Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

MOBİL TELEFONLAR: SAXTA, YOXSA ORİJİNAL? – ARAŞDIRMA

İlk mobil telefon istifadəsindən 26 il keçir 

Elə bir vaxt gəlib ki, mobil telefonlar artıq hər kəsin zəruri əşyasına çevrilib. Bir neçə il əvvəllə müqayisədə artıq orta məktəb şagirdləri də mobil telefon istifadəçisinə çevrilib. Zaman keçdikcə hər kəs bir yox, artıq iki mobil telefon istifadə etməyə başlayıb. Daha nazik, daha gözəl tərtibatına görə bir-biri ilə yarışan mobil telefonlar bəs yarananda necə idi?
Mobil telefon yaratmaq ideyası 1946-cı ildə "Bell Labs" şirkətində yaransa da, satış məqsədi ilə ilk portativ mobil telefon 1983-cü il martın 6-da istehsal olunub. Bu gün işlətdiyimiz telefonların birinci nəsli 1986-cı ildə “Motorolla” şirkəti tərəfindən satışa çıxarılıb. Bu telefonun çəkisi 794 qram, həcmi isə 33x4.4x8.9 sm idi. Akkumlyator 8 saat müddətində telefonu işlədə bilirdi. Satış qiyməti isə 3995 dollar idi.
İlk telefonların qiyməti çox baha olsa da, alıcılar pul xərcləməkdən çəkinmirdilər. Zaman keçdikcə telefon istifadəçilərin sayı artırdı. “Ericsson” şirkəti analitiklərinin hesablamalarına görə, 2011-ci ilin yekunları üzrə dünyada mobil rabitənin nüfuz səviyyəsi 85 faiz və ya 6 milyard nəfər təşkil edib. Digər bir statistik məlumata görə, dünyada hər gün telefon istifadəçilərinin sayı 2 milyon nəfər artır.
İlk mobil telefonlar əsasən əlaqə vasitəsi üçün istifadə olunurdusa, zaman keçdikcə onların funksiyaları artdı. Artıq müasir telefonlar cibdə daşına biləcək kompyuteri əvəz edir. Onlarla internetə qoşulmaq, təyyarə biletinə sifariş vermək, görüntülü danışmaq, yüksək keyfiyyətli şəkillər çəkmək, video çəkiliş etmək və digər imkanlar var. Təbii ki, bunlar həmin telefonların qiymətinə də öz təsirini göstərir.
Bəs Azərbaycanda telefon satışı sahəsinin vəziyyəti necədir? Alıcılar hansı modellərə üstünlük verir? Onların qiyməti neçədir?
Suallarımızı telefon satışı mağazalarından birinin meneceri Fuad Musayev cavablandırdı. Onun sözlərinə görə, telefonların qiyməti onların modellərinə görə dəyişir: “Telefonların minimum qiyməti 25 manatdan başlayır. Modelə görə qiymət də artır. Elə modellər var ki, onlar çox bahadır. Məsələn, Vertu modellər. Ümumilikdə qiymət maksimum hədd olaraq 4-5 min manat arasında dəyişir. Telefonların orta qiyməti isə 250-300, bəzi modellərə görə isə 400-500 manatdır”.
Menecer üstünlük verilən telefon markalarından da danışdı. Onun sözlərinə görə, alıcılar indi “Blackberry”, “iPhone” kimi telefonlara daha çox üstülünlük verirlər: “Nokia” və “Sumsung” markalı telefonlara həmişə üstünlük verilsə də, hazırda alıcıların marağını daha çox “Blackberry” və “iPhone” cəlb edir”.
Telefon istifadəçilərinin yaş kateqoriyasına gəldikdə isə öyrəndik ki, onların əksəriyyəti 20-30 yaş arası gənclərdir: “Əsasən 20-30 yaş arasında insanlar telefonlar alır. Onlar təkcə yeni yox, işlənmiş telefonlar da alırlar. Amma baxır, işlənmiş telefona. Elə telefon var ki, onu yoxlamırlar. Bu da alıcı üçün pisdir”. Menecer məsləhət gördü ki, alıcılar həm işlənmiş, həm də yeni telefonları distrübiterlərdən, yaxud da telefon satışı üzrə ixtisaslaşmış mağazalardan alsınlar: “Balaca dükanlar bu gün telefon, sabah da paltar satırlar. Onlar satdıqları telefonun keyfiyyətinə əhəmiyyət vermirlər. Bir də ki, şirkətlərin prinsipləri var. Şirkət öz imicini qorumaq üçün alıcıya keyfiyyətli məhsul təqdim edir”.
Azərbaycana gətirilən mobil telefonlar Avropa ölkələrində, Çin, yaxud Hindistanda istehsal olunmuş telefonlardır. Çin istehsalı barədə eşidən alıcılarda ilk olaraq həmin telefonun saxta olması təəssüratı yaransa da F.Musayev dedi ki, Çində istehsal olunan telefonlar rəsmi distrübiterin zavodunda buraxılır və orijinal telefonlardır: “Məsələn, “Nokia” modelləri Macarıstan və Finlandiyada istehsal olunurdu. Hazırda həmin zavodların sayı artıb. İndi bu firmaların Hindistanda, Çində zavodları var. Çində olan zavod rəsmi distrübiterin zavodudur, buraxdığı mallar orijinaldır. “Sumsung” Koreya firması olsa da, bu telefonların istehsalı ilə Çin məşğul olur. Eləcə də “iPhone”lərın. Bu şirkətlərin telefon istehsalı üçün Çinə üstünlük verməsinin səbəbi orada işçi qüvvəsinin ucuz olmasıdır”.
Bəzi telefon istifadəçilərinin xarici ölkələrdən telefon alması ilə bağlı danışarkən isə F. Musayev bunun riskli olduğunu dedi: “Bu bir lotoreyadır. Yəni, bu telefonlar işləyə də bilər, işləməyə də. Elə adamlar olur ki, mən bu telefonu xaricdən gətirmişəm, amma işləmir, deyə bizə müraciət edir. Bəzən biz onu düzəldə bilirik, bəzənsə yox. Bəzi telefonlar isə yalnız bir operatora qoşulur. Məsələn, Amerikadan telefon alır, halbuki həmin telefon yalnız Amerikada fəaliyyət göstərən operatora qoşulur, onu Azərbaycanda işlətmək olmur”.
Telefonlar insana həyatı asanlaşdıran imkanlar verdiyi kimi həyatı çətinləşdirən sağlamlıq problemləri də verirlər. Araşdırmalara görə, mobil telefonla danışmağı sevən insanların xərçəngə tutulma riski 2 dəfə çoxdur. Alimlər belə qənaətə gəlib ki, mobil telefon istifadəçiləri 2 növ xərçəng xəstəliklərinə tutulma ehtimalı var: beyin və tüpürcək vəzilərinin xərçəngi. Ekspertlər mobil telefondan az istifadə etməyi, şagirdlərə isə ümumiyyətlə mobil telefonlarından imtina etməyi məsləhət görürlər. Həkimlər mobil telefonları cibdə gəzdirməyi məsləhət görmür.

Fatimə Kərimli






20 Aprel, 2012  20:17 Baxılıb: 4704 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner