığım “Cavidin şöhrəti” adı verilən otaqdan başlayır.

Bu otaqda ilk olaraq Cavidin böyük portreti diqqətimi cəlb edir. Səmada təsvir olunan Cavid əfəndini müəllifi olduğu əsərlərdən obrazlar əhatə edib. Beləliklə, onlar bir yerdə Cavid dünyasını yaradıblar. Təsadüfi deyil ki, əsərin də adı “Cavid dünyası”dır. Otaqdakı iş stolunda isə Ərtoğrul Cavidin əl yazmaları, not qeydləri və şahmat gedişlərini qeyd etdiyi kağızlar var. Diqqətim ötən əsrin şahmat fiqurlarında, gedişlərin yazılışındaykən bələdçi Ərtoğrul Cavidin rəssam, şair və bəstəkarlıq dünyasından danışır. Bu zaman gözüm üzərində Ərtoğrulun rəsmi olan CD-yə sataşır. Bələdçidən öyrənirəm ki, bu diskdə Ərtoğrul Cavidin musiqi əsərləri toplanıb.

Otağı gəzdikcə kiçik-kiçik lövhələrdə Hüseyn Cavidin şeirlərindən misralar, onun kəlamları gözə dəyir.

Hər qaranlıqda çırpınır bir nur,
Hər həqiqətdə bir xəyal uyuyur.


Otağın işığına işıq qatan bu sözləri geridə qoyub bir tabloya yaxınlaşıram. Tabloda Hüseyn Cavidlə yanaşı Üzeyir Hacıbəyli də diqqətimi çəkir. Bunu görən bələdçi deyir ki, Üzeyir bəy bu evə tez-tez gələrmiş.

“Cavidin yaradıcılığı” otağı başdan-başa Cavid əfəndinin yaradıcılığını əks etdirir. Otağa girdikdə teatr səhnəsini xatırladan lövhə ilə qarşılaşıram. Bu lövhədə xronoloji ardıcıllıqla Hüseyn Cavid əsərlərinin adları yazılıb. Lövhədə tamaşaya qoyulan əsərlərin afişalarına baxdıqca insan bir anlıq XX əsrin əvvəllərinə qayıdır. “Teatr səhnəsi”ni Hüseyn Cavidin “Dünya qoca bir səhnə demək” sözləri bəzəyir.
Bu otaqda həm də Cavidin sağ ikən və onun ölümündən sonra nəşr olunan kitabları, eyni zamanda Cavid haqqında yazılan kitablar var. Bələdçi deyir ki, muzeyin təşəbbüsü ilə Hüseyn Cavidin bütün əsərləri 5 cildlik kitabda nəşr olunub: “Sovet dövründə nəşr olunan əsərlərində ixtisarlar olub. Cavidin qızı Turan Cavid bu əsərlərin orijinal versiyasını tapıb və muzeyin nəşr etdirdiyi bu beş cilddə həmin əsərlərin orijinal versiyası toplanıb”.

Növbədə isə “Cavidin ömrü” adı verilən otaq var. Bu otaq digərlərindən fərqli olaraq Cavid və ailəsinin istifadə etdiyi oturacaqlar, Müşkünaz xanımın tikiş maşını, kitab rəfi və başqa əşyalarla doludr. Bir vaxtlar bu otaqda 17 il yaşamış Cavid ailəsi indi rəsmlərə, fotolara köçüb məskunlaşıblar otaqda. 1936-cı ildə çəkidirdikləri son ailəvi foto da bu otağın divarını bəzəyir. Bu fotodan sonra bir-birindən ayrı düşən ailə üzvləri, sanki bu otaqda yenidən yemək masasının başına toplaşıblar. Müşkünaz xanımın tikiş maşını, Ərtoğrulun musiqi kitabları, Hüseyn Cavidin kitab rəfi hamısı yerindədir, evin sakinlərindən başqa...

Növbədə sonuncu otaqdır. Bu otaq ailənin yataq otağı olsa da, hazırda ziyarətçilərə repressiya qurbanı Hüseyn Cavidin faciəsini göstərməyə çalışır: “Bu otağa “Cavidin faciəsi” adı verilib. Əslində isə bura yataq otağı olub. Amma Turan xanım istəməyib ki, muzeydə yataq otağı olsun. Ona görə də biz burada repressiya qurbanı olan Cavidin faciəsini əks etdirməyə çalışmışıq”.

Bu otaqdan əvvəl gəzdiyimiz 3 otaq o qədər işıqlı idi ki, adamın gözü qamaşırdı. “Cavidin faciəsi”ndə də işıq yanır, amma bu otaqda heç bir işıq hiss etmək olmur. Otağa daxil olan kimi sanki insanın üstünə qorxunc qaranlıq və vahimə çökür. Tikanlı məftillərin arxasında təsvir edilmiş Cavid və digər repressiya qurbanlarının rəsmi, onların gözündəki dəhşət bütün otağı bürüyüb. Boş qalmış yazı stolu, üstündə yarımçıq qalmış yazı, qələm, mürəkkəb qabı. Yenə hər şey yerindədi, bircə Cavid yoxdu. Masanın üstündə “Azər” poemasının yarımçıq qalmış bir hissəsi, Cavidin əlyazması var. Yanında da, qələm. Masadakı yarımçıq əlyazmadan gözümü ayırıb yuxarı baxanda, yenə tikanlı məftil arxasında Hüseyn Cavidi görürəm. Bu anda həmin tikanlı məftillərin onu zəngin bir yaradıcılıqdan necə məhrum etdiyini anlamaq olur.

Muzeyin direktoru Gülbəniz Babaxanlı söhbət zamanı muzeyin tarixindən danışdı. Dedi ki, muzey 1981-ci il iyulun 21-də, Hüseyn Cavidin yüz illlik yubileyi münasibətilə yaradılıb: “Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin qərarı ilə Bakıda və Cavidin doğulduğu Naxçıvanda muzey yaradılıb. İndi muzey olan bu evdə Hüseyn Cavid 1920-ci ildən 1937-ci il iyunun 4-ü, həbs olunan günədək yaşayıb”.
G.Babaxanlının sözlərinə görə, hazırda muzeyin fondunda 10020 eksponat qorunub, saxlanır: “Muzeyin əsas fondunda 5000, elmi-köməkçi fondda isə 300 əşya mühafizə olunur. Bunların sayı yeni materiallar hesabına daima artır. Muzeyin fonotekası da Hüseyn Cavidə həsr olunmuş yeni radio, televiziya verilişlərinin, video və audio kasetlərin, müsahibələr və səhnə tamaşalarının lent yazıları hesabına daim zənginləşir”.

Direktorla söhbət zamanı öyrənirik ki, muzeydə Hüseyn Cavidlə bağlı tədbirlər keçirilir, onun irsi aradşırılır və kitabları nəşr olunur. Qeyd etdiyimiz kimi artıq muzey onun əsərlərini nəşr etdirir: “Müxtəlif dövrlərdə dövrü mətbuatda Hüseyn Cavid haqqında dərc olunmuş məqalələrin toplandığı çoxcildli “Cavidşünaslıq” toplusunun 5 cildi, Hüseyn Cavidin əsərlərinin 5 cildlik külliyyatı, “Cavid hikməti” (seçmə aforizmlər), “Hüseyn Cavid: həyat və sənət yolu” (biblioqrafik göstərici), Hüseyn Cavid və Abdulla Şaiqin “Ədəbiyyat dərsləri”, Hüseyn Cavidin “Topal Teymur” kitabları işıq üzü görmüşdür”.

Fatimə Kərimli






18 May, 2012  18:03 Baxılıb: 2321 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner