Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

ƏMR YUXARIDAN GƏLİRSƏ… - ARAŞDIRMA

.

Son illər Bakı şəhərində vətəndaşların mülklərinin əllərindən alınması, dağıdılması hallarının sayı artıb. «Plana» düşən minlərlə mülkün hansı əsasla sökülməsi, kompensasiyanın ədalətli olub-olmaması kimi məsələlər geniş müzakirə edilib.
Söküntü prosesi zamanı qeydə alınan hüquq pozuntularından biri də məhkəmə qərardadlarına əhəmiyyət verilməməsidir. Öncədən bildirək ki, Bakı şəhərində, xüsusilə də, Şəmsi Bədəlbəyli küçəsi və ona bitişik Füzuli, Mirzağa Əliyev küçələrində iki ilə yaxındır ki, söküntü işləri aparılıb. Bu müddət ərzində minlərlə ailənin mülkiyyət hüququ pozulub. 300-ə yaxın vətəndaş artıq Avropa Məhkəməsinə şikayət verib.


Bəy verən atın dişinə baxmazlar!?

Mülkiyyət sahiblərinin narazılığına əsas səbəb verilən kompensasiyaların azlığıdır. Miqdarı artırmaq üçün sakinlər hələ söküntü aparılmazdan öncə məhkəmələrə, əsasən də, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət ediblər. Şəmsi Bədəlbəyli 20 ünvanında yaşayan Rəfiqə Ağayeva mənzilinin kvadratının 1500 manatdan hesablanmasını doğru saymayıb. Bu üzdən söküntü işlərinin dayandırılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə üz tutub. Hakim işlə bağlı məhkəmə prosesi bitənə qədər söküntünün dayandırılması barədə qərardad qəbul edib: «Öncədən məhkəmənin qərarını almışdıq ki, evimizi sökməsinlər. Amma biz evdə olmayanda söküntünü həyata keçiriblər. Oğlum Mehman Ağayev söküntünün axırına gəlib çatmışdı. Bu qanunsuzluğu çəkərkən döyülmüşdü. Onun burnunu sındırmışdılar».
R.Ağayeva bildirir ki, söküntü işlərini aparanlar ərazidəki mənzilləri uçurmaqda israrlı idilər: «Onlar heç bizim əlimizdəki qərarlara baxmadılar. Ümumiyyətlə, bizi eşitmək istəmirdilər. Sanki hərbi rejim idi. Əlimizdə qərar ola-ola evimizi başımıza uçurdular».
Hökumət rəsmiləri hesab edirlər ki, kvadrata görə, “müəyyən” edilən 1500 manat qiymət ədalətlidir.
Köçürülmə prosesindən edilən narazılıqlara prezidenti İlham Əliyev 2010-cu il mayın 7-də keçirdiyi müşavirədə münasibət bildirib. Məhkəmə qərardadlarına birbaşa aidiyyəti olmasa da, ölkə başçısının məlum fikirlərilə tanışlıq pis olmazdı.
«Bu gün biz Azərbaycanın bazar qiymətini bilirik. Şəhər mərkəzində 1 kvadratmetr sahənin qiyməti, necə deyərlər, ən qiymətli yerdə 1500-1600 manatı keçmir, - Neftçilər prospekti, - yəni bundan bahalı yer ola bilməz. Yəni, Azərbaycan dövləti bəzi köçürmələr aparmaqla, Bakı Şəhəri İcra Hakimiyyəti bu işləri görməklə, vətəndaşlara 1 kvadratmetrə 1500 manat vəsait təklif edir. O evlərə ki, onların bəzilərini heç ev adlandırmaq mümkün deyildir və bu təklif narazılıqla qarşılanır. Bu, yolverilməzdir» deyə, prezident bildirib.
Evi sökülən R.Ağayeva və qeyrilərinin hüquqlarını müdafiə edən vəkil Fuad Ağayev deyir ki, məhkəmələr Ş.Bədəlbəyli və bitişik küçələrdə yaşayanların evlərin sökülməsinin müvəqqəti dayandırılması ilə bağlı qərardadlar qəbul etsələr də Bakı şəhər İcra Hakimiyyəti və Əmlak Məsələləri üzrə Dövlət Komitəsi buna heç bir məhəl qoymayıb: «Açığı bildirim ki, məhkəmələrin belə bir qərar qəbul etmələrini mən irəliləyiş hesab edirəm. Belə bir ciddi məsələ ilə bağlı hökumətin maraqlarına zidd qərar qəbul etmək Azərbaycan məhkəmələri üçün çətindir».

«Evləri heç bir sənəd olmadan söküblər»

İş icraçıları təkcə sıravi vətəndaşların deyil, hətta tanınmış hüquq müdafiəçisi, Sülh və Demokratiya İnstitutunun (SDİ) rəhbəri Leyla Yunusun da Ş.Bədəlbəyli 38 ünvanda yerləşən ofisini uçurublar. Halbuki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi hüquq müdafiəçisinin ofisinin yerləşdiyi binada hər hansı söküntünün aparılmasını qadağan etsə də, qərardada məhəl qoyan olmayıb. L.Yunus bildirib ki, icra strukturlarının nümayəndələri onun oifisini və binadakı mənzilləri heç bir sənəd olmadan söküblər: «Konstitusiyanın 13-cü maddəsində deyilir ki, “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur". Maddə 29-da isə deyilir ki, “Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər". Hüquq müdafiəçisi qeyd edib ki, vətəndaşların mənzil hüququ Mülki və Mənzil Məcəllələri ilə qorunsa da, icra strukturları buna məhəl qoymurlar.

Dövlət ehtiyacları adı altında…

Digər vəkil Aslan İsmayılov hesab edir ki, dövlət ehtiyacları adı altında vətəndaşların mülkiyyət hüquqlarının pozulması fonunda məhkəmə qərarlarına belə məhəl qoyulmaması adi qarşılanır: «2010-cu ilin noyabrından Ş.Bədəlbəyli və Füzuli küçələrində onlarla ailənin məcburi köçürülməsi mövcud məhkəmə qərarlarının icra edilməməsi hesabına baş verib. Həmin küçələrdə yaşayan onlarla insanın əlində sökülmənin müvəqqəti dayandırılması ilə bağlı məhkəmə qərarı olubsa, onun əksinə hərəkət etmək açıq qanun pozuntusu hesab edilir».

Ş.Bədəlbəyli küçəsi 22 ünvanında yerləşən evin sakini olmuş Afaq İsmayılova onlara təklif olunan kompensasiya ilə razılaşmadıqları üçün köçməkdən imtina etdiklərini deyib: «Biz məhkəməyə müraciət etdik ki, icra strukturları ilə aramızdakı mübahisə həll olunana qədər söküntü işləri dayandırılsın. Hakim xeyrmizə qərardad çıxardı. Qərardad əlimizdə olsa da, ağır texnika ilə evimizi sökdülər. Bizi də çölə atdılar. Keçirdiyimiz sarsıntı üzündən həkimə müraciət etməli olduq. Bir neçə gün xəstəxanada yatdıq».

Niyə yalnız fərdi evlər?

Burada haşiyyəyə çıxaraq qeyd edək ki, icra strukturlarının rəhbərləri söküntü işlərinin Bakı şəhərinin baş planına uyğun olaraq aparıldığını bəyan ediblər. Amma bu günə qədər baş planın əks olunduğu sənəd vəkillərə təqdim olunmayıb.
Bakı Apellyasiya Məhkəməsi baş planın təqdim olunmasını meriyanın üzərinə qoyub və cavab alıb ki, bu sənəd meriyada yoxdur, Dövlət Şəhərsalma və Arxitektura Komitəsində və Nazirlər Kabinetində saxlanılır. Amma hər iki qurum baş planının onlarda olduğunu inkar edib. Göründüyü kimi, daha bir məhkəmə qərarının icrası müşkülə çevrilib.

Ziyafət Əsgərov göz yaşlarına inanmır

Evlərin sökülməsinin müvəqqəti dayandırılması ilə bağlı məhkəmə qərarlarının icra olunmamasına münasibət öyrənmək üçün müraciət etdiyimiz Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov məhkəmə qərarları ola-ola vətəndaşların mülklərinin uçurulmasına inanmır: «Mən belə halların baş verməsinə inanmıram. “Qış Bulvarı”nın tikilməsilə bağlı olaraq oradakı köhnə evlərin sökülməsilə bağlı verilən kompensasiyadan narazı qalanlara rast gəlməmişəm. 10 kvadratlıq evə görə, 80 min manat istəmək də doğru deyil».

Kim düz deyir?

Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə ədaqələr idarəsinin rəisi Faiq Qurbanov qərardadların icra olunmamasının günahını söküntü aparanların üzərinə atdı: «Burada məhkəmə qərarları icraçılarının heç bir günahı yoxdur. Söküntü aparan orqan bilməlidir ki, ortada məhkəmə mübahisəsi var və işləri dayandırmalıdır. Burada bizlik heç bir iş yoxdur».

Vəkil F.Ağayev cənab Qurbanovun dediklərilə razılaşmır. Onun sözlərinə görə, məhkəmə qərardad çıxaran kimi onu müstəqil qurum olan məhkəmə qərarları icraçılarına göndərir. Qərarların icrası ilə birbaşa məhkəmə qərarları icraçıları məşğul olmalıdır».

Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəisi Xanlar Zeynalov da bizimlə söhbətində bildirdi ki, qərardadların icrası ilə rəhbərlik etdiyi qurumun yerli şöbələri məşğul olur. Bununla belə cənab Zeynalov əlavə etdi ki, Ş.Bədəlbəyli küçəsindəki mənzillərin sökülməməsilə bağlı cəmi bir məhkəmə qərardadı icra olunmayıb: «Həmin vaxt mən məzuniyyətdə olmuşam. Ola bilsin ki, başqa qərardadlar olub. Mənim xəbərim yoxdur».
X.Zeynalova görə, məhkəmələr evlərin sökülməməsilə bağlı qərardad çıxarsalar da, vətəndaşlar BŞİH-lə razılığa gəlib, söküntüyə razılıq veriblər: «Məndə olan məlumatlara görə, evləri sakinlərin razılığı ilə söküblər. Məhkəmə qərardadlarının icrasından narazı olanlar daha yuxarı məhkəmə instansiyasına şikayət edə bilərlər».

Qeyd edək ki, məhkəmə qərardadlarının icra olunmaması «İcra haqqında» və «Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları haqqında», İnzibati Xətalar Məcəlləsinin, Cinayət Məcəlləsinin və bir sıra hüquqi qanunvericilik aktlarının tələblərinə ziddir. Cinayət Məcəlləsinin 306.1 maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını və ya qərarını qərəzli olaraq icra etməməyə görə konkret cəzalar nəzərdə tutulur. Amma bu günə qədər məhkəmələrin qərardadını pozaraq vətəndaşların evlərini uçuranlar barədə cəza tədbiri görülməyib. Bununla bağlı Aslan İsmayılov bildirir ki, Azərbaycan məhkəmələrinin vətəndaşların mülkiyyət hüququnu qoruyacaqlarına inanmaq sadəlövhlük olardı: «Əgər mülkiyyət hüququnun pozulması yuxarıdan verilən göstəriş əsasında aparılıbsa, buna görə kimlərinsə cəzalandırılması sadəcə, gülməli görünür».

Ümid nəyə qalır?

Yuxarıda qeyd olunduğu kimi «Qış bulvarı» layihəsinə görə evləri sökülən 300-ə yaxın sakin ayrı-ayrılıqda Avropa Məhkəməsinə müraciət ünvanlayıb. Hüquqşünas Yaşar Ağazadənin dediyinə görə, məhkəmənin müvəqqəti xarakterli müdafiə tədbiri barədə qərardadının icra olunmaması Avropa Konvensiyanın (Avropa İnsan Haqları Konvensiyası) 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə araşdırması hüququna, 1 saylı Protokolun 1-ci maddəsi ilə təminat verilən mülkiyyəti müdafiəsi hüququna ziddir: «Azərbaycan Konstitusiyasının 12-ci maddəsinin I-ci hissəsi deyir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 12-ci maddəsinin II hissəsinə görə isə bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Beynəlxalq müqavilələr Azərbaycan qanunvericiliyinin tərkib hissəsidir və normativ hüquqi aktlar iyerarxiyasında Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlardan sonrakı yeri tuturlar» deyə, Y.Ağazadə qeyd edir. 
Bildirək ki, insan haqları ilə bağlı Azərbaycanın tərəfdar çıxdığı ən önəmli beynəlxalq müqavilələrdən biri İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasıdır. İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyası Avropa Şurası üzvü olan ölkələr üçün əsas normativ hüquqi aktlardan biridir. Azərbaycan bu Konvensiyanı 2001-ci ilin dekabrında ratifikasiya edib. 2002-ci ilin aprelin 15-dən Konvensiya Azərbaycan ərazisində qüvvəyə minib (işğal edilmiş ərazilər istisna olmaqla). Bununla Azərbaycan Konvensiyanın və onun protokollarının verdiyi haqları, o cümlədən ədalətli məhkəmə araşdırması və mülkiyyət hüququnun toxunulmazlığı prinsipini öz yurisdiksiyası altında olan ərazilərdə təmin edəcəyinə söz verib, Avropa İnsan Hüquqları Məhkəməsinin yurisdiksiyasını, deməli həm də Konvensiya ilə bağlı Məhkəmənin presedent hüququnun ölkə daxilində tədbiqedilənliyini qəbul edib.

Azər Nəsibov






16 May, 2012  20:24 Baxılıb: 1662 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner