Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Reportaj

LAL SÜKUT, “YASİN” SƏDASI, TOLERANT QƏBİRİSTANLIQ - REPORTAJ

Yarısı ölülər, yarısı da dirilər tərəfindən tutulan «Yasamal Dağüstü -1» qəbiristanlığı

Bizi oralardan çox kiçik məsafə ayırır. Bu, qaşla kiprik arasındakı məsafə qədərdir. Hər gün, bəzən bir neçə dəfə yanından keçib-gedirik. Söhbət hər kəsin gedəcəyi, amma içi özümqarışıq çoxlarının xoşlamadığı, bəzən də qorxduğu məkandan gedir. Yolumuzun sonuncu dayanacağı adlandırdığımız yerə getmək, ordan reportaj hazırlamaq qərarına gəldik...
Bir ucu «Azərbaycan» nəşriyyatından başlayıb bir tərəfi də Badamdardda qurtaran “Yasamal Dağüstü -1” qəbiristanlığına üz tutduq. Əslində, bu tərəfdə mənzil almaq bizim üçün mümkünsüzdü, bəlkə o tərəfdə yer tapıla... Burada mənzilə sahib olmağın da bir əmması var. Gərək tabutun içində gedəsən...
...Yanılıram, tabutun içində də getsən xeyri yoxdur. Yerin üstü də, altı da doludur. Mənzillər çoxdan pay-püşk edilib, satılıb. Hələ bu harasıdır. Qəbiristanlığın ətrafı hasara alınır. Divarlar da daşla üzlənir...


Liberal qəbiristanlıq

Hasardan içəri girdiyimizdə bizi xaç işarəli baş daşları qarşılayır. Bir qədər aralıda adi baş daşlarından ibarət xristian qəbirləri müsəlman qəbirlərilə qarışıb. O qədər qarışıblar ki, hansının müsəlman hansının xristian olduğunu müəyyən etmək çətindir. İlahi, qəbirstanlıqdakı liberallığa bax. Müxtəlif dinlərin nümayəndələri torpağın altında necə da səssiz-səmirsiz uyuyurlar. General Fyodoroviçin yanında Səkinə Hacı Murad qızı, Əliqulunun yanında Svetlana Paskovna yatır. Burada dini tolerantlığın həddi-hüdudu yoxdur desək yanılmarıq. Təvəllüdlər arasındakı fərq də o qədər böyük deyil. Baş daşlarındakı təvəllüdlər 1900-cü ildən o tərəfə keçmir.

Qəbirstanlığın mollası hacı Həbib bizimlə söhbətində bildirdi ki, müsəlman və xristian qəbirlərinin qarmaqarışıq olması heç də ölü sahiblərinin istəyilə baş tutmayıb: «Sovet dövründə Dağüstü Parkdakı (Çəmbərəkənddəki - R.X) qəbirlərin hamısı bura köçürüldü. Yerində Kirov parkı salındı. İndi orada Şəhidlər Xiyabanı yerləşir. Kommunistlər din məsələsinə əhəmiyyət vermirdilər. Onda dinlər və xalqlar arası qardaşlıq, dostluq məsələsi gündəmdə idi. Ona görə də ermənini, yəhudini, rusu, hindlini yan-yana basdırırdılar».

Qəbirlər arasında gəzdikgə gözlərim erməni adı axtarırdı. Axı elə ola bilməz ki, qəbirlərin arasında erməni qəbiri olmasın. Rus, yəhid soyadları kifayət qədərdi. Səbəbini hacı Həbibdən soruşuruq: «İndi burada bir erməni qadının qəbiri var. Qalanları ola bilsin ki, it-bata düşüb. İslam başqa dindən insanın meyitinə, qəbirinə qarşı hörmətsizliyi qəbul etmir».
Onu da öyrəndik ki, qəbiristanlıqda İkinci Dünya Müharibəsində həlak olmuş şəxslər üçün geniş yer ayrılıb. Yan-yana düzülən rus əsgər və general qəbirləri diqqət çəkir. Onlar üçün abidə də qoyulub. Sonradan salınan qəbirlər isə daha çox müsəlmanlara aiddir. Bir-birindən «maraqlı» qəbir daşları «göz» oxşayır. Elə qəbirlər də var ki, heykəltəraşlar tərəfindən ucaldılan baş daşı, şəhərdəki bir sıra heykəldən daha çəkici görünür.
Bələdçimiz deyir ki, qəbiristanlıqda yaddaqalan hadisələrdən biri atasının qırxında ölən azyaşlı oğlanla bağlıdı. Qırx mərasimində atasının qəbirini ziyarət edən oğlanı elə qəbiristanlıqda maşın vurub. Dəhəştlidir, deyilmi? 

«Atanın kimliyi şübhəli olur» 

Səyahətimizi davam etdiririk. Qəbirlərarası yolumuz labirint kimi uzanır. Bir təhər əsas yola çıxırıq. Yolboyu düzülən mollalar diqqətimizi çəkir. Müştəri gözləyən mollalardan birinə yaxınlaşıb sifarişimizi veririk. Ölənlərin ruhuna “Yasin” oxuyub-oxumayacağını buraxırıq insafına. Hacı Həbib bildirir ki, molla yasini oxumasa, aldığı pul onun deyil. «Nə üçün mollalar rəhmətliyin anasının adını soruşurlar» sualımıza həmsöhbətimiz belə cavab verir: «Meyit üzərində sahiblik əmidən çox dayıya məxsusdur. Çünki ölənin atasının kim olduğunu bilmək çətindir. Amma ananın kim olduğu hər kəsə məlumdur. Ona görə də “Yasin” oxuyanda anasının adını öyrənirsən. Ata isə şübhəli olur. 100 faiz deyə bildmərəm ki, filankəsin atası bəhmənkəs olub. Nə bilmək olar həyatdı da!»

Fürsət düşmüşkən müsahibimizdən meyitin yuyulma qaydasını da öyrənirik. Deyir ki, meyiti üç dəfə yumaq lazımdır. Sağ çiyini üstə, üzü qibləyə yuyulan nəşin qarını, burun, qulağı da təmizlənməlidir. Zahiri olaraq o dünyaya təmiz getmək lazımdır. Cəsədə sidri-kafir (E-240 formaldehid - R.X) vurulur ki, iylənməsin, tez çürüməsin. Kəfəndə ləkə olmamalıdır. Ləkə olsa, meyit yenidən təmizlənməlidir. Hər bir adam 7 meyit yumalıdır. 8-ci meyiti yuyan artıq mürdəşir adlanır».

«Ağac quruyana qədər rəhmətlik sorğu-sual olunmur»

Əslində qəbirstanlığa gəlməyimizin əsas məqsədi qəbirqazandan müsahibə götürmək idi. Rastlaşdığımız fəhlə görkəmli insanlara «bağışlayın siz qəbirqazansız» sualını verməkdən həm utanmışdıq, həm də usanmaşdıq. Hər dəfə də oxşar cavablar alırdıq. «Səkiləri təmir edirik, hörgüçüyük».
Soraqlaşa-soraqlaşa qəbirqazanlara çatdıq. Onları danışdırmağın çətin olacağını yəqin etmişdik. İşləri barədə danışmaq, əllərində lapatka şəkil çəkdirmək bu sənət sahiblərindən cəsarət tələb edirdi. Yaxınlaşıb, yarızarafatla « nə qazırsan oğul?» sualını verdik.
Gözlənilən – “gor qazıram dədə, gəl gir içəri” - cavabını almadıq. Nisbətən yaşlı qəbirqazan kişi gülməyə başladı. Hiss olunurdu ki, Dədə Qorqud filminə dönə-dönə baxıb. Digər qəbirqazanlar da ona baxıb mənasızcasına gülməyə başladılar.
Qəbri qazıb qurtarmışdılar. Hansısa bəndəni torpağa tapşırıb üstünü daşlamışdılar. Qalırdı torpaqlamaq. Bizi görəcək əllərini lapatkalardan çəkib işlərini yarımçıq saxladılar. Nə çəkilişə, nə də müsahibəyə razılıq vermədilər. «Çox yaxşı işdir ki, hələ müsahibə verib, şəkil də çəkdirək» cavabından məyus olduq.
Daha öncədən ehtiyatımızı tutmuşduq. Qəbirin necə qazılması barədə hacı Həbibi sorğu-sula tutmuşduq. O da bildiklərini əsirgəməmişdi: «Meyit qəbirə sağ çiyni üstündə, üzü qibləyə qoyulur. Nəşi ölünün yaxın adamı torpağa tapşırır. Üstünə də bir ovuc torpaq atır. Daha sonra dar qəbirin üstü daşla, ya da ağacla örtülür ki, içəridə hava, rahatlıq olsun. Aşağı qəbir örtüldükdən sonra üstü torpaqlanır. Qəbirin uzunluğu da müxtəlif olur. 1,80-2 metr. Eni 40-50 santimetr. Bəzən qəbir meyitə en vermir, topraq qum kimi dağılır. Bu zaman qəbiri enli qazırlar. Bəzi yerlərlə baş ağacı olaraq söyüd ya da tut ağacı qoyurlarlar. Ağac quruyana qədər rəhbətlik sorğu-sual olunmur. Şəritə görə, qəbir yeri müəyyən dövrdən sonra itməlidir. 7 cəsət üst-üstə dəfn olunmalıdır. Amma indi qəbirlər daşdan olduğundan yeri itrmir».
Söhbətimiz qurtarar-qurtarmaz bir suyumundan Mirzə Cəlililin Kefli İskəndərinə oxşayan gənc mollaya yaxınlaşıb: - «Salam əəə, barriqa, nəşə var», - deyə qəhqəhə ilə sual verdi.
Molla da ondan geri qalmırdı: -«Yer alə, yüz dəfə demişəm qəbiristanlıqla pis-pis işlərlə məşğul olma».
Onları zarafatlaşdıqları yerdə qoyub, yolumuza üz tutduq. Qəbiristanlıqla həmsöhbət tapmaq ümumiyyətlə, çətin olur. Sükutu ya mollalar pozur, ya da kefli iskəndərlər. Qalanları susur. Ölülər kimi. 

«Qəbiristanlıqda gülləri, güldanları oğurlayırlar»

Sonda qəbiristanlığın müdiri Vidadi Müslümovla qarşılaşırıq.
Bizi kabinetinə dəvət edir. O, qəbirqazanlardan fərqli olaraq danışmağa razılıq verir, şəkilini çəkməyimizə isə işçiləri kimi «yox» deyir. Müdirin kabinetində səliqə-səhman göz oxşayır. Geniş kabinetdəki patronlara layiq yerində fırlanan kreslo, masa, masanın üzərində noutbook, şkafda divarın rənginə uyğun kitablar və ən əsası müdirin özünü vətənpərvər, intellektual şəxs kimi təqdim etməsini qeyd etmək gərəkdi. Söhbətə Əfqanıstana və Qarabağda döyüşməsilə başlayan Vidadi müəllim ixtisasca «yurist» olduğunu və bir vaxtlar prokuror işlədiyini deməyi də unutmadı.
Həmsöhbətimiz qeyd etdi ki, qəbiristanlığın mühafizəsini gücləndirmək üçün ətrafı hasara alınır: «Gülləri, güldanları, mərmər daşları oğurlayırlar».
V.Müslümov deyir ki, o, əslində buradakı sexə nəzarət edir: «Biz baş daşları düzəldirik. Qiymətlər 150 manatdan başlayır. Ən bahalı daşlar qranitdən hazırlanır. Qiyməti 800 manatdan başlayır. Heykəlləri isə heykəltaraşlar düzəldir. Qiyməti çox bahadır».
Qəbiristanlıqda boş yerin olub-olmaması ilə maraqlanırıq. V.Müslümov bütün yerlərin tutulduğunu bildirdi. Yerlərin yarısı ölülər, yarısı da dirilər tərəfindən tutulub.
Sonda «Allah sizə rəhmət eləsin ölülər!» deyib, bir daha bu qəbiristanlığa gəlməmək arzusu ilə redaksiyaya üz tuturaq.

Ruslan XƏLİL






12 Aprel, 2012  15:26 Baxılıb: 4175 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner