Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Reportaj

DARISQAL KÜÇƏLƏR, BALACA HƏYƏTLƏR, YÜZDƏN ÇOX YAŞI OLAN EVLƏR...

Hamımız bir evdə yaşayırıq

Hər gün işə bu yolla getsəm də “Sovetski” və “Kubinka”dan reportaj hazırlamaq haqqında tapşırıq alacağımı düşünməmişdim. İlk dəfə olaraq reportaj sahəsində qələmimi sınamalıydım. Beləliklə, ilk dəfə olaraq hazırladığım reportajı sizə təqdim edirəm.

Mətbuatda gedən xəbərlər

Ötən ilin avqust ayında Nizami metrosunun və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının arxasından başlanan və keçmiş “Kubinka” və “Sovetski” adlanan ərazi də daxil olmaqla həmin sahənin yenidən planlaşdırılması və qurulması barədə məlumat yayıldı.
Azərbaycan Dövlət Memarlıq və Şəhərsalma Komitəsinin beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev həmin ərazidəki kiçik və darısqal evlərin yerində 5-7 mərtəbəli yaşayış binalarının tikiləcəyini bildirdi.
Evlərin sökülməsi haqqında ötən ildən məlumat verilsə də ərazidəki evlər hələ sökülməyib. “Sovetski” və “Kubinka” sakinləri hələ heç nə olmayacaqmış kimi burada yaşamağa davam edirlər. “Sovetski” və “Kubinka” ərazisinin nə üçün sökülməli olacağını oxucuların nəzərəinə çatdırmaq üçün ərazidən reportaj hazırlamağa yollandıq.

Köhnə tikililər, dar dalanlar

Nizami metrosundan çıxdıqdan sonra ilk olaraq, “Sovetski”yə yollanırıq. “Sovetski”yə qalxmaq üçün Salatın Əsgərova küçəsinə giririk. İki nəfərin bərabər şəkildə addımlaya bilmədiyi bu dalanlarda nələr yoxdur ki? Maşınların bu küçədən keçməsi ümumiyyətlə imkansızdır. Bir də evlərin artırması demək olar ki, küçələrin üzərindədir. Palçıqlı yollar, küçə boyu axıb gedən yağış suyu, nəinki maşınların, elə insanların da gediş-gəlişini çətinləşdirir. Söhbətləşdiyimiz sakinlərdən öyrənirik ki, buradakı evlər də darısqallığına və narahatlığına görə küçələrdən, dalanlardan geri qalmır. Dayandığımız Salatın Əsgərova küçəsində yaşayan Tariyel Əliyev deyir ki, onların evində 4 ailə bir yerdə yaşayır: “Biz 3 qardaş, 1 bacıyıq. Mən və qardaşlarım evliyik, hamımız da bir evdə yaşayırıq. Kommunal problemimiz yoxdu, amma yaşadığımız ev çox darısqaldır”.
Salatın Əsgərova küçəsindən çıxıb Süleyman Rəhimov küçəsinə yollanırıq. Ətrafımızda yüz ilə yaxın yaşı olan evlər var. Bu evlərdə məskunlaşanların narahatlığı təkcə darısqallıq deyil. Vaxtilə evlərin arxitekturası da düzgün qurulmayıb. Küçələrdən axan su bəzən evlərə dolur, evlərin divarları da nəm çəkir. Bu da insan sağlamlığına mənfi təsir edir.

Burada yaşamaq çox çətindir

Bundan daha çox narahat olan isə qocalardır. Elə 78 yaşlı Seyidnisə xanım kimi. Seyidnisə xanım deyir ki, o artıq 50 ildir ki, burada, Süleyman Rəhimov küçəsindəki evində yaşayır: “Buradakı evlərdə yaşamaq çətindir. Darısqallıq bir yandan, divarların nəm çəkməyi bir yandan adamı xəstə edir”.
Şəhərin bu tərəfinin problemləri sadaladıqlarımızla bitmir. Belə ki, “Sovetski” və “Kubinka” sakinləri həm də düzgün olmayan kanalizasiya sistemindən əziyyət çəkirlər. Yolboyu irəlilədikcə, biz də küçədən gələn iydən bu problemi hiss edə bilirik. Yavaş-yavaş “Sovetski”dən “Kubinka” ərazisinə keçirik. Burada rastlaşıb, söhbətləşdiyimiz sakinlər də darısqallıqdan şikayətlənir. Allahverdiyeva Məsumə deyir ki, yaşadığı yerdə həm evlərin, həm də küçələrin darısqallığı onlara problem yaradır: “Küçələr də dardır, maşınlara problem olur. Evlər də dardır, narahatlıqdır”.
Reportaj hazırlamaq üçün “Sovetski” və “Kubinka”nı gəzərkən özümüz də şəraitsizliyin şahidi olduq. Dar küçələrdə özünə yer etməyə çalışan evlər sanki təslim olub və çökməyə qarşı mübarizədən əl çəkib, artıq dağılmağa başlayır. Yüzdən artıq yaşı olan bu evlər artıq özlərinin ahıl çağlarını yaşayır.

Fatimə Kərimli






19 Mart, 2012  23:45 Baxılıb: 4492 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner