Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİQARETƏ XƏRCLƏNƏN PULLA EV ALMAQ OLAR - ARAŞDIRMA

Siqaret şirkətlərinin gəliri "Mikrasoft"-un gəlirindən çoxdur

Bir neçə gün əvvəl siqaretin qiymətinin artması ilə bağlı xəbərlər yayıldı. Məlumatlara görə, Bakının bir sıra dükanlarında, o cümlədən qəzet köşklərində siqaretlər 10-15 qəpik baha satılıb. Bu hal həm yerli istehsal məhsullarına, həm də xaricdən idxal olunan siqaretlərə aid olub. Siqaretin insan sağlamlığına və cibinə vurduğu ziyanla bağlı araşdırma apardıq.  

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gəldiyi qənaətə görə, Azərbaycan ən çox siqaret çəkilən ölkələr arasında 32 faizlə 85-ci sıradadır. Bu sırada ilk yeri Monqolustan tutur. Bu ölkədə əhalinin 70 faizi siqaret çəkir. Sonrakı yerlərdə Çin (66.9%), Keniya (66.8%), Kamboca (66%), Namibiya (65%) gəlir. Təşkilatın qənaətinə görə, ən çox siqaret çəkənlər əhalinin kasıb təbəqəsidir. Hesablamalara görə, hər il təxminən 5 milyona yaxın adam siqaretdən ölür. Bu rəqəm ildən-ilə artır. Problemin qarşısı alınmasa, 2020-ci ildə tütündən istifadə nəticəsində 8 milyona yaxın adam həlak olacaq.

Aparılan araşdırmalar zamanı məlum olub ki, Azərbaycanda 3 milyon 200 min insan siqaret çəkir. Onların 10 faizi qadınlardır. Səhiyyə Nazirliyi Yanında Nikotinə Qarşı Mübarizə üzrə Əlaqələndirmə Şurası yaradılsa da, bu, ölkəmizdə siqaret çəkənlərin sayına ciddi təsir etməyib.

Siqaret tütün bitkisinin (Nicotina tabacum) qurudulmuş yarpaqlarından hazırlanır. Siqaretin tüstüsündə nikotin, qatran, karbon monoksid (CO)-də olmaqla 4000-ə qədər kimyəvi maddə var. Yandırılarkən siqaretdəki nikotin havaya yayılır və yalnız muəyyən bir hissəsi orqanizmə keçir.

Bu maddə mədə yarasının yaranmasına gətirib cıxara bilər. Siqaret cəkənlərin urəyi daha sürətlə döyünür ki, bunun nəticəsində qan təzyiqi yüksəlir. Nikotinin mərkəzi sinir sisteminə təsiri nəticəsində qusma, baş gicəllənmə kimi hallar meydana gələ bilir. Siqaretin təsirləri iflic halına da gətirib çıxara bilər. Araşdırmalar zamanı sübut edilib ki, xərçəng xəstəliklərinin 90 faizindən çoxu siqaret çəkmək nəticəsində baş verir. Həmçinin özü siqaret çəkməyən, lakin siqaret çəkənlə 4 saat eyni evdə qalan bir insan 10 ədəd siqaret çəkibmiş kimi zəhərlənir.

Həkim Adil Qeybullanın sözlərinə görə, siqaret çəkənlər yalnız öz sağlamlıqlarına deyil, ətrafdakıların sağlamlıqlarına da ciddi şəkildə ziyan vurmuş olurlar. Onlar passiv siqaret çəkənlər kimi qeydə alınırlar: «Təcrübələr göstərir ki, passiv siqaret çəkənlərin orqanizmindəki fəsadlar da siqaret çəkənlərdəki qədər olur».

Həkimin sözlərinə görə, siqaretin yuxarı tənəffüs orqanları ilə təmasda olmasına baxmayaraq, o, qana nüfuz edərək, bütün orqanizmə ziyan vurur. Siqaret çəkən insanlarda Ağ ciyər xərçənginə 20 dəfə çox rast gəlinir. Çünki, siqaretin tərkibində xüsusilə xərçəng törədən maddələr olur: “Siqaret çəkən qadınlarda süd vəzinin şişi hallarına daha çox rast gəlinir».

ÜST-nin tələbinə görə, qutuların üzərində «siqaret çəkmək sağlamlığınıza ziyandır» sözlərinin yazıldığını qeyd edən A.Qeybulla dedi ki, əksər hallarda siqaret çəkənlər bunu oxumurlar. Həmçinin Azərbaycanda ictimai yerlərdə siqaretin qadağan olunması haqqında qanunun mövcud olduğunu qeyd edən həkimin sözlərinə görə, siqaretin ziyanı ilə bağlı ictimai təsir vasitələri çox olmalı, kütləvi informasiya vasitələrində bu cür məlumatlara geniş yer ayrılmalıdır: «Bu qanun ictimai yerlərdə insanları siqareti atmağa məcbur edir. Bu məsələ qanunla daha da ciddi şəkildə tənzimlənməlidir».

Sağlamlığa ziyan vuran bu pis vərdişdən azad olmağın yollarına gəlincə, A.Qeybullanının sözlərinə görə, siqareti tərgitmək üçün bir sıra vasitələr var. Apteklərdə tütünün iyindən ürəkbulanma effekti yaradan dərmanlar var ki, bunlar siqaretdən iyrənmə vəziyyəti yaradır. Bu vasitələri həkimlə məsləhətləşəndən sonra qəbul etmək olar. Bununla yanaşı, həkim onu da dedi ki, siqareti atmaq üçün ilk növbədə insanda iradə olmalıdır. «Siqareti tərgitməyin orqanizmə ziyanı ola bilərmi?» sualına cavabında həkim dedi ki, burada heç bir fəsaddan söhbət gedə bilməz. Lakin, bu hal siqaret çəkən insanlarda diskamfort yarada bilər. Ona görə də siqareti tədricən azaltmaqla atmaq məsləhətdir.

Siqaret çəkilməsinə dinin münasibətinə gəlincə, İslamda insan orqanizminə, onun ağıl və malına, eləcə də cəmiyyət və dinə zərərli olan hər şey qadağandır. Bu baxımdan siqaretdə bu cür xüsusiyyətlər olduğuna görə hesab etmək olar ki, onu çəkmək yaxşı qarşılanmır. Siqaret üçün xərclənən pul yığılsa, həmin məbləğlə bir neçə ildən sonra Həccə getmək olar. 
Araşdirma zamanı hətta o da məlum olub ki, Azərbaycanda siqaretə xərclənən pulların hesabına bir il ərzində bir rayonun infrastruktur xərclərini ödəmək olar.

Siqaret çəkməyin iqtisadi ziyanlarından danışan iqtisadçı ekspert Vüqar Bayramlı dedi ki, Azərbaycandakı qiymətlərə görə, orta hesabla siqaretin qiyməti bir manat 50 qəpikdən hesablanır. Bu hesabla bir nəfər vətəndaş gündə bir qutu siqaret çəkməklə ildə 547 manat xərcləyir. Nəzərə alındıqda ki, siqaret çəkilməsinə 18 yaşından başlanır, bir nəfərin orta hesabla 40 il siqaret çəkdiyi məlum olur. Bu hesabla bir vətəndaşın ömür boyu siqaretə xərclədiyi pulun məbləği 22 min manat edir. İqtisadçının sözlərinə görə, Azərbaycandakı orta yaşayış tərzini nəzərə aldıqda, bu kifayyət qədər böyük rəqəmdir: «Bu məbləğə bir sıra problemləri həll etmək olar. İpoteka krediti götürüb ev almaq, maşın almaq, təhsilə sərmayə qoymaq olar. İnsanlar özləri də hiss etmirlər ki, bu ziyanlı vasitəyə nə qədər pul xərcləyirlər».

V.Bayramlının sözlərinə görə, siqaretin iqtisadi cəhətdən vurduğu ziyanlar təkcə bununla ölçülmür. Belə ki, siqaret bədəni zəiflədir, orta yaş həddindən sonra insanlarda əmək qabiliyyətini aşağı salır, insanların ömrünü qısaldır: «Siqaret çəkən şəxslərin sağlamlığında problemlər yarandığından onlar tez-tez xəstələnərək, işdən qalmalı olurlar».

İqtisadçının dediyinə görə, siqaret istehsal edən şirkətlərin illik məənfəti 35 milyard dollardan artıqdır. Bu da tanınmış şirkətlərdən «Coca-Cola» və «Micrasoft»un gəlirlərindən daha çoxdur. Tütün məmulatlarınının istehsalının 80 faizi inkişaf etmiş ölkələrin payına düşür, baxmayaraq ki, istehlakçıların əksəriyyəti kasıb ölkələrin əhalisidir.

Azərbaycan əhalisinin bütünlükdə bir il ərzində çəkdiyi siqaretin məbləğini hesabladıqda da kifayyət qədər böyük rəqəm alınır. Təxmini hesablamalara görə, bu, 2,2 milyard edir: «Bu, kifayyət qədər böyük dövriyyədir. Bunun hesabına bir sıra sosial layihələr həyata keçirmək, bu məbləği insanlar üçün lazımlı işlərin görülməsinə sərf etmək olar».

Xatirə Nəsirli






9 Aprel, 2012  17:26 Baxılıb: 2092 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner