Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Reportaj

“KRALI ZİYARƏT” – HEYVANXANADAN REPORTAJ – FOTOSESSİYA

Uşaqlar qədər, böyüklərin də sevdiyi yerdəyik

Boş vaxtlarımda Bakının yeganə heyvanat parkı olan Gənclikdəki zooparka üz tuturam. İndi buranın başının üstünü qara buludlar alıb. Parkın şəhərin kənarına köçürülməsi xəbəri dolaşır. Yerində hansısa göydələnin, şadlıq evinin tikiləcəyini qəti söyləyə bilməsəm də, ehtimallar az deyil. Heç nə yox, mənim buradakı aslanlara yazığım gəlir. Meşə kralına qarşı bunca saymazlığı, onun deportasiya edilməsini qəbul edə bilmərəm. Dünən bir daha zooparka baş çəkdim. Bəlkə də, bu son səfərimdir. Bir daha gəldiyimdə ya zooparkı burada görməyəcəm, ya da aslanı. Əslində aslansız, pələngsiz heyvanat aləmi ağacsız orman kimi bir şeydi. Çaqqal-çuqqalara, tülkü-mülkülərə heç marağım yoxdu. Tülkü kölgəsində yatmaqdansa, aslanın dişləri arasında xıncır-xıncır olmağı tərcih edərdim. Deyəsən, mıs-mısım uzun çəkdi. Sözümün mustafası var. 


Məlumat üçün deyim ki, zooparka 7 yaşına qədər uşaqlar pulsuz, məktəblilər 60 qəpiyə, böyüklər isə 1 manat ödəməklə daxil ola bilirlər. 1 manatlıq blet alıb üz tutdum sevimli aslanımın yanına. Bizi bir-birimizdən ikiqat qəfəs ayırırdı. Özümü cəmiyyət üçün çox təhlükəli cinayətkar məhbusun yanındaymış kimi hiss etdim. Çölə çıxsa, hamımızı bir-bir tutub…

Əlbəttə ki, meşədə aslan mənim kimisi ilə qarşılaşsaydı, mıqq eləmədən, ağına-bozuna baxmadan məsələni çoxdan həll etmişdi. Amma indi o acizdi. Meşə kralı qarşımda qul kimi diz çöküb,yalvarış dolu gözlərilə mat-mat baxıb, əfv diləyir. Aramızda ikiqat dəmir qəfəs olsa belə, özümü bəzi diktatorlar kimi mərhəmətli göstərmək cəhdlərim alınmır. Qorxunu, təlaşı içimdən qova bilmirəm, dizlərim sözümə baxmır, tir-tir əsir. Əslində xoşuma gələn, zövq aldığım stiusiya aslanın qarşımda əli-qolu bağlı durması deyil, qarşısında keçirdiyim qorxu, həyacandır, dizlərimin titrəməsidir.

Burada vəhşi (bu sözdən heç xoşum gəlmir - F.K) heyvanların saxlanılma ardıcıllığı sanki onların yırtıcılıq dərəcələrinə uyğundur. Aslan, pələng, bəbir, canavar, ayı, çaqqal və tülkü. Sonuncuya çatanda dizlərimdəki əsmə qurtarmışdı. Fikir vermişəm, yırtıcı heyvanlar daha çox qadınların xoşuna gəlir. Kişilər isə quşlara meylli olurlar. Özü də tutuquşularına. Yəqin kimdə nə yoxdursa, əskikdirsə onu arzulayır məsələsidir bu. Qadınlarda yırtıcılıq, qəddarlıq çatışmazlığı var, kişilərdə isə ürəyiyumuşaqlıq. Fəlsəfəyə keçmədən sizə bir az da quşlardan danışım – Bayquşlardan. Bilmirəm, xarablıq quşlarına niyə bəy quşu deyirlər? Bəlkə bəylər vaxtı ilə yaşayış yerlərini xaraba qoyub bu quşlara sığınacaq üçün mınbit şərait yaratdıqları üçün onlara bu ad verilib…


Etiraf edək ki, quşların içində ən gözəgəlimlisi, diqqətçəkəni tutuquşular, bülbüllərdi. Bəzi estrada müğənnilərimizi dinləmək əvəzinə, bu quşların oxumalarına, cək-cəklərinə bezmədən saatlarla tamaşa edərəm. Zooparka mənə çatmayan, maraqsız gələn adi ördəklərin, qazların, qarğaların, itin qəfəslərə salınmasıdır. Hər şeyi öz arşınımla ölçməyib. Şəhər uşaqları var ki, qazı, ördəyi, qarğanı ilk dəfə zooparkda görüblər. Ümumiyyətlə, zoopark uşaqlar üçün daha maraqlıdır, həvəslidir. Məndən fərqli olaraq uşaqlar bura plansız, məqsədsiz, kin-küdrətsiz gəlirlər. Sevinmək, əylənmək üçün. Elə valideynlər də uşaqlarının buradakı istirahətlərindən məmnun qalıblar. Söhbətləşdiyimiz insanlar zooparkın uşaqlar üçün əla və ucuz istirahət mərkəzi olmasından razılıqla danışdılar. Yeri gəlmişkən, uşaqlar burada təkcə heyvanlara baxmırlar. Qədim oğuz igidlərinin davamçısı olaraq ponilərin bellərində kiçik meydançını dövr edirlər. Neçə deyərlər, ponini min, ata çatınca…

Oxucularda zooparkın direktoru Azər Hüsyenovla söhbətimin nə dərəcədə maraq yaradacağını deyə bilmərəm. Amma onun dediklərini köçürməyə məcburam. Danışdıqlarını yazmadığıma görə məndən inciyə bilər. Deyir, bura 1928-ci ilin dekabrında guşə kimi yaradılıb. 1942-ci ildən sonra ərazidə əməlli-başlı zoopark yaradılıb. Ərazisi 4.25 hektardır. Yazıq heyvanlar 84 ildə azı üç dəfə ora-bura köçürülüb. İlk dəfə Fəhlə prospektindəki Luna Parkın yerində olub zoopark. Sonra Bayıl qəsəbəsinə köçürülüb. 1984-cü ildə Bayılda sürüşmə olduğundan orada yaşayan insanlardan fərqli olaraq, heyvanlar «Gənclik»ə evakuasiya olunub. 28 ildir ki, zoopark burada yerləşir. Zooparkda təxminən 160 növdən olan 1200 heyvan məskunlaşıb. Bəzilərinin adı “Qırmızı kitab”a da düşüb.

Həmsöhbətimiz fəxrlə deyir ki, zoparkda Amur pələngi, leopard, soltan toyuğu, ağbaş çərkəz, qara çərkəz və s. yırtıcı quşlar var ki, dünyada sayları azalıb.

Azər müəllim qışdan sağ-salamat çıxmalarına da sevinir: «Bu qış çox soyuq oldu. Qar, yağış, şaxta. Qorxurduq ki, heyvanlarımıx xəstələnəcək, tələf olacaq. Şükür ki, itkilərimiz olmadı. Yaza çıxmışıq. Qorxu, təhlükəni geridə qoymuşuq».

Zoopark müdiri yeni heyvanların alınması ilə bağlı bəzi ölkələrlə danışıqlar aparıldığını da diqqətə çatdırdı: «Çexiyadan Alpaxo, Kenquru, Nil qazı, karalenka kimi heyvanlar gətirmək planımız var. Moldovadan vaşaq, fərqli növ qırqovullar və başqa quşların gətirilməsilə bağlı danışıqlar aparılır.


Fatimə Kərimli






13 Aprel, 2012  17:17 Baxılıb: 2569 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42

sagbanner