Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Mediamız Avropa dəyərlərini təbliğ edə bilirmi?-ARAŞDIRMA

«Qərbə inteqrasiyanın üstünlüklərini izah etmək üçün medianın imkanlarından kifayət qədər istifadə olunmur»

Cəmiyyətin elitar, intellektual təbəqəsindən fərqli olaraq sıravi insanlar arasında hələ də «Avropaya inteqrasiya» sözünə ironiya, kinayə ilə yanaşanlar var. Bəziləri düşünür ki, Avropa sırğalı, rəngbərəng kişilərin, açıq-saçıq geyinən, tez-tez ərlərini dəyişən qadınların, hər addımda bar və diskotekaların olduğu coğrafi ərazidir. Doğurdanmı, bu belədir? Belə deyilsə, bizdə bu təsəvvürlər kimlər və nə məqsədlə formalaşdırıblar?

Mirzə Fətəli Axundovdan başlayan inteqrasiya

Azərbaycan ictimaiyyətinin Avropaya XIX əsirdəki baxışı ilə XXI əsirdəki baxışları arasındakı fərq olduqca azdır. Mirzə Fətəli Axundovun «Misyo Jordan və Dərviş Məstəli Şah» pyesində Şahbaz bəyin Fransaya təhsil almaq üçün səfəri necə faciə ilə qarşılanırdısa, bu gün də övladlarının təhsil, yaşamaq üçün ölkədən kənara - xüsusilə də, Avropaya getməsinə imkan verməyənlər kifayət qədərdi. Cəmiyyətdə Avropa haqqında hələ də qaranlıq, qarmaqarışıq təsəvvürlərin qalmasının əsas səbəbkarlarından, daha doğrusu, günahkarlarından biri mediadır. Media, o cümlədən, telekanallar Avropaya inteqrasiyasının əhəmiyyəti, üstünlükləri, köhnə qitənin dəyərləri barədə ictimaiyyətə lazımi məlumatlar çatdırmırlar.
Onu da nəzərə çatdıraq ki, Azərbaycanın Avropaya inteqrasiya tarixinin 100 ildən də çox tarixi var. XXI əsir başda Mirzə Fətəli Axundov olmaqla, maarifçilərinin başlatdığı bu təbliğat 1918-ci il Demokratik Azərbaycan Cümhuriyyətinin xarici siyasətinin əsas prioritetlərindən olub. Hələ o zaman Bakıda nəşr olunan bir sıra mətbuat orqanlarında Avropaya inteqrasiyanın üstünlükləri barədə çeşidli məluatlar dərc edilib. İlk milli mətbuatımız olan «Əkinçi» qəzeti, satirik «Molla Nəsrəddin» jurnalında, «Açıq söz» qəzetində Avropanın ədəbiyyəti, elmi, siyasəti, qanunvericilik ənənəsi, texnoloji sahədə uğurları barədə çoxsaylı məqalələr dərc olunub, Şərqin Qərbdən geriliyinin səbəbləri göstərilib. Bu gün Azərbaycan mətbuatı Avropa dəyərlərini kifayət qədər təbliğ edə bilirmi?


Ramin Deko: «Medianın Avropaya inteqrasiyanı təbliğ etməsini istəməyənlər var»


Azərbaycanın Avropaya inteqrasiyasında medianın nə kimi rol oynaya biləcəyinə aydınlıq gətirmək üçün öncə sıravi jurnalist, «Azadlıq» qəzetinin müxbiri Ramin Dekoya müraciət etdik.
Ramin Deko hesab edir ki, Avropaya inteqrasiya ilə bağlı təmsil olunduğu qəzet kifayət qədər maarifləndirici xarakterli məlumatlar, xəbərlər verir. Amma bu iş tək bir-iki qəzetin görməli olduğu iş deyil: «Təəssüf ki, Rusiya, İran və s, ölkələrə simpatiyası olan, mövcud şəraitdə yaşamağa üstünlük verənlər ya məqsədli, ya da bilməyərəkdən Avropaya inteqrasiyanın əleyhinə kampaniya aparırlar. Onlar Avropada baş verən yalnız pis, xoşagəlməz xəbərləri verməklə ictimai fikiri çaşdırırlar. Medianın Avropaya inteqrasiyanı təbliğ etməsini istəməyənlər var».
Ramin Dekonun sözlərinə görə, jurnalistlərin özünün də Avropa dəyərləri barədə müfəssəl məlumatlandırılmasına ehtiyac var: «Jurnalistlər arasında seminarlar, treninqlər keçirilməli, Avropa ölkələrinə səfərlər təşkil olunmalıdır. Oxumadığım kitab, baxmadığım kino və getmədiyim yer barədə başqasına necə məlumat verə bilərəm?».

Mehman Əliyev: «Bu cür şəraitdə medianın Avropaya inteqrasiyanı təbliğ etmək çətindi»

«Turan» İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev həmkarımızın fikirləri ilə müəyyən mənada razılaşsa da hesab edir, Avropaya inteqrasiyanın üstünlüklərini təbliğ etməli olan media qurumu ilk növbədə özündən başlamalıdır: «Bizdə hansı media qurumunun özü Avropa standartlarına cavab verir? Qəzetlərin maddi-texniki bazası aşağı səviyyədədir. Reklam bazarı yoxdur. Avropada bir qəzetin aylıq gəliri Azərbaycanda bütün qəzetlərin illik gəlirindən çoxdur. «Diffamasiya Haqqında» Qanun hələ qəbul olunmayıb. Bu qanunun qəbulu o deməkdir ki, jurnalistlər təhqir və böhtana görə, həbs edilə bilməzlər. Avropa ölkələrində bu qanun qəbul olunub. Azərbaycanda isə qanunu qəbul etmirlər. Həmçinin bizdə jurnalistlərə təzyiqlər olunur, şantaja məruz qalırlar, ələ alınırlar və s. Bu cür şəraitdə medianın Avropaya inteqrasiyanın təbliğini aparması çətindi. Gərək Avropa dövlətləri, demokratik institutları jurnalistlərə dəstək olsun, onları hər cür təzyiqdən, sıxıntıdan qorusun ki, onlar da qorxmadan, cəsarətlə işlərini görə, Avropaya inteqrasiyanın əhəmiyyətindən yaza bilsinlər. Qərbə inteqrasiyanın üstünlüklərini izah etmək üçün medianın imkanlarından kifayət qədər istifadə olunmur».

M.Əliyev onu da əlavə etdi ki, Azərbaycan mətbuatının Avropadan gələn xəbərlərə daha diqqətli yanaşır: «Rəhbəri olduğum «Turan» İnformasiya Agentliyi Avropa Birliyi, Avropa İnsan Haqları Məhkəməsi, Avropa Şurası, ATƏT, maliyyə qurumları və bir sıra Qərb təşkilatları ilə çox sıx əməkdaşlıq edir. Mediada Avropa dəyərlərinin təbliğilə bağlı Qərbin donor təşkilatlarının çoxlu sayda layihələri olub və onların effeektləri böyükdür. Buk imi layihələr bu gün də davam edir. Təəssüf ki, Azərbaycanın Avropaya inteqrasiyasını istəməyən qüvvələr mətbuata daha çox pul ayırır ki, Qərb dəyərlərilə bağlı «qara piar» aparsınlar. Bu bizim işimizə maneə yaradır. Bəzi xarici ölkələr dini dəyərlərin təbliği adı altında, əslində Avropa dəyərlərini gözdən salmaq üçün Azərbaycanda çoxlu sayda sayt, qəzet yaradıblar. Onların telekanalların fəaliyyətlərinə müdaxilə edirlər. Bunun qarşısını almaq üçün Avropa insan haqları təşkilatları, demokratik institutları, maliyyə qurumları Azərbaycan mətbuatı ilə daha sıx əməkdaşlıq etməlidilər. Avropa Birliyi Belarus, Ukraynada olduğu kimi Azərbaycanda jurnalistikanın inkişafı ilə konkret addımlar atmalıdılar ki, cəmiyyətdəki Avropa dəyərlərilə bağlı xoşagəlmən təsəvvürləri aradan qaldırmaq mümkün olsun».

Əli Həsənov: «Azərbaycan mətbuatı azaddır və onlar ümumbəşər dəyərləri təbliğ etməkdə sərbəstdilər»

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov isə Azərbaycan mediasının hüquqi cəhətdən Avropa standartlarına uyğunlaşdırılmaması barədə deyilənlərlə razılaşmır. Onun sözlərinə görə, ölkədə qəzet, jurnal təsis etmək, sayt yaratmaq üçün bütün prosedurlar, demək olar ki, ləğv edilib, mətbuat haqqında qanun tam liberallaşdırılıb, Avropa standartlarına uyğunlaşdırılıb.
Media qurumlarının vergilərdən azad olunduğunu deyən əsas problemləri də sadalayıb. PA rəsmisi hesab edir ki, medianın reklam bazarının zəifliyi ilə yanaşı jurnalistlərin peşəkarlıq səviyyəsi də qaneedici deyil: «Buna görə də, Azərbaycan mediası Avropa jurnalistikasının standartlarına cavab vermir. Düzdür, Amerika, Aavropanın bir sıra ölkələrinin Azərbaycanda media qurumları, təşkilatları fəaliyyət göstərir. Onlar ölkədə baş verən hadisləri bir neçə dildə dünyaya çatdırırlar. Eyni zamanda Avropada baş verənləri milli dildə ölkə əhalisinə çatdırırlar. Bu, Avropa dəyərlərinin ölkədə təbliğinə müsbət təsir göstərir. Avropayönümlü mətbu orqanlar bütün dünyada, o cümlədən Azərbaycanda ictimai rəyə təsir etmək gücündə olsa da, yerli mediamız Azərbaycan dövlətinin, xalqının milli mənəvi dəyərlərini, mövcud problemləri lazımı səviyyədə təbliğ edə bilmir. Azərbaycan cəmiyyətinin Avropa dəyərləri, problemləri haqqında daha geniş məlumatı var. Amma Avropanın Dağlıq Qarabağ problemi, Azərbaycan torpaqlarının işğal olunması, qaçqın-köçkün problemi, ermənilərin Qafqazda yürütdüyü işğalçılıq siyasəti barədə dolğun bilgiləri yoxdur. Dövlət mətbuatın inkişafına dövlət büdcəsindən vəsait ayırır. Lakin biz hələ də beynəlxalq ictimai rəyi formalaşdıra bilmirik. Azərbaycan mətbuatı, jurnalistikası azaddır və onlar istənilən ümumbəşər dəyərləri təbliğ etməkdə sərbəstdirlər».

Arif Əliyev: «Əvvəlcə jurnalistlər Avropa dəyərlərini mənimsəməlidilər»


«Yeni Nəsil» Jurnalistlər Birliyinin sədri Arif Əliyev PA nümayəndəsinin fikirlərinə münasibət olaraq qeyd edir ki, Avropa Birliyi Azərbaycanın problemləri barədə geniş bilgilərə malikdir: «Bu bilgilərə təkcə Dağlıq Qarabağ məsələsi deyil, demokratiya, insan haqları, mətbuatın durumu və s. problemlər daxildir. Avropanın Azərbaycanda kifayət qədər institutları, fondları fəaliyyət göstərir və onlar ölkədə mütəmadi olaraq monitorinqlər aparırlar, yerli media ilə sıx əməkdaşlıq edirlər».

A.Əliyev hesab edir ki, Azərbaycan cəmiyyəti Avropadan 100 il, mətbuatımız 50 il geridir: «Bizim media bir sıra xüsusiyyətlərinə görə, daha çox Rusiyaya yaxındır. Xəbərlərin, araşdırmaların yazılış formaları daha çox Rusiyanın jurnalistika nəzəriyyəsi əsasında aparılır. Uzun giriş, bərli-bəzəkli fikirlərlə zəngin məqalənin yalnız sonunda əsas fikir oxucuya çatdırılır. Avropa jurnalistikasında isə əsas fikir ilk cümlələrdə oxucuya çatdırılır və onlar bütün yazıları, problemləri sıravi insandan keçirirlər. Bütün mövzuların mərkəzində insan faktoru durur. Təəssüf ki, bizim jurnalistika Avropa jurnalistikasından hələ çox geridə qalıb
Əgər Azərbaycan jurnalistikası Avropa dəyərlərini ictimaiyyətə daha dəqiq və geniş çatdırmaq istəyirsə, medianın özü Avropa jurnalistikasının standartlarına cavab verməlidir».

A.Əliyev əlavə etdi ki, təmsil olunduğu qurum Avropa dəyərlərinin Azərbaycanda təbliğ olunması üçün xeyli işlər görüb: «Biz 2011-ci ildən Avropadan ölkəmizə 4 dəfə olmaqla, ümumilikdə 15 jurnalist dəvət etmişik. Onlar həm Avropa dəyərlərini bizim jurnalistlərə ətraflı ixah ediblər, həm də Azərbaycan haqqında məlumatlar, reportajlar hazırlayıb Avropanın aparıcı media qurumlarında dərc ediblər. Əgər biz Avropa dəyərlərini - Avropa Birliyinə inteqrasiya, Şərq Tərəfdaşlığı Proqrammı, Aropa Şurasının öhdəliklərinin icrasının, Avropa elm, təhsil və mədəniyyətinin, qanunvericilik bazasının və s. sahələrin üstünlüklərini media vasitəsilə ölkəmizdə təbliğini sürətləndirmək istəyiriksə jurnalistlərin özləri arasında ciddi maarifləndirmə işləri aparmalıyıq».
Yuxarıda qeyd olunan fikirləri ümumiləşdirib belə nəticəyə gəlmək olar ki, Avropaya inteqrasiya ilə bağlı məsələləri ictimaiyyətə daha dolğun çatdırmaq üçün bir sıra məsələləri həll etmək lazımdır.
Birincisi, medianın maliyyə problemini, müstəqilliyini təmin etmək.
İkincisi, jurnalistlərin peşəkarlığını artırmaq, Avropa məkanı, dəyərləri və üstünlüklərini izah etmək üçün seminarlar keçirmək, səfərlər təşkil etmək.
Üçüncüsü, Aropanın demokratik institutları, fondları, Azərbaycanda fəaliyyət göstərən təşkilatları ilə media nümayəndələri arasında əlaqələri gücləndirmək.

Yazı Avrasiya Əməkdaşlıq Fondunun (AƏF) jurnalistlər arasında élan etdiyi “Ən maraqlı yazı” müsabiqəsi çərçivəsində hazırlanıb







2 Aprel, 2012  17:54 Baxılıb: 1481 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner