Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

TƏRCÜMƏ KİTABLARI NİYƏ BƏRBAD VƏZİYYƏTDƏDİR? - ARAŞDIRMA

Tərcümə əsrələrində çoxlu orfoqrafik, qrammatik səhvlər olur

Son zamanlar Azərbaycan dilinə tərcümə olunan kitabların sayı artır. Lakin tərcümələrdə nəzərə çarpacaq qədər qüsurlar var. Ədəbi tərcümələrdə cümlələrin düzgün qurulmaması, leksik, qrammatik və bu kimi səhvlərin olması nə ilə əlaqəlidir? Bədii əsərlərin çevirməsində əsas şərtlər nədir?
“Simsar” jurnalı bu məsələ ilə bağlı sorğu keçirib.


“Azərbaycan dilinə tərcümə nadir hallarda uğurlu alınır”

Gənc yazar Xuraman Hüseynzadə xarici ədəbiyyatı əslindən oxumağa üstünlük verir. Son dövr Azərbaycan dilinə tərcümələrin qənaətbəxş olmadığı fikrindədir: “Markesi, Borxesi, Pelevini və başqalarını orijinaldan oxumuşam. Tərcümə əsrələrində çoxlu orfoqrafik, qrammatik səhvlər olur. Bu, tərcüməçinin dili yaxşı bilməməsindən və bədii səriştəsizliyindən irəli gəlir. Məsələn, Orxan Pamukun "Qar" romanı…”
X.Hüseynzadə Azərbaycan dilinə tərcümənin nadir hallarda uğurlu alındığını söyləyir: “Son dövr oxuduğum tərcümələrdən hələ ki, Cavanşir Yusiflinin, Əli Əkbərin işini bəyənmişəm. Etiraf etməliyik ki, Natiq Səfərov, Ramiz Rövşən kimi bizdən öncəki nəsil daha gözəl tərcümə nümunələri yaradıb”.

“Yazarın yaradıcılığını izləmək lazımdır”

Şair-publisist Elxan Yurdoğlu tərcümə əsərlərinin zəif olması səbəbini dil bilgilərinin azlığı ilə əlaqələndirir. Onun fikrincə, əsərin uğurlu alınması üçün tərcüməçi ədəbi yaradıcılıqla peşəkar maraqlanmalı, eyni zamanda ana dilinin dialekt və şivələrinə bələd olmalıdır: “Tərcümə olunan yazarın bütün yaradıcılığını mükəmməl izləmək lazımdır ki, tərcümə ən azı orijinala yaxın olsun”. Publisist, indi daha çox hərfi tərcüməyə meyl edildiyini vurğulayır. “Tutaq ki, ingilis dilindəki bir ifadəni ingilis danışığıyla, amma Azərbaycan dilində veriblər. Tərcümə kitabları bu baxımdan ağır oxunur”.

“Bədii tərcümə istedad tələb edir”

Azərbaycan Tərcümə Mərkəzinin direktoru Afaq Məsud qeyd edir ki, bədii tərcümə adi tərcümə sferası deyil. Ədəbi tərcümənin öz qanunları var və bunun üçün sadəcə dil bilmək kifayət etmir: “Bu yaradıcı işidir. İstər rus, ingilis, istərsə də fransız dilində olsun bu işi peşəkarlar görməlidir. Ədəbi əsər poeziyadırsa şair, nəsrdirsə yazıçı çevirməldir. Təcrübə göstərir ki, Azərbaycan və xarici dili mükəmməl bilməklə əsərin əslinə yaxın tərcüməsinə nail olmaq mümkün deyil. Bu sahə istedad tələb edir”.

“Başqa seçim yoxdur”

Rus dilindən tərcümələrə üstünlük verilməsinin səbəbini aydınlaşdıran “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu deyir ki, Azərbaycanda başqa dillər üzrə mütəxəssislər yoxdur: “Çoxları rus dilindən çevirmələri almaqdansa elə həmin dildə oxumağa üstünlük verirlər. Başqa dillərdə təcümə məktəblərimiz hələ formalaşmayıb. Amma rus tərcümə məktəbi bu gün də özünün dayanıqlı olduğunu göstərir”.
Ş.Xuduoğlu bildirir ki, indi həm oxucu, həm də kitab azlığı olduğundan nəşriyyat yeni kitabları asan dildən çevirməyə üstünlük verir: “Bu gün ölkəmizdə yapon dilindən tərcümə mütəxəssisi yoxdr. Amma bu, o demək deyil ki, biz Murakamini oxumamalıyıq. Bu səbəbdən onu rus və ya ingiliscədən tərcümə edirik”.
Naşir söyləyir ki, başqa dillər üzrə tərcümə məktəbi formalaşmayana qədər köməkçi dillərdən istifadə etməklə kitabları Azərbaycan oxucusuna çatırmaq lazımdır: “Başqa seçim yoxdur. Oxucu həm də unutmamalıdır ki, tərcümə heç vaxt orijinaldan güclü ola bilməz. Tərcümə, əsəri oxucuya tanıtmaq, ona müəllifi izləmək imkanı yaratmaq üçündür”.

Problemi həll etməyin yolları

Şair-publisist E.Yurdoğlu problemi aradan qaldırmağın yolunu bədii tərcümə işi ilə məşğul olanların xarici ölkələrə ezamiyyətə göndərilməsində görür. “Tərcüməçinin xarici ölkədəki yaşayış xərclərini təmin etməyi dövlət və ya hansısa nəşriyyat öhdəsinə götürə bilər. Bəlli vaxtda göndərilən ölkədə ədəbi tərcümə ilə məşğul olmaq, daha keyfiyyətli nümunələrin ərsəyə gəlməsinə şərait yarada bilər”.

Şahbaz Xuduoğlu oxucuların səhvlərə diqqətlə yanaşmasını kitaba münasibətin dəyişməsi kimi izah edir. “Həmişə müəyyən səhvlər tapmaq mümkündür. Tərcümə ilə bağlı hələ xeyli iradlar olacaq. Amma bu həm də müzakirə mühiti yaratmaqdır. Bəzi səhvlər bilərəkdən buraxılmış səhvlərdir ki, adamlar reaksiya versin. Yəni, son ilə qədər ümumiyyətlə kitaba maraq yox idisə, indi oxucularda münasibət yarada bilmişik. Adamlar kitabı oxuyur, tənqid edir, iradlarını və ya sevgilərini bildirirlər”.

Nəinki oxucular, hətta bu sahənin biliciləri də tərcümə işində ciddi problemlərin olması qənaətindədir. Aparılan sorğulardan belə nəticəyə gəlmək olur. Ədəbi tərcümə üçün sadəcə, xarici dili bilmək yetərli deyil. Bu işlə sırf yaradıcı adamlar məşğul olmalıdır. Peşəkarları cəlb etmək üçün dövlət büdcəsindən vəsait ayrılması da vacib şərtlərdən biridir.

“SİMSAR” jurnalı
Arifə Mikayılova

 

 






16 Aprel, 2012  15:13 Baxılıb: 2145 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner