Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Reportaj

HƏR QUŞUN ÖZ QİYMƏTİ VAR – REPORTAJ –FOTOSESSİYA

Quşun ayağındakı üzüyü çıxarıb mənə verdi

Hər gün ona təəccüblə baxırdım. Redaksiyamızın küçəyə baxan pəncərəsini açan zaman, əlində ucuna qırmızı parça bağlanmış çubuqla onu damda görəndə, beynimdə müxtəlif suallar yaranırdı. Gözündə qara eynək, başında kepqa, əynində gödəkcə və əlində çubuq olan, hələ adını bilmədiyimiz bu kişi sanki bütün quşbazların ümumiləşdirilmiş obrazı idi. İnsanlar bir parça çörək pulundan ötrü evindən-eşiyindən avara-sərgərdan olub, min bir ağır işə qatlaşdıqları halda, o, qır evin damında saatlarla quş yemləyib, uçurdur. Hərdən onu cəmiyyətin sosial-iqtisadi sıxıntılardan əziyyət çəkməsi fonunda, hər cür problemindən uzaq olan Allahın xoşbəxt bəndəsi sayırdım.

Beynimdəki qarışıq suallara cavab tapmaq, qaranlıqlara aydınlıq gətirmək üçün quşbazla görüşüb, söhbətləşmək qərarına gəldim. Razılığı ilə özünün və quşlarının olduğu dama dırmaşdım.
Nərdivanın pillələrini qalxdıqca ürəyimdə «nə qədər quş həvəskarı olasan ki, hər gün bu narahat nərdivanı bir neçə dəfə qalxıb, düşəsən» dedim.

Qəhrəmanımızın adını artıq bilirdim. Oruc kişi 1959-cu ildə hazırda yaşadığı Mustafa Sübhi küçəsində (köhnə Sovetski məhəlləsində) anadan olub.
Deyir bu dünyaya gözünü al-əlvan göyərçinlərin arasında açıb. Dədə-baba hobbisini, məşğuliyyətini məharətlə davam etdirir.
Şüvanlanda yaşayan qardaşının bir-birindən yaraşıqlı, çevik minə yaxın quşu var.

Başqaları səhər yemək yeyib iş-güc dalınca getdikləri kimi, Oruc kişi də dama çıxır. Göyərçinləri hindən çıxarıb yemləyir, ara-bir çimizdirir, yuvalarda yeni yumurtaların olub-olmadığını yoxlayır.

Quşlarının hərəsinin öz adı var. «Lələkli», «Ağbaş», «Çilli», «Kəkilli» və s. Hər quşun da öz xassiyəti və qiyməti var. Quşların içində zil qara göyərçin diqqətimizi çəkir. Belə quşların xüsusi alıcısı varmış. Deyir, hazırda bazarda min manata da quş almaq olar. Xaricdən gətirilmiş dekorativ göyərçinlər baha olsa da, havada yerli quşlardan da az tryuklar göstərirlər. «Bizim göyərçinlər ağ, uzunsov, ayaqları isə qırmızı, tüksüz olur. İndi yerli cinslər azalıb. Qarışıq cinslər yaranıb», - deyə Oruc kişi bildirir.

Həmsöhbətimiz arabir bazar günlər quşlarını «Təzə bazar»a çıxarır. Hər bazar orada it, pişik, dovşan, cürbəcür quşlar satılır.
Oruc kişinin sözlərinə görə, ciddi məşğul olunsa, bu sahədən gəlir götürmək mümkündür: «Sovet dövründə quş, it satmaqla ailə saxlayanlar vardı. Şəxsən mən bir it əhilləşdirmişdim ki, hər döyüşdə qalib gəlirdi. Yaxşı da xeyrim olurdu. Quşlarda da pul var. Elə quşlarım var ki, bazara çıxarsam 20-30 manata sata bilərəm. Gərək bu işə can yandırasan. Vaxtı vaxtında yemini, suyunu, dərmanlarını verəsən. Küləkli hava quşların düşmənidir. Xəstələnəndə onları zəncəfil, kəklikotu suları içizdirirəm. Tez-tez sarımsaq, kömür, duz verirəm».

Quşbaz tez-tez quşlarının itməsindən, başqaları tərəfindən oğurlanmasından da şikayət edir: «İndi havada iki quşum var. 1 saatdan yuxarıdır ki, havadadılar. Qapıda iki maşınım var. Nəsə təcili iş olsa, quşlarım gəlməsə heç yerə getmərəm. Elə quşum olub ki, 7 saata yaxın havada qalıb. Quşbazların ən böyük problemi quşlarının oğurlanmasıdır. Əslində quş tutmaq bizdə oğurluq hesab edilmir. Uçurtduğumuz quşlar bəzən geri qayıtmır. Qonşu quşbaz fitləyib yerə salır, qanadlarını kəsib özününküləşdirir. Elə olur ki, itmiş quşumu gedib «Təzə bazar»da görürəm. Bir-iki manat verib öz quşumu alıram. Başqasının quşunu tutmaq həmişə olub, olacaq da».

Bu yerdə həmsöhbətimiz başına gəlmiş maraqlı əhvalatı danışır: «1976-cı il olardı. Gördüm qapı döyülür. Görünüşündən imkanlı, vəzifəli şəxs təsiri bağışlayan bir nəfər Orucu soruşdu. Dedim mənəm. Quşu itmişdi. Ayağında da qızıl üzük. Soruşan kimi, heç nə demədən dama qalxıb quşu gətirdim. Maşınından kəlbətini çıxarıb quşun ayağındakı üzüyü çıxarıb mənə verdi və dedi ki, bura üzüyə görə deyil, quş üçün gəlib».

Oruc kişi quşbazlara qarşı birmənalı olmayan münasibət barədə də danışdı: «Kim bu işə pis baxır, onun özü pis adamdı. Quş, heyvan sevmək, onlara qayğı göstərmək nə vaxtdan pis məşğuliyyət olub? Kimsə təlxəklik edib quşbazları, it döyüşdürənləri məsxərəyə qoyursa, bu onların problemidir».

«Ailənizdə məşğuliyyətinizlə bağlı söz-söhbət olurmu» sualına quşbaz gülərək belə cavab verdi: «Əgər siz quş saxlasanız evinizdə söz-söhbət olar. Çünki əvvəllər saxlamamısız. Amma bizə gəlin gələn bilir ki, onun əri, qayınatası həmişə quş saxlayıb. İlk gündən buna öyrəşirlər. Ona görə də söz-söhbət olmur».
Quş saxlayan uşaqların elm-təhsildən uzaq düşməsinə gəlincə, Oruc kişi deyir ki, oğlu Mədəniyyət və İncəsənt Universitetini bitirib və hazırda Gənc Tamaşaçılar Teatırında işləyir: «Amma özüm oxumamışam. Kasıb ailədən olmuşam. Dərsə gedəndə müəllim paltarıma görə mənə irad tuturdu. Küsüb günlərlə dərsə getmirdim. Evdən dərs adına çıxıb, damda quşlarla oynayırdım. Hərdən quş satıb pul qazanırdım. O vaxtı ermənilər bizim quşlardan ötrü ölürdülər. Yaxşı da pul verirdilər».

Oruc kişi «sovetski»dəki qır evlərin söküləcəyi xəbərindən narahatdı: «Bu evlərin söküləcəyini deyənin dili qurusun. Buranı mənim babam tikib. Noolsun ki, evin üstü qırdı. Girin içinə baxın. Əgər sənin evinin içi mənim evimin içindən zəngin ev olsa, adımı dəyişərəm. Nənəmin 97 yaşı var. Gözümüzü qır evlərdə açmışıq, burada da öləcəyik. Mənim meyitimin üstündən keçib, buranı sökə bilərlər».

Sonda «Buranı söksələr, daha çox nəyə təəssüflənərsiz, quşlarınızın əlinizdən çıxmasına, yoxsa evinizin» sualını veririk.

Oruc kişi cavab verməkdə çətinlik çəkir. «Yəqin ki, hər ikisinə» deyə, bildirir.

Ruslan Xəlil






5 Aprel, 2012  16:53 Baxılıb: 3990 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner